Azərbaycan
mədəniyyətinin qızıl fondu
Son zamanlar "Azərbaycan"
qəzetində informasiya cəmiyyəti şəraitində insanların təhsil və tərbiyəsində
mühüm əhəmiyyət kəsb edən kitab və kitabxana işinə dair çox dəyərli yazılar dərc
edilir. Bu baxımdan "Anamın kitabı" (20 fevral 2009-cu il), "Kitabxanalar tarixi
yaddaşımız, milli-mənəvi xəzinəmizdir" (14 may 2009-cu il) adlı yazılar və
Səbail Rayon İcra Hakimiyyətinin "Azərbaycan" qəzeti ilə birlikdə keçirdiyi
"Kitaba həsrət oxucu, yoxsa oxucuya həsrət kitabxanalar" (21 may 2009-cu il)
sərlövhəli "dəyirmi masa" xüsusi maraq doğurur.
Kitabxanaların ölkəmizin
iqtisadi, siyasi, ictimai və elmi-mədəni həyatında, intellektual səviyyəsinin
yüksəldilməsində böyük əhəmiyyət və rolunu dərk edən bir tədqiqatçı kimi belə
yazıların meydana gəlməsinə və dərc edilməsinə yüksək qiymət verir, redaksiyaya
öz minnətdarlığımı bildirərək bu maraqlı yazıları vaxtında səslənən "həyəcan
təbili" sayıram.
Doğrudur, müstəqillik
illərində kitabxana işi sahəsində çox böyük dövlət tədbirləri həyata keçirilmiş,
geniş islahatlar aparılmış, kitabxana işinə dair dövlət siyasəti
formalaşmışdır.
Kitabxanalarımız keçmiş
cəmiyyətdən miras qalmış ideoloji buxovlardan, senzura nəzarətindən azad olmuş,
bu işdə böyük demokratikləşmə, milliləşmə prosesi aparılmışdır.
Kitabxananı xalq, millət,
cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi kimi
qiymətləndirən ulu öndərin 1993-cü ildə hakimiyyətə gəlişi qurtuluş illəri hesab
olunur. Bu illər həm də kitabxanaların qurtuluş illəri kimi xarakterizə
edilməlidir. Belə ki, Xalq Cəbhəsinin iqtidarı dövründə onların kütləvi surətdə
bağlanmasının və binalarının zəbt olunmasının qarşısı alındı. Heydər Əliyevin
ciddi səyi, qayğısı və imzaladığı fərmanlar nəticəsində respublikamızın dövlət
kitabxana şəbəkəsi qorunub saxlandı. Azərbaycan MDB ölkələri içərisində bu
şəbəkəni saxlayan yeganə respublika oldu.
Keçid dövrünün çətinliklərinə
baxmayaraq, ötən əsrin 90-cı illərinin ikinci yarısından kitabxana işinə ayrılan
vəsait ilbəil artırılmağa başlandı. Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə
ölkəmizin tarixində ilk dəfə olaraq "Kitabxana işi haqqında" Azərbaycan
Respublikasının Qanunu qəbul edildi. Bu qanuna və ulu öndərin azərbaycançılıq
konsepsiyasına əsaslanmış dövlətin kitabxana siyasəti formalaşdı.
Kitabxana işi sahəsində ulu
öndər tərəfindən əsası qoyulmuş bu inkişaf yolu Heydər Əliyevin siyasi varisi
cənab İlham Əliyev tərəfindən daha da irəli aparılmağa başlandı. Ölkə rəhbərinin
son dövrlərdə kitab və kitabxana işinə dair imzaladığı "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" (2004-cü il),
"2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə
tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamlar böyük
strateji əhəmiyyət kəsb edir. Bu siyahıya 546 adda kitab daxil edilmişdir ki,
hər bir kitabın tiraji 25.000 nüsxə nəzərdə tutulmuşdu. Beləliklə, 13 milyon 650
min nüsxə kitab nəşr edilməli idi. Sərəncamda adı çəkilən həmin kitablar çap
edilib, pulsuz olaraq respublika kitabxanalarına hədiyyə olunmuşdur. Dünyada
analoqu olmayan bu tədbir Azərbaycan dövlətinin mədəni siyasətinin parlaq
təzahürüdür.
