“Türkiyəni bölgənin ən güclü ölkəsi edən demokratiya bizi AB-nin üzvü də edəcək”

 

Siyasətdə baş verən çalxalanmalar, “Ergenekon” adlandırılan həbs dalğaları, eləcə də konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələr bu çərçivədə qiymətləndirilir

- Baş nazir gənclərin önünü açmaq üçün bir müddət sonra siyasətdən gedəcəyini açıqladı. Bu fikirlə razısınız?

- Əslində sistem özünü yeniləyir. Müvəffəq olmayan bir insan sistemə müqavimət göstərə bilməz. Müvəffəq olduğunuz halda sistemi tərk etsəniz, bu da yaxşı olmaz. Bizim kimi cəmiyyətlərdə siyasi prosesləri öz adları ilə idarə edənlər, bu proseslərə təkan verənlər siyasətdən çox uzaqlaşmamalıdırlar. Bunun iki səbəbi var. Birincisi, onların təcrübələrindən faydalanmaq lazımdır. İkincisi, belə liderlər gənc nəsilləri rahatlıqla siyasətə gətirə bilirlər. Qısacası, gənclər də olmalıdır, təcrübəlilər də.

- Yəni Ərdoğan hələ siyasətdə qalmalıdır?

- Bir baş nazir “bir dönəm varam, ondan sonra yoxam” deməməlidir. Bunun üçün uyğun çərçivə olmalıdır. Qərb demokratiyalarına baxaq. Onlarda çoxlu yeni liderlər var, amma çox təcrübəliləri də fəaliyyət göstərirlər.

- Siyasətə yeni simalar lazım deyil?

- Əlbəttə ki, lazımdır. Ancaq bunu “yenilər köhnələrin yerinə gətirilməlidir” formasında etməməliyik. Gənclərə siyasət institutunu sevdirməliyik, onların siyasətə maraqlarını artırmalıyıq, siyasətə etibar qazandırmalıyıq. Bunu isə təcrübəli siyasətçilər bacara bilərlər. Siyasətdən uzaqlaşmağı qanunlaşdırmamalıyıq, bunu seçicilərin öhdəsinə buraxmalıyıq.

- Türk siyasətinə müdaxilələr var. İki dəfə parlament qapadıldı. Bunların nəticəsində siyasət nə itirdi?

- 27 may, 12 mart, 12 sentyabr, 28 fevral... Bu hadisələr nəticəsində yalnız parlament qapadılmadı, siyasi kadrları da siyasi fəaliyyətdən kənarlaşdırdılar. Digər tərəfdən, gənc nəsillərin siyasətə olan maraqlarını da söndürdülər. Bundan daha önəmlisi isə, Türkiyədə demokratik siyasi mədəniyyətin inkişafına ciddi şəkildə mane oldular.

- Qərbdəki siyasət mədəniyyəti niyə bizdə yoxdur?

- Necə olsun? Siyasətə müntəzəmlik qazandıra bilmədik.

- Hərbiçilər və bürokratlar “siyasətçilər çox pis idarə etdilər” iddiası ilə çıxış etdilər.

- Təbii ki, siyasətçilər pis idarə edə bilərlər. Demokratiyada pis idarəetmə və yanlışlıqlar var. Diktatorluqda yanlışlıq yoxdur. Diktatorun dediyi hər şey doğrudur. Siyasətdə səhv addımlar olub və olacaq da. Bu səbəbdən də siyasi partiyalar var. Səhvə yol verən gedəcək, onu “mən daha doğru və yaxşı olanı edəcəyəm” deyən əvəzləyəcək. Demokratiyanın var olmasının əsas səbəbi də budur.

- Siyasəti pisləyən çevriliş tərəfdarları hakimiyyətə gəlib nəyə nail oldular?

- 12 sentyabr ərəfəsində “siyasətçilər tavanı kirlətdilər, onları tullayaq, biz onları əvəz edək” dedilər. Sonra nə oldu? Təmizləyə bildilərmi? Ölkənin rifahını artıra bildilərmi? Hələ də 12 sentyabr konstitusiyasını müasir anayasa səviyyəsinə gətirmək üçün çalışırıq.

- Demokratiyadan başqa rifaha gedən yol yoxdur?

