“Türkiyə heç vaxt Azərbaycanın
milli maraqlarına zidd addımlar atmayacaq”
“Azadlıq” radiosunun erməni bürosunun bir müddət əvvəl Türkiyənin Ermənistanla danışıqlarda Dağlıq Qarabağ məsələsində guya geri addım atdığı barədə yaydığı məlumatın Azərbaycan daxilində doğurduğu əks-səda davam edir.
Bəs, doğrudanmı, Türkiyə Ermənistanla diplomatik əlaqələr qurmaq xətrinə Azərbaycanın milli maraqlarını qurban verə və işğal altında olan torpaqlarımız azad edilmədən Yerevana hansısa güzəştlərə gedə bilər? Bizi maraqlandıran bu və digər suallara cavab almaq üçün Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru, politoloq Rüstəm Məmmədova müraciət etdik.
- Rüstəm müəllim, son vaxtlar Azərbaycan və Türkiyə mətbuatında Ankaranın Yerevanla apardığı danışıqlarda müəyyən güzəştlərə getdiyi barədə yazılar gedir. Buna da səbəb “Azadlıq” radiosunun erməni bürosunun Ermənistanla apardığı danışıqlarda Türkiyənin Dağlıq Qarabağ məsələsində geri addım atdığı barədə yaydığı məlumatdır. Bu baxımdan Türkiyənin Azərbaycanın milli maraqlarına cavab verməyən hər hansı bir addım atması, sizcə, mümkündürmü?
- Hər şeydən öncə qeyd edim ki, Türkiyə dövləti dünən də, bu gün də onun qurucusu olan böyük Mustafa Kamal Atatürkün ideyaları əsasında fəaliyyət göstərir. Türk dünyasına, ilk növbədə, Azərbaycana münasibətdə Türkiyənin yeritdiyi siyasət Atatürkün müəyyən etdiyi prinsiplər əsasında davam edir. Bu siyasətdə isə Azərbaycanın milli maraqları önə çəkilib. Xatırladım ki, ötən əsrin 20-ci illərinin əvvəllərində Rusiya ilə Türkiyə arasında imzalanan Qars anlaşmasında Atatürk Naxçıvanın Azərbaycanın ərazisi kimi saxlanılması şərtini irəli sürdü və bunun orada əks olunmasına nail oldu. Eyni zamanda Rusiya ilə aparılan danışıqlarda Türkiyə Dağlıq Qarabağın Azərbaycan tərkibində saxlanılması şərtilə ona muxtariyyət verilməsinə Moskvanı inandıra bildi. Əgər o vaxt Türkiyənin Rusiya ilə qurduğu isti münasibətlər olmasaydı, onda Azərbaycanın taleyi tamamilə başqa cür həll ediləcəkdi. Yəni o vaxt, sözün əsl mənasında, Azərbaycanın xəritədən silinməsinin qarşısını Türkiyə aldı. Qars anlaşmasının imzalanmasından əvvəl - 1918-ci ildə də yenə Nuru Paşanın komandanlıq etdiyi türk əsgərləri Azərbaycanın yardımına gəlməsəydilər, ermənilər bu torpaqlarda tarixdə tayı-bərabəri olmayan soyqırımı həyata keçirəcəkdilər. Yəni Türkiyənin tarix boyu Azərbaycana qarşı belə böyük bir sədaqət nümayiş etdirdiyi bir vaxtda qardaş ölkənin bizim milli maraqlarımıza cavab verməyən hər hansı bir addım atacağını yalnız siyasətdən xəbərsiz adamlar düşünə bilərlər. Türkiyənin nə bu gün, nə də sabah Azərbaycanın milli maraqlarına cavab verməyəcək bir addım ata bilməsi belə, mümkün deyil. Mən buna inanmıram. Bu məlumatı yayanlar Azərbaycanın və Türkiyənin düşmənləridir və burada emosiyalara uymaq bizim təhlükəli oyunlara sürüklənməyimiz demək olardı...
