“Məqsədimiz itirilmiş şöhrəti qaytarmaqdır”

 

Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri polkovnik Novruzəli Orucova müraciət etdik.

 

Sovetlər dönəmində ölkəmizdə Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti (OADKYC) fəaliyyət göstərirdi. Bu cəmiyyətin əsas məqsədi ölkənin müdafiə qabiliyyətini yüksəltmək, gənclərə hərbi vətənpərvərlik hissləri aşılamaqdan ibarət idi. 1992-ci ildən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti adı ilə fəaliyyətini davam etdirən və bu gün (iyulun 28-də) 85 illiyini qeyd edəcək həmin qurum üzərinə düşən missiyanı necə yerinə yetirir? Bu və ya digər suallarla Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri polkovnik Novruzəli Orucova müraciət etdik. Həmsöhbətimiz bizimlə söhbətə rəhbərlik etdiyi qurumun keçmişinə səyahətlə başladı.

Polkovnik Novruzəli Orucov 1962-ci ildə Ucarda anadan olub. 1987-ci ildə Xarkov Ali Hərbi Akademiyasını bitirib. Bir müddət Macarıstanda xidmət edib. Daha sonra hərbçi kimi Macarıstan, Əfqanıstan, Almaniya, Belarus, Gürcüstanda olub. 1991-ci ildə Vətənə qayıdıb və Salyan, Kürdəmir, Cəlilabad hərbi komissarlıqlarında çalışıb. 1993-cü ildə cəbhə bölgəsində olub. 2007-ci ilin fevral ayından Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının (KHVTİCRŞ) sədri seçilib.

 -Bəri başdan deyim ki, bu qurum sovet dönəmində sayılıb-seçilən cəmiyyətlərdən biri olub. Hətta bu cəmiyyətə rəhbərlik edən şəxslər o zaman ölkə miqyasında keçirilən bütün tədbirlərə dəvət edilirdilər. Məlumat üçün bildirim ki, bu cəmiyyətin - o vaxt OADKYC adlanırdı - qurultayında Heydər Əliyev də iştirak edib. Quruma belə diqqət də səbəbsiz olmayıb. Çünki o, gənclərin hərbi vətənpərvərlik ruhunda yetişməsində ölkə miqyasında önəmli rol oynayırdı. Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra bu qurum da digər sahələr kimi gözdən-könüldən iraq düşdü. Nəticədə, onun maddi-texniki bazası, demək olar ki, dağıdıldı. Quruma rəhbərlik edən şəxslər onun fəaliyyətində bir dönüş yarada bilmədilər. Nəticədə, 1992-ci ildən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) adlandırılan bu qurum 2007-ci ilə qədər, sözün həqiqi mənasında, durğunluq dövrünü yaşamağa vadar oldu. Bu da onun həm əhali arasında, həm də dövlət səviyyəsində nüfuzunun düşməsi ilə nəticələndi

 

“Tirlərdən pomidor-xiyar budkaları kimi istifadə olunurdu”

 

- Artıq iki ildir ki, bu cəmiyyət sizin rəhbərliyiniz altında fəaliyyət göstərir və o, öz əməli işləri ilə yenidən diqqət mərkəzinə düşüb. Yeri gəlmişkən, son iki ildir ki, müxtəlif informasiya vasitələrində KHVTİC-nin adı yaxşı mənada daha tez-tez hallanır. Cəmiyyəti durğunluqdan çıxarmaq üçün ilk olaraq nədən başladınız?

- Atıcılıq tirlərindən. Onların əksəriyyətindən pomidor-xiyar budkaları kimi istifadə olunurdu. Çox cəhdlərdən sonra respublika üzrə onların sayını 36-ya çatdıra bilmişik. Halbuki iki il öncə onların sayı 17 idi.

- Sizə elə gəlmir ki, müharibə şəraitində olan bir ölkə üçün atıcılıq tirlərinin sayı kifayət qədər deyil?

