E L E K T R O N M Ə L U M A T B A Z A S I


Gövhər Baxşəliyeva,
millət vəkili, AMEA akad. Z.M.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun direktoru,
akademik

Azərbaycan şərqşünaslığı qədim və dərin tarixi köklərə bağlı-dır. Böyük Azərbaycan mütəfəkkirləri və alimləri Bəhmənyar, Xətib Təbrizi, Şihabəddin Sührəvərdi, Mahmud Şəbüstəri, Nizami Gəncəvi, Məhəmməd ibn Hinduşah Naxçıvani, A.Bakıxanov, M.F.Axundov, Mirzə Kazım bəy və başqaları öz qiymətli əsərləri ilə Şərq xalqlarının tarix, ədəbiyyat və fəlsəfəsinin inkişafına əvəzsiz töhfələr vermişlər. Azərbaycanda məşhur şərqşünaslar çox olmuşdur... Ərəb, fars və türk dillərinin gözəl biliciləri, bu dillərdə yazılmış möhtəşəm poeziya nümunələrinin yorulmaz tədqi-qatçıları, Azərbaycanın böyük tarixçiləri, islamşünaslar, mətnşü-naslar və s. Hər əsəri elmdə yeni söz, yeni tapıntı olan bu parlaq alimlər, işıqlı şəxsiyyətlər öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslığının özünəməxsus simasını müəyyənləşdi-rib, keçmiş sovet şərqşünaslığında xüsusi “Azərbaycan məktəbi”-nin mövcudluğunun etiraf olunmasını təmin etmişlər. Görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filolo-giya elmləri doktoru, professor Aida xanım İmanquliyeva həmin məktəbin inkişafında böyük xidmətləri olan, eyni zamanda keçmiş ittifaq və dünya miqyasında onu layiqincə təmsil edən nüfuzlu alimlərimizdən olmuşdur. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa bir vaxt ərzində ona nəinki keçmiş Sovetlər Birliyində, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirmişdir.
Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1957-ci ildə Bakı şəhərinin 132 saylı orta məktəbini qızıl medalla bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə daxil olmuş-dur. 1962-ci ildə universiteti bitirəndən sonra həmin universitetin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuş, daha sonra keçmiş SSRİ EA Asiya xalqları İnstitutunun aspi-ranturasında təhsil almışdır. 1966-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda öz məhsuldar elmi fəaliyyətinə başlamışdır.
Aida xanım elmin bütün enişli-yoxuşlu yollarını pillə-pillə keçmişdi, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçilikdən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünas-lıq İnstitutunun direktoru vəzifəsinə ucalmışdı.
1989-cu ildə Aida xanım İmanquliyeva Tbilisi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmiş, filolo-giya elmləri doktoru elmi dərəcəsini və tezliklə bu ixtisas üzrə professor adı almışdır.
Üç monoqrafiyanın (“Mixail Nüaymə və “Qələmlər birliyi”, M., 1975; “Cübran Xəlil Cübran”, B., 1975; “Yeni ərəb ədəbiyyatı korifeyləri”, B., 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan A.N.İmanquliyeva Şərq filologiyası sahəsində yazıl-mış bir çox elmi əsərlərin redaktoru olmuşdur. Müasir Şərq ədəbiyyatının bir sıra əsərləri də Aida xanımın tərcüməsində işıq üzü görmüşdür. O, həmçinin Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika xarici ölkə ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasına sədrlik etmişdir.
Prof. A.N.İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə respublika hüdudlarından uzaqlarda (Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halle və s.) ləyaqətlə təmsil etmişdir.
Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində sax-lamışdır. Təsadüfi deyil ki, institutun Ərəb filologiyası şöbəsinə başçılıq etdiyi qısa müddət ərzində onun bilavasitə səyləri ilə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdir.
Aida İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumitti-faq Koordinasiya Şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.
O, uzun illər pedaqoji fəaliyyətlə də səmərəli məşğul olmuş, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxumuşdur.
