“Bir pəncərə” sistemi miqrasiya sahəsində
yeni mərhələdir”
Vətəndaşların çoxsaylı müraciətlərini
nəzərə alıb, mövzu ilə bağlı suallarımızı Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimova
ünvanladıq
Hazırda Azərbaycanda
əsas müzakirə olunan mövzulardan biri də miqrasiya proseslərinin
idarə olunmasında “bir pəncərə” sisteminə keçilməsi,
qanunvericiliyə, vizaların verilməsi qaydalarına dəyişikliklər
edilməsidir. Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə
alıb, mövzu ilə bağlı suallarımızı Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimova ünvanladıq.
- Arzu müəllim,
iyulun 1-dən respublikamızda miqrasiya proseslərinin idarə
olunmasında “bir pəncərə” sisteminə keçilib. Bununla əcnəbilərin
yalnız Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etməklə
viza problemlərini həll edəcəkləri bildirilir. Bu barədə
məlumat verməyinizi xahiş edirik.
- Azərbaycan ərazisinə daxil olan hər bir əcnəbi
xarici ölkələrdə fəaliyyət göstərən səfirlik
və diplomatik korpuslara müraciət edərək, müəyyən
olunmuş qaydada viza almalıdır. Ölkəmizə daxil olan əcnəbi
və vətəndaşlığı olmayan şəxslər burada qanuni əsaslarla
yaşamaları və əmək fəaliyyəti ilə məşğul
olmaları üçün müvafiq icazələrin alınması, həmçinin yaşayış yeri
üzrə qeydiyyata alınmaları məqsədi ilə DMX-yə müraciət
etməlidirlər. Miqrasiya proseslərinin idarə olunmasında
“bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin
həyata keçirilməsi DMX-yə həvalə edilib. DMX əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti
və daimi yaşamaq üçün icazələrin verilməsi məqsədi
ilə sənədlərin qəbulu, əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində
haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul
olmaq üçün fərdi icazələrin verilməsi məqsədi ilə
sənədlərin qəbulu edir və onları öz rəyi ilə
birgə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə göndərilməsi ilə məşğul olur. Bundan əlavə rəhbəri olduğum qurum əcnəbilərə
və vətəndaşlıığı olmayan şəxslərə Azərbaycan
ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin
verilməsi, Azərbaycan ərazisində
müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə müvafiq vəsiqələrin
verilməsini təşkil edir. DMX həmçinin respublikamıza gələn
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
burada müvəqqəti olmaq müddətinin uzadılmasını həyata
keçirir. Həmçinin DMX-nin vahid miqrasiya məlumat sistemi ilə Azərbaycanda
yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin uçotu aparılır. Qeyd edim ki, əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində
müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə
bağlı vəsatətlərə DMX tərəfindən 20 iş günü
müddətində baxılır.
”Bir pəncərə” prinsipinin tətbiq edildiyi gündən
Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə
almış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər
şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər
(pasportlar və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) və DMX tərəfindən
verilmiş müvafiq vəsiqələr əsasında respublikadan gedə
və qayıda bilirlər.
- Bəs miqrasiya
haqqında qanunvericiliyə, vizaların verilməsi qaydalarına son vaxtlar
hansı dəyişikliklər edilib?
- Azərbaycana
viza əsasında gələn əcnəbilərin ölkədə
olmaq müddəti vizadakı qalmaq müddəti ilə müəyyən
edilir. Bu müddət bitənədək əcnəbilər
ya bu müddətin uzadılması məsələlərini həll etməli,
ya da ölkə ərazisini tərk etməlidirlər. 1 iyul 2009-cu
ildən miqrasiya proseslərinin idarə olunmasında tətbiq edilən
“bir pəncərə” prinsipinin tələblərinə
əsasən, əcnəbilərin ölkədə viza müddəti
deyil, buna əsas olduqda DMX tərəfindən ölkədə
qalmaq müddətləri uzadılacaq.
- Qaydalar bütün əcnəbi
vətəndaşlar üçün eynidirmi? Yoxsa fəaliyyət sahəsindən
asılı olaraq onlara güzəştlər edilə bilər?
- Qaydalar bütün əcnəbi
və ya vətəndaşlığı olmayan şəxslər üçün eynidir. Lakin xarici ölkələrin Azərbaycanda fəaliyyət
göstərən diplomatik nümayəndəlik və konsulluqlarının,
habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin
əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil
olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycana
diplomatik missiya ilə və ya ölkəmizin tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər
istisna təşkil edir. Belə ki, sadalanan şəxslərin
qeydiyyatı Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən
aparılır.
- Gürcüstan azərbaycanlıları
üçün qanunvericilikdə hansısa güzəştlər nəzərdə
tutulurmu?
- Gürcüstan vətəndaşları
(azərbaycanlılar) üçün qanunvericilikdə heç bir güzəşt nəzərdə
tutulmayıb.
- Ölkəmizdə
daimi yaşamaq istəyən və yaxud Azərbaycan vətəndaşlığına
qəbul üzrə əlavə meyarlar müəyyənləşdirilib,
həmçinin miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət
artırılıb. Bu barədə məlumat verməyinizi xahiş edirik.
- Ölkə ərazisində daimi yaşamaq və ya Azərbaycan vətəndaşlığına
qəbul Azərbaycanın qanunvericiliyi ilə tənzimlənir. 24
iyun 2008-ci il tarixdə bir çox qanunvericilik aktlarına əlavə və
dəyişikliklər edilib ki, onlardan biri də “Əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Qanundur. Bu qanunun 5-ci maddəsinin
yeddinci hissəsinə əsasən əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs ölkə ərazisində qanuni əsaslarla azı 2 il
müvəqqəti yaşadıqdan sonra “İmmiqrasiya haqqında” Azərbaycan
Respublikası Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən
ölkə ərazisində son beş il ərzində fasiləsiz
olaraq qanuni əsaslarla qanuni gəlir mənbəyi
olduqdan, habelə Azərbaycanın dövlət dilini bilmək haqqında
sənəd təqdim etdikdən sonra Azərbaycan vətəndaşlığına
qəbulla əlaqədar vəsatət verə bilər.
