Rafiq Hüseynli: “Qarabağdakı qələbəmizi
efirdən elan etmək arzusundayam”
Azərbaycan
Kinomatoqrafçılar İttifaqı İdarə Heyətinin
katibi, Milli Kinomatoqrafiya Mərkəzinin baş direktoru,
tanınmış diktor, professor Rafiq Hüseynli ilə
söhbətləşdik.
- Rafiq
müəllim, sizin fikirinizcə, diktor kimdir? Diktorları
jurnalist hesab etmək olarmı?
- Əvvəllər diktorlar ekrana çıxıb, ancaq ona verilən mətni tamaşaçılara çatdırırdı. Lakın sonradan bu peşəyə jurnalistlər cəlb edildi və bundan sonra diktorlar da xəbərlərin hazırlanmasında iştirak etməyə başladılar. O zaman mən də bunun tərəfdarı idim. Mən ozüm də diktor olmağıma baxmayaraq, müəllif verilişləri hazırlayırdım və müsahibələr alırdım. Aparıcının həm xəbər hazırlaması, həm də onu səsləndirməsi daha yaxşıdır. Diktor həm jurnalist olmalıdır, həm də digər aparıcılardan bir çox xüsusiyyətlərinə görə fərqlənməlidir.
- Bəzən deyirlər ki, diktoru digər aparıcılardan onun diksiyası fərqləndirir.
- Mən də bunun tərəfdarıyam. Təkcə diksiya deyil, həm də onların səsləri gözəl olmalıdır. Mən eyni zamanda zahiri görünüşü də əsas amillərdən biri hesab edirəm. Aparıcılar efirə elə çıxmalıdılar ki, tamaşacının onlara qarşı məhəbbəti olsun.
- Siz necə
fikirləşirsiniz, aparıcı öz mövqeyini
tamaşaçıya çatdırmalıdırmı?
- Bəzi verilişlər var ki, burada aparıcılar öz siyasi fikirlərini ifadə edə bilərlər. Amma elə verilişlər də var ki, orada aparıcı öz mövqeyini bildirməməlidir. Məsələn, xəbər proqramlarında. Burada aparıcının əsas vəzifəsi xəbəri tamaşaçılara olduğu kimi çatdırmaqdır. Xüsusilə xəbər verilişlərinə hər hansı bir qonaq dəvət edilibsə, aparıcı həmin şəxsin fikirinə müdaxilə etməməlidir. Amma bəzən bizdə buna əməl etməyən aparıcılar da olur.
- Bir
çox ölkələrdə xəbər
proqramlarının əksər aparıcıları
yaşlı nəslin nümayəndələridir. Bizdə isə efirə daha çox cavan diktorlar
çıxırlar.
- Aparıcı tamaşaçının gözləri qarşısında yaşa dolmalıdır. Birdən-birə yaşlı bir insanı gətirib aparıcı qoymaq da düzgün deyil. Vaxtı ilə bəzi televizya rəhbərləri bu məsələyə düzgün yanaşmadı və 10-15 il bundan əvvəl orta yaşlı insanlar bu işdən uzaqlaşdırıldı. Halbuki həmin insanlar öz işlərinə davam etsəydilər, bu gün onlar yaşlı nəsli təmsil edəcəkdilər. Bu insanlar tamaşaçılar tərəfindən daha yaxşı qarşılanacaqdılar.
- Siz
özünüz necə, yenidən aparıcı kimi efirə
qayıda bilərsinizmi?
- Mən özüm bu işdə maraqlı deyiləm. Çünki artıq 15 ildir ki, aparıcılıq etmirəm. İndi gənc nəsil məni tanımır. Uzun fasilədən sonra yenidən efirə çıxsam məni necə qarşılayacaqlar? Bu illər ərzində həm də zahiri görünüşüm dəyişib. Bu baxımdan fikirləşirəm ki, tamaşacı mənfi reaksiya verə bilər. Televizyada qalsaydım və gündəlik olaraq tamaşaçının gözü qarşısında olsaydım, o zaman aparıcı kimi efirə çıxa bilərdim. Amma bu gün həm də orta yaşlı aparıcılar televizya işinə cəlb edilir. Tamaşaçı müəyyən illərdən sonra yaşlı nəslin nümayəndələrindən də aparıcıları görə biləcək. Bizim televizya kanallarımız da yaş etibarilə gəncdir. Başqa ölkələrdə aparıcılar ona görə yaşlı nəslin nümayəndəsi olur ki, onlar 40-50 il ərzində həmin televizyada, tamaşaçının gözü qarşısında yaşlanıb.
- Son zamanlar
bəzi diktorlar xəbərləri səsləndirərkən
əl-qol hərəkətlərindən, mimika və jestlərdən
çox istifadə edirlər. Buna münasibətiniz
necədir?
- Əsas odur ki, hər şey efirdə səmimi olsun. Əgər aparıcının hərəkətləri təbiidirsə, tamaşaçı onu qəbul edəcək, yox əgər sünidirsə, tamaşaçı tərəfindən qəbul edilməyəcək. Aparıcı xəbərlərin məzmunundan asılı olaraq əl-qol hərəkəti edə bilər. Amma bu zaman səmimi olmalıdır. Aparıcı efirə çıxmazdan əvvəl xəbərlər haqqında məlumatı olmalıdır. Yenə deyirəm, əsas məsələ aparıcının səmimiyyətidir. Məsələn, bəzən aparıcı faciəvi bir xəbəri tamaşaçıya çatdırdığı zaman göz yaşı axıdır, özünü həddindən artıq qəmgin göstərir. Bu mənə bir az qeyri-səmimi görünür. Əlbəttə, xəbərin məzmununa görə aparıcı öz hisslərini büruzə verə bilər. Amma bu da öz həddində olmalıdır. Aparıcı öz hərəkətləri ilə tamaşaçıya çatdırmalıdır ki, o da bu xəbərdən kədərlənib. Əgər tamaşaçı kədərli bir xəbərdən əyləncəli bir xəbərə keçirsə, bunu qəfil etməməlidir, arada müəyyən bir fasilə olmalıdır. Bilirsinizmi, tamaşaçı hər şeyi aparıcının gözlərindən oxuyur. Tamaşaçını süni hərəkətlərlə aldatmaq olmaz. Tamaşaçı hansı hərəkətin süni, hansı hərəkətin təbii olduğunu ayırd edə bilir. Kimin efirdə aktyorluq etdiyini seçə bilir.
