Vəfa Quluzadə: “Hər axşam Mirzə Xəzərə qulaq asıb, üstünə beşini də qoyub, Əlcazair mətbuatına ötürürdüm”

 

“Həyatımda gizlədiləsi böyük bir şey yoxdur, ancaq təəssüf ediləsi məqamlar olub”

 

Vəfa Quluzadə Sovet rejimində işləsə də, bu rejimə nifrət etdiyini, Allaha olan imanını qəlbində gizlədiyini söyləyir. Ümumilikdə həyatından razıdır, ancaq bəzi məqamları həyatın diktəsi ilə etmək məcburiyyətində qaldığını deyir...

Azərbaycanda daha çox politoloq kimi tanınır. Onun fikirləri həm də ona görə əhəmiyyətlidir ki, uzun müddət xarici siyasət üzrə dövlət müşaviri işləyib, dövlət əhəmiyyətli mətləblərin bir çoxu ona aydındır...

Redaksiyamızın budəfəki qonağı Vəfa Quluzadədir. O, Sovet rejimində işləsə də, bu rejimə nifrət etdiyini, Allaha olan imanını qəlbində gizlədiyini söyləyir. Ümumilikdə həyatından razıdır, ancaq bəzi məqamları həyatın diktəsi ilə etmək məcburiyyətində qaldığını deyir...

- Azərbaycan cəmiyyəti sizi politoloq kimi tanıyır. Şəxsi həyatınız barədə isə elə də genməlumat yoxdur. Bəlkə söhbətimizə özünüz, ailəniz barədə qısa arayış verməklə başlayaq?

- 1940-cı ildə Qazaxın Astanbəyli kəndinin ən kasıb ailələrindən birində anadan olmuşam. Həmin vaxt II Dünya müharibəsi gedirdi və atam Mirzağa Quluzadə Sovet qoşunlarının tərkibində bu müharibədə iştirak edirdi. Anam Yaqut Dilbazi isə müəllimə idi. Yazıçılıqla da məşğul olurdu. Üç roman yazmışdı. Tərbiyəmlə əsasən nənəm Cəvahir Dilbazi məşğul olub. Nənəm ziyalı olmaqla yanaşı, gündə beş dəfə namaz qılan dindar bir qadın idi. Allah məfhumunu, İslamın nə olduğunu, şəhadətimi, Quranı mənə o öyrədib. Nənəm deyirdi ki, çətin günlərdə sənin dayağın Quran olacaq, eyni zamanda başa salırdı ki, müasir dövrlə ayaqlaşmaq lazımdır, bunun üçün Allaha imanımı qəlbimdə saxlamalıyam. O, nəslimizin Azərbaycanın ən varlı və görkəmli nəsillərindən olduğunu, babamı, əmilərimi Leninin güllələtdirdiyini, sürgün etdirdiyini söyləyirdi. Ancaq möhkəm-möhkəm tapşırırdı ki, bu barədə heç kimə heç nə deməyim, əks halda bizim hamımızı öldürərdilər.

 

Qohumlarımın hamısının dosyası “KQB”də idi

 

- Belə bir keçmişlə sovet rejimində dövlət vəzifələrində yüksəlməyiniz necə baş verdi?

- Ümumiyyətlə, siyasətlə məşğul olmağımı tamamilə qeyri-adi hadisə kimi qiymətləndirirəm. Çünki mənim qohumlarımın hamısının dosyası “KQB”də idi. Bunu nəzərə alan valideynlərim məni zorla musiqi məktəbinə göndərmişdilər. 5 il orda oxudum. Onlar anlayırdılar ki, mənim kimi bioqrafiyası olanın dövlət işində irəli getməsi mümkün deyil...

Universitetin Şərqşünaslıq fakültəsini bitirmişdim. Həmin vaxt bu fakültəni bitirənləri xaricə göndərirdilər. Məni isə göndərmədilər. Mən Moskvaya aspirantura oxumağa getdim. Orada müdafiə etdim. O əsnada SSRİ Yaxın Şərqə doğru genişlənməyə başlamışdı. Moskvanın ərəb dilli mütəxəssislərə ehtiyacı vardı. Şərqşünaslığı bitirənlərlə, o cümlədən mənimlə müxtəlif söhbətlər aparıldı. Onların arasından yeganə mən seçildim. Ancaq Kommunist Partiyasına üzv olmağımın vacib olduğunu söylədilər. 28 yaşımda bu partiyaya üzv yazılmağa məcbur oldum.