Adlarını çəkdiyimiz
sərəncamlarla yanaşı, dövlətimizin başçısı İlham Əliyev 2007-2008-ci illərdə
böyük əhəmiyyət daşıyan "Azərbaycanda kitabxana fəaliyyətinin yaxşılaşdırılması
haqqında" (2007-ci il) sərəncam və "Azərbaycan Respublikasında kitabxana
informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nı
imzalamışdır.
Azərbaycan kitabxana işi
tarixində ilk dəfədir ki, bu sistemi, onun əhəmiyyətini, cəmiyyətdə tutduğu
mövqeyini, müasir informasiya cəmiyyəti şəraitində onların vəzifələrini, gələcək
inkişaf istiqamətlərini və perspektivlərini müəyyənləşdirən böyük əhəmiyyətli
bir sənəd qəbul edilmişdir. Bu sənəd kitabxana işinin yaxın gələcək üçün inkişaf proqramıdır.
Son illərdə respublikada
kitabxana işi sahəsində bir çox tədbirlər görülmüş, nailiyyətlər qazanılmışdır,
kitabxanaların şəbəkəsi genişləndirilmişdir. Əgər ötən əsrin 90-cı illərinin
əvvəllərində ölkədə 120 milyon kitab fonduna malik 10 min kitabxana var idisə,
indi onların sayı 12 mindir. Bu sistemə yalnız kütləvi kitabxanalar deyil,
həmçinin ayrı-ayrı nazirliklərin, idarə və müəssisələrin, ictimai təşkilatların
kitabxana şəbəkələri daxildir. Təkcə Mədəniyyət və Turizm Nazirliyinin 4500-dən
artıq kitabxanasında 40 milyondan artıq kitab və digər sənədlər oxucuların
istifadəsindədir. Mədəniyyət və Turizm Nazirliyi müasir informasiya cəmiyyətinin
qarşıya qoyduğu vəzifələrə müvafiq çox ciddi layihələr həyata keçirməyə nail
olmuşdur.
Beləliklə, son beş ildə
ölkəmizdə kitabxana işinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bura
ayrılan vəsaitin artırılması, müasir dövrün tələblərinə müvafiq olaraq
kitabxanalarımızın müəyyən hissəsinin kitabxana-informasiya texnologiyası ilə
təmin edilməsi, onların kompüterləşdirilməsi və internetə qoşulması üçün
əlverişli şərait yaradılmışdır.
Kitabxanalarımız YUNESKO-nun
"İnformasiya hamı üçün" proqramını dönmədən həyata keçirməyə səfərbər olmuşdur.
Müstəqillik illərində
Azərbaycanda kitabxana quruculuğu sahəsində qazanılmış böyük uğurlara
baxmayaraq, bu sahədə həllinə böyük ehtiyac hiss edilən nöqsan və çatışmazlıqlar
qalmaqdadır.
Azərbaycan Respublikasında
kitabxana-informasiya şəbəkəsinə daxil olan kitabxanaların 90 faizi müasir
tələblərə cavab vermir. Bir neçə kitabxana istisna olmaqla, onların əksəriyyəti
yararsız vəziyyətdədir. Kitabxanaların bir çoxu qəza vəziyyətində olan
uyğunlaşdırılmış və ya yardımçı binalarda fəaliyyət göstərir. Respublikanın
rayonlarında kənd kitabxana filiallarının bir hissəsi şəxsi evlərdə yerləşir.
Kənd və qəsəbə filiallarının 79,2 faizinin sahəsi darısqal olduğundan oxu
zalları təşkil etmək qeyri-mümkündür.