- Elə bir ölkə yoxdur ki, orada rifaha qeyri-demokratik yolla nail olunsun. Qeyri-demokratik ölkələrdə rifah və gəlir bir ovuc insanın əlində cəmlənib. Biz demokratik rifahı hədəfləyirik və o da ancaq demokratik şəraitdə olur. Demokratiyanın olmadığı yerdə iqtisadiyyat böyük ola bilər, ancaq gəlir bölgüsü müəyyən bir zümrənin monopoliyasında olur.

- Terror başda olmaqla bəzi problemlərin həllində demokratiyanın qarşıda dayanan ciddi maneə olduğunu iddia edənlər də var.

- Terrora qarşı mübarizədə mütləq qələbənin yeganə yolu demokratiyadır. Demokratiyasız terrora qalib gəlmək mümkün deyil. Qalib gəlmiş kimi görünə bilərsiniz, ancaq bir müddət sonra daha pis vəziyyətə düşdüyünüzü görərsiniz və yenidən başa qayıdarsınız. Müasir demokratiyalarda rifah, təhlükəsizlik və azadlıq biri-birinin alternativi deyil. “Demokratik şəraitdə terrora qarşı mübarizə aparmaq olmaz” demək doğru deyil.

- Türkiyə əsas problemlərini demokratik yollarla həll etmək iradəsini nə vaxt göstərəcək?

- Bu məsələdə önəmli addımlar atmışıq. Bunun əksini düşünən, çox şükür ki, yoxdur. Bir refleks şəklində demokratiyaya sahib çıxırıq. Demokratiyadan başqa seçimimizin olmadığı barədə 100 faizə yaxın konsensus içindəyik.

- Demokratik addımlar Türkiyəyə nə qazandırdı?

- Adambaşına düşən gəlir 2 min 500 dollardan 10 min dollara qalxdı. Dünyanın ən böyük iqtisadiyyatına malik 17-ci ölkəsi oldu. Sadəcə regionda deyil, ətraf bölgələrdə də sözü keçən, varlığına ehtiyac duyulan, hörmət edilən ölkə halına gəldi. Qafqazda və onun ətrafında bizimlə əməkdaşlıq sayəsində əldə edilən razılıqlar əsasında problemlər həll oluna bilir. Qafqazda inanılmaz dərəcədə Türkiyə sevgisi və təsiri var. Oralarda bizimlə birgə göstərilən fəaliyyət daimi sülhə xidmət edir. Dağılan Yuqoslaviyanın problemləri Türkiyənin iştirakı ilə həll edildi.

Türkiyəni önə çıxaran faktorlardan ən önəmlisi demokratiyadır. Soyuq savaş dövründə Türkiyə qanad ölkə statusunda idi. Savaş bitdi, Türkiyə körpü ölkə oldu. Şərq ilə qərb, şimal ilə cənub arasında körpü rolumuz davam edir. İndi isə diqqət mərkəzində olan ölkəyik. Türkiyə ətrafında baş verənlərdən təsirlənir və daha da önəmlisi, ətrafında baş verənlərə təsir edir. Bu, çox önəmlidir.

- Türkiyənin sirri nədir?

- Neftimizmi var? Qazımızmı var? Bitməz-tükənməz təbii qaynaqlarımızmı var? Bizi bölgənin ən güclü ölkəsi edən sirr demokratiyadır, yetişdirilmiş insan gücüdür. Bu güc bizi regionun mərkəz ölkəsi etməklə qalmayacaq, Türkiyəni Avropa Birliyinin üzvü də edəcək.

- Avropa Birliyi Türkiyəni niyə qəbul etməlidir?

- 45 il əvvəl Almaniya Berlin küçələrini təmizləmək üçün bizdən işçi tələb edirdi. İndi Avropa iqtisadiyyatın aparıcı qüvvəsi olan türkləri tələb edəcək: mühəndis, həkim, müəllim... Avropanın yaşlı əhalisinin Türkiyənin gənc əhalisinə ehtiyacı var. Qarşımıza 2023-cü il üçün hədəf qoymuşuq. Cümhuriyyətimizin 100-cü ilində dünyanın 10-cu ən böyük iqtisadiyyatına malik ölkəsi olacağıq.