Diplomatik fəaliyyətimə Misirdə - Sovet səfirliyində başladım. Misir həmin dövrdə SSRİ-ABŞ qarşıdurmasının ön cəbhəsi idi. SSRİ-nin Siyasi Bürosundan Misirə gələn rəsmi şəxslərin danışıqlarını, eləcə də SSRİ-nin səfirinin Ənvər Sədatla görüşlərini mən tərcümə edirdim. Kasıginlə Ənvər Sədatın görüşündə də tərcüməçi mən idim. Heydər Əliyevlə də Misirdə tanış olmuşdum. O, 1973-cü ildə Azərbaycan Kommunist Partiyasının I katibi kimi Misirə gəlmişdi. Mən səfirliyin II katibi idim. Heydər Əliyev Misirdə bir sıra ciddi görüşlər keçirməli idi. Ona bir tərcüməçi verilmişdi. Ancaq həmin tərcüməçi işini yaxşı bacarmırdı. Ona görə də Əliyevin işləri yaxşı getmirdi. Sonradan səfirliyin tövsiyəsi ilə mən tərcüməçiliyi mən etdim. O vaxt Heydər Əliyevlə dostlaşdım. Onu yola salmaq münasibətilə səfirlikdə təşkil olunan tədbirdə mənə saat da bağışladı və dedi ki, Bakıya gələn kimi ona zəng edim. Həmin yay Bakıya gələndə zəng etdim. Görüşdük. 2 saata yaxın danışdıq.

 

Başqa adla Əlcəzair mətbuatında anti-SSRİ təbliğatı aparırdım

 

- Azərbaycana birdəfəlik qayıtmağınız necə oldu?

- 20 yanvar hadisələri zamanı Əlcəzairdə işləyirdim. Həmin qanlı gecədən sonra özümü sovet diplomatı hesab etmirdim. O hadisələr baş verdikdən dərhal sonra Türkiyə səfirinin yanına getdim. Dedim ki, mənə siyasi sığınacaq versinlər və mən Türkiyədən SSRİ-nin əleyhinə çıxışlar edim. Səfir bunun siyasi baxımdan mümkün olmadığını dedi. Əlcəzair rəsmilərinə də siyasi sığınacaq üçün müraciət etdim. Onlar da SSRİ-i ilə münasibətlərə xələl gətirməmək üçün mənə siyasi sığınacaq vermədilər. Ancaq iqtidarda olan partiyanın təbliğat şöbəsini mənim səlahiyyətimə verdilər. Mən də başqa adla Əlcəzair mətbuatında anti-SSRİ təbliğatı aparırdım. Hər axşam Mirzə Xəzərə qulaq asıb, üstünə beşini də qoyub Əlcəzair mətbuatına ötürürdüm. Bu, ciddi rezonans doğurmuşdu.

Artıq Azərbaycana qayıtmaq istəyirdim. Həmin vaxt Moskvada mərkəzdə işləyən Rafiq Nişanovla (Özbəkistan KP MK-nın keçmiş I katibi-red.) İstanbulda tanış olmuşdum. Bu barədə onunla danışdım. Nişanov məni Moskvaya Qorbaçovun komandasına dəvət etdi. Mən qəbul etmədim. Ona Azərbaycanda işləmək istədiyimi dedim. O da Ayaz Mütəllibova bu barədə tapşırıq verdi. Bakıya qayıdanda Mütəllibovun qəbulunda oldum və o, mənə iki yer təklif etdi: Mərkəzi Komitə və Prezident Aparatı. Mən ikincini seçdim. Bu, həmin vaxt idi ki, Azərbaycanda milli azadlıq hərəkatı gedirdi. Həmin vaxt həmçinin xalam Mirvarid Dilbazinin evində Elçibəylə gizli görüşlərim olurdu. Sonradan Elçibəy hakimiyyətə gəldi...

 

Elçibəy tələbəlik dostum idi

 

- Üç prezidentlə işləmisiniz...

