E L E K T R O N M Ə L U M A T B A Z A S I


Aşıq Ələsgərə

Könlümdə yaşadıb könül varımı,
Sazımı eşqinlə çalmışam, ustad!
Aylarla oxuyub qoşmalarını,
İllərlə xəyala dalmışam, ustad!

Bağlanıb varlığım qıfılbəndinə,
Tilsimdi, sehrindən qaça bilmirəm.
Bağlama demisən, bircə bəndinə
Bir ömür qoymuşam, aça, bilmirəm.

Ürəyin yanğısı tellərə düşüb,
Cinas ilmələnib, təcnis toxunub.
Yazıya düşməmiş dillərə düşüb,
Ellərin dilində əzbər oxunub.

Sən elə qatmısan balı qaymağa,
Dadan ləzzətindən doymur, ay ustad!
Sözün şöhrətini elə, oymağa
Hamı sənin kimi yaymır, ay ustad!

Baxdım yaratdığın misraya, bəndə,
Nə memar işidir, nə zərgər, dedim.
Dilim söz tutanda, ağlım kəsəndə
Ələsgər çağırdım, Ələsgər dedim!

Zəlimxan Yaqub,
Xalq şairi

******
Azərbaycan ədəbiyyatı tarixində aşıq ədəbi məktəbinin fəxri Aşıq Ələsgərin zəngin ədəbi-bədii irsi estetik və təlim-tərbiyə məktəbidir.

Səməd Vurğun,
Xalq şairi

******

Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan poetik fikrinin inkişafında parlaq və gözəl bir səhifədir ki, o, insanın ürəyində doğrudan da çox nəcib duyğular oyadır, insana böyük zövq və ləzzət verir.
 

******

Aşıq Ələsgərin yaradıcılığı mənaca, mündəricə etibarilə geniş və dolğundur. Aşıq Ələsgər yaradıcılığının bədii keyfiyyətləri, sənətkarlığı, bədii dili və obrazlı ifadələri bişmiş, bitkin, bütöv və gözəldir

Mirzə İbrahimov,
Xalq yazıçısı

******

Aşıq Ələsgər fitri istedadlı el sənətkarıdır. Aşıq Ələsgərin dili olduqca zəngin, bədii və səlisdir.

Osman Sarıvəlli,
Xalq şairi

******

Aşıq Ələsgər Azərbaycan poeziyasının əzəmətli zirvələrin-dən biridir. O, qüdrətli söz ustası, saz ustası idi; yeni şeirlərini xalqa çatdıran, uzun qış gecələrində məclis aparan, yüzlərlə, minlərlə dinləyiciyə əxlaq, mənəviyyat, xeyirxahlıq, gözəllik dərsi deyən müəllim idi. Ələsgər sazı, Ələsgər sözü Azərbaycan xalqı üçün bir əsrə yaxın böyük bir ədəbiyyat universiteti rolunu oynamışdır.

Məmməd Araz.
Xalq şairi

******

Göyçə aşıq poeziyasında Aşıq Ələsgərin xüsusi mövqeyi, zəngin poetik irsi vardır. Aşıq Ələsgər poeziyasının bədii və tərbiyəvi mahiyyəti çox canlı, təsirli və qüvvətılidir.

Sədnik Paşayev,
Professor.

******

Göyçə aşıq ədəbi mühitinin mahir sənətkarı Aşıq Ələsgər insanı ucaldan təmiz, saf, mənəvi və ülvi məhəbbətin tərənnümçüsüdür.

Mürsəl Həkimov,
Professor

******

Məktəb təhsili görməyən, adını da yazmağı bacarmayan, dahi el sənətkarı Aşıq Ələsgər özünün kəskin hafizəsi, qeyri-adi istedadı sayəsində xalq yaddaşında qorunan zəngin milli-mədəni irsə dərindən yiyələnmiş, həm şifahi və yazılı ədəbiyyat nümunələrinə, həm dini-mifoloji rəvayətlərə, həm də Şərq dünyası üçün səciyyəvi fəlsəfi-etik görüşlərə yaxından bələd olmuşdur.

******

Şeirlərinin məzmunu və bədii dəyəri ilə heç bir aşıqla müqayisəyə gəlməyən Aşıq Ələsgər dodaqdəyməz, dildönməz, müstəzad təcnis, ərəb əlifbasının 28 hərfinin sıralandığı “əlif-lam” yaratmaqla Azərbaycan aşıq şeiri tarixində belə formalı şeir şəkillərinin əsasını qoymuşdur.