- Türkiyədə əhali mülki bir konstitusiya gözləyir. Bu parlament niyə mülki konstitusiya hazırlaya bilmir?

- Bu məsələdə Türkiyənin əlinə tarixi bir fürsət keçib. Yeni bir anayasa qəbul etmək üçün cəmiyyətin böyük bir hissəsi razıdır. Əlbəttə ki, hər kəs anayasanın modelini fərqli görür, ancaq əsas olan odur ki, hamı yeni anayasa istəyir. Bu, işi asanlaşdırır, amma addım atmaqda yanlışlıqlarımız var.

- Necə bir addım atmalıyıq?

- 4 il əvvəl anayasanın dəyişdirilməsi əvəzinə onun yenidən yazılmasını təklif etmişdim. Çünki 1982-ci ildə qəbul olunmuş anayasanı nə qədər dəyişdirsək də, o yenə 1982-ci ilin anayasasıdır. Məqsədə xidmət edə bilməz və müasir Avropa anayasası səviyyəsində ola bilməz.

- Ancaq təklifinizi qəbul etmədilər.

- Tərəddüdlər var. “Dünyəvilik prinsipini pozmağa çalışır” dedilər. Ancaq bu tərəddüdləri ortadan qaldırmaq mümkündür.

- Niyə buna nail ola bilmirik?

- Biri-birimizə güvənmirik.

- Bundan sonrakı addımlarınız necə olacaq?

- Hər kəs istədiyi dəyişikliyi gətirib masanın üstünə qoysun. Bu təkliflər arasında üst-üstə düşənləri ortaya çıxaraq, düşməyənləri isə müzakirə edək. Hansısa məsələdə razılığa gələ bilmədiyimizi anlamaq üçün də müzakirələr aparmalıyıq.

- Məhkəmə hakimiyyətinin qanunverici hakimiyyətin səlahiyyətlərinə müdaxiləsini necə şərh edirsiniz?

- 367 hadisəsində məhkəmə hakimiyyəti qanunverici hakimiyyətin səlahiyyətlərinə ciddi şəkildə müdaxilə etdi. Həm biz sıxıntı çəkdik, həm də onlar. 367 məsələsinə ağlasığmaz bir şəkildə şərh verən Anayasa Məhkəməsi yeni bir konstitusiyanın qəbul edilməsini zəruri hala gətirdi. Hər kəs öz səlahiyyətindən anayasa çərçivəsində istifadə etməlidir.

- Türkiyə bu problemlərin öhdəsindən gələ biləcək?

- Demokratiya yaşandıqca inkişaf etdirilən və mədəniyyətə çevrilən bir prosesdir. Bu problemləri həll edəcəyimizə inanıram. Şübhəsiz ki, çatışmazlıqlarımız çoxdur. Məncə, demokratiya yolunda atdığımız addımlar, demokratiya mədəniyyətinin formalaşması, siyasi partiyaların aralarında qarşılıqlı etimad mühitinin meydana gəlməsi önümüzü aydınladacaq.

- Başqanı olduğunuz parlament 49 il əvvəl 27 may çevrilişi ilə qapadıldı. O günü necə qiymətləndirirsiniz?

- O çevriliş və ondan sonrakı Yassıada mühakiməsi bir hicrandır. Bəzi nazirlər və Baş nazir Menderesin edam olunmasından bir insan olaraq çox təsirləndim. Siyasətə gəlməyimin səbəbi də budur. “Demokratik Partiya”lı bir ailə idik, çox sıxıntılar çəkdik. Atam işsiz qalmışdı. Bunlar bir tərəfə. Məsələyə ölkəmin prizmasından baxdıqda, Yassıada mühakiməsinin ayıb bir şey olduğunu düşünürəm. Məni məyus edən əsas şey isə bu gün 27 may tarixini bayram kimi qeyd olunmasını istəyən insanların olmasıdır. Çox şükür ki, belə düşünənlərin sayı ölkənin taleyinə təsir edəcək səviyyədə deyil, ancaq yenə də belə düşünən bir insanın belə olmasını qəbul edə bilmirəm. Gənclərimizə demokratiyanı aşılamalıyıq.

 

 

İdris Gürsoy

 

Zaman.-2009.-6-8 iyun.-S.12.