Pəri cadumuz Kazandadır

 

Teatr festivalda Əbdürrəhimbəy HaqverdiyevinPəri cadu əsəri əsasında Nicat Kazımovun hazırladığı eyniadlı tamaşanı təqdim edəcək

 

Dünən Tatarıstanın paytaxtı Kazanda - Q. Kamal adına Tatar Akademik Dram Teatında Türkdilli Xalqların IX Beynəlxalq Teatr Festivalına start verildi. “Nauruz” adlı festivalda ölkəmizi Gənc Tamaşaçılar Teatrı təmsil edir. Teatr festivalda Əbdürrəhimbəy Haqverdiyevin “Pəri cadu” əsəri əsasında Nicat Kazımovun hazırladığı eyniadlı tamaşanı təqdim edəcək. Teatrın ədəbi hissə müdiri Rafiq Rəhimlinin sözlərinə görə, Gənc Tamaşaçılar Teatrı bu festivala 30 nəfərdən ibarət heyətlə qatılıb. Heyətə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov rəhbərlik edir. Tamaşada əsas rolları əməkdar artist Naibə Allahverdiyeva, artistlrdən - Kəmalə Hüseynova, Elşən Rüstəmov, Mehriban Allahverdiyeva, Rasim Cəfərov və başqaları ifa edirlər. Qeyd edək ki, mistika və simvolizənin sintezində səhnə təcəssümünü tapan tamaşa Xeyrin Şər qüvvələr üzərində əbədi qələbəsini bir daha təsdiq edir. Dinamik gerçəklikdə həllini tapan tamaşada tryuklar, mürəkkəb fiziki elementlər, musiqi, bir sözlə, bədii ifadə vasitələri sistemi onun rahat qavranılmasına kömək edir. Tamaşanın quruluşçu rəssamı Lətifə Quluzadə, musiqi tərtibatçısı İradə Muradovadır. Tryukların quruluşu İsa Əsədova, sinxron tərcümə isə Səriyyə İsmayılovaya məxsusdur. Rafiq müəllimin sözlərinə görə, bu, “Pəri cadu”nun beynəlxalq festivalda ilk iştirakıdır. Bu tamaşa 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına layiq görülüb.

Qeyd edək ki, festivalda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Başqırdıstanın teatr kollektivləri də iştirak edirlər. İyunun 6-dək davam edəcək festivalda 22 tamaşa nümayiş olunacaq. Festival çərçivəsində milli teatrların problemlərinə həsr olunmuş dəyirmi masa və master-klasslar da keçiriləcək. Rusiya və Tatarıstanın mədəniyyət nazirliklərinin, teatr xadimləri ittifaqlarının, TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən festivalın münsiflər heyətində MDB ölkələrinin və digər xarici ölkələrin mədəniyyət, incəsənət xadimləri, eləcə də tanınmış teatr tənqidçiləri təmsil olunublar. Münsiflər heyətinə Rusiya Teatr İncəsənət Akademiyasının professoru Anna Stepanova rəhbərlik edir. Festivalın fəxri qonaqları arasında TÜRKSOY-un baş direktoru Dyusen Kaseinov, ispan rejissoru Alexandro Puce, “Teatr həyatı” jurnalının baş redaktoru Oleq Pivovarov və başqaları da var.

 

Gülər Tapdıq

 

Zaman.-2009.-4-5 iyun.-S.8.