- Təbii ki, azdır. Hesablamama görə, ölkə əhalisinin təxminən üçdə birinin məskunlaşdığı Bakıda ən azı 50 atıcılıq tiri olmalıdır. Bu gün isə paytaxtda 12, Gəncədə 7 atıcılıq tiri fəaliyyət göstərir. Halbuki sovet dönəmində ölkəmizdə onların sayı 120 olub. Belə tirlərin hazırda müharibə şəraitində yaşayan ölkəmizin hər bir rayonunda olması günün tələbidir. Odur ki, bu istiqamətdə işlərimizi davam etdiririk.

- Novruzəli müəllim, etiraf edək ki, onların bəziləri əhalinin gur olduğu yerlərdə yerləşmir.

- Sizin bu fikrinizlə qismən razıyam. Amma bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, nə qədər qəribə olsa da, indi əhalinin gur olduğu ərazilərdən yer almaq, o yerlərdə tir açmaq müşkül məsələdir.

- Səhv etmiriksə, durğunluq illərində cəmiyyətin itkiləri yalnız tirlərdən ibarət olmayıb. Elə götürək, Milli Parkdakı paraşüt qülləsini...

- Vaxtilə balansımızda olan Milli Parkdakı paraşüt qülləsi indi, sadəcə, eksponat kimi saxlanılır. Yeri gəlmişkən, indiki Şəhriyar adına parkın ərazisində də bizim belə bir paraşüt qülləmiz olub. Ötən il oranı bərpa etmək məqsədi ilə layihə-smeta sənədləri hazırlayıb müəyyən qurumlarla danışıqlar apardıq. Təəssüf ki, bu cəhdimiz baş tutmadı. Bütün bunlara rəğmən, son iki ildə müəyyən işlərə imza atmağa nail olmuşuq. Belə ki, Sumqayıt, Şirvan, Xaçmaz, Zaqatala və Mingəçevirdə yeni avtodromlar tikdik. KHVTİC-nin bütün avtomobil məktəblərinin, rayon şuralarının və rayon texniki idman klublarının binalarında əsaslı təmir aparıldı, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi məqsədi ilə tədbirlər həyata keçirildi. Hazırda paraşüt idmanının inkişafına diqqətin artdığını nəzərə alaraq, bu idman növü ilə məşğul olmaq istəyənlər üçün 15-ə yaxın müasir paraşüt əldə etdik. İdmançı-paraşütçülərin hazırlanması məqsədi ilə yeni sinif təşkil etdik. Respublikamızın əksər orta məktəblərini, kollec və ali təhsil ocaqlarını əhatə edən “Mahir nişançı” atıcılıq yarışları isə gənclərin ruh yüksəkliyinə səbəb oldu. Müstəqillik tariximizdə bu il Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə ilk dəfə Bakı səmasına aerostat qaldırdıq. Yaxın gələcəkdə idmanın bu növü üzrə yarışların keçirilməsi də nəzərdə tutulub. Artıq bu günlərdə snayper kursları da təşkil olunacaq. Bu niyyətlə biz artıq pnevmatik SVD-7 silahı da almışıq.

- Bəs beynəlxalq yarışlar təşkil etmirsiniz?

- Biz artıq beynəlxalq yarışlara da start vermişik. Belə ki, təşəbbüsümüzlə Müstəqil Dövlətlər Birliyi idmançı-paraşütçülərinin Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş beynəlxalq turniri ölkəmizin idmansevərlərinin böyük marağına səbəb oldu. Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və ölkəmizdə olan 50-yə yaxın idmançı-paraşütçü 1500 metr hündürlükdən dörd gün ərzində hədəfə dəqiq tullanmaq uğrunda gərgin mübarizə apardılar. İdmanın bu növü üzrə daha təcrübəli olan Belarus komandası birinci, Rusiya isə ikinci oldu. Bu cür mötəbər yarışlara ilk dəfə qatılan Azərbaycan komandası isə üçüncü yerə layiq görüldü. Komandamızın mükafatçılar sırasına çıxması, təbii ki, idmançı-paraşütçülərimizin ardıcıl və gərgin məşqlərinin real nəticəsi idi.

 

“Təlim təyyarələrində quşlar yuva qurmuşdular”

 

- Yəqin ki, yaddaqalan işləriniz sırasında Balakən Aviasiya Mərkəzinin xüsusi çəkisi var.