- Mütəllibova məni tapşıran Nişanov olub. Ancaq Mütəllibovun yaxın komandasına daxil deyildim. Elçibəy isə tələbəlik dostum olub. O, bizim evimizə gəlirdi, birlikdə yemək yeyirdik. Elçibəy hələ prezident olmamışdan əvvəl də mən Prezident Aparatında müşavir işləyirdim. Onda da görüşlərimiz olurdu. Bir xatirəmi də sizinlə bölüşüm: universitetdə tələbə bileti üçün şəkil çəkdirəndə Elçibəyin kostyumu və qalstuku yox idi. O qədər kasıb idi. Atasından qalma bir plaşı vardı. Şəkil üçün kostyumumu, qalstukumu ona verdim. Sonra da onda qaldı. Bu hadisə yadımdan çıxmışdı. Bunu mənə sonradan Elçibəy özü prezident olandan sonra İstanbulda xatırlatdı...

Elçibəy də hakimiyyətə gələndə mənə harda işləmək istədiyimi soruşdu və mənə xarici işlər naziri postunu təklif etdi. Mən də ona dedim ki, AXC hakimiyyətində portfel davası başlayacaq, mən heç bir vəzifə istəmirəm. Müşavir kimi qalmaq istədiyimi dedim. O da razılaşdı və dedi ki, dövlət müşaviri olum. Onun qərarı ilə dövlət müşaviri oldum. Vəzifəsindən getməzdən əvvəl mənə təşəkkür etdi. Qərb və ABŞ ilə əlaqələri yaxınlaşdırmaqda böyük rolumun olduğunu söylədi.

Elçibəy gedəndən sonra axırıncı saniyəyə qədər mən işimə, vəzifəmə və şəxsiyyətimə sadiq qaldım. Artıq məlum idi ki, Elçibəy gedir və Əliyev gəlir. Ona görə bir qrup azərbaycanlı Heydər Əliyevin 70 illiyi ilə əlaqədar Naxçıvana getmək üçün toplaşdı. Mənə də getməyi təklif etdilər. Onlara dedim ki, mən prezidentin müşaviriyəm, Elçibəy hələ ki, prezidentdir, vəzifəmi atıb özbaşıma Naxçıvana gedən deyiləm. Onlar getdilər. Həmin o “92-lər”.

- “91-lər”

- Bəli, “91-lər”. Mən də getsəydim 92-ci olacaqdım (gülür). Sonradan onlar Heydər Əliyevdən yüksək vəzifələr aldılar. Əgər Elçibəy prezident olmasaydı, mən də məmnuniyyətlə gedərdim. Mən o vəziyyətdə Elçibəyin yanına gəlib: “İcazə verin Heydər Əliyevin yubileyinə gedim”, - deməyi mənliyimə sığışdırmazdım. Heydər Əliyev də bunu başa düşən insan idi. O, həmişə mənim şəxsiyyətimə hörmətlə yanaşıb. İkilikdə bu barədə mənə deyib. Heydər Əliyev çox zaman özününkülərdən mənə şikayət edib. Onun mənə yalnız bir iradı olub. O da 1999-cu ildə onun icazəsi olmadan istefaya getməyimla bağlı olub. Ancaq istefamdan sonra da o mənə daima zəng edirdi, müxtəlif məsələlərdə məsləhətləşirdik.

 

İstefamdan sonra da Heydər Əliyevlə məsləhətləşirdik

 

- İstefanıza səbəb nə oldu?

- Mən istefa etmək istəyirdim. Ancaq əmin idim ki, Heydər Əliyev istefama razılıq verməyəcək. Əvvəlcə, ağlıma belə bir fikir gəldi ki, İstanbula gedib orda mətbuat konfransı keçirib istefamı açıqlayım. Sonra düşündüm ki, türk jurnalistlər məni sıxma-boğmaya salacaqlar, məndən çox şey almağa nail olacaqlar. Digər tərəfdən, İstanbuldan geri qayıtmaq məsələsi də vardı.

