“Xilaskar” maraqla qarşılandı
Tamaşada
Heydər Əliyev obrazını teatrın direktoru, əməkdar mədəniyyət işçisi
İftixar Piriyev canlandırır
Aktyor Evində yazıçı Aqşin Babayevin Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Xilaskar” sənədli-publisistik pyesi əsasında hazırlanmış eyniadlı tamaşaya içtimai baxış keçirilib. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları tərəfindən nümayiş etdirilən birhissəli tamaşada Heydər Əliyevin ikinici dəfə hakimiyyətə qayıdışı canlandırılıb.
Əsərə quruluş və tərtibat vermiş əməkdar incəsənət xadimi Oruc İzzətoğlu (Qurbanov) aktyor heyətindən ustalıqla bəhrələnərək yaxın keçmişimizin təlatümlü anlarını, ölkəni uçuruma aparan siyasətbazların, dövlət məmurlarının iç üzünü, xəyanətkar xislətlərini qabarıq ştrixlərlə tamaşaçıya çatdırmağa müvəffəq olub.
Tamaşada Heydər Əliyev obrazını teatrın direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev canlandırır. Bəri başdan deyək ki, o, Heydər Əliyevin xalqa, vətənə olan sədaqət və məhəbbət hisslərini, onun prinsipial, həm də qətiyyətli xarakterini tamaşaçılara yaddaqalan cizgilərlə çatdıra bilir. Hətta o, Heydər Əliyevin məlum tarixi çıxışlarını edərkən tamaşaçılar bu səsin aktyora məxsus olduğuna şübhə ilə yanaşdılar. Elə ictimai baxışda çıxış edənlər də - rejissor Vaqif Əsədov, aktyor Azad Şükürov və başqaları onun bu obraz üzərində mükəmməl işlədiyini vurğuladılar. İftixar Piriyev bizimlə söhbətində bu rolun onun yaradıcılığında ilk tarixi obraz olduğunu vurğulamaqla yanaşı, üzərinə düşən məsuliyyəti də dilə gətirdi.
Sədr obrazını
canlandıran xalq artisti
İsmət Tapdıq
Zaman.-2009.-7 may.-S.8.