Anarın “Adamın adamı”
ilə Tanpınarın
“İnstitut”u
Anarın personajları
ilə bunlara bənzəyən əsərinin də ancaq belə
istedadlı teatr adamları tərəfindən kəşf
edilə biləcəyinə inanıram
Cağdaş
Azərbaycan ədəbiyyatının tanınmış isimləri
arasında Anarın özəl bir yeri olduğunu bilirdim. Romanlarını
və hekayələrini sevə-sevə oxuduğum bu yazarı
ilk dəfə Çingiz Aytmatovun rəhbərlik etdiyi və
İstanbul Bələdiyyəsi Kültür İşləri
Dairəsi Başqanlığının ev sahibliyi etdiyi
toplantıda tanımışdım. O, Türk Dünyası
Yazarlar Kongresi adını daşıyan bu toplantı ilə
Strasburqda düzənlənən Türk Şeiri Şöləninə
Azərbaycan təmsilçisi olaraq qatılmışdı. Anası
və atası da tanınmış yazarlar olan Anarla bəhs
etdiyim toplantılarda ünsiyyətdə olmuşdum.
15
gün öncə Ramiz Əsgərdən kardeskalemler@gmail.com
<mailto:kardeskalemler@gmail.com>. ünvanına, oradan da mənim
elektron poçtuma bir mail göndərildi. Nəql edilən məqalə
Bakıda tanınmış bir yazar olduğunu zənn etdiyim
Rövşanə Səlimovaya aid olub “Anarın ”Adamın
adamı“ komediyası üzərində düşüncələr”
adlanırdı. Həmin yazı bu günlərdə səhnələşdirilən
başqa bir əsərlə mövzu oxşarlığı
olduğu üçün diqqətimi çəkdi. Bir də
mənim çox önəm verdiyim başqa əsərləri
xatırladırdı. Bu əsərlərdən biri - A. H.
Tanpınarın “Saatları nizamlama institutu” adlı romanı,
digəri də Nəcip Fazilin “Püf nöqtəsi” adlı
pyesidir. Bunlardan birincisi bu günlərdə tamaşaya qoyuldu,
o biri də bu cür əsərlərə səhnə həyatı
verə biləcək bir teatr xadimini gözləməkdədir.
Anarın personajları ilə bunlara bənzəyən əsərinin
də ancaq belə istedadlı teatr adamları tərəfindən
kəşf edilə biləcəyinə inanıram. Bu
üç əsər bir-birinə yaxın dönəmlərdə,
bir-birindən xəbərsiz olaraq ortaya çıxsa da, eyni mətləbləri
anladır.
“Adamın adamı”
Rövşanə
Səlimova yazısına belə baslayır: “Cağdaş
Türk Dünyasının ən ünlü yazarlarından
biri olan Anar roman, hekayə, esse, şeir və ədəbi məqalələrlə
yanaşı, dram əsərləri də yazaraq, Azərbaycan
teatrına bir çox uğurlar qazandırıb. Bu əsərlər
arasında ”Adamın adamı“ komediyası özəl bir yerə
sahibdir”.
Anarın
“Beşmərtəbəli evin altıncı mərtəbəs”i
adlı romanı əsasında yazdığı səhnə
əsəri İstanbul Şəhər Teatrlarında
tamaşaya qoyulub və tamaşaçı rəğbətini
qazanıb. 20 ildir ki, bir çox hekayəsi və romanı
Türkiyə türkçəsinə
uyğunlaşdırılaraq nəşr olunan Anarın Azərbaycan
Yazıçılar Birliyində
çalışdığı halda, uzun müddət
İstanbulda yaşadığını da bilirik. Anar on ilə
qədər Memar Sinan Universitetində seminarlar verdiyi
üçün Türkiyədə də xeyli tanındı
və o, bizim həyatımıza daha yaxından bələd
oldu.
1977-cı
ildə Bakıda yayınlandığı bildirilən
“Adamın adamı” adlı bu pyes bizdə nəşr
olunmadı və tamaşaya da qoyulmadı. Fəqət bu
pyesin Anarın digər ədəbi əsərlərindən
fərqli bir keyfiyyətə malik olduğunu bilirik. O səbəbdən
də “Adamın adamı”na daha yaxşı bələd olmaq
üçün bu əsərdən söz açan həmin
müəllifdən daha iki iqtibas etmək istəyirəm:
“”Adamın adamı“ komediyasında tipajların adları
maraqlıdır. Yazar adları açıq kod və şifrəli
olaraq seçib, Azərbaycan dilinin imkanlarından ustalıqla
istifadə edib. Hər bir tipin adı onun iç dünyasını
anlatmaq, müyyən etmək üçün bəlli bir
mesaj keyfiyyəti daşımaqdadır. Məsələn,
komediyanın qəhrəmanlarından İbiş
İbişli, Süsən Sünbül, Fağır
Bağır, Fənd Fərəc, Nazlı Qəmzəli, At
Balaxanım, Əhməd Biqəm, Hefçi Məlik, Xoca
Zığzığ, Xəbərçi Xədicə, Mərd
Mazarov, Əli Əyrizadə və başqalarının
adları belə tamaşaçını, oxucunu
güldürməyə yetir”.
A.
