Azad Rəhimov: “Ali məqsədimiz idmanı ölkədə və ölkəni idmanda lider etməkdir”

 

Gənclər və idman naziri Azad Rəhimov öz fikirlərini bizimlə bölüşdü

 

Son illər idmana dövlət qayğısının nəticəsi olaraq idmançılarımız beynəlxalq səviyyəli yarışlarda böyük nailiyyətlər qazanırlar. Təkcə XXIX Pekin Yay Olimpiya Oyunlarında əldə edilən nəticələrə nəzər salmaq kifayətdir ki, ölkəmizdə bu sahəyə göstərilən diqqətin hansı səviyyədə olduğunu deyə bilək. Ötən ilin idman nəticələri, respublikanın bütün regionlarını əhatə edəcək şəkildə inşa edilən Olimpiya kompleksləri, ayrı-ayrı federasiyaların maddi-texniki bazalarının gücləndirilməsi, idmançıların sosial təminatının yaxşılaşdırılması və digər məsələlərlə bağlı gənclər və idman naziri Azad Rəhimov öz fikirlərini bizimlə bölüşdü. Söhbət zamanı nazir həmçinin dövlətin həyata keçirdiyi gənclər siyasəti barədə də ətraflı məlumat verdi.

- Cənab nazir, ötən il ölkəmizdə idman sahəsində qazanılan nailiyyətlər sizi qane edirmi?

- Ötən ilin ən böyük uğur 29-cu Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandığı qələbə oldu. Burada ölkəmiz 11 idman növündə 44 idmançı ilə təmsil olundu. Olimpiya oyunlarında idmançılarımız 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazandılar. Nəticələrə görə Azərbaycan 204 iştirakçı ölkə arasında medalların sayına görə 27-ci, keyfiyyətinə görə 39-cu yeri tutdu. Avropa ölkələri sırasında isə Azərbaycan saya görə 15-ci, keyfiyyətə görə isə 20-ci yerə yüksəldi.

Ötən ilin ən mühüm idman hadisələrindən biri də 13-cü Pekin Yay Paralimpiya Oyunları oldu. Azərbaycan bu yarışlarda dünyanın 147 ölkəsinin cərgəsinə qatılaraq 18 idmançı ilə təmsil olundu. İdmançılarımız 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanaraq, 148 iştirakçı dövlət arasında medalların sayına görə 32-ci, keyfiyyətinə görə 38-ci yerə layiq görüldülər.

2008-ci ildə olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlardan idmançılarımız vətənə 550 müxtəlif əyarlı medalla dönüblər. Bunlardan 137 medal olimpiya idman növlərinin, 413 medal isə qeyri-olimpiya idman növlərinin payına düşür. Olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda 38 qızıl, 34 gümüş, 65 bürünc medal, qeyri-olimpiya idman növləri üzrə isə 167 qızıl, 107 gümüş, 139 bürünc medal əldə edilib.

- Ötən ilin maliyyə xərcləri necə olub?

- Ötən il ən çox vəsait boks (323 min manat), cüdo (541 min manat), ağır atletika (177 min manat), atletika (181 min manat), futbol (247 min manat), sərbəst güləş (463 min manat), yunan-roma güləşi (268 min manat) kimi idman növlərinə xərclənib. Qeyri-olimpiya idman növlərindən karateyə 360 min manat xərclənib. Kütləvi bədən tərbiyəsinə 409 min manat, idman avadanlığının alınmasına 600 min manat ayrılmışdı. 2008-ci ildə İdman sahəsinə ümumilikdə 9 milyon 233 min manat pul xərclənib. Bu il də idmanın inkişafı üçün eyni məbləğdə maliyyə vəsaiti ayrılıb.

- Ölkədəki olimpiya komplekslərinin fəaliyyəti sizi nə dərəcədə qane edir?

- Bu günədək 20 Olimpiya idman kompleksi istifadəyə verilib. Yaxın illərdə isə daha 16 kompleks istismara veriləcək. Təbii ki, fəaliyyəti bizi qane etməyən Olimpiya kompleksləri var. Bu sahədə nöqsanların aradan qaldırılması daim diqqətimizdədir.

- Bu komplekslərdən gəlir əldə olunurmu?

- Dövlət qarşısında duran əsas məqsədlərdən biri bu gün sağlam və gənc nəsil yetişdirməkdir. Ona görə də istifadəyə verilən olimpiya komplekslərinin 90-95 faizi dövlət büdcəsindən maliyyələşdirilir. Yəni, burada gəlirdən söhbət gedə bilməz.

Burada başqa bir məsələ də var. Xarici ölkələrdə işadamları idmana çox böyük sərmayə qoyurlar. Dəstəklədikləri komanda və ya idmançının qələbəsi onlara sevinc gətirdiyi kimi, maliyyə vəsaiti də gətirmiş olur. Əfsuslar olsun ki, Azərbaycanda işadamları idmana sərmayə qoymağa bir o qədər də maraqlı deyillər. Onları buna məcbur etmək mümkün deyil.

- London Olimpiya Oyunlarına hazırlıq məqsədi ilə respublikamızda nə kimi işlər görülür?