- Biz iyirmi ildən çox müddətdə istifadəsiz qalmış həmin mərkəzi öz daxili imkanlarımız hesabına bərpa edərək, Heydər Əliyevin anadan olmasının 84-cü ildönümündə istifadəyə verdik. İnandırım sizi, həmin gün mənim həyatımın ən unudulmaz günü kimi xatirəmə həkk olunub. Yeri gəlmişkən, onu da qeyd edim ki, o mərkəz elə bərbad vəziyyətə salınmışdı ki... Hətta mərkəzin paraşüt otağında qoyun saxlanılırdı. Yəni oradan tövlə kimi istifadə olunurdu. Təlim uçuş təyyarələrində isə quşlar yuva qurmuşdular... Nə gizlədim, hələlik, iki AN-2 və bir YAK-52 təyyarəmiz uçuş vəziyyətindədir. İyirmidən artıq təlim təyyarəmizin isə təmirə ehtiyacı var.

Hazırda bu istiqamətdə də əməli işlər görülür.

- Onların bərpasında yerli mütəxəssislər iştirak ediblər, yoxsa?...

- Təlim təyyarələri Gürcüstan və Rusiyadan olan təcrübəli mütəxəssislər tərəfindən yenidən bərpa edilib. Elə zəruri avadanlıqlar və ehtiyat hissələri də bu ölkələrin aviasiya müəssisələrindən gətirilib. Unutmayın ki, bu və ya digər təyyarə elə bir nəqliyyat vasitəsidir ki, o, həftədə minimum iki dəfə havaya qalxmalıdır. Əks halda, o, işlək vəziyyətdə ola bilməz.

- Daha hansı gözdən-könüldən uzaq düşmüş, unudulmuş mərkəzi dirçəltmək niyyətindəsiniz?

- Güzdək Aviasiya Mərkəzi də yenidən qurulacaq. Məlumat üçün bildirim ki, 64 hektar ərazini əhatə edən bu mərkəz uzun illər sovet hərbi hissəsinin nəzarətində olub, dislokasiya zamanı isə tamamilə bərbad hala salınıb. İndi ora baxanda, sözün həqiqi mənasında, adamın ürəyi ağrıyır. Mərkəzin inzibati korpusları, xidmət sahələri, uçuş-enmə zolaqları, kommunikasiya qurğuları yerlə yeksan olub. Cəmiyyətimizin balansında olan Aviasiya Mərkəzinə yeni həyat vermək, onu tamamilə bərpa edib, müasir texniki idman qurğuları ilə təchiz etmək məqsədi ilə ölkə başçısı İlham Əliyevə məktubla müraciət etdik. Prezidentimiz bu təklifimizə müsbət yanaşdı. Elə bu faktın özü sübut edir ki, cəmiyyətimiz ölkə başçısının diqqət mərkəzindədir. Artıq əməkdaşlarımız bu mərkəzin layihə-smeta sənədləri üzərində işlərini tamamlayıblar. Əsaslı təmirdən sonra mərkəzdə texniki idmanın müxtəlif növləri - motokartinq, motobol, avtokross, paraşüt, aerostat üzrə respublika və beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi mümkün olacaq. Gələcəkdə cəmiyyətimizin həvəskar təyyarəçiləri və gənc idmançı-paraşütçülər də təlim məşqlərini bu mərkəzdə davam etdirəcəklər. Bir sözlə, bərpa olunacaq mərkəzi cəmiyyətimizin əsas bazası kimi formalaşdırmaq niyyətindəyik. Oranı dirçəltmək bizim gələcək nəsil üçün mütləq lazımdır.

 

“Onları avtoxuliqan adlandırmaq düzgün deyil”

 

- Novruzəli müəllim, siz avtokrosun da orada fəaliyyət göstərəcəyini qeyd etdiniz. Bu isə avtoşlar üçün əsl sürpriz olacaq...

- Əvvəla, onu deyim ki, onları avtoş, yaxud avtoxuliqan adlandırmaq, zənnimcə, doğru deyil. Onlar, sözün həqiqi mənasında, texnikaya həvəsli gənclərdir. Onların indi bu və ya digər formada özlərini göstərən vaxtlarıdır. Odur ki, onlara irad tutulmasının əleyhinəyəm. Unutmayaq ki, onlar gələcəyin Şumaxerləridir. Onları bu şəkildə sındırmaq doğru deyil. Bu mənada belə gənclər həmin mərkəzin açılış gününü səbirsizliklə gözləyirlər.