- Türkiyə ilə Ermənistan arasında danışıqlar gedir və bu, Azərbaycanda müəyyən qədər narahatlığa səbəb olur...
- Türkiyə kifayət qədər dövlətçilik təcrübəsi olan bir ölkədir və onun xarici siyasət sahəsində atdığı hər hansı addım, şübhəsiz ki, müəyyən məqsədlərə xidmət edir. Bu baxımdan Ankara Yerevanla danışıqlar aparırsa, deməli, bunun arxasında yalnız bu günümüz üçün deyil, həm də gələcəyə yönələn siyasi niyyətlərin həyata keçirilməsi dayanır. Əslində Türkiyə danışıqları intensivləşdirməklə Ermənistanı müəyyən siyasi güclərin təsiri altından çıxarmaq, onu bölgənin təcavüzkar dövlətindən sülhsevər ölkəsinə çevirməyə cəhd edir. Amma bu o demək deyil ki, Türkiyə özünün və Azərbaycanın milli maraqlarını Ermənistana və onu dəstəkləyən ölkələrə qurban verəcək. Türkiyə Ermənistanla danışıqları müəyyən şərtlərlə aparır. Bu şərtlərin arasında həm işğal altındakı Azərbaycan ərazilərinin azad edilməsi, həm də Ermənistanın Türkiyəyə qarşı ərazi və qondarma soyqırımı iddialarından əl çəkməsi dayanır. Hətta Türkiyə bu şərtlərdən birindən əl çəksə belə, Ermənistan digər şərtlərdə güzəştə getməsə, iki ölkə arasında diplomatik əlaqələrin qurulması mümkün olmayacaq. Çünki Ermənistan Türkiyəyə münasibətdə güzəştə getməmək siyasəti nümayiş etdirir. Ona görə də mən istənilən halda Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlardan narahatlıq keçirilməsinə əsas görmürəm.
- Narahatlığa digər səbəb isə bu günə kimi Türkiyə Xarici İşlər Nazirliyinin adıçəkilən məsələ ilə bağlı müvafiq açıqlama ilə çıxış etməməsidir. Bu, danışıqların konfidensiallığı ilə bağlıdır, yoxsa ortada başqa səbəblər var?
- Mənə elə gəlir ki, hazırki mərhələdə danışıqların konfidensieallığı mühüm məsələdir və onun barəsində mətbuata məlumat sızdırılması ortaya əlavə problemlər çıxara bilər. Bu baxımdan Türkiyə Xarici İşlər Nazirliyinin məsələyə münasibətdə təmkinli mövqe nümayiş etdirməsi başa düşüləndir. Ona görə də mən tələsik nəticələrin çıxarılmasını məntiqsiz hesab edirəm. Təkrar edirəm: Türkiyə Ermənistana və Rusiyaya münasibətdə heç vaxt Azərbaycanın və özünün milli maraqlarına zidd addımlar atmayacaq. Çünki Türkiyənin bölgədə yeganə müttəfiqi Azərbaycan, Azərbaycanın isə tək müttəfiqi Türkiyədir. Amma bu o demək deyil ki, Türkiyə müəyyən məqsədlərinə çatmaq üçün siyasi manevrlər etməyəcək. İstənilən halda Türkiyənin siyasi manevrlər etməyə haqqı var və bunu təbii qarşılamaq lazımdır. Çünki bu siyasi manevrlər həm də Azərbaycanın maraqlarının təmininə xidmət edəcək.
- Rusiya ilə Türkiyə arasında aparılan danışıqlar Dağlıq Qarabağ münaqişəsinin həllində Moskvanın hansısa güzəştə getməsi ilə nəticələnə bilərmi?