- 2012-ci il London Olimpiya Oyunlarına hazırlıqla əlaqədar artıq strategiya işlənib hazırlanıb. Bu strategiyanın hazırlanmasında bizim nazirliyimiz, həmçinin Təhsil Nazirliyi ilə yanaşı, bütün müvafiq federasiyalar və aidiyyatı qurumlar da fəal iştirak edir. Milli strategiya 2020-ci ilədək idmanı ölkədə və ölkəni idmanda lider etmək məqsədini qarşıya ali məqsəd kimi qoyub. Bədən Tərbiyəsi və İdmanın inkişafı üzrə Milli strategiya 12 illik dövrü əhatə edir. Bununla yanaşı, ölkədə 2009-2013-cü illəri əhatə edəcək “Bədən Tərbiyəsi və İdmanını İnkaşafı üzrə Dövlət Proqramı” da hazırlanır.

- Eyni zamanda nazirliyiniz hökumətin gənclər ilə bağlı siyasətini də həyata keçirir. Bu baxımdan gənclərimizin gələcəyini necə görürsünüz?

- Gənclər və İdman Nazirliyi olaraq hər bir gənclə işləməyə daim hazır bir qurumuq. Bu gün Azərbaycan gəncliyi, sözün əsil mənasında inkişafa can atan, müasir, açıq düşüncəli gənclərdən ibarətdir. Həyata keçirdiyimiz layihələrdə mütəmadi olaraq görünən yeni simalar, artıq bir çox qurumlarda çox böyük müvəffəqiyyətlə çalışan gənclər dediklərimin bariz nümunəsidir. Eyni zamanda, gənclərin məşğulluq probleminin həlli istiqamətində də mütəmadi işlər görürük. Ümumiyyətlə, nazirlik olaraq daha çox gənci ölkənin və onların özlərinin gələcək həyatında böyük rol oynayan layihələrə cəlb etmək, hər birinin daha peşəkar və vətənpərvər yetişməsinə kömək göstərib istiqamətləndirmək əsas məqsədlərimizdəndir.

- Azərbaycan Prezidentinin gənclərin xaricdə təhsil almasına dəstək verən 2007-2015-ci illəri əhatə edən proqramı imzalanmasından sonra kadr potensialından istifadə xüsusilə aktuallaşıb. Bununla bağlı nazirliyin siyasətini açıqlaya bilərsinizmi?

- Ölkəmizin təbii sərvəti olan neft və qaz Azərbaycanın gələcək inkişafını təmin edən vasitə kimi qəbul edilir. Bu şəraitdə əldə olunan vəsaitlərin ən səmərəli xərclər istiqamətlərindən biri kimi gənclik müəyyən edilib. Bu istiqamətdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” gənclərin xaricdə təhsil almalarına böyük imkanlar açır. Sevindirici haldır ki, həm dövlət xətti ilə, həm də müxtəlif proqramlar çərçivəsində xaricdə təhsil alan və elmi fəaliyyətlə məşğul olan gənclərimizin sayı ildən-ilə artır.

Onu da qeyd edim ki, xaricdə təhsil alan gənclərimizin son dövrlərdə böyük əksəriyyəti Vətənə dönərək əldə etdikləri bilikləri Azərbaycanın inkişafı istiqamətinə yönəldirlər. Azərbaycanın daha sürətli inkişafını təmin etmək üçün ölkəmizin bu gün dünyada gedən proseslərdə fəal iştirakı qaçılmazdır. Məhz buna görə də xaricdə təhsil alan gənclərimiz vasitəsilə bu istiqamətdə kadr boşluğunu tamamlamaq olar.

- Gənclərin ictimai həyatda rolunu artırmaq üçün planlarınız necədir? Gənclər təşkilatlarının bu istiqamətdə rolunun necə görürsünüz?

- Gənclərin ictimai həyatda fəallığının artırılmasında gənclər təşkilatları xüsusi çəkiyə malikdir. Məsələn, son 3 ildə dövlət qeydiyyatına 101 gənclər təşkilatı alınıb. Ümumilikdə onların sayı 170-dən coxdur. 2005-ci ildən bu günədək gənclər təşkilatlarının 140-ə yaxın layihələrin maliyyələşdirilməsinə, 400-dən çox ictimai fəal gəncin beynəlxalq tədbirlərdə iştirakına köməklik göstərilib. Əminliklə deyə bilərəm ki, gənclər təşkilatları bu gün Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları içərisində həm həyata keçirdikləri maraqlı layihələr, həm də davamlı fəaliyyətlərinə görə fərqlənirlər.

- Gənclər və İdman Nazirliyinin xaricdəki gənclərimizin qurduqları təşkilatlarla əlaqələri hansı səviyyədədir? Sizin bu təşkilatlardan hansı gözləntiləriniz var?

- Son illər xaricdə təhsil alan gənclərimizin ictimai fəallığı xüsusi nəzərə çarpır. Gənclərimizin xarici ölkələrdə təşkilatlanması bizi sevindirir. Gənclər və İdman Nazirliyi hazırda əsasən MDB və Avropa ölkələrində fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq edir. Bundan başqa, onların tədbirlərinin təşkilində yaxından iştirak edərək lazımı köməklik göstərilir.

Nazirlik olaraq xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatlarından bir sıra gözləntilərimiz də var. Azərbaycan haqqında həqiqətlərin düzgün və daha səmərəli üsullarla çatdırılması, yaşadıqları cəmiyyətə daha çox nüfuz etmələri və ən əsası isə mükəmməl təhsil alıb peşəkar mütəxəssis olmaları onların özləri, gələcəkləri üçün vacib olduğu qədər, ölkəmizin daha da inkişafı, tanınması istiqamətində danılmaz rol oynayır.

 

 

Allahverdi Cəfərov

 

Zaman.-2009.-18 iyun.-S.9.