Dünya şöhrətli şərqşünaslarla bir sırada adı çəkilən Aida İmanquliyevanın tədqiqatlarının sahəsi ərəb filologiyası və ya konkret olaraq ərəb məhcər ədəbiyyatı olaraq qeyd olunur. Lakin Aida xanımın araşdırdığı məsələlər şərqşünaslığın və filoloji düşüncənin hüdudlarına sığmır. Şərq-Qərb problematikasının bədii-romantik tərənnümü Aida xanımın yaradıcılığında müstəqil fəlsəfi problem kimi qoyulur və Şərq ilə Qərb düşüncələrinin vəhdət zərurəti elmi-fəlsəfi arqumentlərlə sübuta yetirilir. Belə ki, Aida xanım tədqiq etdiyi görkəmli şəxslərin xidmətlərini göstərməklə kifayətlənməyərək, özü də Şərq-Qərb probleminin həlli istiqamətində olduqca dəyərli fikirlər irəli sürmüşdür.
Onun tədqiqatları nəticəsində bütün dövrlər üçün aktuallığını saxlayan mütləq bir həqiqət müəyyənləşmişdir: Şərqin bir çox ölkələrinin müasir inkişafı bir gerçəkliyi ortaya qoyur – Qərbin mədəni dəyərləri o zaman yerli zəmində kök sala və onu zəngin-ləşdirə bilər ki, onlar Şərq ənənəsinə və milli xarakterə uyğun formalarda əxz edilsinlər. Alimin çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatla-rının həmin aspektdə öyrənilməsi üçün çox mühüm zəmin yaradır və metodoloji əhəmiyyət daşıyır.
Sivilizasiyalararası dialoq ideyasının siyasi, iqtisadi və kultu-roloji müstəvilərdə üzə çıxması əslində elmi-fəlsəfi və ədəbi-bədii yaradıcılıqda aparılan axtarışların nəticəsi idi. Bu problem bədii yaradıcılıq müstəvisində bir sıra yazıçı-mütəfəkkirlər tərəfindən hələ XX əsrin sonunda qaldırılmışdı. Aida İmanquliyeva məhz həmin ədəbi-bədii proseslərin XX əsrin sonunda kəsb etdiyi yeni ictimai-siyasi mənanın aktuallığını nəzərə alaraq, bu problemi Azərbaycan şərqşünaslıq məktəbinin mühüm istiqamətlərindən birinə çevirdi.
Qeyd etdiyimiz kimi, Aida xanım İmanquliyevanın maraq dairəsi geniş və çoxşaxəli idi. Bununla belə, onun çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyekti ərəb məhcər ədəbiyyatı idi.
XIX əsrin sonlarında bir çox ərəb ölkələrinin, ilk növbədə Livanın, ictimai-siyasi və iqtisadi həyatındakı problemlər insanları vətəni tərk edib kütləvi şəkildə ABŞ-a mühacirət etməyə məcbur etdi. Livan yaradıcı ziyalılarının ABŞ-a, xüsusilə də, Nyu-York şəhərinə mühacirəti ilə ərəb məhcər ədəbiyyatının təşəkkülü başlandı, bu da son nəticədə yeni ərəb ədəbiyyatının forma-laşmasında əhəmiyyətli rol oynayan xüsusi və özünəməxsus “Suriya-Amerika məktəbi”nə çevrildi. Ərəb ədəbiyyatını fəal şəkildə əcnəbi ədəbiyyatların təcrübəsinə qoşmaq yolu ilə onu yeniləşdirmək missiyası rolu “Suriya-Amerika məktəbi”nin aparıcı nümayəndələrinin üzərinə düşdü.
