“Festivallara
dəvət almaq Lənkəran teatrının uğurudur”
Teatrın direktoru İslam Həsənovun
Fiqereydonun “Ezop”u əsasında hazırlanmış eyniadlı səhnə əsərini
tamaşaçılarla birgə izlədiyini öyrəndik
Çox vaxt “əyalət
teatrları” adlandırdığımız rayon teatrlarının fəaliyyəti nadir
hallarda mətbuat aləmində öz əksini tapır. Hazırda həmin
teatrların bəzilərinin öz yeni inkişaf mərhələsini
yaşadığını, hətta “əyalət teatrlığından” çıxdıqlarını nəzərə alsaq,
onlardan söz açmamaq ədalətsizlik olardı. Belə teatrlardan biri
bu gün adı daha çox hallandırılan N.B.Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrıdır. Lənkəranda olarkən, bu mədəniyyət
ocağına da baş çəkmək qərarına gəldik. Teatrın direktoru
İslam Həsənovun Fiqereydonun “Ezop”u əsasında hazırlanmış
eyniadlı səhnə əsərini (tamaşanın quruluşçu rejissoru da
odur) tamaşaçılarla birgə izlədiyini öyrəndik. Biz də zala
keçib, bu tamaşanı izləməyə başladıq.
...Təmsil söyləmək
bacarığı ilə seçilən Ezop azad yaşamağı hər şeydən üstün
tutsa da, dövrün tələbləri onun hüquqlarını əlindən
alır. Lakin o, mənəvi azadlığı ilə nəyə qadir olduğunu
sübut edir. Hətta iş o yerə çatır ki, Ezopu həyat yoldaşı cazibədar
Kleyaya hədiyyə edən Ksanf sonralar bundan peşman olur. Çünki
bir zamanlar Ezopun görkəmindən qorxan Kleya sonradan onun gözəl
ürəyinə vurulur. Elə tamaşadan sonra İslam müəllimə
ünvanladığımız ilk sual da “Ezop”la bağlı oldu.
- İslam müəllim,
“Ezop”a müraciətiniz, ona quruluş verməyiniz nədən irəli
gəldi?
- Azadlıq ideyasını
özündə yaşadan “Ezop”un tamaşaçılar tərəfindən maraqla
qarşılanacağına inandığımızdan. Bir də bu gün müstəqil, azad
respublikamız inkişaf prosesindədir. Ölkəmizdə insan azadlığı,
insan hüquqları da qanun çərçivəsində nizamlanıb. Bu tamaşa ilə
sənətsevərlərə əldə olunan bu müstəqilliyi,
bu azadlığı, bu hüquqları qoruyub saxlamağı təlqin etməyə
çalışmışıq.
- Sizcə,
qarşıya qoyulan məqsədə nail olursunuzmu?
- Hər halda,
tamaşaya olan maraq belə qənaətə gəlməyə əsas
verir.
- Hazırda daha hansı
tamaşalar üzərində iş gedir?
- Kollektivimiz iki
beynəlxalq layihə üzərində çalışır. Bunlardan biri, macar
yazıçısı Mikloş Xubayın “Neron oynayır” və ya “İblisin 7 komediyası” əsəridir
ki, ona Kutaisi Gənclər Teatrının bədii rəhbəri və
direktoru Zurab Xakadze quruluş verir. Tamaşa iyulun axırında təhvil veriləcək. “Neron oynayır” Kutaisidə gürcü dilində
gürcü aktyorlarının ifasında da səhnələşdirilir. Tamaşanın Lənkəran
və Kutaisi teatrlarının aktyorlarının birgə iştirakı ilə həm
Azərbaycan, həm də gürcü dillərində sənətsevərlərə
təqdimatı da nəzərdə tutulub. İnşallah, “Neron oynayır”ı
Bakıda da nümayiş etdirmək fikrindəyik. Türkmənistanın xalq
artisti, Türkmənistan Akademik Teatrının bədii rəhbəri və
direktoru Kakacan Aşırov isə teatrımızda Çingiz Aytmatovun “Gün var əsrə
bərabər” əsəri əsasında “Manqurt” tamaşasına quruluş
verəcək. O, bu məqsədlə sentyabrda Lənkərana
gələcək. Məlumat üçün bildirim ki, hər iki tamaşa dövlət
sifarişi əsasında hazırlanacaq. Bu tamaşalarla beynəlxalq teatr
festivallarında da iştirak edəcəyik. Yeri gəlmişkən, iki
ildir ki, teatrımız beynəlxalq festivallarda da mütəmadi təmsil
olunur. Bunlardan başqa, kollektivimiz Vaqif Səmədoğlunun “Mamoy
kişinin yuxuları” tamaşasını da bu yaxınlarda
səhnələşdirib sənətsevərlərə təqdim
etdi. Türk yazarı Turqut Özakmanın “Ocaq”ının
isə masaarxası məşqləri gedir.
