“Ağsu ilansaxlama
kombinatının bərpası
100 yeni iş yeri deməkdir”
Bir vaxtlar
Azərbaycana milyonlar qazandıran bu kombinatlar
indi baxımsızlıq ucbatından bərbad vəziyyətə düşüb
Bir neçə gün öncə
qəzetimizdə bir vaxtlar Bakının Zirə qəsəbəsindəki və Ağsu rayonu ərazisində fəaliyyət
göstərən, ancaq sonradan ölkəmizdə baş verənlərlə əlaqədar fəaliyyətini
dayandıran herpetoloji kombinatların işi barədə yazı vermişdik. Qeyd
etmişdik ki, bir vaxtlar Azərbaycana milyonlar qazandıran bu kombinatlar indi baxımsızlıq ucbatından bərbad vəziyyətə düşüb. Zirə qəsəbəsindəki
kombinatın Əjdər adlı keçmiş işçisi isə qəzetimizə açıqlamasında
bu müəssisənin yenidən müasir hala gətirilməsi üçün 15 milyon dollar vəsaitə ehtiyac olduğunu bildirmişdi. Sözügedən yazı çap olunandan sonra kombinatın direktoru, mərhum Fazil Şərifovun qızı, Bakı şəhəri 47 saylı məktəbin biologiya müəlliməsi Fatma Məmmədova redaksiyamızla əlaqə saxlayıb bəzi məqamlara aydınlıq gətirmək istədiyini
bildirdi. Bizimlə
həmsöhbət olan Fatma xanım kombinatın
yenidən fəaliyyətə
başlaması üçün 15 milyon dollara yaxın vəsaitin lazım olması barədə
deyilənlərin həqiqətəuyğun
olmadığını söylədi.
Fatma xanımın dediyinə
görə, atası biologiya elmləri namizədi olub, 1966-cı ildən bu
işlə məşğul imiş: “O vaxtlar atam Zoologiya İnstitutunda elmi işlə məşğul olurdu və Frunzendəki (indiki Bişkekdə) ilan kombinatında təcrübə keçirdi. Atam bu
işin sirlərini öyrəndikdən sonra Azərbaycanda da belə bir kombinat
qurmaq qərarına gəldi və bu məqsədlə institutun direktoru Musa Musayevə müraciət etdi. Musa müəllim isə bu işdə
ona əlindən gələn köməkliyi göstərdi. Atam kombinat üçün yer
axtarırdı və onu hətta doğulduğu Ağsu rayonunun Musabəyli kəndində qurmaq istəyirdi. Ancaq onun bu niyyəti
müəyyən səbəblərdən
gerçəkləşmədi və
kombinat Zirədə fəaliyyətə başladı”.
Fatma müəllimə deyir ki, atası kombinatın
fəaliyyətini davam
etdirməsi üçün çox əzab-əziyyətə
qatlaşıb: “İlk vaxtlar təcrübəsizlikdən
çox böyük çətinliklərlə üzləşdilər.
Yəni, kadrlar çatışmırdı, ilantutanlar yox idi. Bütün
problemlərə baxmayaraq,
1970-ci ilin ortalarında müəssisə tam fəaliyyətə başladı.
Həmin dövrdə müəssisədə 3500-ə
qədər ilan saxlanılırdı. İllik zəhər istehsalı isə 3 kiloqrama yaxın idi”.
Həmsöhbətimiz
onu da bildirdi
ki, həmin dövrdə Sovetlər İttifaqında cəmi 4,5-5 kiloqram zəhər istehsal olunurmuş.
Fatma xanım qeyd
etdi ki, kombinat ilan zəhərini
istehsal üçün çəkilən xərclərin
üzərinə 30-35 faiz
əlavə edərək
Tallinndəki müəssisəyə
satıb. Lakin 90-cı illərin əvvəlində o vaxtkı hökumətin təzyiqləri ilə Tallinndəki müəssisə
ilə ticarət əlaqəsi dayandırılıb, ilanın 1 qram zəhərinin
1000-1500 ABŞ dollarından ucuz
satılması qadağan edilib: “Həmin qiymət isə zəhərin maya dəyərindən bir neçə dəfə baha idi. Atam
deyirdi ki, həmin dövrdə ilan zəhərinin 1 qramının istehsalı, əlavə xərclərlə
birgə 200 ABŞ dollarına
başa gəlirdi. Ona görə də
bu qiymətə zəhər almaq istəyən olmadı və kombinat öz fəaliyyətini dayandırdı”.
