“Türkiyə ilə münasibətlərimizdə heç bir problem yoxdur”

 

 Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyir ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri indi də çox yüksək səviyyədədir və heç bir problem yoxdur.

Bununla belə, o,  ictimaiyyətdə yanlış fikirlərin oyanmaması üçün rəsmi qurumların açıqlamalarının davamlı, tam aydın və ikili məna daşıyan ifadələrdən uzaq olmasının vacibliyini vurğuladı.

- Xəzər bəy, Türkiyə ilə Ermənistan arasında gedən son danışıqlar gizli saxlanılır. Buna danışıqların konfidensial olması əsas gətirilir. Məsələyə bu prizmadan yanaşdıqda ortada gəzən söz-söhbətləri necə başa düşmək olar?

- Rəsmi olaraq gizli diplomatiyadan istifadə olunmasa da, qeyri-rəsmi olaraq bu yola əl atılır. Türkiyə-Ermənistan danışıqlarında isə söhbət gizli diplomatiyadan getmir. Burada məsələ konfidensiallığın qorunmasıdır. Yəni masa üzərində müzakirə olunan məsələlərin detalları açıqlanmır, ancaq ümumi çərçivə barədə ictimaiyyətə məlumat verilir. Məsələn, Azərbaycan və Ermənistan da konfidensial danışıqlar aparırlar. Bu danışıqlar barədə açıqlama verəndə biz deyirik ki, müzakirələr 15 bənd üzrə aparılır. Ancaq bu bəndlərin nədən ibarət olduğunu açıqlamırıq. Sonra deyirik ki, bunlardan bir çoxu razılaşdırılıb, bir-iki bənd qalıb. Bu artıq ictimaiyyətə bir mesajdır ki, danışıqlarda müəyyən irəliləyişlər var. Sonra da deyirik ki, danışıqların əsas prinsipi ərazi bütövlüyüdür.

Başqa ölkələr də belə konfidensial danışıqlar apara bilərlər. Ancaq onlar da həm öz ictimaiyyətləri, həm də bu danışıqlarda marağı olan digər dövlətlərin rəsmiləri və ictimaiyyətləri üçün müəyyən məlumatlar verməlidirlər. Belə məsələlərdə ictimaiyyəti məlumatlandırmaq çox vacibdir. Ola bilsin ki, bu tipli danışıqlarda ictimaiyyətin məlumatlandırılması baxımından düzgün strategiyanın seçilməməsi hansısa fantaziyaların, şayiələrin ortaya çıxmasına səbəb olur.

- Sizcə, Azərbaycan ictimaiyyətinin narahatlığı bundan qaynaqlanır?

- Deməzdim ki, rəsmi səviyyədə hansısa narahatlıq var. Qardaş münasibətlərimiz indi də çox yüksək səviyyədədir və heç bir problem yoxdur. Ancaq qəzetləri oxuyanda görürsən ki, sanki ölkələr arasında hansısa problem var. Bunun qarşısını almaq üçün hər iki tərəf öz səylərini artırmalıdır. Xüsusilə də, açıqlamalarımızda ikili məna daşıyan ifadələrə yer verməməliyik. Çünki qardaş ölkələr arasında belə ifadələrdən istifadə etdikdə ictimaiyyətdə belə bir təsəvvür formalaşır ki, sanki ölkələr arasında hansısa problem var. Mesajlar tam aydın olmalıdır. Dolaylı ifadələrdən qaçınılmalıdır.

- Türkiyə-Ermənistan danışıqlarından narahat olanlar belə bir əsas gətirirlər ki, Ermənistan hiyləgər dövlətdir, ona güvənmək olmaz. Siz necə düşünürsünüz: doğrudanmı təcrübəli Türkiyə diplomatiyası erməni reallığını dərk edə bilmir?

- Türkiyə tarixinə nəzər saldıqda bu qənaətə gəlmək olmaz ki, belə bir diplomatiya təcrübəsinə malik dövlət həmin  problemlə üzləşə bilsin. Türkiyə diplomatiyası yalnız Azərbaycan tərəfdən deyil, beynəlxalq ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir. O, həm tarixinə, həm də məzmununa görə ən irəlidə gedən diplomatiya məktəblərindən biri sayılır. Ancaq burada söhbət kiminsə hiyləgər olmasından getmir. Söhbət ondan gedir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlər var, bu münasibətlər inkişaf etməkdədir və Azərbaycan da bundan xəbərdardır. Azərbaycan həmişə bəyan edib ki, ölkələrin kiminləsə diplomatik münasibətlər qurması onların suveren hüquqlarıdır. Azərbaycanın da öz məsələləri var və kimlərinsə münasibətlərində Azərbaycana dair məqamlar varsa, həmin həssaslıq nəzərə alınmalıdır. Ancaq biz heç zaman belə münasibətlərə qarışmırıq. Azərbaycan özünə güvənən ölkədir və öz milli maraqlarını qorumağa qadirdir. Ancaq biz istəyirik ki, bölgədə  baş verən proseslər  ərazidəki ölkələrə və xalqlara sülh və sabitlik gətirsin, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.