Bu səbəbdən əhalinin 66,8
faizi kitabxanalardan istifadə edə bilmir. Onların yeni kitabxana-informasiya
texnologiyası ilə təminatı və internetə qoşulması vəsait çatışmazlığı üzündən
olduqca ləng gedir. Kitabxanaların informasiyalaşdırılması sahəsində aparılan
işlər də ürəkaçan deyil. Onlarda beynəlxalq əlaqələrin təşkili sürətlə
qloballaşan dünyanın tələblərindən çox geri qalır. İnformasiya
texnologiyalarının çatışmazlığı elektron kitabxanaların və elektron kataloqun
yaradılmasına imkan vermir. Kitabxana fondlarının tələbata uyğun, sistemli və
məqsədli komplektləşdirilməməsi daim yeniləşən informasiya axınında oxucu
kontingentinin itirilməsinə, bütövlükdə əhalinin mütaliə marağının azalmasına
səbəb olur. Bütün bunlar bir daha təsdiq edir ki, müasir şəraitdə
respublikamızda əhaliyə kitabxana-informasiya xidmətinin təşkilində çox ciddi
nöqsanlar və çatışmazlıqlar qalmaqda davam edir. Bunların tezliklə aradan
qaldırılması geniş kitabxana şəbəkəsinə malik olan nazirliklərin, idarə və
müəssisələrin respublika ictimaiyyətinin və ziyalılarımızın qarşısında çox böyük
problemlər qoyur. Həmin problemlər icərisində kitab-kitabxana-oxucu və
kitabxanaçı problemi olduqca mühüm yer tutur.
Müasir kitabxana bilik
okeanının (kitabın) toplanıb saxlandığı, bugünkü oxucunun tez-tez müraciət
etdiyi sosial təsisat olduğundan cəmiyyətin mədəni səviyyəsi həmin təsisatdan
çox asılıdır. Kitabxanalar olmasa, mədəniyyətin yaddaşı itirilə
bilər.
İnsan beyninin, zəkasının,
təfəkkürünün yüksək məhsulu olan kitab Şumer dövründən başlayaraq zəmanəmizə
qədər 3 min ildən artıq bir məsafə keçmiş, cəmiyyətin inkişaf və tərəqqiyə gedən
yolunu işıqlandırmış, bəşəriyyətin yaratmış olduğu bilikləri qoruyub saxlamış,
unudulmaqdan, məhv olmaqdan xilas etmiş, beləliklə də bəşəriyyətə, insanlığa,
insanların tərəqqi və inkişafına, kamilləşməsinə xidmət etmişdir.
Kitablar həmişə insanlar
tərəfindən yüksək qiymətləndirilmiş, bütün zamanlarda ona böyük sevgi, məhəbbət,
hörmət olmuş, müqəddəs sayılmışdır.
Kitab nəşrinə böyük qiymət
verən ulu öndər Heydər Əliyev deyirdi: "Kitab nəşri hər bir ölkənin, xalqın
mədəniyyətində, ümumiyyətlə mənəvi-ictimai həyatında çox görkəmli yer tutur. Hər
birimiz ilk növbədə kitab vasitəsilə təhsil, elm almışıq. Həyatda yaşamağa,
fəaliyyət göstərməyə hazırlanmışıq, ona görə də hər birimiz kitablara borcluyuq.
Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən
biridir". Heydər Əliyevin bu ibrətamiz fikirləri müasir şəraitdə bir daha təsdiq
olunur.
Təəssüflə qeyd etmək lazımdır
ki, nəşriyyatlarımız bu tələbatı ödəməkdən çox-çox uzaqdır. Müstəqillik
illərində nəşriyyatların, xüsusilə özəl nəşriyyatların sayının artmasına
baxmayaraq, onların məhsuldarlığı, çap edilən kitabların tirajı dövrün
tələblərinə cavab vermir.
Respublikamızda nəşriyyat
işinin günün tələbləri səviyyəsində təşkilinə mənfi təsir göstərən amillərdən
biri kadr problemidir. Nəşriyyatlarımızda, xüsusilə son zamanlar yaranmış özəl
nəşriyyatlarda kitabçılıq işini, kitab nəşri fəaliyyətini dərin bilən peşəkar
kadrlar olduqca azdır.
Ötən əsrin 70-90-cı illərində
ölkəmizdə kitab ticarətinin vahid sistemi formalaşmışdı. Böyük şəhərlərdə və
rayon mərkəzlərində kitab mağazaları təşkil edilmiş, kəndlərdə isə kitablar kənd
qarışıq mallar mağazalarında satılırdı. Bakıda, Gəncədə, Naxçıvanda, Sumqayıtda
və digər şəhərlərdə ixtisaslaşmış kitab mağazaları fəaliyyət göstərirdi. Təkcə
Bakı şəhərində 100-dən artıq belə mağaza var idi. Elə bu qədəri də rayonlarda
fəaliyyət göstərirdi. Kitabların tirajının böyük olmasına baxmayaraq, onlar,
demək olar ki, satılırdı.