- Rusiya ilə Türkiyə Qafqazda siyasi təsir dairəsi uğrunda mübarizə aparırlar və bu baxımdan onlar arasında müəyyən məsələlərə münasibətdə mövqelərin üst-üstə düşməməsi anlaşılandır. Bununla birlikdə Rusiya üçün bölgədə ABŞ və ya İngiltərə ilə siyasi təsir dairəsi uğrunda mübarizə aparmaqdansa Türkiyə ilə rəqabətə girmək, hətta onun maraqları ilə qismən hesablaşmaq daha məqsədəuyğundur. Digər tərəfdən də, ötən əsrin 20-ci illərinin əvvəllərində olduğu kimi, hazırda yenə də bölgədə Moskva ilə Ankaranın maraqları daha çox üst-üstə düşməyə başlayıb. Çünki Avropa Birliyi və ABŞ Rusiyanı nəinki Qafqazda və Orta Asiyada, həm də beynəlxalq səviyyədə ən təhlükəli düşmən hesab edirlər. AB və ABŞ Rusiyadan böyük güzəştlər tələb edərək, onun Avropaya inteqrasiyasına hər vasitə ilə mane olmağa çalışırlar. Rusiya da AB-yə və ABŞ-a münasibətdə özünün hərbi strateji və milli maraqlarını ən sərt şəkildə müdafiə etməyə çalışır. Eyni sözləri Türkiyə barədə də demək olar. Qərb ölkələri Türkiyənin AB-yə üzvlüyünə imkan vermir və bunun üçün müxtəlif bəhanələr gətirirlər, hətta ona alçaldıcı, təhqiredici şərtləri qəbul etdirməyə çalışırlar. Belə bir vəziyyət isə Rusiya və Türkiyənin təbii müttəfiqlərə çevrilməsi ilə nəticələnib. Ümumiyyətlə, son 80-90-cı illərdə Türkiyə Rusiya faktorundan Qərbə qarşı bacarıqla istifadə edib. Eynilə Rusiya da oxşar təcrübədən məharətlə bəhrələnib. Mənə elə gəlir ki, bu dəfə də belə bir siyasət tərəflərə uğur gətirəcək.
- Maraqlıdır, tərəflər bir-birilərinə hansı sahələrdə qarşılıqlı güzəştlərə gedə bilərlər?
- Mənə elə gəlir ki, Türkiyə “Nabukko”da Rusiyanın iştirakı məsələsində qarşı tərəfə güzəştə gedə bilər. Artıq mənə məlum olan faktlara görə, Türkiyə “Nabukko” layihəsində Rusiyanın iştirak etməsi barədə müəyyən təkliflərlə çıxış edib. Yəni “Nabukko”ya Moskvanın da cəlb edilməsi və kəmərə nəzarətin Rusiyaya verilməsi Ankaranın Moskvaya gedə biləcəyi mühüm güzəşt ola bilərdi...
- Yəqin ki, “Nabukko”ya nəzarətin Rusiyaya verilməsini deyəndə siz bu kəmərin Ermənistan ərazisindən keçməsini nəzərdə tutursunuz...
- Mən belə bir
variantı istisna etmirəm. Çünki kəmərin
Ermənistan ərazisindən keçməsi Qərbin bəzi
dövlətlərinin də marağındadır.
- Azərbaycan
Ermənistanla müharibə vəziyyətindədir. Bəs belə bir şəraitdə
qaz kəmərinin Ermənistan ərazisindən keçməsindən
Azərbaycanın udacağı nə ola
bilər?
- “Nabukko”nun Ermənistan
ərazisindən keçməsi və ona nəzarətin
Rusiyaya verilməsinin əvəzində Moskva münaqişənin
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həlli üçün müvafiq addımlar ata bilər. O cümlədən
Dağlıq Qarabağa Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində ən
yüksək status verilməsinə Ermənistanı razı
sala bilər. Bu isə münaqişənin
aradan qaldırılmasında həlledici rol oynayardı.
Əlbəttə, bütün bunlar hələlik
ehtimallardır. Amma mənə elə gəlir
ki, Türkiyənin son addımları bölgədə əmələ
gələn siyasi reallığı tamamilə özündə
əks etdirir və belə bir siyasət həm də Azərbaycanın
milli maraqlarına tam şəkildə cavab verir.
Əziz Mustafa
Zaman.- 2009.- 24-25 fevral.-
S. 12.