İslam Ələsgər,
Filologiya elmləri namizədi, Ələsgərşünas alim

******

Aşıq poeziyası Dədə Ələsgərlə əlçatmaz, ünyetməz bir zirvəyə ucaldı. Bütün qüdrətli sufi sənətkarları şəriət, təriqət, mərifət mərhələlərini keçib, həqiqətə, haqqın ulu dərgahına qovuşmaq istəyi ilə çırpındığı halda, ona bu haqqı haqqın özü bəxş eləmişdi. Haqqın ulu dərgahına ucalmaq lazım deyildi Göyçənin bu qüdrətli oğluna. O, haqqın ulu dərgahından qopub şəriəti, təriqət və mərifəti insanlara anlatmaq, onları həqiqətə, haqqa qovuşdurmaq üçün gəlmişdi bu dünyaya.”

Hüseyn İsmayılov,
Filologiya elmləri doktoru, professor

******

Aşıq Ələsgərin lirikası xalq şeirinin qızıl fonduna daxildir. Onun insan qəlbini oxşayan misilsiz poeziyası gənc nəslin ömür salnaməsidir.

Mehdi Hüseyn,

Xalq yazıçısı

******

Aşıq Ələsgər qoşmaları bədii ifadə cəhətdən çox zəngindir. O, aşıq şeirinə mövzu vəhdəti gətirmiş, elə qoşmalar yaratmışdır ki, orada hadisə ardıcıl şəkildə təsvir edilərək oxucuya bitkin bir təsəvvür verə bilir.

Həmid Araslı,
Akademik

******

Aşıq Ələsgərin yaradıcılığı ilə aşıq şeiri yeni inkişaf mərhələsinə yüksəlmişdir.

Feyzulla Qasımzadə,
Akademik

******

Aşıq Ələsgərin yaratdığı cinasların bərabəri yoxdur. Bu cinasların üstünlüyü onların təbiiliyində, sadəliyində və aydınlığındadır.

Məmməd Arif,
Akademik

******

Azərbaycan aşıq poeziyası tarixində Aşıq Ələsgər əbədi yaşayacadır.

Məmmədhüseyn Təhmasib,
Professor

******

Aşıq Ələsgər Azərbaycan aşıq poeziyası tarixində müəyyən bir məktəb yaratmış sənətkardır. Aşıq Ələsgər böyük təcnis ustasıdır. Təcnislər Aşıq Ələsgər poeziyasının zirvəsi hesab olunur.

Paşa Əfəndiyev,
Professor

******

Aşıq Ələsgər klassik ənənəyə sadiq qalaraq, insan məhəbbətini, insan gözəlliyini, insan mənəvi aləmini dövrünün ruhuna, ahənginə, zövqünə xas olan bir tərzdə tərif və tərənnüm etmişdir.

Qara Namazov,
Professor

******

Aşıq Ələsgər sözün əsl mənasında qüdrətli bir şairdir. Aşıq Ələsgər fitri istedad sahibi olmuşdur.

Vaqif Vəliyev,
Professor

******

Aşıq Ələsgər Azərbaycan aşıq poeziyasının bayraqdarı, Göyçə aşıq ədəbi məktəbinin zirvəsində duran dahi saz və söz ustasıdır.

Əliyar Qarabağlı
Professor

******

Gözəllik nəğməkarı olmuş ustad aşığın dastan yaradı-cılığına münasibəti həm dastan yaradıcılığı üsullarının öyrənilməsi, həm də aşığın sənətə verdiyi ictimai-siyasi əhəmiyyətin ifadəsi kimi maraqlı və qiymətlidir.

Şamxəlil Məmmədov,
Pedaqoji elmlər namizədi

******

Dədə Ələsgərin yaradıcılığını türk xalqının ensiklopediyası adlandırmaq olar.

Tamilla Əliyeva,
Filologiya elmləri namizədi, professor

******

Aşıq Alının şəyirdləri arasında Aşıq Ələsgərin xüsusi dəsti-xətti, mövqeyi və böyüklüyü diqqəti çəkir. Ələsgərin yetişməsində Alının böyük xidməti olduğu kimi, Alının da uca şöhrət sahibi olmasında Ələsgər kimi çox istedadlı bir şəyirdinin olmasıdır. Bəlkə də Ələsgər kimi bir müdrik söz sərrafının yetişməsi üçün Ulu Tanrı Aşıq Alını yaratmışdı.”

Eldar İsmayıl,
şair­yazıçı, әmәkdar jurnalist


<< Geri