- Sizin hesablamalara görə, həmin gün çox uzaqdadır?

- Zənnimcə, iki ilə həmin mərkəzi işlək vəziyyətə gətirə biləcəyik.

- Novruzəli müəllim, bəlkə də, verəcəyim növbəti sual yerinə düşmür. Amma məni maraqlandırdığına görə bir sualla da sizə müraciət etmək istəyirəm. Ümumiyyətlə, bu cəmiyyət ölkəmizdə hazırda inkişaf etməkdə olan turizm sektoruna da öz töhfəsini verə biləcəkmi?

- Maraqlı bir məsələyə toxundunuz. Güzdək Aviasiya Mərkəzinin yenidən bərpasında bu məsələ də gündəmdədir. Bilirsinizmi, bizim təyyarələr saatda 15 litr benzin sərf etməklə 250-360 kilometr yol qət edə bilirlər. Özü də bu təyyarələr 250-300 metr yüksəlikdən uçurlar. Zənnimcə, deyək ki, turist buradan, məsələn, Balakənə belə təyyarələrlə uçmaqla həm vaxta qənaət etmək, həm də ölkəmizi səmadan daha aydın seyr etmək imkanına malik olacaq.

 

“Kərim Kərimov da ilk addımlarını bu cəmiyyətdə atıb”

 

- Bütün bunlara rəğmən, etiraf edək ki, bu gün ölkədə hərbi vətənpərvərlik təbliğatı zəifdir.

- Doğrudan da, bu gün bütün informasiya vasitələrində, eləcə də bu və ya digər yerlərdə elə şeylər reklam olunur ki, adam qalır mat-məəttəl. Halbuki bu gün torpaqlarımızın iyirmi faizi erməni işğalındadır. Di gəl, bu işğaldan qurtuluşa səsləyən elə bir reklama rast gəlmək mümkün deyil. Nə isə, həmin torpaqları nəyin bahasına olursa-olsun, biz azad etməliyik. Buna görə olum-ölüm döyüşünə də səylə hazırlaşmalıyıq. Bu hazırlığın əlifbası isə bizim cəmiyyətdə öyrədilir.

- Novruzəli müəllim, indiyədək gördüyünüz işlər sizi qane edirmi?

- Hələ cəmiyyətin fəaliyyətini arzuladığımız səviyyəyə çatdıra bilməmişik. Amma inanıram ki, yaxın illərdə onun itirilmiş şöhrətini qaytarmağa nail olacağıq. Hər halda, son iki ildə görülən işlər belə qənaətə gəlməyimizə əsas verir.

- Sizə elə gəlmir ki, vaxtilə bu cəmiyyətin gördüyü işləri indi müxtəlif qurum və təşkilatlar da yerinə yetirirlər. Bu məsələ sizi narahat etmir?

- Amma unutmayaq ki, bizim cəmiyyətdə digər qurumlardan fərqli olaraq, yaş məhdudiyyəti yoxdur. Necə deyərlər, ağlı kəsən hər bir şəxs bizim cəmiyyətin üzvü ola bilər. Bir də... məsələn, götürək sürücülüyü... Bir var, bu sənətin incəliklərinə hərbi hissədə yiyələnəsən, bir də var, bizim cəmiyyətdə... Bu kimi dərnəklərimizlə biz həm də gələcəkdə dövlətin üzərinə düşəcək xərcləri minimuma endirməyə çalışırıq. Və yaxud niyə bizim gənclər hələ uşaq yaşlarından təyyarə sürməyi, yaxud müxtəlif nəqliyyat növləri üzrə konstruktor kimi çalışmağı bacarmasınlar? Unutmayın ki, sovet kosmos tarixinə adı qızıl hərflərlə həkk olunmuş Sosialist Əməyi Qəhrəmanı, general-leytenant Kərim Kərimov da  ilk addımlarını bu cəmiyyətdə atıb. 

 

 

Qvami Məhəbbətoğlu

 

Zaman.- 2009.- 28-29 iyul.- S. 12.