Bəxtiyar Vahabzadəni “çətin
addım” atmağa nə vadar etdi? (2)
Ustad şairin son günləri və son şerləri
Cavanşir müəllim
Şəkidə “5 ulduz”lu otel tikdirmişdi. O istəyirdi ki,
şəhərin mərkəzində Bəxtiyar müəllimin
abidəsini qoydursun. “Şairlə danış,
razılığını al”, - dedi. Lakin Bəxtiyar müəllim
bildirdi ki, mənim heykəlim əsərlərimdir, onları
insanlar oxuyub faydalanırlarsa, xoşbəxtəm. Axı quru
daş parçası onlara nə verəcək?
Bilirdim ki, şair indiyədək
çap olunan kitablarındakı naqisliklərdən
narahatdır. Sağlığında külliyyatının
yetkin halda nəşrini arzulayır. Cavanşir müəllimə
şairin heykəlinin qoyulması ilə
razılaşmadığını dedim. O: “Əsərlərini
nəşr edək”, - qərarını verdi.
O vaxtlar yazıçı
dostunun oncildliyinin xərcini ödəyən bir iş
adamının televiziya kanallarında “filankəsin əsərlərini
mən üzə çıxartdım, dahi şairimizin
Şamaxıda məzarına abidə ucaltdım, özüm
də şair olduğumdan Rusiyada qazandıqlarımı ədəbiyyatın
inkişafına xərcləyirəm” deyərək ağızdolusu
danışması, qəzetlərdə özünü
öyməsi B.Vahabzadəyə pis təsir etmişdi. Əsərlərinin
çapı üçün heç kimin
yardımını qəbul etmirdi. Uzun söhbətlərdən
sonra onu yumşaltdım. Çünki Bəxtiyar müəllim
Cavanşir Feyziyevin xeyriyyəçiliyi barədə çox
eşitmişdi, kənddə məktəb tikdirməsini, xəstələri
müalicə etdirməsini, müharibə veteranlarına və
qocaman müəllimlərə təmənnasız
yardımlarını alqışlayırdı. C. Feyziyevin
etdiyi saysız-hesabsız yaxşılıqları bir dəfə
də olsun üzə vurmadığını görüb
deyirdi ki, halal yolla pul qazanmaq özü də istedaddır. Zeynalabdin
Tağıyev də, Musa Nağıyev də böyük
istedada malik idilər. Onların istedadları olmasaydı,
milyonlara sahib ola bilməzdilər.
Nəhayət, Cavanşir
müəllimlə görüşə razılıq verdi. Onunla
birsaatlıq söhbətdən sonra səmimiyyətinə
inandı və külliyyatının nəşrinə
başladıq.
Sonsuz həyat eşqi onun
yaratdıqlarından süzülüb gəlirdi. Əsərlərinin
hər birini nəzərdən keçirir, bəzi
misralarının yanında xətlər çəkirdi. Soruşurdum:
“Onları çıxardımmı?”
“Yox, - deyirdi, - şeirlərimi
oxudum, inana bilmədim ki, bunları mən yazmışam. O
misralar İlahidən gələn ilhamdır”
Bəxtiyar Vahabzadə əsərlərinə
qarşı çox tələbkar idi. Bəzilərinin
külliyyatına salınmasını istəmirdi. “Onlardan tər
iyi gəlir, istedaddan yaranmayıb”, - deyirdi.
Əvvəllər
böyük rəğbət bəsləyərək şeir
həsr etdiyi insanların ikiüzlülüyünü
görüb, ithafı götürməyi xahiş edirdi. Yeni
cildlərini əlinə alanda uşaq kimi sevinirdi. İki il ərzində
onu 8 dəfə sevindirə bildim. Dözmədi. Qalan 4 cildin
bütün materiallarını mənə təhvil verib,
Haqqa qovuşdu.
Türkiyədəki cəmiyyətlərin
birinin rəhbəri il yarım əvvəl B.Vahabzadə ilə
görüşmək üçün Bakıya gəlmişdi.
Onu cəmiyyətlərinin qurultayına dəvət edirdi. Qərara
almışdılar ki, şairi başqanları seçsinlər.
Yenicə əməliyyatdan çıxdığından
şair evində türk qardaşlarına olan tövsiyələrini
lentə aldırdı. Cəmiyyətin qurultayında onun
çıxışını hamı ayaq üstdə dinləmişdi.
Bu il fevralın 14-də mənə Cəmiyyətdən
başsağlığı məktubu gəldi.