“Həmişə axtarışdayıq”
- İslam müəllim,
bütün bunlar kollektivinizin geniş əlaqələrindən xəbər
verir.
- Çox doğru
buyurursunuz. Mənim aləmimdə bu və ya digər xarici ölkənin
teatr kollektivi ilə əlaqəsi olmayan teatr, sözün həqiqi mənasında,
qanadı qırılmış quş kimidir. Ona görə də teatrımız belə münasibətlərə
çox diqqət yetirir. Bu və ya digər beynəlxalq
festivallarda, yaxud qastrollarda həmişə özünə tərəfdaş
axtarır və bu da öz bəhrəsini verir.
- Bu prosesdə hansı amillər önəmli
rol oynayır?
- Mən deyərdim ki, hər şeydən
əvvəl, kollektivin hazırladığı maraqlı tamaşalar.
- Elə isə, bəs bu il sizi daha
hansı səfərlər gözləyir?
- Payızda Polşaya gedəcəyik. “Neron
oynayır” və ya “İblisin 7 komediyası” əsərini göstərməyi
planlaşdırırıq. Ankarada keçiriləcək Beynəlxalq Teatr Festivalına isə teatrımızın baş
rejissoru, əməkdar incəsənət xadimi Baba Rzayevin “Dədə
Qorqud”un “Dəli Domrul” boyu əsasında hazırladığı “Məhəbbət
və ölüm” tamaşası ilə qatılmaq niyyətindəyik. “Neron oynayır”
və ya “İblisin 7 komediyası” ilə ispan sənətsevərləri
qarşısında çıxış edəcəyik. Məlumat
üçün bildirim ki, son iki ildə teatrımız 4 festivala qatılıb.
- İslam müəllim, festivallara qatılmaq,
yaxud bu və ya digər ölkənin mədəniyyət
ocaqlarında çıxış etmək üçün, necə deyərlər, özünüzü
oda-közə çox vurursunuz?
- Artıq biz festivallara dəvət alırıq.
Bu, təbii ki, teatrımızın nailiyyətidir.
Elə bu kimi üstünlüklərimizə görə indi Lənkəran
Dövlət Dram Teatrı bir çox, hətta
paytaxtda fəaliyyət göstərən teatrlara da nümunə göstərilir.
“İnzibati yollarla zalı
doldurmağa cəhd etmirik”
- Deyəsən, tamaşaçı sarıdan korluq çəkmirsiniz?
- Bəri başdan deyim ki, biz inzibati
yollarla zalı doldurmağa cəhd etmirik. Bizdə kassaya yaxınlaşıb,
bilet alırlar. Bu proses artan sürətlə gedir. Halbuki əvvəllər
teatrın kassası qarşısında kimsəni görmək mümkün deyildi.
- İslam müəllim, Lənkəranda teatr
tamaşaçını öz ardınca aparır, yoxsa tamaşaçı teatrı?
- Bizim teatr tamaşaçının arxasınca getmir,
tamaşaçını öz arxasınca aparmağa çalışır və artıq buna da nail olub. Müşahidələrimə
əsasən deyə bilərəm ki, tamaşaçının ardınca gedən
teatrın gələcəyi yoxdur.
- Bəzi teatrlar əyləncəli
proqramlara üstünlük verirlər... Lakin sizin repertuarla
- Bu sualınıza, məncə, qismən də
olsa cavab verdim. Sadəcə, əlavə etmək istəyirəm
ki, biz hər təqdim olunan əsəri musiqinin, işıq effektlərinin
köməyi ilə, necə deyərlər, birtəhər səhnəyə
çıxarmağa cəhd etmirik. Hər şeydən əvvəl, əsərin
bu gün tamaşaçı üçün marağını nəzərə alıb, ona quruluş veririk.
- Klassik əsərlərə daha çox
önəm verməyiniz də bundan qaynaqlanır?
- Niyə ki? Bizim teatrda müasir yazarlara də
yer ayrılır. Amma unutmayaq ki, aktyorların
yetişməsində klassik əsərlərin rolu əvəzsizdir.
Bir də müşahidələrimə əsasən deyə bilərəm
ki, Lənkəran teatrı bütün mövzularda pyeslərə müraciət
etsə də, məncə, onun ifasında klassik əsərlər daha uğurlu
alınır. Bu mənada, belə əsərlərə müraciətimiz
məntiqəuyğundur.