- Belə görünür ki, Türkiyə həm Qafqazda Əməkdaşlıq və Sabitlik Platforması (QƏSP-red.) təklifini irəli sürməklə, həm də Ermənistanla münasibətləri bərpa etməklə Dağlıq Qarabağ (DQ) problemini həll etməyə çalışır.

- Burada üç məsələ var: Azərbaycan-Ermənistan münasibətləri, Türkiyə-Ermənistan münasibətləri var və Türkiyənin irəli sürdüyü QƏSP təklifi. Bunları bir-birinə qarışdırmaq bir az təhlükəlidir. Birinci məsələdə Azərbaycan konfidensiallığı qorumaqla ictimaiyyəti məlumatlandırır. İkinci məsələdə isə ictimaiyyəti Türkiyə məlumatlandırmalıdır. Bu, ictimaiyyəti rahatlatmağa xidmət edərdi. Digər tərəfdən, QƏSP təklifi Minsk Qrupunun nə əvəzinədir, nə də ona alternativdir. Bu, tamamilə müstəqil təşəbbüsdür. Türkiyə də bu təklifi əvəzləyici bir təşəbbüs kimi irəli sürmədiyini bildirmişdi. Azərbaycan tərəfi bəyan edib ki, platforma təşəbbüsünü müsbət hesab edir və onun həyata keçirilməsi üçün müzakirələrin aparılması lazımdır. Azərbaycan həmişə regional sülhə xidmət edən təşəbbüslərin tərəfdarı olub. Ancaq münaqişə həll olunmayanadək hansısa əməkdaşlıqdan söhbət gedə bilməz.

- Əgər Türkiyənin Ermənistanla münasibətlərinin qurulmasında DQ şərtini geri götürməsi barədə şaiyələrə inansaq, belə çıxır ki, Türkiyənin QƏSP təşəbbüsü “ölü doğulub”? Axı QƏSP-də əsas yeri Azərbaycan tutur.

- Piar işlərində çox həssas məqamlar var. Hətta bir saniyə belə diqqətsizlik edəndə, problemlər ortaya çıxa bilər. Ona görə durmadan işləmək lazımdır. Ötən il Münxendə Ərdoğanın Oskanyana cavabının şəxsən şahidi oldum. Ərdoğan çox dəqiq ifadələrlə Ermənistanın işğalçı olduğunu bildirdi. Ancaq bu mövqe hər zaman təkrarlanmalıdır. Məsələn, mən Azərbaycanın mövqeyini durmadan təkrarlayıram. Çünki unudulmamalıdır. Bir dəfə təkrarlamadıqda deyirlər ki, yəqin mövqedə dəyişiklik var. Jurnalistlər belə məqamlara xüsusi fikir verirlər. Türkiyənin Azərbaycanın dostu və qardaşı olduğunu biz hər məqamda vurğulayırıq. Türkiyə də hər məqamda öz mövqeyini təkrarlamalıdır. Bu mövqe dövlətə aydın ola bilər, ancaq ictimaiyyət üçün bu, hər zaman təkrarlanmalıdır.

- Son bir ayda həm Türkiyə və Ermənistan, həm Türkiyə və Azərbaycan, həm də Türkiyə, Azərbaycan və Ermənistan arasında bir neçə yüksəksəviyyəli görüşlər keçirilib. Bunu hansısa mesaj kimi başa düşmək olmazmı? Bu görüşləri ümidverici nəticələrə aparan yol kimi dəyərləndirmək olarmı?

- Diplomatlar məsələlərə ümidlə deyil, reallıqla yanaşırlar. Ancaq ictimaiyyət xəyallarla da yaşaya bilər. Onların fikirlərinin formalaşmasına KİV təsir edir. Əgər KİV-də gedən məlumatlar reallıqları əks etdirmirsə, ümidsizliyi formalaşdırırsa, onda problem yaranır. Rəsmi dövlət qurumu kimi biz, təbii ki, o cür düşünmürük. Biz reallıqları bilirik.

- Sizin deməyinizdən belə çıxır ki, görüşlərin sayından və ya məzmunundan asılı olmayaraq, ictimaiyyətə dəqiq açıqlamalar verilməlidir ki, onların hansısa fərqli məna çıxarmalarına ehtiyac qalmasın.

- Əlbəttə ki, ictimaiyyətin düşünməsinin qarşısını almaq olmaz. Ancaq onların düzgün nəticə çıxarmaları üçün düzgün, ikimənalı olmayan məlumatlar vermək lazımdır.