Sonra bu qərara gəldim ki, Prezident Aparatında keçirdiyim brifinqlərin birində bu qərarımı açıqlayım. Sonra başqa bir fikir gəldi ağlıma. Prezidentə yarımsəhifəlik məktub yazdım. Məzmunu belə idi: “Hörmətli Prezident, mənim iş stajım 41 ilə bərabərdir. Onun 30 ilini yüksək diplomatik və dövlət işlərində çalışmışam. Sovet diplomatik işində, qaynar nöqtələrdə xidmətdə olmuşam. Sizinlə Kommunist Partiyasının Mərkəzi Komitəsində ən gərgin zamanlarda, Sovet İttifaqı çökdükdən sonrakı yeni dövrdə üç prezidentin müşaviri, həmçinin Təhlükəsizlik Şurasının üzvü olmuşam. Bu dövrdə mən çox yorulmuşam, çox streslər almışam. Hesab edirəm ki, indi şərait belədir ki, müstəqil şəxsiyyət kimi də xalqıma xidmət edə bilərəm. Xahiş edirəm mənim istefamı qəbul edin və mənim bu addımımı siyasi addım kimi qiymətləndirməyin.

Hörmətlə, Vəfa Quluzadə”.

Sonra bu məktubu faksla “Turan” agentliyinə göndərdim. Bu vaxt Heydər Əliyevin köməkçisi gəlib dedi ki, prezident məni çağırır. Yaxşı yadımdadır. 1999-cu ilin oktyabr ayının 8-i idi.

- Hər halda sizi istefaya vadar edən nəsə vardı.

- Oktyabrın 5-6-da Heydər Əliyev məni otağına dəvət edib demişdi ki, Robert Köçəryanı Sədərəyə dəvət edib və ayın 10-da mənimlə birlikdə gedib Köçəryanla danışacaq. Onun sözlərinə görə, sonra da Naxçıvanın 70 illiyini qeyd etmək üçün ora getməli idik. Mənə tapşırdı ki, bütün xarici səfirləri dəvət edim, onlara filan-filan şeyləri deyim. Prezidentin otağından çıxanda firikləşdim ki, istefa etməyin əsl vaxtıdır. Mənim Azərbaycan torpağında Köçəryanın əlini sıxmaq və onunla nahar etmək fikrim yoxdur. İstefamın səbəbi başqa idi, ancaq hərəkətverici qüvvəsi bu oldu. Ondan sonra həmin məktubu yazdım.

 

Heydər Əliyev: “Vəfa, sən Qarabağ məsuliyyətini çiyinlərinə götürməkdən qorxursan”, - demişdi

 

- Heydər Əliyev istefanızı necə qarşıladı?

- Oktyabrın 8-də onun otağına gələndə bütün tapşırıqları yerinə yetirmişdim. Sizə həmin hadisəni olduğu kimi danışıram. Hesab edin ki, bura həmin otaqdır. Tapşırıqların nəticəsi barədə məlumat verdim. Məndən ona sözümün olub-olmadığını soruşdu. Dedim ki, ona məktub var. Kimdən olduğunu soruşdu. Dedim ki, özümdən. Mənim oxumağımı istədi. Ümumiyyətlə bir neçə ay idi ki, önəmli məktubları mənə oxutdururdu. O, hələ Klivlenddə gözlərindən əməliyyat olunmamışdı və yaxşı görmürdü. Mənə çox güvənirdi və inanırdı. Mən də məktubu oxudum. Məktub bitdikdən sonra çox sakitliklə dedi ki: “Vəfa, mən sənin istefanı qəbul etmirəm. Xahiş edirəm, kağızını da götür, get işlə”. Mən də: “Cənab Prezident, biz bir-birimizi yaxşı tanıyırıq və mən çox gözəl bilirdim ki, siz mənim istefamı qəbul etməyəcəksiniz. Ona görə də mən bütün körpüləri yandırdım”, - dedim. “Nə danışırsan? Nə körpü?” - deyə reaksiya verdi. Artıq istefa məktubumu “Turan”a göndərdiyimi və bütün mediaya yayıldığını söylədim. Bunu eşidəndə o, bir dəqiqəlik otaqdan çıxmağımı istədi. Sözsüz ki, mənim dediklərimi yoxlamaq istəyirdi. Bir az sonra Heydər Əliyev məni yenidən dəvət etdi. Dedi ki, mənim istefamı qəbul edə bilməz. Mən də bunun mənim qəti qərarım olduğunu söylədim. Sonra o mənə belə bir ifadə işlətdi: “Vəfa, sən Qarabağ məsuliyyətini çiyinlərinə götürməkdən qorxursan”. Mən də düz onun gözlərinin içinə baxdım və dedim: “Cənab Prezident, mən o yaşdayam ki, ölümdən qorxmuram. Baxın, srağagün ikimizin də yaxın dostu rəhmətə getdi. Həyat belə şeydir. Ölümdən qorxmaq olmaz. Bu, başqa məsələdir”. Ondan sonra aramızda xeyli söhbət oldu və onu mətbuata açıqlamıram. Soruşdu ki, istefaya getdikdən sonra onun sözünə, tapşırığına baxacağammı. Dedim ki, dostluğumuz əbədi olaraq qalacaq, mənə nə desə canla-başla yerinə yetirəcəyəm. Doğrudan da, biz sonralar da məsləhətləşirdik.