Yeri gəlmişkən, bir məsələni də ictimaiyyətin
nəzərinə çatdırmaq istəyirəm. “Əcnəbilərin
vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə
əsa-sən, əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər bir sıra hallarda qanunvericilikdə müəyyən edilmiş müddət nəzərə alınmadan Azərbaycan
vətəndaşlığına qəbul edilə bilərlər. Birincisi, şəxsin elm, texnika, mədəniyyət və
ya idman sahələrində yüksək nailiyyətləri
olduqda. İkincisi, şəxs Azərbaycan üçün xüsusi maraq kəsb etdikdə
və digər müstəsna hallarda. Əcnəbi və ya vətəndaşlığı
olmayan şəxslərə Azərbaycanda müvəqqəti yaşamaq
üçün icazə alınması ilə əlaqədar
bu şəxslərə - iqtisadiyyat, sənaye, müdafiə, mədəniyyət,
idman və digər sahələr üzrə yüksəksəviyyəli
mütəxəssislərə, bir sözlə, Azərbaycan üçün xüsusi
əhəmiyyət kəsb edən şəxslərə birillik
müvəqqəti yaşamaq üçün icazə verilir.
Miqrasiya qanunvericiliyini pozan əcnəbi və ya vətəndaşlığı
olmayan şəxslər DMX tərəfindən ölkədə olmaq
və ya ölkə ərazisindən tranzit keçid qaydalarının pozulmasına
görə (bu şəxslərə qarşı ölkə hüdudlarından kənara
çıxarılma da tətbiq edilə bilər), eləcə də
miqrasiya qanunvericiliyini pozan vəzifəli şəxslər
üçün cərimənin məbləği əhəmiyyətli dərəcədə
artırılıb. Bununla belə, əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi
vermiş və qanunvericiliklə müəyyən edilmiş qaydada onların
vaxtında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər
görməyən şəxslərə qarşı da cərimələr
bir neçə dəfə artırılıb.
- “Bir pəncərə”
prinsipi ilə ölkəmizdə yaşamaq və əmək fəaliyyəti
ilə məşğul olmaq istəyən əcnəbilər üçün
müvafiq icazələrin verilməsi proseduralarının sadələşdirildiyi
qeyd olunur. Sadələşdirmə dedikdə, nə nəzərdə
tutulur?
- Ölkəmizə
gələn əcnəbilər müvafiq icazələrin alınması
və qeydiyyat proseduralarının mürəkkəb olması səbəbindən
indiyə qədər müxtəlif orqanlara müraciət etmək məcburiyyətində
qalırdılar. Prezident İlham Əliyevin imzaladığı fərmanın
icrasına başlanılandan respublikamıza gələn əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində
qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə
məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların
yaşayış yeri üzrə qeydiyyata alınması proseduraları tam sadələşdirilib.
Yəni əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər
qeyd edilən məsələlərlə əlaqədar artıq
bir neçə dövlət orqanına deyil, yalnız bir ünvana - DMX-yə
müraciət edirlər.
- Sözügedən
prosesləri keçmək istəyən əcnəbilər üçün
dövlət rüsumu nə qədərdir?
- Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər
Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazələrinin
alınması ilə əlaqədar 6 (altı) manat, vətəndaşlıq məsələləri
(qəbul, bərpa və çıxma) ilə əlaqədar 110 (yüz on)
manat, ölkə ərazisində haqqı
ödənilən əmək fəaliyyəti ilə məşğul
olmaq üçün isə 1000 (min) manat məbləğində dövlət
rüsumu ödəməlidirlər.
- Problemlərlə
üzləşən əcnəbilər hara müraciət etməlidir?
-DMX-nin ötən
ilin noyabr ayından “www.migration.gov.az” rəsmi internet səhifəsi
fəaliyyətə başlayıb. O ki qaldı problemlə üzləşən
əcnəbilərə, onlar bizə xidmətin həm “e-mail”
ünvanları (“info@migration.gov.az” və
“statemigrationservice@bakinter.net”), həm də internet səhifəsində
aktiv olan “Sual-Cavab” bölməsi vasitəsilə müraciət edə
bilərlər. Bundan əlavə, əcnəbi və vətəndaşlığı
olmayan şəxslər DMX-nin (012) 561 87 54 saylı “qaynar xətti”nə
zəng vurmaqla onları maraqlandıran suallara cavab ala bilərlər.
- Dövlət
Miqrasiya Xidmətinə lazım olan bütün proseduralardan keçən əcnəbilərə
ölkəmizdə yaşamaq, yaxud giriş və ya çıxış izini verən
xüsusi kartlar təqdim edilir. Həmin kartların sərhəddə
çalışanlar tərəfindən tanınması üçün hər hansı maarifləndirmə
işləri aparılırmı?
- Bəli. Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə”
prinsipi tətbiq edildiyi gündən Azərbaycan Respublikasında müvəqqəti
və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini
təsdiq edən etibarlı sənədlər (pasport) və DMX tərəfindən
verilmiş müvafiq vəsiqələr (etibarlılıq müddəti başa
çatanadək) əsasında ölkəmizdən gedə və ölkəmizə
qayıda bilərlər.
Nicat İntiqam
Zaman.- 2009.- 25-27 iyul.- S. 10.