- Daha hansı tamaşanı repertuarınızda görmək
istəyirsiniz?
- Şeksprin “Otello”sunu. Hazırda bu pyes üzərində
işləyirik.
“Teatr asılqandan başlanır...”
-
Adətən, əyalət teatrlarında aktyor çatışmazlığından şikayətlənirlər...
-
Hələ ki teatrımızın nəzdində təşkil etdiyimiz studiya
bu boşluğu, qismən də olsa doldurmağa imkan verir. Həmin gənclərin arasında elələri
var ki, sizi inandırım, diplomlu artistlərdən də
istedadlıdırlar. Onu da qeyd edim ki, studiyada çalışan bütün həvəskar
gəncləri ştata götürmüşük.
-
İslam müəllim, teatrın inkişafı hansı amillərdən asılıdır?
-
Repertuar siyasəti çox önəmlidir. Zalın dolu olması üçün günün nəbzini
tutan tamaşaların repertuarda yer alması vacibdir. Mənim fikrimcə,
repertuar teatrın pasportudur. Məlumat üçün bildirim ki, hazırda
repertuarımızda 17, necə deyərlər, oynaq tamaşa var. Bu günə
qədər isə bu teatrda 200-dən çox əsərə səhnə
həlli verilmişdir.
İstək olanda..
-
2 ildən artıqdır ki, bu teatra rəhbərlik edirsiniz... Və bu
uğurlar sizin adınızla bağlıdır.
-
Mən Lənkəran teatrının yetirməsiyəm. Buradan
ayrılandan sonra da Bakıda mədəniyyət sahəsində müxtəlif
inzibati işlərdə çalışmışam. Sözün düzü, 2007-ci ilin əvvəlində
bura gələndə içimdə bir qorxu da var idi. Hətta bəziləri
mənim rəhbərliyim altında bu teatrın belə uğurlara imza
atacağına da inanmırdılar.
-
Buna necə nail oldunuz?
-
Böyük coşqu və məhəbbətlə işə başlayanda, bütün
diqqəti yaradıcılığa yönəldəndə hər şey alınır. Necə
deyərlər, təki istək olsun. Məndə də belə
istək vardı. Və mən bu istəyi burada çalışanlara da aşılaya
bildim. Nəticədə, az zaman kəsiyində Əli Səmədlinin “Toy-büsat”,
Sofoklun “Şah Edib”, Baba Rzayevin “Məhəbbət
və ölüm”, Mir Cəlalın “Yolumuz hayanadır?”, Elçinin “Dəlixanadan
dəli qaçıb”, M. İbrahimbəyovun “Kərgədan buynuzu”, B.Yıldızın
“Kərbəla”, Fiqereydonun “Ezop” və V. Səmədoğlunun
“Mamoy kişinin yuxuları” pyesləri tamaşaya qoyuldu. Xarici ölkələrə
qastrollarımız da elə mənim bu teatra gəlişimdən sonra
başlandı. Təbii ki, teatrımızın bütün proyektlərində Lənkəran
Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və
Turizm Nazirliyi maddi və mənəvi dəstək göstərir.
Məsələn, Konya festivalında iştirak üçün bütün xərcləri
nazirlik və Lənkəran Şəhər İcra Hakimiyyəti çəkib.
-
Deyəsən, teatrınız daha əyalət teatrlığından uzaqlaşıb?
-
Zənn edirəm ki, teatrımız artıq əyalət teatrı yarlığından
qurtarmaq üzrədir. Məlumat üçün bildirim ki, sovet dönəmində
Lənkəran teatrı rayon teatrları arasında seçilən mədəniyyət
ocaqlarından olub. Bu teatrın səhnəsində hazırlanmış bir sıra
tamaşalar Azərbaycan televiziyasının “qızıl fond”unda saxlanılır. Lənkəran
Dövlət Dram Teatrının 80-ci illərdə tamaşaya qoyduğu Cəlil
Məmmədquluzadənin “Ölülər” əsəri peşəkar
aktyor oyunu ilə Azərbaycan teatr mühitində əsl hadisəyə
çevrilib. Lakin 90-cı illərin əvvəllərində ölkədəki
böhranlı ictimai-siyasi vəziyyət üzündən bu teatr da ciddi
problemlərlə üzləşib. Bu gün teatrımızın öz şöhrətini
qaytarmasından hamı kimi mən də qürur duyuram.
Qvami Məhəbbətoğlu
Pənah Abdurrahmanlı
Zaman.- 2009.- 14-15 iyul.- S. 10.