Ancaq onu da qeyd edim ki, mətbuatda yazılanların əksinə olaraq, Tofiq Zülfüqarov və Eldar Namazovun istefalarında mənim təsirim olmayıb, onların hərəsinin öz səbəbi vardı.

 

Azərbaycanın belində hələ sovet yükü uzun müddət qalacaq

 

- Son vaxtlarda Türkiyə ilə münasibətlərdə bir soyuma, geri çəkilmə hiss olunur. Siz bunu necə qiymətləndirirsiniz?

- Türkiyə ilə münasibətlərdə hansısa irəliləyiş görsəydim, indi də deyərdim ki, geriləmə var. Azərbaycan keçmiş sovet cümhuriyyətidir. Azərbaycanın belində hələ sovet yükü uzun müddət qalacaq: beyinlərdə, fikirlərdə.

Sovet dövlətlərində rejim çökdükdən sonra hakimiyyət keçmiş “KQB”çilərin, sovet liderlərinin əlinə keçdi. Onlar yenilik istəsələr də, bunu bacarmırlar. Çünki onların beyinləri, mentalitetləri fərqli cür tərbiyə olunub. Ona görə Rusiyada və bütün keçmiş sovet respublikalarında demokratik proseslər ləng gedəcək. O vaxta qədər ki, keçmiş kommunistlərin yerini müasir fikirli, demokratik görüşlü insanlar tutacaqlar.

- Yəni Türkiyə ilə “bir millət, iki dövlət” olmağımıza hələ vaxt var?

- Türkiyə cəmiyyətinin ideologiyası Azərbaycandakından fərqlidir. Azərbaycan ziyalısı türk ziyalısından fərqli düşünür. Türk ziyalısı cəbhəsindən asılı olmayaraq, əksəriyyət etibarilə Allaha inanır. Azərbaycan ziyalıları isə ateist rejimdə tərbiyə olunublar. Türkiyədə iqtisadi rejim də bizimkindən fərqlidir. Bizim yaşadığımız şərait vəhşi kapitalizmdir: heç bir prinsip olmadan hər cür yolla bacardığın kimi varlan. Bunu da məmurlar özləri edirlər. Bu, yalnız Azərbaycanda belə deyil. Bütün keçmiş sovet ölkələrində vəziyyət eynidir. Heç bir ölkədə orta təbəqə və vətəndaş cəmiyyəti yoxdur.

Ona görə də Türkiyə və Azərbaycan müxtəlif dünyaların ölkələridir. Dilimiz bir olsa da, intellektuallarımız bir-birlərini başa düşmürlər. Ancaq talelərimiz bir olduğu üçün bir-birimizə yaxınlaşmağımız labüddür.

 

Türkiyə Ermənistanla heç vaxt dost ola bilməyəcək

 

- Türkiyə Ermənistanla münasibətləri bərpa edə bilərmi?

- Türkiyə-Ermənistan münasibətlərini yalnız qlobal məsələlərlə bağlı surətdə başa düşmək olar. Türkiyə Ermənistanla heç vaxt dost ola bilməyəcək. Çünki Ermənistan müstəqil ölkə deyil. O, Rusiyanın forpostudur. Rusiya yalnız onu istəyə bilər ki, Türkiyə Ermənistanın iqtisadiyyatını dirçəltsin. Ancaq Ermənistanın hərbisi Rusiyanın əlində qalacaq. Bu, 1995-ci ilin reallığıdır. İndi isə qlobal situasiya dəyişib. İndi Rusiyada həm siyasi, həm də iqtisadi vəziyyət çox pisdir. Bu vəziyyət davam edərsə, Ermənistan Rusiya imperatorluğunun təsiri altından çıxacaq. Yeni vəziyyətdə Ermənistanın Türkiyənin əlinin altına girməsi pis olmazdı. Bu perspektivi görürüksə, Türkiyənin Ermənistanla əlaqələr qurması düzgündür. Ancaq istənilən halda Türkiyə Rusiyadakı vəziyyəti düzgün dəyərləndirməlidir.