- Uzun illər
xəbərlər proqramının aparıcısı
olmusunuz. Canlı efir vasitəsilə
tamaşaçıların qarşısına
çıxmısınız. Həyəcanlandığınız
vaxtlar olubmu?
- Həyatımda iki dəfə olub ki, efirə çıxarkən çox sarsıntı keçirmişəm. Bir dəfə 20 yanvar faciəsindən sonra olub. Televizya partladıldıqdan sonra ilk dəfə idi ki, canlı efirə çıxırdım. Həmin vaxtı keçirdiyim hisslər həyəcandan çox sarsıntı idi. Mənə elə gəlirdi ki, efirə çıxsam ağzımı açıb bir kəlmə də danışa bilməyəcəyəm. O cür ağır bir faciədən sonra efirə çıxıb xalqa nə isə demək çox çətin idi. Verilişdən sonra tir-tir əsirdim. Bir də övladım vəfat edərkən çox sarsıntı keçirmişəm. Hətta efirə belə çıxmaq istəmirdim və televizyadan getmək istəyirdim. Rəhbərliyin təkidindən sonra efirə qayıtdım.
- Olubmu ki,
hansısa bir xəbəri efirdən demək istəmisiniz,
amma deyə bilməmisiniz?
- İşdən çıxandan sonra evdə oturub televizyaya baxırdım və öz-özümə deyirdim ki, Qarabağdakı qələbəmizi efirdən mən elan edəcəyəm. Həmişə fikirləşmişəm ki, məni çağırıb deyəcəklər ki, “artıq Qarabağ bizimdir və sən efirə çıxıb bu xəbəri səsləndirməlisən”. Qarabağdakı qələbəmizi efirdən elan etmək arzusundayam. Mən o anı təsəvvür edərkən belə, çox həyəcanlanıram. Bu gün də bu mənim ən böyük istəyimdir və belə bir şeyi mənə həvalə edərlərsə, böyük məmnuniyyətlə bunu edərəm.
- Xarici
ölkələrdə xəbərlər proqramlarının
aparıcıları mətbuat işçiləri arasında
ən varlı insanlar hesab edilir. Bəs ölkəmizdə necə?...
- Ölkəmizdə aparıcılıq o qədər də gəlirli peşə deyil. Sovet dövründə də bu belə idi. Xarici jurnallardan oxuyurduq ki, Amerikada aparıcılar çox zəngin həyat yaşayırlar. Amma mən o vaxt iki otaqlı evi çox çətinliklə aldım. Hələ də bu evdə yaşayıram. Buna baxmayaraq, bizdə dövlət bu peşə sahiblərinə, xüsusən də təcrübəli diktorlara böyük qayğı göstərir. Şəxsən mənə müxtəlif fəxri adlar verilib. Bəzi həmkarlarım hazırda prezident təqaüdünə layiq görülüblər.
-
Bugünkü aparıcılardan razısınızmı?
- Razı qaldıqlarım da var, narazı olduqlarım da. Ona görə razıyam ki, indi aparıcı olmaq istəyən, aparıcılıq peşəsini seçən gənclər bu işə həvəslidirlər. Yeni bir şeylər öyrənmək üçün can atırlar. Mən bunu AzTV-də işləməyə gələn gənclərdə müşahidə edirəm. Narazı olduğum məqam isə odur ki, bəzi aparıcılar Azərbaycan dilinin qol-qanadını sındırırlar. Bizim dildə axıcılıq var. Bəzi aparıcılar da o axıcılığı qırırlar. Bəzi aparıcılar isə əcnəbi dillərdən götürülən sözlərdən istifadə edirlər.
- Qalmaqal
yaratmaqla verilişlərini baxımlı etmək istəyənlər
də var. Təcrübəli bir aparıcı kimi buna sizin
münasibətiniz necədir?
-Bu məsələ hamımızın
ümumi problemidir. Əgər canlı efirdə
qalmaqal baş verirsə və aparıcı peşəkardısa
bu vəziyyətdən çıxmağı
bacarmalıdır. Yox əgər
aparıcının özü bu qalmaqala şərait
yaradırsa bu yolverilməzdir. Təəssüf
ki, bəzi verilişlərdə qalmaqal yaratmaqla
tamaşaçı cəlb etmək istəyirlər. Bəzən mənə deyirlər ki, bu verilişin
reytinqi yüksəkdir, tamaşaçı bu cür
verilişlərə baxmaq istəyir. Tamaşaçının
bu cür verilişərə baxmasının səbəbkarı
da həmin verilişin müəllifləridir. Onlar tamaşaçılara bu cür verilişlərə
baxmağı öyrədirlər. Bizdə
daha çox başqa ölkələrdə yayımlanan
proqramlara baxıb onlardan nümunə götürürlər.
Mən hesab edirəm ki, biz daha çox
özümüzə uyğun verilişlər
hazırlamalıyıq. Veriliş həm müasir, həm
də məzmunca milli olmalıdır.
Zaman.-2009.-9-10 iyun.-S.12.