- Türkiyə həm regional və ikitərəfli münasibətlərdə, həm də beynəlxalq müstəvidə bir il əvvəlki səviyyədə qalıb?

- Türkiyə-Azərbaycan münasibətləri qardaşlığa əsaslanır və bu münasibətlər gündən-günə güclənir. Ümumiyyətlə götürdükdə isə, Türkiyənin mövqeyi bütün dünyada bəllidir və bu mövqe güclənir. Azərbaycan bundan yalnız fərəhlənir. Türkiyə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür.

- DQ ətrafında informasiya müharibəsi davam edir. Bu baxımdan Azərbaycan və Ermənistanın strategiyası nə ilə fərqlənir?

- Ermənistanın resursları bu baxımdan çox genişdir. Ancaq bu o demək deyil ki, biz fəaliyyətsiz qalmalıyıq. Çalışırıq ki, reallıqları və mövqeyimizi dünya ictimaiyyətinə düzgün çatdıraq. İndi biz uduzan tərəf deyilik. Özümüzü udan tərəf kimi göstərmək də istəmirik. Eyforiyaya qapılmamağa çalışırıq. Əminliklə deyə bilərəm ki, beynəlxalq ictimaiyyət qarşısında irəli sürdüyümüz arqumentlər vəziyyəti ciddi şəkildə dəyişdirib.

- Xəzər bəy, bu  baxımdan Azərbaycan mediasına tövsiyəniz nədir?

- XİN-media əlaqələrində böyüklük-kiçiklik münasibətlərindən deyil, tamamilə bərabər səviyyələrdən söhbət gedir. Məqsəd eynidir. Sadəcə olaraq, bunun forması düzgün seçilməlidir. Çalışmalıyıq ki, bir-birimizi dəstəkləyək və güclənək, bir-birimizin fəaliyyətindən bəhrələnək. Qarşılıqlı şəkildə peşəkarlığımızı artırmalıyıq.

- Münaqişə ilə bağlı ümidverici və optimist açıqlamalar çox vaxt Qərb diplomatları tərəfindən verilir. Halbuki bunların həqiqəti əks etdirmədiyini görürük. Belə bəyanatlar səsləndirməkdə onların məqsədləri nədir?

- Bunun iki əsas səbəbini görürəm. Birincisi, bu, onların beynəlxalq bürokrat mahiyyətlərindən irəli gəlir. Onlar həmişə çalışırlar ki, diqqət çəksinlər. Digər tərəfdən, onlar həmişə sülh yolunu xüsusi vurğulayırlar. Vasitəçilər açıqlamalarını məhz bu formada verməlidirlər. Onlar hərbçi kimi açıqlama verə bilməzlər. İkinci səbəb isə odur ki, bu, onların deyil, bizim ağrımızdır, onların torpaqları işğal olunmayıb. Bizim nikbinliyimiz yalnız torpaqlarımız işğaldan azad edildikdən sonra olacaq.

- Üçüncü səbəb bu ola bilərmi ki, nikbin danışmaqla hansısa iş gördükləri, nəyəsə nail olduqları barədə rəy formalaşdırmağa çalışsınlar?

- O da ola bilər. Ancaq onu mən demədim (gülür).

- Abdullah Gülün Ermənistana səfərini Türkiyənin məğlubiyyəti kimi qələmə verənlər də, buna ümidlə yanaşanlar da oldu. Azərbaycan pəncərəsindən vəziyyət necədir?

- Yenə deyirəm ki, diplomatlar ümidlərlə yaşamırlar. Real vəziyyət budur ki, Ermənistanın mövqeyində hansısa dəyişiklik yoxdur. Türkiyənin diplomatik uğurunu bilmirəm, ancaq futbolda qalib gəlmişdi (gülür). Buna görə çox şadıq.

- Diasporların ortaq fəaliyyətini ölkələrimizin xarici siyasətinin bir parçası kimi dəyərləndirə bilərikmi?

- Bu, unikal məqamdır. Xarici siyasətdə bunlar arasında tam əlaqələndirmə olmasa da, təbii ki, bunun təsiri var. Ermənistan diasporunun təsiri isə çox böyükdür, hətta Ermənistanın xarici siyasətinin tam mərkəzidir. Türkiyə-Azərbaycan ortaq diasporuna gəldikdə isə, əsas məsələ keçirilən görüşlərin məzmunudur. Kəmiyyət önəmli deyil. Keyfiyyət artırılmalıdır.

- Rusiya-Türkiyə yanaşması DQ probleminin həllinə nəcə təsir edə bilər?

- Hər ikisi güclü dövlətlərdir və hər ikisinin regionda maraqları var. Rusiya-Türkiyə münasibətlərinin, eləcə də Türkiyə-Ermənistan danışıqlarının DQ münaqişəsinin həlli prosesinə birbaşa aidiyyəti yoxdur. Ancaq bu münasibətlər elə bir şərait yarada bilər ki, danışıqlar prosesində hansısa irəliləyiş olsun.

