Nişangahdakı həyat
Ötən şənbə türkiyəli bir qrup jurnalist -Tuncər Çətinqaya (”Aksiyon”), Nuh Gönültaş (”Bu gün”), Ünal Tanık (”Kanal-7” və “Ölkə TV”), Fikri Türkel (”Zaman”) onları müşayiət edən şəxslərlə - millət vəkilləri Qənirə Paşayeva, Elman Məmmədov, qəzetimizin baş redaktoru Enes Canseverlə birgə Tovuz rayonunun sərhəd kəndlərinə baş çəkib.
Həmin gün yağan qar müəyyən çətinliklər yaratsa da, jurnalistlər sərhəd bölgəsində yaşayan insanların durumu, həmçinin erməni vəhşilikləri barədə kifayət qədər fakt toplaya biliblər. Onlar gözləri ilə gördüklərini Türkiyə, eləcə də dünya ictimaiyyətinə çatdıracaqlarını bildiriblər.
Səfər Tovuz şəhərindən başladı. Millət vəkili Qənirə Paşayeva “Tovuz qalası”ndakı tarixi materiallara əsasən, rusların zaman-zaman Azərbaycan torpaqlarını ermənilərə hədiyyə etdiyini faktlarla söylədi: “Nəticədə, Azərbaycan Xalq Cümhuriyyəti dönəmindəki 114 min kvadratkilometrlik ərazimiz sovet dönəmində 86,6 min kvadratkilometrə qədər azalıb. Özü də ermənilərə hədiyyə olunan torpaqların əksəriyyəti Türkiyə ilə sərhəddəki ərazilərimiz olub. Elə bu fakt göstərir ki, ruslar tarixən dili bir, qanı bir olan qardaşlarımızı bizdən ayırmaq missiyasını yerinə yetiriblər. Buna yalnız Naxçıvanda nail olmayıblar ki, bu prosesdə də vaxtilə imzalanmış Qars müqaviləsi önəmli rol oynayıb. Millət vəkili Elman Məmmədov isə hazırda Azərbaycanın 17 min kvadratkilometr ərazisinin düşmən tapdağı altında olduğunu vurğuladı.
Azər Nağıyevin
hekayəti
Şəhidlər Xiyabanını ziyarətdən sonra Hacalı kəndinə yollanan nümayəndə heyəti gördüklərindən, eşitdiklərindən dəhşətə gəlmələrini gizlədə bilmədilər. Belə ki, onların keçirdikləri həyəcan, ağrı üzlərindən görünürdü. Jurnalistlər kənd sakinlərinin danışdıqlarını qeyd edir və yaşanmış faciəli anları fotoaparatın yaddaşına köçürürdülər. Hacalı orta məktəbinin darvazasındakı, eləcə də evlərin divarlarındakı güllələrdən deşik-deşik olmuş yerləri görəndə onlar lap dəhşətə gəldilər. Sabiq polis işçisi Azər Nağıyevin 5 il öncə məktəbdə yaşananları danışanda isə Fikri Türkel qeyri-ixtiyarı əli ilə göz yaşlarını gizlətməyə çalışırdı: “Ermənilər dərs zamanı məktəbi vurdular. Məktəb uçdu. Şagirdlər otaqlardan çıxa bilmədilər. Özümü yetirib, onları oradan çıxara bildim. Son anda isə özüm düşmən gülləsinə tuş gəldim”.
Qənirə xanım ötən il bu kənddə yeni məktəb binasının inşa olunduğunu dedi. Bildirdi ki, əslində
məktəbin binasının
tikintisinə çoxdan
start verilmişdi: “Bu istiqamətdə müəyyən işlər
də görülmüşdü.
Lakin sonradan yeni məktəbin inşa olunduğu ərazinin ermənilərin
güllərinə tuş
gəldiyini görüb,
onun yerini dəyişməli olduq. Adını unutduğum bir kənd sakini
isə belə dedi: “Hər gün ölümlə üz-üzəyik. Həyətə belə çıxa bilmirik, ermənilər kəndi atəş altında saxladıqlarına görə,
mal-heyvanı otara bilmirik, əkin-biçinlə məşğul olmaq mümkün deyil. Buna rəğmən, kəndi bir nəfər belə tərk etməyib və bundan sonra da başqa
yerə köçmək
fikrimiz yoxdur”.
“Allah qəhr etsin”
Nümayəndə heyəti
Tovuzun Ermənistanla sərhəddə yerləşən
Ağdam kəndini də ziyarət etdi. Qeyd edək
ki, Azərbaycan Silahlı Qüvvələrinin
ön mövqeləri
ilə kənd arasında məsafə
100-150 metr təşkil
edir. Ağdam kənd icra nümayəndəsi Mirhəsən
Hacıyev cəbhə
xəttində atəşkəs
rejiminin pozulmasının
adi hala çevrildiyini dedi: “Ermənilərin iriçaplı
silahlardan açdıqları
güllələr kəndin
ərazisinə çatır.
Onlar bu kəndi atəş altında saxlamaqla, sakinləri vahiməyə
salmaq istəyirlər.
Lakin sakinlər buranı tərk etməməkdə israrlıdırlar.
Ona görə ki, bizim Silahlı
Qüvvələrimiz ermənilərin
cavabını hər
an verməyə hazırdır. Elə bu səbəbdən
də əhval-ruhiyyəmiz yaxşıdır”,
- deyən Mirhəsən
müəllim ötən
günlərin acı
xatirələrindən də
söz açdı:
“1996-cı ildə kənddən 120-130 metr aralıda yerləşən
qəbiristanlıqda vəfat
etmiş bir sakinimizi basdırmaq istədik. Bu zaman ermənilər mərasimə toplaşanları
atəşə tutdu.