Sözsüz ki, Türkiyə müstəqil dövlətdir və Azərbaycanın nazı ilə oynaya bilməz. Hələ Azərbaycanın nazının da nə qədər obyektiv olduğu məlum deyil. Hələ məlum deyil ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlı, yoxsa açıq olması bizim xeyrimizədir. Bunu gələcək göstərəcək.

Bütün bunlara baxmayaraq, düşünürəm ki, Ermənistanla bağlı qərar 2015-ci ildən tez qəbul olunmamalıdır. Hələlik bəzi görüşlər keçirilə bilər, nazirlər səviyyəsində gediş-gəliş ola bilər.

O ki qaldı Dağlıq Qarabağ məsələsinin Türkiyə-Ermənistan danışıqlarında prioritet olmasına, Türkiyə bunu əvvəlcədən şərt kimi irəli sürsə, onda bu danışıqlar heç başlamayacaq. Ancaq emosional baxımdan bizim qardaşımız gedib düşmənimizlə qucaqlaşarsa, biz əzab və izdirab çəkəcəyik. Bunu bilmək lazımdır. Emısional baxımdan biz bununla heç vaxt barışa bilməyəcəyik.

 

Rusiya çökmədən Dağlıq Qarabağ problemi həll olunmayacaq

 

- Dağlıq Qarabağ probleminin həlli perspektivini necə görürsünüz?

- Bu problemi nə sülh, nə də hərb yolu ilə həll etmək mümkün deyil. Bu problem tələ kimi Rusiya tərəfindən qurulub. Məqsəd ondan ibarətdir ki, nə vaxtsa Rusiya İmperiyasını bərpa edəndə bu tələ yardımçı olsun. Putin elə düşünürdü ki, neftin qiyməti artmaqda davam edəcək, 300 dollara qədər qalxacaq və bu gəlirlər sayəsində bütün ordunu yeniləşdirəcək, sonra ABŞ-a yumruq göstərəcək, nəticə etibarilə köhnə imperiyanı bərpa edəcək. Ancaq son böhran Rusiyanın məqsədlərini yarımçıq qoydu.

Rusiyanın Sovet İttifaqını bərpa etmək planları tam alt-üst olduqdan sonra Dağlıq Qarabağ problemini həll etmək mümkün olacaq. Yəni Rusiya çökmədən bu problem həll olunmayacaq.

 

Siyasətdə dostluq yoxdur

 

- Vəzifədə çalışdığınız günlər arxada qalıb. Həmin günlərdə dostlarınız olubmu? İndi sizə zəng edib hal-əhval tuturlarmı?

- Siyasətdə dostluq yoxdur. Mənim dostlarım başqa yerlərdədir. Vəzifə tanışlarımdan heç kim mənə zəng etmir. Heç onları qınamıram da. Çünki bizdə hələ də köhnə sovet sistemi işləyir. Sovet dövründə də elə olub ki, vəzifədən gedən insanlarla bütün əlaqələr kəsilirdi. Vəziyyət indi də elədir. İndi hər kəs bir-birləri ilə salamlaşmağa ehtiyat edir. Bu, sistem xəstəliyidir.

- Qohumlarla gediş-gəlişiniz varmı?

- Vəzifədə olan adamın qohumlarla gediş-gəlişi zəif olur. Buna onun vaxtı imkan vermir. İşim həmişə gərgin olub. Bir məsələ də var ki, indi Azərbaycan dönüb olub Amerika: qohumlararası gediş-gəlişlər yoxdur, qonşu ilə münasibətlər kəsilib. Əvvəllər bir evdə yemək bişəndə qonşuya da verirdilər ki, iy çəkib.

- Ailə-məişət münasibətləri dəyişir. Siz bu dəyişiklikləri necə qiymətləndirirsiniz?

