“Türkiyəyə qarşı vizanın ləğvi texniki məsələdir”

 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov qəzetimizə müsahibəsində deyib ki, Azərbaycan və Türkiyə diplomatiyası da digər sahələrdə olduğu kimi qardaşlaşmağa doğru gedir. Onun sözlərinə görə, hazırda iki ölkə arasında viza rejiminin aradan qaldırılması ilə bağlı müzakirələr aparılmaqdadır.

- Türkiyə tərəfi bütün Orta Asiya ölkələrinə və türk respublikalarına, eləcə də Azərbaycana qarşı viza rejimini ləğv etdi. Ancaq bu, həmin ölkələr tərəfindən adekvat cavabını almadı. Azərbaycan tərəfi olaraq, bunu necə izah edərdiniz?

- 2007-ci ildə Türkiyə 30 gün müddətinə bu ölkələrə qarşı viza rejimini ləğv etdikdən sonra Azərbaycan tərəfində də bu məsələ müzakirə olunub. Ötən ay XİN-də iki nazirliyin konsulluq idarələri arasında danışıqlar aparılıb. Bunun nəticəsində qarşılıqlı razılığa dair niyyət protokolu imzalanıb. Həmin sənəddə müzakirəyə açılan məsələlər ondan ibarətdir ki, Türkiyədən gələn iri yük maşınlarının sürücüləri 15 gün ərzində Azərbaycan ərazisində vizasız qala bilsinlər, 30 gün ərzində Türkiyə vətəndaşları ölkəmizə vizasız gələ bilsinlər və s. Hazırda müvafiq qərarların qəbul olunması üçün müzakirələr davam etməkdədir.

Burada başqa məsələlər də var. Məsələn, Azərbaycan vətəndaşlarının Türkiyədə mülkiyyət sahibi ola bilməmələri, Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarların Türkiyə tərəfindən tanınmaması və digər məsələlər. Yəni müzakirələr məsələyə kompleks yanaşma əsasında aparılır və bütün bu məsələlər geniş tərkibdə keçirilən görüşlərdə müzakirə olunur.

Demək istədiyim odur ki, vizanın aradan qaldırılması yalnız iki tərəfdə də olan texniki xarakterli məsələlərdən biridir.

- Vizaların verilməsi qaydalarına da dəyişiklik olunub. Bu dəyişiklik nədən ibarətdir?

- Yeni qaydalara əsasən, xarici vətəndaşlar Azərbaycandan pulsuz viza alaraq, 30 gün ərzində ölkəmizdə qala bilərlər. Türkiyə vətəndaşlarına bir aylıq viza pulsuz verilir. Ölkəyə gələn əcnəbi vətəndaşlar vizanı həm sərhəddə, həm də Azərbaycanın xaricdəki konsulluq və səfirliklərindən ala bilərlər. Ölkəyə daxil olduqdan sonra hər hansı xarici ölkə vətəndaşı burada qalmaq müddətini uzatmaq üçün yeni təsis olunmuş Miqrasiya Xidmətinə (MX) müraciət etməlidirlər. Bu idarənin verdiyi arayış əsasında XİN-in konsulluq idarəsi vizanın müddətini uzadacaq.

Azərbaycan daxilində bütün konsulluq xidmətləri ödənişli əsaslarla həyata keçirildiyi üçün müddətdən asılı olaraq xarici ölkə vətəndaşları pul ödəməli olacaqlar. Türkiyə vətəndaşları bir aylıq uzadılmış viza üçün 40, üç aylıq viza üçün 80, bir illik viza üçün isə 250 dollar rüsum ödəməlidirlər.

Birillik viza üçün müraciət edən əcnəbi vətəndaşın Azərbaycanda qalma müddəti 90 gün təşkil edir. Yəni birillik vizaya malik əcnəbi vətəndaş Azərbaycanda il ərzində yalnız 90 gün qala bilər.