Camaat birtəhər canını qurtara bildi. Beləcə, düz 3 gün həmin cəsəd qəbiristanlığın içində
dəfn olunmamış
formada qaldı. Bundan sonra ölülərimiz
üçün yeni qəbiristanlıq aramaq zorunda qaldıq”. Bu acı hekayətdən
sonra ortaya çökmüş sükutu
Nuh Gönültaşın:
“Allah qəhr etsin” sözləri pozdu.
“Bu görüşdən çox
təsirləndim”
Tovuza dönərkən jurnalistlərin bu səfərlə bağlı təəssüratlarını öyrənməyə çalışdıq. “Aksiyon” jurnalının yazarı Tuncər Çətinqaya bizimlə söhbətində bu səfərdən çox təsirləndiyini dilə gətirdi: “Yəqin ki, o qazinin - Azərin söylədikləri ömrüm boyu yaddaşımdan çıxmayacaq. Mən burada ermənilərin azərbaycanlıları necə soyqırıma məruz qoyduqlarını gördüm. Mən burada insanların öz həyətlərinə çıxmağa çətinlik çəkdiklərinin şahidi oldum. Mən burada ermənilərin Azərbaycandakı dinc insanlara qarşı törətdikləri vəhşiliklərin dolğun mənzərəsini gördüm. Bunu Türkiyəyə, eləcə də dünyaya bir daha çatdıracağıq. Nə qədər qəribə olsa da, ermənilərin törətdikləri soyqırımı ilə bağlı dünya ölkələrinin heç birinin səsi eşidilmir”. O, son günlər Türkiyənin Ermənistanla sərhədi açacağı barədə səslənən fikirlərə də münasibətini bildirib: “Bu səfərimdə bir daha anladım və bu qənaətə gəldim ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə Türkiyənin bu məsələyə ciddi müdaxiləsi ilə çözülə bilər. Mənim fikrimcə, Türkiyə öz nüfuzundan yararlanaraq, Ermənistanı buna sövq etməlidir. Mənim şəxsi qənaətimə görə, bu dəhşətlər bitməyənə qədər heç bir sərhəd açılmasından danışılmamalıdır”. Sualımızı cavablandıran Fikri Turkel Azərbaycana ilk dəfə gəldiyini və ilk gəlişində də cəbhə bölgəsində olmasından məmnun olduğunu dilə gətirdi: “Gördüklərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bununla bağlı təəssüratlarımı yazacağım yazıda çılpaqlığı ilə verəcəyəm. Zənn edirəm ki, dünya mətbuatı Türk mediasındakı bu ağrılı yazılara biganə qalmayacaq. Son illər Azərbaycanın iqtisadiyyatı çox inkişaf edib. Onun bu gün enerji sektorunda tutduğu mövqeyi nəinki Türkiyə, eləcə də Avropa üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan artan qüdrətindən səmərəli yararlanmalı, bu gücü Dağlıq Qarabağ probleminin çözülməsinə yönəltməlidir”. “Kanal-7”-nin əməkdaşı Ünal Tanık 15 il öncə Bakıya gəldiyini və onun Azərbaycanla tanışlığının bu şəhərlə məhdudlaşdığını bildirdi və bu səfərin daha işgüzar olduğunu dedi. Onun bu fikrini dəstəkləyən Nuh Gönültaş Bakıya ayaq basan hər bir jurnalistin bölgələrə səfərlərinin vacibliyini qeyd etdi. Cəbhə bölgəsində yaşayan hər bir insanın qəlbində bu gün Türkiyəyə xüsusi bir məhəbbətin olduğunu vurğulayan jurnalistlər Türkiyənin heç bir zaman yanlış addım atmaq niyyətində olmadığını və deyilənlərin iki ölkə arasındakı münasibətləri gərginləşdirmək məqsədi güddüyünü dedilər.
Qeyd edək ki, qonaqlar bu səfər çərçivəsində Gəncə şəhərini də ziyarət ediblər. Gəncə Özəl Türk Liseyində jurnalistlərə məktəb şagirlərinin iştirakı ilə maraqlı proqram təqdim olunub. Bu proqramdan sonra çıxış edən məktəbin VII sinif şagirdi, Tovuz rayonundan olan Tamerlan Sultanov bu məktəbdə təhsil almasından qürur duyduğunu dilə gətirdi. Onun sözlərinə görə, məhz belə şəraiti olan məktəblərdə oxumaqla sabah ölkə naminə dünya miqyasında müəyyən işlər görmək mümkündür. O ən böyük arzusunun dünya miqyasında Azərbaycana töhfə verməkdən ibarət olduğunu dedi. Bu görüşdən sonra onlar Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövrlərdə Gəncədəki fəaliyyəti ilə bağlı təşkil olunmuş muzeyə də baxıblar.
Onlar hər gün səhəri ölümlə göz-gözə açırlar. Güllə vıyıltısı onlar üçün adi səsə çevrilib, heç nədən qorxmaz, çəkinməzlər, bu vaxta qədər neçəsi düşmən gülləsinə tuş gəlib, neçəsinin evi yanıb, neçəsinin heyvanı örüşdəcə erməni gülləsi ilə tələf olub. Türkiyədən gəlmiş jurnalistlər də Tovuzun Ermənistanla üz-üzə olan kəndlərinə səfəri zamanı yerli əhalinin nişangah altında yaşadığının şahidi oldular.
Zaman.- 2009.- 24-25 fevral.- S.11.