Alimin çoxsaylı və gərgin araşdırmaları sayəsində aşağıdakı nəticələr əldə edilmişdir: Ərəb məhcər ədəbiyyatı nümayəndələri-nin ədəbi yaradıcılığının əhəmiyyəti ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının etik və bədii dəyərlərini yenilik ruhunda əxz etmiş, yeni formada ifadə etmiş, onların nailiyyətlərini milli ənənələrlə sintezdə təcəssüm etdirmişlər. “Suriya-Amerika məktə-bi”nin ən istedadlı sənətkarları əcnəbi ədəbiyyatlardan məhz ərəb ölkələrinin ən mühüm ictimai inkişaf tələblərinə cavab verən nailiyyətləri mənimsəmişlər. Bu yazıçıların fəaliyyəti sayəsində XX əsrin əvvəllərində ərəb ədəbiyyatı regional birliklər çərçivəsin-də qapanıb qalmaq ənənəsini dəf edə və dünya ədəbi prosesinə fəal şəkildə qoşula bilmişdir. “Suriya-Amerika məktəbi” yazıçıları-nın yaradıcılığı qeyri-adi bir sintezin nümunəsi oldu – onun əlaqə dairəsinə eyni vaxtda üç ənənə: “göl məktəbi”, Amerika trans-sendentalizmi və rus ədəbiyyatının tənqidi realizmi daxil oldu. Bunları təhlil edən tədqiqatçı yazır: “Ədəbi faktların təsviri, müqayisəli təhlili və öyrənilməsi yeni ərəb ədəbiyyatının formalaş-masına dair təsəvvürləri nəinki genişləndirdi, həm də Şərqin yeni ədəbiyyatının tarixi inkişafının mürəkkəb və ziddiyyətli forma-larının tipoloji baxımdan həqiqi mənzərəsini canlandırdı. “Suriya-Amerika məktəbi”nin adı çəkilən üç cərəyanla təmasının nəticəsi burada müəyyən bədii metodların formalaşması oldu: “göl məktəbi” və transsendentalizm Cübran və ər-Reyhaninin yaradıcılığında romantik metodun təşəkkül tapmasına səbəb oldu-sa, rus ədəbiyyatı ilə əlaqə və ünsiyyət realist Nüayməni formalaş-dırdı”.
Tədqiqatçı məhcər ədəbiyyatı yaradıcılarının ədəbi-bədii üslubunun bütün incəliklərini tədqiqat obyektinə çevirir: “Mühacir yazıçılar yeni ədəbi üslubun yaradıcıları idilər. Onlar mümkün qədər bu üslubu arxaizmlərdən, ağır sintaktik quruluşlardan, müxtəlif növ süni bəzək yığınından azad etmişlər. Bununla bəra-bər, onlar ərəb klassik ədəbiyyatının ənənə və dəyərlərinə sayğılı münasibət nümayiş etdirmişlər”.
Alim ərəb məhcər ədəbiyyatının ən müxtəlif bədii üsluba malik nümayəndələrinin yaradıcılığını araşdırdı: Nuaymə yaradıcı-lığında rus ədəbiyyatının təsiri ilə formalaşan tənqidi realizmi öy-rəndi, Cübran yaradıcılığında ingilis poeziyasının təsiri ilə roman-tik üslubunun inkişaf prosesini izlədi, Amerika transsenden-talistlərinin Əmin ər-Reyhani və digərlərinin yaradıcılığında oynadığı rolu müəyyənləşdirdi. Bu zaman o, yüzlərlə ədəbiyyat oxuyur, yazıçıların ən məşhur əsərlərini təhlil edir, onların yaradıcılıq metodunu, dünyagörüşünü, nəsr və poeziya dillərinin təkamülünü, lirizmi, müxtəlif qəhrəman obrazlarının xüsusiyyət-lərini tədqiq edir, dünya ərəbşünaslığında ilk dəfə olaraq ərəb-Amerika, Qərbi Avropa və rus ədəbi əlaqələrinin məğzi və əhə-miyyətini tam aşkar edir, ərəb məhcər ədəbiyyatının ən görkəmli nümayəndələrinin bədii üslubunun formalaşmasında Qərb və rus ədəbiyyatlarından mənimsəmə prosesi və onun nəticələrini müəy-yənləşdirir.
Alimin gəldiyi qənaətə görə, ədəbi inkişaf prosesi gedişində maarifçi didaktizm, sentimentalizm cizgiləri qeyd olunan ərəb yazıçıları tərəfindən aradan qaldırılmış, romantizmin və tənqidi realizmin poetikası mənimsənilmişdir. Beləcə onlar içərisində olduqları tarixi gerçəkliyi əks etdirmək üçün çox zəruri olan yeni ideya və yeni formaları özündə daşıyan Qərb mədəniyyəti və ədəbiyyatının nailiyyətlərindən yaradıcı surətdə faydalanmışlar.
