“18 yaşı tamam
olandan sonra uşaq evlərini tərk edən yeniyetmələrin taleyi ilə maraqlanan olmur”
Yəni uşaq
evlərindən kənarlaşdırılandan
sonra müstəqil həyata qədəm qoyan gənclərin çoxu ağır şəraitdə
yaşamağa məhkum olurlar
Rəsmi
məlumatlara görə, hazırda ölkəmizdə ümumilikdə 65 uşaq
müəssisəsi (internat, uşaq və körpələr evi) fəaliyyət
göstərir. Həmin müəssisələrdə valideyn himayəsindən
məhrum olan 21 min uşaq tərbiyə alır. Kimsəsiz uşaqlarla
bağlı indi Azərbaycanda ən böyük problem 18 yaşdan sonra onların bu
müəssisələrdən məcburən uzaqlaşdırılması və
sonrakı taleləri ilə maraqlananların olmamasıdır. Yəni həmin
yaş dövründən sonra müstəqil həyata qədəm qoyan gənclərin
çoxu ağır şəraitdə yaşamağa məcbur olurlar. Çünki yaşamaq üçün
üz tutmağa evləri, döyməyə qapıları, dolanışıqlarını təmin
etmələri üçün iş yerləri yoxdur. Yeri gəlmişkən, Azərbaycanda
valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı məsələlər
Ailə Məcəlləsinə əsasən tənzimlənir.
Həmin məcəllədə 18 yaşı tamam olmuş yeniyetmələrin
təminatı ilə bağlı xüsusi bir maddə var. Məcəllədə
qeyd olunur ki, 18 yaşından sonra həmin yeniyetmələrin problemlərinin
həlli ilə yerli icra hakimiyyətləri məşğul olmalı,
onları işlə və evlə təmin etməlidirlər. Təəssüf
ki, indi Azərbaycanda bu məsələ, sözün həqiqi mənasında,
əsl problemə çevrilib. Yəni məcəllənin müvafiq
maddəsində göstərilən bu öhdəlik yerli icra hakimiyyətləri
tərəfindən yerinə yetirilmir. Təmiz Dünya İctimai
Birliyinin rəhbəri Mehriban Zeynalova bizimlə söhbətində
bildirdi ki, bu sahədə, demək olar ki, heç bir iş görülmür: “Bu
problemlə bağlı rəhbəri olduğum birliyə mütəmadi
müraciətlər daxil olur”. Mehriban xanımın sözlərinə görə,
sovet dövründə 18 yaşdan sonra internat evlərini tərk edən
kimsəsiz uşaqların həm təhsillərini davam etdirmələri,
həm də mənzil və işlə təmin olunmaları üçün şərait
yaradılırdı: “Amma indi bu problemi həll edilən yeniyetmələrin
sayı, demək olar ki, yox səviyyəsindədir. Məhz buna
görə onların ailə qurmaq, gələcək müqəddəratlarını
həll etmək şansları yoxdur”.
Mehriban
Zeynalova bildirdi ki, indi internat evlərində uşaqların taleyi həmin
müəssisələrin rəhbərlərinin insafından asılıdır:
“Belə ki, cəmiyyətdə onlar üçün lazımi şərait
yaradılmadığına görə, internatların rəhbərləri 18 yaşı
tamam olandan sonra da həmin yeniyetmələri internat evlərində
saxlamağa məcbur olurlar. Halbuki bu, qanunla qadağan olunub və onlar
uşaqların sonrakı taleyinə cavabdeh deyillər”.
Uşaq
evlərindən uzaqlaşan qızların taleyinin daha narahatedici olduğunu
vurğulayan Mehriban Zeynalova onların iş tapa bilmədikləri üçün təhlükəli
yollara düşdüklərini xüsusi qeyd etdi: “Həm oğlanlar, həm də
qızlar iş tapa bilmir və cinayətkar qruplar onları öz dairələrinə
cəlb edirlər. Məsələn, onlar narkotik alverçilərinin
toruna düşə, silah alverinə qoşula, dilənçiliyə, oğurluğa,
fahişəliyə cəlb edilə bilərlər. Qızların qadın
alverçilərinin qurbanına çevrilmək qorxusu isə daha böyükdür”.
Mehriban
xanım daha sonra dedi ki, problemi həll etmək məqsədilə
internat evlərini tərk edənlər üçün xüsusi yataqxanalar
tikilə bilər. Oğlanlara gəlincə, həmsöhbətim
bununla bağlı Müdafiə Nazirliyinə müraciət etdiklərini qeyd
etdi: “Oğlanların problemlərinə dəstək olmaq məqsədilə
Müdafiə Nazirliyinə müraciət etdik və təklif etdik ki,
onların ali hərbi məktəblərə daxil olmaları üçün güzəşt
tətbiq edilsin. Biz hesab edirik ki, onlar ali hərbi məktəblərə
daxil olsalar, həm gələcəkdə problemlərinin həlli
üçün şərait yaranar, həm də dövlətimiz üçün hərbi
kadrlar hazırlanar. Ancaq müraciətimizin üstündən xeyli vaxt ötməsinə
baxmayaraq, Müdafiə Nazirliyindən heç bir rəsmi cavab və
yaxud dəstək ala bilməmişik”. Müsahibimizin fikrincə,
müvafiq qurumlar bu problemə biganə yanaşdıqca onun həlli daha
da çətinləşəcək və vəziyyət daha acınacaqlı
olacaq. Məsələ ilə bağlı suallarımıza cavab almaq üçün Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə
müraciət etsək də nəticəsi olmadı.
Bakı
Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən isə
bu məsələnin hər zaman sözügedən qurumun gündəmində
saxlanıldığını bildirdilər. Qurumun mətbuat xidmətinin adının çəkilməsini
istəməyən əməkdaşının sözlərinə görə,
18 yaşı tamam olandan sonra uşaq evlərini tərk edən yeniyetmələr
hərbi xidməti başa vurub qayıtdıqdan sonra zavod və fabriklərdə,
şirkətlərdə 6 ay təcrübə keçir, daha sonra isə
işlə təmin olunurlar. Ancaq mətbuat xidmətinin əməkdaşı
indiyədək neçə nəfər yeniyetmənin işlə təmin
olunduğu və yaxud onların neçəsinin yaşayış yeri ilə təmin
edildiyi barədə hər hansı açıqlama verə bilməyəcəyini
dedi: “Təəssüf ki, sizə indiyədək neçə nəfərin
işlə və yaxud mənzillə təmin olunması barədə
dəqiq məlumat verə bilməyəcəyəm. Çünki bizdə belə bir statistika yoxdur”.
Nicat İntiqam
Zaman.- 2009.- 16-17 iyul.- S. 6.