Sovetlər birliyi dövründə
respublikamızın ali məktəblərində də universal kitab mağazaları fəaliyyət
göstərirdi. İndi Bakı Dövlət Universitetindən başqa heç bir ali məktəbdə kitab
yayımı mərkəzi yoxdur. 2005-ci ildən fəaliyyətə başlayan bu mərkəzin təcrübəsi
göstərir ki, onlar bütün ali məktəblərdə təşkil edilsə, kitab mütaliəsinə, onun
yayılmasına mühüm təsir göstərə bilər.
Son üç ildə BDU-nun nəşriyyatı 40-dan
artıq adda dərslik və dərs vəsaiti çap etmişdir. Bu dərsliklərin əksəriyyəti
Azərbaycan kitabçılığı tarixində ilk dəfə nəşr edilən
nüsxələrdir.
Sevindirici haldır ki, həmin
dərsliklər və dərs vəsaitləri tələbələr tərəfindən böyük həvəslə alınır.
Müstəqilliyin ilk illərində
işbazlar özəlləşdirmə adı ilə bütün kitab mağazalarını ələ keçirib, onların
binalarından başqa məqsədlər üçün istifadə etməyə başladılar. Hazırda Bakı
şəhərində cəmi 4-5 kitab mağazası qalmışdır. Əlbəttə, vəziyyətin bu cür
formalaşması kitabın yayılmasına ciddi təsir göstərmiş, oxucuların sayı azalmış,
əhalinin mütaliəyə marağı zəifləmişdir.
Göstərdiyimiz acınacaqlı
vəziyyətin aradan qaldırılması üçün təcili surətdə Bakının hər rayonunda, digər
böyük şəhərlərdə və kənd rayonlarında kitab mağazaları açılmalı, onun reklamına
və təbliğinə ciddi fikir verilməli, kütləvi informasiya vasitələrində radio və
televiziyada yeni kitabları təbliğ etmək üçün daimi rubrikalar yaradılmalıdır.
Böyük şəhərlərdəki təhsil ocaqlarında, mədəni-maarif müəssisələrində, mədəniyyət
saraylarında, parklarda kitab günləri, yazıçılarla, alimlərlə, jurnalistlərlə
görüşlər keçirilməli, kitaba, onun tərbiyəvi, elmi əhəmiyyətinə dair təbliğat
xarakterli kinofilmlər çəkilməli, yeni kitabların satış-təqdimatı
keçirilməlidir.
Müasir dövrdə
kitabxanalarımızın qarşısında duran ən mühüm problem mütaliə ilə bağlıdır. Bu,
təkcə kitabxanaların yox, bütün cəmiyyətin problemidir. Mütaliə - yazılı
informasiyanın mənimsənilməsi, ardıcıl və davamlı oxu deməkdir. Yazılı
informasiya daha etibarlı, sınanmış, dəfələrlə yoxlanılmış mötəbər
informasiyadır. İnsanlara gərəkli olan məlumatı isə kitablardan, jurnallardan və
qəzetlərdən əldə etmək olar.
Ölkəmizdə son dövrlərdə
mütaliə edən insanların, xüsusilə gənclərin sayının azalması günbəgün mütaliəni
və oxu mədəniyyətini sistemli böhran həddinə gətirib çıxarır. Mədəniyyət və
Turizm Nazirliyinin kitabxana şəbəkəsinin hesabatlarına görə, ölkənin yaşlı
əhalisinin ancaq 50 faizindən çoxu kitabxanaların oxucusudur. Onların xeyli
hissəsi daimi deyil, özlərinə müəyyən sahəyə dair informasiya lazım olanda
kitabxanaya müraciət edən insanlardır.