Qaydalara əsasən, iş adamları, Azərbaycan qarşısında xüsusi xidmətləri olanların və digər bu qəbildən olan xarici vətəndaşlar və onların ailə üzvləri üçün müxtəlif formalar da nəzərdə tutulub. Yəni xarici vətəndaşa Daxili İşlər Nazirliyi (DİN) tərəfindən daimi yaşayış haqqında sənəd verilir. Bunun proseduru da ondan ibarətdir ki, xarici vətəndaş MX-yə müraciət edir, MX məsələni araşdırdıqdan sonra DİN-ə məlumat verir və DİN də daimi yaşayış haqqında sənəd verir. Bu sənədi aldıqdan sonra həmin xarici vətəndaş ölkəni tərk etmək istəyərsə, o, bu sənədi və pasportunu XİN-in Konsulluq İdarəsinə təqdim edərək, pulsuz çıxış vizası alır. Eyni qaydada həmin sənədlərlə Azərbaycana geri qayıdanda yenidən pulsuz viza ala bilir.

DİN tərəfindən başqa bir sənəd də verilir. Bu, müvəqqəti qalma sənədidir. Bu da eyni qaydada əldə olunur. Yəni MX-yə müraciət edilir, MX-nin verdiyi məlumat əsasında DİN o sənədi verir. Bu sənəd əsasında Azərbaycanda müvəqqəti yaşayan xarici vətəndaş müvəqqəti sənədin etibarlı olduğu müddət ərzində istənilən vaxt XİN-in Konsulluq İdarəsinə müraciət edə bilər və pulsuz çıxış vizası alaraq, ölkəni tərk edə bilər və eyni qaydada, yəni viza rüsumu ödəmədən ölkəyə qayıda bilər.

Xarici jurnalistlər ilə bağlı da müəyyən dəyişikliklər var. Biz artıq yeni viza formasına keçmişik. İndiyə qədər vizalar ştamb əsasında verilirdi və möhürlənirdi. İndi isə vizalarımız ciddi hesabat sənədi formasında verilir. Yəni, o yapışdırılır və nömrələnir. Ciddi hesabat sənədi olduğu üçün jurnalistlərə pulsuz viza verilməsi kateqoriyası aradan qaldırılıb. Xarici jurnalistlər də bundan sonra ümumi qaydada viza əldə edəcəklər. Yəni onlar da eyni qayda ilə MX-yə müraciət etməlidirlər. Onu da qeyd edim ki, yeni qaydalar iyul ayının 1-dən etibarən tətbiq olunmağa başlanacaq.

Gözlənilir ki, bu sistemdə də dəyişiklik olsun. Hazırda MX-nin fəaliyyəti haqqında qanun hazırlanır və bu qanun əsasında yeni qaydalar tərtib olunacaq. Bu qanun hazırlanan kimi ictimaiyyətə bu barədə geniş açıqlama veriləcək və məlumat XİN-in saytına yerləşdiriləcək.

- Yeni qaydalarda hansısa güzəştlər nəzərdə tutulmur?

- Bu yaxınlarda Türkiyə və Azərbaycan XİN Konsulluq idarələri arasında imzalanmış qarşılıqlı anlaşma haqqında protokolda belə bir müddəa da öz əksini tapıb ki, gələcəkdə səfirlərin müraciəti əsasında bəzi şəxslərə müəyyən güzəştlər edilə bilər. Yəni səfirlik müəyyən bir siyahı tərtib edir və həmin siyahıda adları olan şəxslər viza ödəmələrindən azad olurlar. Bu səfirliyin öz qərarı ilə ola bilər. Hələ ki, bu istiqamətdə iş aparılır. Konkret qayda yoxdur.

- Köhnə qaydalarla viza alanların aqibəti necə olacaq?

- Onların köhnə rejimlə aldıqları vizaların müddəti başa çatana qədər heç bir problem yoxdur. Ancaq bu müddət başa çatdıqdan sonra onlar yeni qaydalar əsasında viza almalı olacaqlar.

- Türkiyə XİN Azərbaycan səfirliyi olmayan ölkələrdəki vətəndaşlarımıza Türkiyənin diplomatik korpuslarının xidmət göstərə biləcəyi barədə qərar qəbul edib və bu təklifi Azərbaycan tərəfinə də göndərib. Azərbaycan XİN-in bu məsələyə münasibəti necədir?