“Ramazan Bey, Büyük
üstad Bahtiyar Vahapzade’nin vefatını derin bir
üzüntü ile oğrendim. Büyük Türk Milletinin
ve Azerbaycan Halkının başı sağ olsun. Bu gün
bunu çok derinden hissedemesekte İsmail Gaspıralı Bey’in
bundan 100 yıl önce önümüze bir düstur olarak
koyduğu “dilde, fikirde, işte birlik” idealinin en büyük
hizmetkarlarından biri de Muallim Vahapzade’dir. Tek millet iki devletin
tek devlete dönüşmesi sürecinde muallimin emeği
büyük, gayreti çoktur. Yaydığı
ışık ve rehberliği genç nesillere
ışık tutacaktır. Mekanı cennet, sevenlerinin
başı sağ olsun. Hürmetlerimle, Aslan Yaman”.
Türkiyə Cümhuriyyətinin
Bakıdakı Böyükelçiliyində maliyyə
attaşesi vəzifəsində çalışmış
Bünyamin Özgür də ürəkağrısı ilə
yazır: “Aziz kardeşim merhaba... Bahtiyar müellimin
vefatını öğrendim ve çok üzüldüm.
Allah rahmet eylesin ve hepimizin başı sağ olsun... Görüşmek
dileğiyle... Selam ve saygılarımı sunarım”.
Yanvarın 27-də Türkiyə
Cümhuriyyətinin Bakı Böyükelçisi Hulusi
Kılıç və “Qafqaz Plus” jurnalının Türkiyə
təmsilçisi Mehmet Hatiboğlu ilə birlikdə B.Vahabzadənin
qonağı olduq. Orada şairin son şəkillərini
çəkdim. Əhvali-ruhiyyəsi normal idi. Dostumuz
İkramın oxuduğu şeirlərə kövrəlsə
də, ürəyi həyat eşqi ilə
döyünürdü, İstanbulu, Ankaranı bir də
görmək, türk xalqı ilə görüşmək
arzusundaydı. Hulusi Kılıç şairin
külliyyatının tezliklə Türkiyədə də
basılacağını vəd etdi.
Fevralın 11-də Qafqaz Universitetinin
rektoru professor Əhməd Sanıc və xarici əlaqələr
üzrə prorektor Murad Ərgüvən “Qafqaz” jurnalı
redaksiyasında qonağım oldular. B.Vahabzadənin
külliyyatının çapdan çıxan 8 cildini onlara hədiyyə
etdim. Yaxın günlərdə şairə baş çəkəcəklərini
bildirdilər. Sonra Bəxtiyar müəllim zəng edib, məni
yanına çağırdı. Günortaüstü onun
iş otağında görüşdük. Son qeydlərini mənə
verdi, istəklərini bildirdi. Növbəti cildlərdəki əsərlərin
tərtibi ilə maraqlandı. Bütün məsələləri
müzakirə edib razılaşdıq. Gözləmədiyim
halda:
- Hər şey bitdi, - dedi. -
Sənə öz atama arxayın olduğum qədər
arxayınam. İşi başa çatdıracaqsan. Daha
gücüm qalmayıb. Gedirəm.
Kövrəldiyimi görüb,
sözünü dəyişdi: - Sən yayda Şəkiyə
gələcəksən?
Dedim: - Bəli.
- Məni Gavur qalasına
apararsan...
Fevralın 13-də, saat
16.30-da məni Türkiyə Cümhuriyyətinin Bakı
Böyükelçiliyinə çağırdılar, mədəniyyət
və turizm nazirinin şəxsi məktubunu B.Vahabzadəyə
verməyimi xahiş etdilər. Lakin bu məktubu
ünvanına çatdıra bilmədim: “T.C. KÜLTÜR VE
TURİZM BAKANI. ÖZEL. Sayın Bahtiyar Vahapzade! Hürmetli
büyüğüm, gönderdiğiniz telegraf ve nazik ifadeleriniz için çok
teşekkür ederim. Şairler, milletin dertleri ile dertlenen,
içinde yaşadığı hüznü, acıyı,
sevdayı, öfkeyi, isyanı en yüksek sesle haykıran
insanlardır. Şairler tüm insanlığın
sevdalıları, yüreklerinden gelen sesi kelimeye
dönüştürenlerdir. Yaşamınız boyunca
yılmadan sürdürdüğünüz özgürlük
mücadeleniz ve birbirinden değerli şiirlerinizle Siz de sadece
Azerbaycan`ın değil, Türkiye`nin ve tüm dünyanın
takdir ettiği en büyük şairlerden birisiniz.