Bu yazıçıların hər biri öz yaradıcılıq metoduna xas olan etik və bədii dəyərlər ehtiyatını işə salaraq, onu özünəməxsus şəkildə bədii təcrübədən keçirmişdir. Cübran və ər-Reyhani Qərb roman-tizminə müraciət etmişlər. Lakin ərəb romantik şairlərindən fərqli olaraq, bu yazıçılar yalnız onun zahiri xüsusiyyətlərini mexaniki şəkildə qəbul etməmiş, romantizmi yaradıcı metod kimi, yəni onlara ərəb gerçəkliyinə öz münasibətlərini ifadə etmək imkanı verən yeni nəzər nöqtəsi kimi mənimsəmişlər. Onlar ilk olaraq maarifçiliyin artıq daralmış çərçivəsini qırıb romantizm cəbhəsinə keçmişlər. Cübranın və ər-Reyhaninin yaradıcılığında romantik istiqamət nəinki mənimsənilmiş, həm də zənginləşmiş və mürəkkəbləşmişdir. Bu, bir tərəfdən ərəb ədəbiyyatının xüsusi ənənələri ilə Qərb romantizmi təcrübəsinin mürəkkəb sintezi nəticəsində, digər tərəfdən hər iki sənətkarın fərdi istedadı sayə-sində baş vermişdir. Beləcə, onlar ümumbəşəri problemlərin qoyu-luşu səviyyəsinə yüksəlmiş və dünya ədəbi prosesinin nəinki bəra-bərhüquqlu iştirakçısı olmaq, həm də yeni bədii dəyərlərin dünya ədəbiyyatına ötürücüsü kimi çıxış etmək imkanı qazanmışlar.
Professor Aida İmanquliyeva təkcə ərəb mühacir şairlərinin romantikasını araşdırmaqla kifayətlənməmiş, onları Qərb romantik poeziyasının görkəmli nümayəndələri ilə müqayisəli surətdə təhlil etmişdir. Lakin tədqiqatını bununla da məhdudlaşdırmayaraq, bütövlükdə romantik poeziyanı ədəbiyyatda yeni ruhlu bir hadisə kimi nəzərdən keçirmiş və bu konteksdə ədəbi-bədii metodlar və onların mahiyyəti haqqında olduqca dəyərli fikirlər irəli sürmüşdür.
A.İmanquliyeva araşdırmalarının sonunda belə bir müddəa irəli sürür ki, ərəb ədəbiyyatı xarici ədəbiyyatların nailiyyətlərin-dən faydalanmasında ilk növbədə məhcər ədəbiyyatı nümayəndə-lərinə borcludur. Məhcər yazıçıları Qərb ədəbiyyatının pozitiv təsiri orbitində olaraq, onun ən yaxşı nailiyyətlərini mənimsəmiş və özlərinə məxsus şəkildə inkişaf etdirmişlər. Öz əsərlərində milli ruhu və milli koloriti qoruyub saxlaya bilən bu yazıçılar yeni ərəb ədəbiyyatının inkişafında əvəzsiz rol oynamışlar. Məhz onların yaradıcılığı sayəsində XX əsr ərəb ədəbiyyatının mövzu dairəsi genişlənmiş, janr tərkibi daha da rəngarəng olmuş, bədii ifadənin yeni formaları yaranmış və ərəb ədəbiyyatı ümumbəşər mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir.
Aida xanımla 15 il birgə çalışan bir insan kimi bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Ulu Tanrı Aida xanımı yaradarkən, çox səxavətli olmuş, ona yüksək şəxsi və intellektual keyfiyyət-lərlə yanaşı, qibtədoğuran bir zahiri gözəllik də bəxş etmişdi. Onun gözəlliyini vəsf etmək üçün bəlkə də Füzuli qələmi, Vaqif təbi, Ələsgər sözü gərəkdir. Çünki bu zahiri gözəllik onun daxili aləmi, zəngin mənəvi dünyası, incə ruhu və həssas qəlbi ilə tam bir harmoniya təşkil edirdi…
Bu günlərdə görkəmli şərqşünas-alim, elm təşkilatçısı, peda-qoq, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliye-vanın yubileyidir. Çox təəssüf ki, onun ömür yolu qısa oldu. Amma onsuz ötən illər bir həqiqəti də ortaya qoydu: Aida xanım bizdən yalnız cismən ayrılıb – adı dillərdən düşmür, xatirəsi ürəklərdən silinmir. Əsərləri dönə-dönə oxunulur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Nə qədər ki, onun alim qələmi ilə uğrunda mübarizə apardığı ideya və amallar aktuallığını itirməyib, nə qədər ki, Şərq və Qərb münasibətlərində tam anlaşma bərqərar olmayıb, insanlar dönə-dönə Aida İmanquli-yevanın əsərlərinə müraciət edəcək və gələcək nəsillər onu daim minnətdarlıqla xatırlayacaqlar.


<< Geri