- Həyat nəyi diktə edirsə, bizim iradəmizdən asılı olmayaraq, o da baş verir. Biz bu gün gəncləri başa düşmürük. Bizim valideynlərimiz də bizi başa düşməyib. Mənim dinlədiyim musiqini atam-anam başa düşmürdü. Mən də bugünkü gənclərin dinlədiyi repi başa düşmürəm. Sadəcə olaraq bütün bunlara dözümlülüklə yanaşmaq lazımdır.

Hesab edirəm ki, dünyadakı bütün insanlar öz dinlərinin qayda-qanunlarına riayət etsələr, (adam öldürmək, yetim malı yemək, xəyanət etmək və s. yasaqdır) bu, kifayətdir. Kim necə geyinir, hansı mahnıya qulaq asır, bunları dəyişmək mümkün deyil. Dünya ilə ayaqlaşmaq lazımdır.

 

Həyatıma yenidən başlasaydım, bu məkruhları etməzdim

 

- Qafqaz Universitetində mühazirə oxuyursunuz. Dərs dediyiniz gənclərə hansı istiqaməti göstərməyə çalışırsınız?

- Həyatı başa düşmələrinə çalışıram. Realist, praqmatik, optimist olmaları üçün istiqamət verirəm. Əxlaq və davranış sahələrində öz dünyagörüşümü onlarla bölüşürəm.

- Qafqaz Universitetini necə qiymətləndirirsiniz?

- Çox gözəl. Düşünürəm ki, Türkiyə Azərbaycanda nə qədər çox belə ziya ocaqları açsa, Azərbaycan xalqına bir o qədər çox kömək etmiş olar. Hamı gedib Avropada oxuya bilməz. Ancaq Qafqaz Universiteti ona bərabər təhsil verir. Orda hər cür imkan və şərait var. Texniki və metodoloji imkanları müasirdir. Bu çox uğurlu layihədir və belə layihələr çox olmalıdır.

- Həyatınıza geri baxdıqda tənqidi yanaşdığınız məqamlar olubmu?

- Həyatımda gizlədiləsi böyük bir şey yoxdur. Ancaq təəssüf ediləsi məqamlar olub. Məsələn, təəssüf etmişəm ki, siqaret çəkmişəm, ancaq bunsuz mümkün olmayıb. Sovet diplomatik xidmətində olanda spirtli içki içməyə də məcbur idim. İçməli idim ki, rus mənə hörmət etsin, görsün ki, mən polad kimi möhkəməm. Həyatıma yenidən başlasaydım, əlbəttə ki, bu xoşagəlməzliklərə yer verməzdim.

 

Allaha qul olan həqiqi azadlığa qovuşmuş olur

 

- Kimləri oxuyursunuz?

- Sevimli yazıçılarım çoxdur. Tolstoyu, Çexovu dəfələrlə oxumuşam. Puşkini, Turgenevi də oxumuşam. Onlar Qərb mentaliteti ilə böyümüşdülər və rus cəmiyyətində olan çatışmazlıqları görürdülər.

- Quran oxuyursunuz?

- Bəli, oxuyuram. Hətta ayələrə özüm üçün şərhlər verirəm. Quranda Allaha qul olmaq anlayışı var. İnsan Allahın quludursa, başqa heç kimə qul ola bilməz. Allaha ibadət edən, onu ən böyük hesab edən heç kimə qul olmamalıdır. Ona görə də Allaha qul olan həqiqi azadlığa qovuşmuş olur.

- Siz özünüz nə qədər qul ola bilmisiniz?

- Mənim bütün həyatım Allahın əlindədir. Onun varlığını, əlbəttə ki, qəbul edirəm. Kəlimeyi-şəhadətimi hər gün təkrarlayıram. Qurandan bəzi ayələri hər gün oxuyuram. Vaxtım olduqca Quranı da oxuyuram. Düşünürəm ki, əsl müsəlman olmaq asan deyil. Özümü ruhən müsəlman hesab edirəm. Ancaq Quranda göstərilən bütün məsələlərə riayət edə bilmirəm. Mən müasir insanam. Ona görə də Allahın yanına bu cür gedəcəm. Necə qərar verəcəyi Onun öz işidir.

 

 

Zaman.-2009.-30; 31 mart.-S.8-9; 13.