Beləliklə, kitabxana işinin
son dövr fəaliyyətinin təhlili və ümumiləşdirilməsi əsasında belə qənaətə gəlmək
olur ki, bütün dünyada olduğu kimi, respublikamızda da son illərdə mütaliəyə
münasibət dəyişmiş, onun səviyyəsi aşağı düşmüş, oxucuların sayı xeyli
azalmışdır. Bu acınacaqlı vəziyyətin uzun müddət davam etməsi millətin faciəsinə
çevrilə bilər. Doğrudur, mütaliəyə marağın azalması bütün dünyanı bürümüş bir
meyildir. Təhlükəli meylin qarşısını almaq üçün bir çox ölkələr xüsusi strateji
proqramlar qəbul edib, səmərəli üsullar həyata keçirirlər. Problemin həllində
kitabxanaların mühüm rol oynaya biləcəyini nəzərə alaraq onların vəziyyətini
yaxşılaşdırmaq, oxuculara xidmət işini günün tələbləri səviyyəsinə qaldırmaq
zərurəti qaçılmazdır.
Hazırda respublikamızın
kütləvi kitabxanalarının 70 faizindən çoxu bir otaqda yerləşir, oxu zalları
yoxdur. Oxu zalı olmayan kitabxanalar oxuculara ancaq abonement vasitəsilə
xidmət edir ki, bu da insanların kitabxanadan uzaqlaşmasına səbəb olur. Məlumat
ədəbiyyatı və dövri mətbuat evə verilmədiyindən oxucular kitabxana-informasiya
xidməti ilə tam təmin olunmur.
Həmçinin kitabxanaların müasir
avadanlıqla, kitabxana-informasiya texnologiyası ilə zəif təchizatı burada
oxucunun yeni kitablar haqqında informasiya ala bilməməsinə səbəb olur,
beləliklə də o, tədricən kitabxanadan uzaqlaşır.
Müasir şəraitdə
kitabxanalarımızın ən böyük bəlası onların fondlarının kasadlığı, müasir
oxucunun tələbatını ödəyə bilməməsidir. Bunun bir çox obyektiv və subyektiv
səbəbləri var.
Ölkəmizdə yeni əlifbanın qəbul
edilməsi kitabxana fondlarının operativliyinin azalmasına, onun sürətlə
köhnəlməsinə gətirib çıxardı. Digər tərəfdən, keçid dövrünün çətinlikləri ilə
əlaqədar kitabxanaların zəif maliyyələşdirilməsi kitabxana fondlarının yeni
ədəbiyyatla komplektləşdirilməsini heçə endirdi. 90-cı illərdə kütləvi
kitabxanalar yeni kitablar və dövri mətbuat almaqdan məhrum oldular. Kitabxanaya
ayrılan maliyyə vəsaiti ancaq onun yaşamasını təmin edə bilirdi. Yeni kitablar
almayan kitabxana suyu sovrulan dəyirmana bənzəmirmi? İşləməyən dəyirmana kim
gələr? Doğrudur, son zamanlar kitabxanalara ayrılan vəsaitin artırılması bu işi
nisbətən də olsa, qaydaya salmışdır, Prezidentin fərmanı ilə çap edilən
kitablardan hər birindən kütləvi kitabxanaya 4-5 nüsxə göndərilməsi də bu
fondların dirçəlməsinə, canlanmasına səbəb olmuşdur.
Təəssüf ki, Maliyyə Nazirliyi
tərəfindən rayon kitabxanalarına kitab alınmasına dair qəbul etdiyi sənəd yeni
nəşrlərin alınması işini xeyli çətinləşdirir. Bu sənədə görə, kitabxana işinə
ayrılan vəsait bütün sosial, mədəniyyət müəssisələrinə ayrılan vəsaitə daxil
olmuşdır. Yerlərdə isə əksər hallarda ayrılan vəsaiti digər müəssisələrə
verdiklərindən kitabxanalara vəsait qalmır. Bizcə, bu maddə "Kitabxana işi
haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olmalıdır. Qanunda
göstərilir: "Dövlət kitabxanaları maliyyələşdirilərkən büdcədən kitab
fondlarının komplektləşdirilməsinə yönəldilən vəsait ayrıca maddədə göstərilməli
və bu vəsait müntəzəm olaraq artırılmalıdır". Bizcə, ulu öndər Heydər Əliyev
tərəfindən imzalanmış "Kitabxana işi haqqında" qanunun bu bəndinə ciddi əməl
edilməlidir.