- Qardaş ölkənin təklifi olduqca önəmli və dəyərlidir. Deyə bilərik ki, qardaş ölkələrimiz qardaş diplomatiyaya doğru gedir. Bu, ilk növbədə bizim vətəndaşlarımıza qarşı böyük qayğıdır. Dünyanın bütün ölkələrində Azərbaycan vətəndaşları var. Bizim səfirliyimiz olmayan yerdə onlar Türkiyənin imkanlarından istifadə edə biləcəklər. Bundan əvvəl də bizim səfirliklərimiz arasında belə əməkdaşlıq mövcud olub, biz həmişə bir-birimizə kömək etmişik. Sadəcə olaraq indi bunu rəsmiləşdirməkdən söhbət gedir. Konsulluq fəaliyyəti çox şaxəlidir. Ona görə də biz konkret əməkdaşlıq sahəsini dəqiqləşdirməliyik. İndi XİN-də bununla bağlı iş aparılır. Çərçivə müəyyənləşdirildikdən sonra bu barədə xarici ölkələri məlumatlandırmalıyıq ki, biz Türkiyə ilə bu sahə üzrə əməkdaşlıq edirik. Ona görə də bu, müəyyən vaxt tələb edir.

- Azərbaycan icmasının iyul ayında erməni icması ilə yenidən görüşəcəyi barədə məlumatlar doğrudurmu?

- Dağlıq Qarabağ münaqişəsinin həllinin bir hissəsi icmalar arasında qarşılıqlı inamın yaradılmasıdır. Ancaq məsələ bunun hansı formatda baş tutması ilə bağlıdır. Siz dediyiniz formatda görüş bir dəfə olub, bunun ikinci dəfə baş tutması da istisna deyil. Amma hələ ki, bunun hansı formatda olacağı və tərkibi dəqiqləşdirilməlidir. Hazırda hansısa qəti qərar yoxdur.

- İyulun 9-da Azərbaycan diplomatiyasının 90 illik yubileyi qeyd olunacaq. Bu münasibətlə hansı tədbir keçiriləcək?

- Müasir Azərbaycan 1918-ci ildə qurulan cümhuriyyətin davamçısıdır. 90 ildə keçdiyimiz yol Azərbaycan üçün böyük məktəb olub. Bu illər ərzində biz həm kifayət qədər təcrübə topladıq, həm də çox böyük işlər gördük. Şərəflə qeyd edə bilərik ki, Azərbaycan artıq öz addımları sayəsində və əlində olan imkanlardan istifadə edərək, regionun təsiredici qüvvəsinə çevrilib. Artıq bizim səsimiz eşidilir. 90-cı illərin əvvəllərində səsimiz hər zaman eşidilmirdisə, ədalətli mövqeyimiz çox yerdə tanınmırdısa, indi biz buna nail olmuşuq.

Yubiley ilə bağlı bir sıra tədbirlər keçiriləcək. 90 illik fəaliyyətimizdən bəhs edən iki kitab hazırlanıb və bir film çəkilib. İndiyə qədər 15 xarici işlər nazirimiz olub, onlar barədə məlumatlar da bu kitablara əlavə olunacaq. Naxçıvana və Gəncəyə səfərlər təşkil ediləcək.

- Hazırda Azərbaycanın xaricdə açdığı, eləcə də ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların sayı nə qədərdir?

- Dünyanın 65 ölkəsində Azərbaycanın diplomatik nümayəndəliyi və fəxri konsulluğu fəaliyyət göstərir. Bu, Azərbaycan kimi çox da böyük olmayan ölkə üçün olduqca böyük rəqəmdir. Ancaq bununla belə Azərbaycanın iqtisadi durumu və kadr potensialı imkan verir ki, dünyada öz nümayəndəliklərinin sayını artırsın.

Bu gün Azərbaycanda səfirlik açmaq istəyən ölkələrin sayı da çoxalır. Hazırda ölkəmizdə 40 səfirlik, diplomatik statusa malik 16 beynəlxalq təşkilatın nümayəndəliyi, 2 baş konsulluq və 9 fəxri konsulluq fəaliyyət göstərir.

- Türkiyə Gəncədə konsulluq açmaq istəyir.

- Bu, qardaş ölkənin niyyətidir və biz buna müsbət yanaşırıq. Bu məsələdə heç bir problem yoxdur. Bu, onu göstərir ki, Gəncə Türkiyə üçün vacibdir. Azərbaycan Prezidenti ölkənin bütün regionlarının inkişafında maraqlıdır. Regionların beynəlxalq aləmə çıxışı bunun tərkib hissəsidir. Belə diplomatik nümayəndəliklərin açılması buna xidmət edir.

 

 

Natiq Pənahlı

 

Zaman.- 2009.- 23 iyun.- S. 11.