H. Tanpınarın “Saatları nizamlama institutu” adlı
romanı ilə Nəcip Fazilin “Püf nöqtəsi” adlı
pyesində də “Adamın adamı”nda olduğu kimi
obrazların davranışlarında, yumor hisslərində,
daxili xarakterlərində ənənəvi türk teatrına
məxsus üslub sezilir. Bu sətirlər də Anarın əsəri
ilə “Saatları nizamlama institutu” arasındakı bənzərliyi
özündə əks etdirir: “Komediyada hadisələr ”Az.
Yaz. Poz“ adlı bir qurumda çərəyən edir. Bəzilərinin
düşüncəsinə görə, Anar bu ixtisarlarla Azərbaycan
Yazarlar və Pozarlar Cəmiyyəti adlı xəyali bir qurumu
canlandırsa da, əslində o, Yazarlar Birliyini nəzərdə
tutub. Fəqət komediyada bu qurumun nə ilə mübarizə
apardığı anlaşılmır. Tək bir yerdə sədrin
kağız məsrəfini ödəmək məqsədi ilə
xüsusi sərəncam verdiyi və bunu 100 nüsxə
çoxaldaraq hər kəs görsün deyə, divarlara
yapışdırmaq üçün əmr verdiyinin
şahidi oluruq. Bu detal sovet dönəmində bəzi
yazarların heç bir sənət dəyəri olmayan əsərlər
yazdıqlarına, dolayısı ilə kağız məsrəfinə
səbəb olduqlarına işarə kimi izah oluna bilər. Komediyanın
təməlində ”Az. Yaz. Poz“ adlı qurumun fəaliyyəti,
əslində isə fəaliyyətsizliyi durur”.
“Saatları
nizamlama institutu”
Beş
roman və iki hekayə kitabından başqa, sadəcə
klassik dönəmə aid iki pyes tərcümə edən A.
H. Tanpınarın əsərləri içində yalnız
“Saatları nizamlama institutu”, bəlkə də, ən
çox diqqət çəkən və sistem əleyhinə
yönəlmiş, mesajı çox açıq olan bir
romandır. Bəlkə də bu səbəbdən onun
başqa yönləri ön plana çıxarkən bu əsərə
maraq göstərilməmişdir. Həmin əsərin ən
önəmli tərəfi Tanzimatdan bu yana
yaşadığımız qərbləşmə cəhdlərinin
xəyali bir qurumdakı olaylarla çox
düşündürücü bir şəkildə verilməsindədir.
İronik
bir dillə yazılan romandakı bəlli qəhrəmanlar
olan iki şəxs- Hayri İrdal və Halit Ayarcı xarakterlərinə,
hərəkətlərinə uyğun bir şəkildə
adlandırılıblar. Saatları nizamlama institutunu quran bu
şəxslər bütün vəzifələrə
yaxın adamlarını yerləşdirirlər. İnstituta
göndərilən müfəttişlərin sayəsində
Ankara tərəfindən bu institutun bağlanılmasına qərar
verilir. Və təhvil-təslim komissiyası həmin şəxslərdən
təşkil edilir. O biri xarakterlərlə bu iki xarakter
arasında oxşarlıqlar görünür.
Bu
roman saat maraqlısı olan insanları öz ətrafında
toplayan Halit Ayarcı tərəfindən qurulan institutdan və
qısa zamandan sonra onun ləğv edilməsindən bəhs
edən satirik bir əsərdir. Çoxlu sayda qeyri-adi hadisələrlə
zəngin olan, müxtəlif tiplərin maraqlı hekayələrini
özündə cəmləşdirən roman hələ
60-ci illərdə yazılsa da, əsərdə postmodern əlamətləri
hiss edilir. Bu həmin illərdə yazılan və “pul-hakimiyyət-dəstə”
əlaqələrindən bəhs edən Nəcip Fazilin
“Püf nöqtəsi” adlı pyesi qədər əhəmiyyətli
və maraqlıdır. Ənənəvi üslubda qələmə
alınan bu əsərdə müasir tiplər öz “yenilikləri”
ilə ön planda veriliblər. Buna görə də ədəbiyyatımızda
süni şəkildə müasirləşməni tənqid
edən “Saatları nizamlama institutu”na layiq olduğu dəyər
verilməmişdir.
10
il öncə bir həvəskar bu əsəri səhnələşdirmək
istədi. Lakin Kənan İşık tərəfindən səhnələşdirilən
“Hüzur” tamaşası qədər maraqla
qarşılanmadığı üçün repertuardan
çıxarıldı. Bəlkə də bu dəfə fərqli
bir rejissorun diqqətini cəlb etdiyi üçün səhnəyə
qoyuldu. Bu əsərin teatr tənqidçiləri tərəfindən
tənqidlə qarşılanmasının əsas səbəbi
onun vaxtilə düzgün rejissor həllini tapmamasından irəli
gəlir.
Əziz
Nesinin ömrü boyu yazdığı və 80 kitabda izah edə
bilmədiyi məqamları Nəcib Fazil, A. H. Tanpınar və
Anar bu əsərləri ilə ortaya qoya bildilər və bu
da onların ortaq cəhətləridir.
Mustafa Miyasoğlu
Zaman.-2009.-18 iyun.-S.8.