Müsahibimiz qeyd etdi ki, qiymətlər
baha olduğuna görə alıcı tapılmadığı üçün 1990-cı illərin əvvəlində istehsal
edilmiş 20 kiloqrama yaxın ilan zəhərini
alan olmur: “Kombinatın fəaliyyətinə
o vaxt hökumət
üzvləri tərəfindən
müəyyən müdaxilələr
olurdu. Özlərini Ayaz Mütəllibovun adamları kimi təqdim
edən bəzi şəxslər zorla kombinatdan zəhər almaq istəyirdilər. O vaxtlar Azərbaycanda dəbdə olan “qara biznes” növlərindən
biri də ilan zəhəri alveri idi. A. Mütəllibovun adamları zor gücünə kombinatdan aldıqları zəhərləri İrana satmaq istəyirdilər”.
Fatma xanımın sözlərinə
görə, bütün bunların nəticəsi olaraq 1991-ci ildə atası Fazil Şərifov
təzyiqlərin qarşısında
tab gətirmir və Ağsuda yeni kombinat yaradır.
Zirədəki kombinata
isə yeni sədr təyin olunur. Ancaq ölkədəki
hərc-mərclik buraya da sirayət
edir və bir müddət sonra Zirədəki kombinatın direktoru dəlixanaya salınır. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra isə atam Fazil Şərifov
yenidən Zirədəki
ilansaxlama kombinatına direktor təyin edildi. Ancaq 90-cı illərdə ölkədə baş verənlər kombinatın fəaliyyətinə mane oldu. Hazır zəhərlərin
satılması üçün atam bir sıra
xarici şirkətlərlə
danışıqlar apardı: “O bu işə dəstək
olması üçün Səhiyyə Nazirliyinin Xalq Təbabəti Elm-İstehsalat Birliyinin rəisinə müraciət etdi. Rəis atama nazirlə danışmağı tövsiyə etdi. Nazirlə görüşdən sonra isə zəhərin hər qramı üçün 300 ABŞ dolları, yəni 4 kiloqram zəhər üçün 1,2 milyon dollar “şapka” istədilər. Bununla da zəhər
satışı baş tutmadı. Bundan sonra atamın səhhəti
pisləşdi. Belə ki, 1974-cü ildə onun ilan vurduğu
ayağında qanqrena baş qaldırdı. O şəkər xəstəliyinə
tutuldu və ayağını kəsdilər. Atam öz ərizəsi
ilə bu işdən uzaqlaşdırıldı və bundan bir az sonra
Zirədəki və Ağsudakı müəssisələr
fəaliyyətini dayandırdı.
Burada saxlanılan ilanları isə açıb dağlara buraxdılar”.
Müsahibim atasının bu sənətin bəzi sirlərini övladlarına öyrətdiyini də qeyd etdi.
Onun sözlərinə görə, indi ilan zəhəri kombinatının işini yenidən bərpa etməsi üçün əlverişli şərait var: “Bunun üçün
Ağsudakı kombinatdan istifadə etmək olar. Həmin kombinatın avadanlıqları dağılsa da bina
yerindədir və istifadəyə yararlıdır. Ağsudakı ilansaxlama kombinatının hazır işçiləri də var, ancaq müəssisə
fəaliyyətini dayandırdığı
üçün başqa işlə məşğul olurlar. Onları da yenidən işə qaytarmaq mümkündür”.
Fatma xanımın dediyinə
görə, kombinatın ilkin fəaliyyəti üçün 500-ə yaxın ilanın olması
kifayətdir. Həmin
ilanları tutmaq üçün isə uzağı
20 gün vaxt lazımdır, çünki dağlarda kifayət qədər ilan var. Bu qədər
ilandan ildə 500 qram zəhər almaq olar.
Müsahibimiz bildirdi ki, yay aylarında
ilanlardan hər 20 gündən bir, qışda isə 30-40 gündən bir zəhər almaq olur. Alınan zəhər
laborotoriya şəraitində
qurudulduqdan sonra hazır məhsul şəklinə salınır. Onu da qeyd
edim ki, ilan zəhərindən hazırlanan dərmanlar qara ciyərin bərpasına, ürək-damar xəstəliklərinə,
astmaya, revmatizmaya qarşı işlədilir.
Fatma xanım qeyd
etdi ki, Ağsudakı ilansaxlama kombinatı fəaliyyətini bərpa edərsə 100-ə yaxın daimi
iş yeri açılar.
“ Müsahibimiz Ağsudakı kombinatın fəaliyyətə
başlaması üçün 150-200 min dollar vəsaitin
kifayət etdiyini dedi.
Nicat İntiqam.
Zaman.- 2009.- 30 iyun-1 iyul.- S. 6.