Təkcə kitabxanaların
maddi-texniki bazasını möhkəmləndirmək, kitabxana fondlarını lazımi ədəbiyyatla
komplektləşdirməklə iş bitmir. Əsas vəzifə onların imkanlarından istifadə edərək
oxucuya xidməti, əhalini kitabxana oxucuları sırasına cəlb etmək işini günün
tələbləri səviyyəsinə qaldırmaq, mütaliə prosesini idarə etməkdir.
Mənəvi-intellektual tələbat insan üçün əbədi ehtiyacdır. Təbiət və cəmiyyət,
onun inkişaf qanunları haqqında lazımi biliklər əldə etmədən yaşadığımız dövrün
fəal üzvü olmaq mümkün deyildir. Bu baxımdan öyrənməyin, məlumatlanmağın, dövrlə
ayaqlaşmağın ən mühüm vasitəsi mütaliədir, fasiləsiz
təhsildir.
Məlumdur ki, insan müxtəlif
şəraitdə, evdə, işdə, istirahət müəssisələrində mütaliə edə bilər. Lakin
tələbatına müvafiq olaraq hər hansı mövzu və ya problem haqqında mükəmməl elmi
məlumat əldə etmək məqsədi daşıyan mütaliə isə yalnız kitabxana şəraitində baş
verə bilər. Belə ki, kitabxanaların zəngin kitab fondu, fondun araşdırılması
üçün məlumat aparatı, müxtəlif lüğətlərin, ensiklopediyaların və digər məlumat
ədəbiyyatının mövcudluğu, lazımi texniki vasitələr, eləcə də istənilən zaman
mütəxəssis kitabxanaçının köməyindən istifadə etmək imkanı burada mütaliə
prosesinin daha effektli və ona sərf edilən vaxtın səmərəli olmasına zəmin
yaradır. Bu baxımdan informasiya cəmiyyəti şəraitində kitabxanaların qarşısında
bütün əhalini oxucu sırasına cəlb etmək kimi çox mühüm vəzifə qoyulmuşdur.
Müasir oxucunu kitabxanadan
uzaqlaşdıran, mütaliə marağının azalmasına səbəb olan problemlərdən biri də
mövcud kitabxanalarda oxuculara kitabxana xidmətinin lazımi səviyyədə təşkil
edilməməsidir.
Məlum həqiqətdir ki, əhaliyə
keyfiyyətli kitabxana-informasiya xidmətinin təşkili və insanların mütaliəyə
cəlb edilməsi yüksək ixtisaslı, peşəkar kitabxanaçı kadrlardan da asılıdır.
Müasir şəraitdə yüksək ixtisaslı, sürətlə yeniləşən informasiya
texnologiyasından baş çıxaran, cəmiyyətin inkişaf sürəti ilə ayaqlaşan, öz
ixtisasını sevən peşəkar kitabxanaçılara olduqca böyük ehtiyac var. Ancaq
təəssüflə qeyd etmək lazımdır ki, respublikamızın kitabxanaçılarının müasir
vəziyyəti bu tələbata cavab vermir. Ölkəmizdə təxminən 30 minə qədər kitabxanaçı
çalışır. Onların təxminən 80 faizdən çoxunun kitabxanaçılıq təhsili yoxdur.
Kitabxanalara işə yeni işçi qəbul edərkən onun ixtisas təhsilinin
olub-olmamasını soruşmurlar. Kitabxanaçı peşəsi bir növ tramplinə çevrilmişdir.
Müxtəlif ixtisaslar üzrə ali məktəbi bitirmiş şəxslər öz peşələri üzrə iş tapa
bilmədikdə kitabxanalarda işə düzəlir, ixtisasları üzrə iş tapan kimi
kitabxanaçılığı buraxıb gedirlər.
