Əsərlərim Lənkəranın təbliğinə xidmət edir

 

Rəssamlıq, keramika ilə məşğul olan Tərlan Sadiqovun sərgidə nümayiş etdirilən kiçikölçülü əsərlərinin ana xəttini Lənkəranın təbiəti, tarixi məkanları təşkil edir

 

Bu yaxınlarda I Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində Lənkəranda dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi keçirilib. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının foyesində təşkil olunan sərgidə Cənub bölgəsinin 12 rayonu üzrə 500-ə yaxın əl işlərindən ibarət sənət nümunələri nümayiş etdirilib. Sərgidə Lənkəran Uşaq Rəssamlıq Məktəbinin müəllimi  Tərlan Sadiqovun da əl işləri sənətsevərlərin marağına səbəb olub. Elə buna görə bu ilin dekabrında I Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalının Bakıda keçiriləcək yekun sərgisində onun keramikadan hazırladığı 4 əsərinin nümayişi nəzərdə tutulub.

Rəssamlıq, keramika ilə məşğul olan Tərlan Sadiqovun sərgidə nümayiş etdirilən kiçikölçülü əsərlərinin ana xəttini Lənkəranın təbiəti, bu qədim yurdun tarixi məkanları, görməli yerləri təşkil edir. Dediyinə görə, hərdən belə əsərləri suvenir kimi dost-tanışa, xüsusilə, xaricilərə bağışlayanda, ya da satanda mənəvi rahatlıq tapır. Bu da səbəbsiz deyil: “Bir sənət adamı kimi bu formada Azərbaycanı, onun bir guşəsi olan Lənkəranı təbliğ etməklə üzərimə düşən vəzifəni yerinə yetirirəm. Lənkəranın tarixi-mədəni abidələrini, onun özünəməxsus atributlarını elə sənət əsərləri ilə çatdıranda xüsusi bir zövq alıram. Mənim əsərlərim Lənkəranın təbliğinə xidmət edir”. Belə suvenirləri silsilə şəklində istehsal etmək fikrində olduğunu bildirən həmsöhbətimiz buna imkanı olmadığını qeyd etdi. Dediyinə görə, ev şəraitində işləməklə bu ehtiyacı ödəmək, bəzi sifarişləri gerçəkləşdirmək mümkün deyil: “Hazırda emalatxanam yoxdur. İnşallah, yaxın illərdə bu istəyimin reallaşmasına nail olacağam”. Rayonda sadəcə dulusçuların olduğunu vurğulayan Tərlan müəllim bu sahə üzrə peşəkarların olmadığını bildirdi: “Hətta peç olmadığına görə hazırda çalışdığım tədris müəssisəsində keramikanın sirlərini şagirdlərə aşılaya bilmirik”. “Bu, unikal bir sənətdirsözləri ilə söhbətini davam etdirən Tərlan müəllim dedi ki, dulusçular bir qayda olaraq, məişət əşyaları hazırlayırlar. Lakin o, keramika ilə daha incə sənət əsərləri ərsəyə gətirir: “Burada rəssamın təxəyyülü əsas rol oynayır”. Qeyd edək ki, Tərlan müəllim dulusçular tərəfindən hazırlanmış məişət əşyalarına da suvenir ömrü yaşatmaq niyyətindədir. Dediyinə görə, artıq həmin əşyaların bəzilərinin eskizlərini hazırlamaqla bu istiqamətdə müəyyən addımlar da atıb.

 

 

Zaman.- 2009.- 23-24 iyul.- S. 7.