Hər hansı problemin həllində birbaşa xətt var. Eyni zamanda həmin xətt müəyyən bir çərçivədə, şəraitdə fəaliyyət göstərir. O çərçivə və o şərait həll üçün nə qədər məqbul və əlverişli olsa, biz də o qədər tez nəyəsə nail ola bilərik. Əgər Türkiyə-Rusiya və Türkiyə-Ermənistan münasibətləri həmin çərçivələri əlverişli edə bilsələr, onda biz o xətt üzərində işimizi qura bilərik. Yəni Türkiyə həmsədr kimi birbaşa o xəttin üzərində olmasa da, o şəraitin yaradılmasında çox müsbət rol oynaya bilər. Ancaq gərək biz ortada nəyisə görək. Hazırda ortada heç nə yoxdur, bəlkə də olacaq.

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT-red.) ordu qurmaq barədə qərar qəbul edib. Eyni zamanda Rusiya və Ermənistan da ortaq hərbi hava komandanlığı yaratmaq barədə razılığa gəliblər. Ermənistanda Rusiyanın hərbi bazasının olduğunu da nəzərə alsaq, Azərbaycanın Türkiyə ilə analoji addım atmasına ehtiyac varmı?

- Həmişə KTMT-nin üzvlərinə xatırladırıq ki, onlar Ermənistanla eyni hərbi blokda olsalar da, bu ölkənin təcavüzkar olduğunu nəzərə almalıdırlar. Onun hərbi potensialının gücləndirilməsinə və bunun Azərbaycanın əleyhinə istifadə olunmasına yol verməməlidirlər. Digər tərəfdən, Ermənistan çalışır ki, həmin təşkilata üzvlüyünü öz təhlükəsizliyinin təminatının göstəricisi və öz işğalçı siyasətinə dəstək kimi göstərsin. Bu, tamamilə yanlışdır. Çünki hərbi bloklar bir-birilərinin ərazisini müdafiə etmək üçün qurulurlar. Azərbaycan da əgər hansısa məqamda beynəlxalq hüquqa söykənərək, öz ərazilərini işğaldan azad etməyə çalışacaqsa, bu, yalnız Azərbaycan ərazilərində (hazırda işğal altında olan ərazilərimizdə-red.) baş verəcək. Ona görə də Ermənistan həmin təşkilatın dəstəyinə ümid etməməlidir.

Azərbaycan isə, ümumiyyətlə, blokçuluğun tərəfdarı deyil. Düşünürük ki, bloklar arasında hansısa konfrantasiya olduqda, bu, həmin blokların üzvlərinin maraqlarına uyğun deyil.

- Xəzər bəy, son vaxtlar 6 rayonun qaytarılmasından tez-tez söhbət gedir. Bunun əsası varmı?

- KİV-də gedən məlumatlar doğru deyil. Biz mərhələli həll yolunun tərəfdarıyıq. Moskva Bəyannaməsində də bu, öz əksini tapıb. Mərhələlərdə, ilk növbədə, hansısa rayonların qaytarılması öz əksini tapa bilər. Lakin bu, o demək deyil ki, Qarabağ unudulur. Azərbaycan mövqeyini dəyişməyib. Bütün rayonlar azad edilməlidir. Sonra qaçqınlar öz yurd-yuvalarına qayıtmalıdırlar. DQ-dəki ermənilərə də Azərbaycan pasportları verilməlidir. Sonra status müəyyən olunmalıdır. Dəfələrlə bəyan etmişik ki, biz DQ-yə vəsait qoymağa, hətta Ermənistanın özünə də yardım etməyə hazırıq.

- İndiyə qədər Azərbaycan pasport üçün müraciət edən erməni olubmu?

- Onların buna imkanları yoxdur. Onlar özləri də işğal altındadırlar. Əgər belə bir müraciət olarsa, biz buna hazırıq.

- Türkiyə bir neçə il əvvəl Azərbaycanla vizanı ləğv etdi. Ancaq Azərbaycanın da eyni addımı atmaması Türkiyə tərəfindən birmənalı qarşılanmadı. Bu məsələ ilə bağlı hansısa yenilik varmı?

- Azərbaycanda hansısa ölkə ilə viza məsələsini aradan qaldırmaq və ya asanlaşdırmaq qurumlararası danışıqların aparılmasını tələb edir, hər qurum buna öz rəyini bildirməlidir. Yəni bu, müəyyən prosedura bağlıdır. Azərbaycanda bu məsələni Türkiyədə olduğu kimi, xarici işlər nazirinin bir sözü ilə  həll etmək olmur.

 

 

Natiq Pənahlı

 

Zaman.- 2009.- 21-23 fevral.- S. 12-13.