Elazığ`da bir caddeye isminizin verilmesi Size duyduğumuz
saygının yalnızca küçük bir göstergesi
olabilir. Bahtiyarız, çünkü Sizin gibi bir değere
sahibiz. Kalbinizle, eserlerinizle ve sevdiklerinizle beraber Size uzun
ömürler diliyor, en derin hürmetlerimi sunuyorum.
Saygılarımla Ertuğrul Günay”.
İki saatdan sonra şair
Qafqaz Universitetinin rektoru ilə
görüşür, 7-10 dəqiqəlik çay süfrəsindən
sonra qonaqları ötürüb, iş otağına
keçir, “Ramazan müəllim əsərlərimə baxmağı
tapşırıb”, - deyə iki kitabını yazı
masasının üstünə qoydurur, həmişəki
kimi mənə zəng etməyi evdəkilərdən
xahiş edir və könlündən alma yemək
keçir...
Maşında evə gedirdim.
Saat 18.24 dəqiqədə telefonumun zəngi
çalınır. Ekranda “Bəxtiyar Vahabzadə” sözlərini
oxuyuram. Lakin ilk dəfə onunla danışmağa imkan
tapmıram. Xətt kəsilir. Demə, bu an şair almanı
ağzına apararkən İlahinin
çağırışını eşidir. Həyat
yoldaşı Dilarə
xanıma: “Mən gedirəm”, - deyib əbədiyyətə
qovuşur...
Bir neçə dəqiqədən
sonra mobil telefonum təkrar səslənir. Ekranda son dəfə
“Bəxtiyar Vahabzadə” sözlərini oxuyuram və həmişəki
kimi Tengiz xanımın səsini eşidirəm. Ancaq bu dəfə
“Ramazan müəllim, Bəxtiyar müəllim sizinlə
danışmaq istəyir” əvəzinə,
ağlamsınaraq: “Bəxtiyar müəllim dünyasını
dəyişdi”, - deyir...
Bağışladığı
kitablarının birində “Əqidə dostum Ramazan
Qafarlıya”, ithaf etdiyi “Dünən də, bu gün də”
şeirində isə, sadəcə, “Dostum Ramazan Qafarlıya”
sözlərini yazıb. Xudu müəllimdən sonra B.Vahabzadənin
dostu, özü də əqidə dostu olmaq, ömrün on
beş ildən çoxunu onunla qəlbən birləşmək,
inanıb inandırmaq, fikirlərinə şərik olmaq elə
bir xoşbəxtlik idi ki, həyatımdakı bütün
sıxıntıları, məhrumiyyətləri,
üstümə yağdırılan şəri,
böhtanı unutdururdu. İndi Bəxtiyar Vahabzadə itkisi həyat
yoldaşı Dilarə ananı göynətdiyi qədər məni
də göynədir. İstəyirəm gündə 3-4 deyil,
yüz dəfə zəng edib danışsın,
danlasın... Lakin Allah apardığını hələ
qaytarmayıb. Mən atamı 5 yaşımda itirmişəm.
Cənazəsini qəbiristanlığa aparanda dedilər ki,
onu təyyarəyə mindiririk, uçub uzaqlara gedəcək.
Sağalandan sonra geri qayıdacaq... Yaşım 60-a
çatır, hələ də göydə təyyarə
uçanda o sözlər yadıma düşür... Ani olaraq
atamın qayıdacağına ümid bəsləyirəm.
B.Vahabzadə insaniyyətin atası idi. Milyonları yetim qoydu.
İndi hamının gözləri göyə dikiləcək.
Onu qaytaracaq uçağı axtaracaq. Və kaş şairin
ruhu səsimi eşidəydi və bir sorğuma cavab verəydi:
- Məni tək qoydun, ustad!
Ömrünü uzatmaq üçün cildlərin
sayını 15-ə çatdırmaq istəyirdim. Elə
bilirdim özündə güc tapıb axıradək
tövsiyələrini əsirgəməyəcəksən.
Axı söz vermişdin, Novruzu bir yerdə keçirəcəydik.
Səni bu çətin addımı atmağa nə vadar etdi,
ustad?..
(Ardı var)
Ramazan Qafarlı
Zaman.- 2009.- 21-23 fevral.- S. 11.