Var olsun Qarabağ,
əcəb səfadı,
Başa Xaçın axar, ayağa Qarqar.
Göyçə qar əlindən zara gəlibdi,
Muğan həsrət çəkər: a yağa qar, qar.
Ahən gəzər, səngə verər mər dana,
Mərd oğulun qəhrin çəkər mərd ana,
Mərd iyid meydanda durar mərdana,
Müxənnət yapışar ayağa, qarqar.
Ələsgəri çəkməyinən ala sən,
Geyinibsən yar, qəddinə ala sən.
Lazımdı ki, qərib könlün alasan,
İncidərsən, sana, ay ağa, qarqar.
*******
Nələr gördüm, gəşt elədim dünyanı,
Hər bir işin qilü-qalı varıymış.
Yaxşı günün olurmuşsa yamanı,
Yaman günün yaxşı halı varıymış.
Haqq sözə gərəkdi düz qiymət olsun,
Qiyməti verməyə mərifət olsun.
İnsanda insanlıq, səxavət olsun,
Neylərəm ki, cah-calalı varıymış.
Qayım ağa, niyə fikrə dalırsan?
Yoxsa ki özündən hesab alırsan.
Sayılmaz mehmana keçə salırsan,
Saydığın qonağa xalı varıymış.
Çox gəzmişəm, az görmüşəm danəndə,
Deməliyəm sözün yeri gələndə.
İnsan üzün görməyəsən dönəndə,
Açılanda xoş camalı varıymış.
Ataş alub çox da yanma, Ələsgər,
Sənətindən heç usanma, Ələsgər,
Öz-özünə qubarlanma, Ələsgər,
Dünyanın Urusdam-Zalı varıymış.
*******
Haqq sözə, gərəkdi, düz qiymət olsun,
Qiyməti verməyə mərifət olsun.
*******
Sərraf yüz bəzəsə səngi-siyahı,
Üzdən mütəlladı, ləl ola bilməz.
*******
Bu dünyada üç şey başa bəladı,
Yaman oğul, yaman arvad, yaman at.
*******
Aldanma dövlətə, uyma dünyaya,
Halaldan kəsb elə özünə maya.
*******
Könül, doğru yoldan gəl olma kənar,
Əyri yolda gedən haqdan utanar.
*******
Bir mərd ilə ağı yesən şirindi,
Yüz namərdlə şəkər yesən dad olmaz.
*******
Bu dünyada mən təcrübə elədim,
Namərd körpü salsa onda ad olmaz.
*******
Zikirsiz mömini şeytan aladadar,
Sayğısız iyidi düşman aldadar.
*******
Dərdimi dərd bilməz nadana dedim
Anlamaz, başını ha bular, bular.
*******
Qarı düşman bir də gəlib dost olmaz
Əlin tutub yalvarasan üz ha üz.
*******
Ahəngər deyiləm, naşı bəzirgan,
Gözüm dürdanədə, a yaməndədi.
Sinəmdədi eşqin şirin çeşməsi,
Ləzzəti meyl edib ay əməndədi.
Bir sazım var, yox pərdəsi, nə simi,
Onu çalıb, kim tərpədər nə simi?
Firdovsi, Füzuli, Hafiz, Nəsimi –
Onlar da yazdığı, ayə, məndədi.
Kişi gərək zəhmət çəksin dər salsın,
Süfrə açsın, ad qazansın, dər salsın.
Dərsi azlar Ələsgərdən dərs alsın,
Altı min altı yüz ayə məndədi.