Beləliklə də kitabxanalarda
müntəzəm olaraq kadr axını davam edir. Respublikamızda ali peşə təhsilli
kitabxanaçı kadrları Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya
fakültəsi, orta ixtisas təhsilli kadrları isə Bakı Mədəni-Maarif məktəbi
hazırlayır. Son illərdə bu təhsil müəssisələrinə qəbul 2 dəfədən çox azalmış,
həmin tədris müəssisələrini qurtaran məzunlar üçün təyinat aparılmamışdır. Bu da
kitabxanaların kadr potensialının tədricən zəifləməsinə, yeni, yüksək ixtisaslı
kadrlardan məhrum olmasına gətirib çıxarmışdır.
Son zamanlar respublikamızda
məktəb kitabxanalarının maddi-texniki bazalarının möhkəmlənməsi, yeni abad
binalarla, kitabxana işinin texniki vasitələri ilə daha intensiv təmin
edilməsinə baxmayaraq, onların işində də həll edilməsinə böyük ehtiyac olan
problemlər qalmaqdadır. Hər şeydən əvvəl məktəb kitabxanalarının maddi-texniki
bazası çox zəifdir. Demək olar ki, məktəblərin əksəriyyətində kitabxanalar bir
otaqda yerləşir. Oxu zallarının olmaması şagirdlərlə iş aparmaqda çətinliklər
yaradır. Kitabxanaların şagirdlərin mütaliəsinə nəzarət etmək, onlara mütaliəyə
maraq aşılamaq, fərdi iş aparmaq imkanı yoxdur. Həmçinin məktəb kitabxanalarının
fondu çox zəifdir. Sinifdənkənar oxu üçün istənilən ədəbiyyat yoxdur.
Şagirdlərin çox maraq
göstərdiyi yeni bədii ədəbiyyat olduqca azdır. Kitabxanalara yeni ədəbiyyat
almaq üçün ayrılan vəsait kitabxanaların kitaba olan tələbatını ödəmir.
Məktəblərdə dərsliklərlə iş, yeni dərsliklərin alınıb şagirdlərə paylanması və
onlardan geri alınması kitabxanaya tapşırıldığından kitabxanaçının oxuculara
kitabxana-informasiya xidməti göstərməsinə ciddi mane olur. Yaxşı olardı ki,
dərsliklərlə iş üçün ayrıca ştat ayrılaydı. Bundan başqa, kadrların seçilib
yerləşdirilməsi lazımi səviyyədə təşkil edilmir. Məktəb kitabxanaları içərisində
yüksək ixtisaslı peşəkar kitabxanaçıların sayı azdır. Belə kadrların sayı
respublika üzrə təxminən 10 faizdən bir az çoxdur.
Məktəb kitabxanalarına müdir
vəzifəsinə əksər hallarda pedaqoji fəaliyyətdən uzaqlaşmış müəllimləri təyin
edirlər. Son illərdə BDU-nun kitabxanaçılıq-informasiya fakültəsini bitirən bir
nəfər məzun belə təyinatla məktəb kitabxanalarına işə göndərilməmişdir.
Məktəb kitabxanalarına
rəhbərlik də ürəkaçan vəziyyətdə deyildir. Təhsil Nazirliyinin minə yaxın
kitabxanasının olmasına baxmayaraq, nazirliyin aparatında kitabxana işinə
rəhbərlik edəcək bir qurum və ya bir mütəxəssis belə yoxdur. Məktəb
kitabxanaları nədənsə oxuculara xidmət edərkən ənənəvi iş, forma və
üsullarından, yeni kitab sərgilərindən, kitab müzakirələrindən, oxucu
konfranslarından, yeni kitabların təqdimatlarından, yazıçılarla, şairlərlə,
incəsənət xadimləri ilə görüşlərdən və s. az istifadə edirlər.
Bütün bunlara əsasən demək
olar ki, respublikamızda kitabxana işini günün tələbləri səviyyəsinə qaldırmaq
üçün olduqca ciddi tədbirlər görməyin, islahatlar aparmağın vaxtı çatmışdır.
Abuzər XƏLƏFOV,
əməkdar elm xadimi, BMT yanında Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının akademiki,
tarix elmləri doktoru, professor,
BDU-nun Kitabxanaşünaslıq kafedrasının
müdiri
Azərbaycan.- 2009.- 1 iyul.-
S.7.