“Region teatrlarında müəyyən boşluq yaranıb

 

"Yazarlar da öz yeni əsərlərini Bakı teatrlarına təqdim etməyə səy göstərirlər. Bizə isə hərdən müraciət edirlər"

 

Ötən ilin iyul ayında Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatr binasının əsaslı təmirinə başlanılıb. Bəs, belə bir şəraitdə teatr öz işini necə qurub? Bu ya digər suallarla teatrın direktoru Nazir Qafarova müraciət etdik. Onun sözlərinə görə, hazırda teatr şəhərin Energetiklər qəsəbəsindəki Azər Niftəliyev adına Mədəniyyət evində fəaliyyətini davam etdirir: “Hazırda A. Qəhrəmanovunİfritəəsərinin son məşqləri gedir. Bu yaxınlarda həmin tamaşaya ictimai baxış keçiriləcək”. Həmsöhbətimiz oradakı şəraitsizlikdən gileyləndi: “Hələlik şəraitimiz o qədər ürəkaçan olmadığından tamaşalarımızı səyyar formada nümayiş etdiririk. Mingəçevirdə fəaliyyət göstərən müəssisələrdə çıxış edirik”. Kollektivin səfərlərindən söz açan Nazir müəllim Tərtər Zərdab rayonlarında alqışlarla qarşılandıqlarını dedi. Nazir müəllim yaradıcılıq prosesində qarşılaşdıqları problemlərdən söz açdı: “Ən başlıcası kadr çatışmazlığıdır. Söhbət təkcə aktyorlardan getmir. Bu gün bizim teatra rəssam da lazımdır, rejissor da... Bu kimi çatışmazlıqlar artıq teatrımızda açıq-aydın özünü büruzə verir. Yeri gəlmişkən onu da qeyd edim ki, hazırda aktyorlarımızın əksəriyyəti ixtisaslı kadrlar deyil”. Onun sözlərinə görə: “sovet dönəmində bu ixtisas üzrə təyinatlar vardı. Aktyor təyinatla yerinə gəlirdi onun üçün hər cür şərait yaradılırdı. Məsələn, mən özüm təyinatla bura gəlmişəm. Dövlət məni mənzillə təmin edib. Amma indi... Bəlkə , elə bu səbəbdən indi Mədəniyyət İncəsənt Universitetini bitirənlər Bakıdan kənara çıxmaq istəmirlər. Onları da qınamıram e... Bu çətinlik bir yana. Digər tərəfdən 130 manat məvaciblə hansı adam gəlib bölgədə aktyorluq edər? Ona görə region teatrlarında müəyyən boşluq yaranıb. Onu da deyim ki, hər aktyorun müəyyən yaş həddi var. Axı 70-75 yaşlı sənət adamından yeni gözləmək olar? Həyat yeniləşməyi tələb edir. Bir sözlə, bu gün bölgə teatrlarında gənclərə ciddi ehtiyac var”. O, bölgə teatrlarına yazarların da maraqlarının azaldığını vurğuladı: ”Yazarlar da öz yeni əsərlərini Bakı teatrlarına təqdim etməyə səy göstərirlər. Bizə isə hərdən müraciət edirlər. Odur ki, biz ancaq klassiklərə üz tutmaqla kifayətlənirik. Demirəm ki, klassiklərə ehtiyac duyulmur. Duyulur, amma yeni əsərlər lazımdır“. O, son illər teatra gələnlərin sayının azaldığını da vurğuladı. Qeyd edək ki, bu ilin mart ayında teatrın 40 yaşı tamam olsa da, bu yubiley təntənəli şəkildə keçiriliməyib. O, belə bir tədbirin teatrın təmirdən sonrakı açılış günündə qeyd olunacağını bildirdi: “Açılış gününə isə Elçin ƏfəndiyevinQatiltamaşasını hazırlamaq niyyətindəyik”.

 

 

Rafael Mayılbəy,

 

Esmira Hidayətova

 

Zaman.-2009.-14-15 may.-S.8.