90 illik yubileydən
mesaj: “Azərbaycanın xarici siyasətinin prioriteti Dağlıq Qarabağ münaqişəsinin həllidir”
XİN başçısı Azərbaycanın
xarici siyasətində
neft strategiyasının və enerji diplomatiyasının xüsusi yer tutduğunu da
bildirib
Azərbaycanın diplomatik xidmətinin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlərin
keçirilməsi davam etməkdədir. İyulun 6-da Gəncədə, 7-də Naxçıvanda keçirilən tədbirlərdən
sonra bu qəbildən olan növbəti tədbir dünən Bakıda keçirildi. “Azərbaycan qlobal siyasətdə: Xarici siyasətin formalaşması” mövzusunda təşkil olunan beynəlxalq konfransda Azərbaycanın xarici ölkələrdəki səfir
və konsulları, eləcə də ölkəmizdəki xarici diplomatik korpusların nümayəndələri iştirak
ediblər.
Konfransa sədrlik edən
xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev 90 il əvvəl Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulduğunu, bu dövlətin diplomatik xidmətinin əsaslarının qoyulduğunu deyib. O bildirib ki, AXC dövründə Azərbaycanın xarici ölkələrdə
16 diplomatik missiyası fəaliyyət göstərib.
Çıxışında Azərbaycan
diplomatiyasının tarixinə
toxunan xarici işlər naziri Elmar Məmmədyarov isə deyib: “Azərbaycan müstəqillik dövrünə Dağlıq Qarabağ münaqişəsi ilə daxil olub və xarici
siyasətin birinci prioriteti də məhz Ermənistan-Azərbaycan münaqişəsidir”.
Nazir bu münaqişənin həlli üçün BMT-nin dörd
qətnaməsinə əməl
etməyin vacibliyini də vurğulayıb. Ermənistanla aparılan danışıqların vacib olduğunu da deyən
E. Məmmədyarov: “İki
ölkə prezidentlərinin
danışıqları çox vacibdir. Danışıqları 5 il əvvəllə müqayisə edəndə irəliləyişlər var.
Çətinliklər var, ancaq irəliyə gedirik. Həll prosesində çox ləng hərəkət edirik, ancaq hərəkət
edirik. Danışıqları davam etdirəcəyik. Qoşunlar Azərbaycan ərazisindən çıxarıldıqdan,
ərazilər azad edildikdən, qaçqınlar qayıtdıqdan sonra daha əsas məsələlərin müzakirəsinə
başlayacağıq. Danışıqları bugünkü status-kvoda saxlamaq istəmirik. Ermənistan da başa düşür ki,
indiki status-kvoda qalmaq mümkün deyil”,
- söyləyib.
XİN başçısı Azərbaycanın xarici siyasətində neft strategiyasının və enerji diplomatiyasının xüsusi yer tutduğunu da
bildirib. Onun sözlərinə görə, enerji sahəsində beynəlxalq sazişlər imzalandıqdan sonra ölkədə bütün sahələrdə inkişafın
əsası qoyulub.
Türkiyənin sabiq
xarici işlər naziri və parlamet sədri Hikmət Çətin Türkiyə və Azərbaycan arasında möcvud olan ortaq
diplomatik münasibətlərdən
danışıb. O deyib ki, bütün dövrlərdə
Türkiyə diplomatiyası Azərbaycanın yanında olub və Azərbaycanın
mənafeyinə xidmət
edib.
Azərbaycanın diplomatiya
tarixinə də toxunan H. Çətin bildirib ki, Əbülfəz
Elçibəyin hakimiyyəti
dövründə Azərbaycanın
Rusiya və İranla münasibətlərinin
pozulması həmin hökumətin iki əsas səhvi olub. O, Heydər Əliyevin Azərbaycanın Avroatlantik məkana inteqrasiyası yolunda böyük işlər gördüyünü, Rusiya və İranla münasibətlərin yaxşılaşması
istiqamətində mühüm
addımlar atdığını söyləyib.
H.Çətin həmçinin Azərbaycanın müsəlman Şərqində 1918-ci ildə
ilk demokratik dövlət qurduğunu və qadınlara seçki hüququ verdiyini
xatırladıb.
Qeyd edək ki,
yubileylə bağlı tədbirlər bu gün də davam
etdiriləcək.
Natiq Pənahlı
Zaman.- 2009.- 9-10 iyul.- S. 3.