Qafqaz regionuna həsr olunmuş ilk
fundamental ensiklopediya
Bu günlərdə Azərbaycan Respublikası təhsil nazirinin müavini, tarix
elmləri doktoru, professor, əməkdar müəllim İradə Hüseynovanın "Qafqazın tarixi
ensiklopediyası" adlı dəyərli əsəri, Bakıda "Çaşıoğlu" mətbəəsində nəfis şəkildə
işıq üzü görüb.
Ensiklopedik nəşrlərin hazırlanması və nəşri hər bir xalqın
mədəniyyətinin və elminin səviyyəsini müəyyən edən mühüm amillərdən
biridir. Bu nəşrlərin
yaradılması çox mürəkkəb və zəngin elmi informasiya bazasına söykənən, konkret
fakt və hadisələr haqqında bitkin məlumatların toplusudur. Ensiklopediyalar tarixən kitabın bir tipi kimi
formalaşmışdır. Universal və sahəvi, mövzu xarakterli
ensiklopedik nəşrlər daha geniş yayılmışdır. Deməli,
ensiklopediya yaratmaq bütövlükdə yazı və kitab mədəniyyətinin formalaşmasında
bir mərhələni təşkil edir. Bəşər mədəniyyəti tarixinə
çox qiymətli incilər bəxş etmiş Azərbaycan xalqının ensiklopediya nəşrlərı
yaratmaq sahəsində zəngin təcrübəsi vardır.
Ensiklopediyaların informasiya bazasının mükəməlliyi və dolğunluğu,
onların dünya kitabxanalarının soraq-biblioqrafik nəşrlər fondunun əsasını
təşkil etməsinə gətirib çıxarmışdır. Təsadüfi deyildir
ki, dünyanın məşhur kitabxanalarında bu tipli nəşrlər xüsusi şəraitdə mühafizə
olunur və bir qayda olaraq, onların mütaliəsi kitabxana şəraitində
mümkündür.
Bu günlərdə
oxuculara təqdim olunan görkəmli alim, tarix elmləri doktoru, professor,
Azərbaycan Respublikası təhsil nazirinin müavini, əməkdar müəllim İradə
Hüseynovanın "Qafqazın tarixi ensiklopediyası" monumental əsəri məhz bu qəbildən
olan nəşrlərdəndir və ensiklopediyalar haqqında qeyd etdiyimiz fikirləri bir
daha tamamlayır.
İradə Hüseynovanın "Qafqazın tarixi ensiklopediyası" bəşər
mədəniyyətinin ilk məskənlərindən biri olan Qafqaz regionuna həsr
olunmuşdur.
Bu soraq məlumat kitabı, bütövlükdə Qafqaz haqqında universal
informasiya mənbəyidir və öz miqyası, tərtibatı metodikası, elmi
informasiyaların sistemləşdirilməsi, ümumiləşdirilməsi və təqdim edilməsi
metodikasının müvəfəqiyyətli həlli baxımından təqdir olunmağa layiqdir.
Oxucuların istifadəsinə verilən bu ensiklopediya Qafqaz regionunda
qədim insan məskənlərində bu günümüzə qədər yaşayan etnos və xalqların tarixi
barədə kompleks məlumat verən ilk universal mənbə kimi çox böyük elmi, siyasi və
mədəni əhəmiyyətə malikdir.
Kitabın
elmi redaktoru M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının
rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva ensiklopediyaya
ön söz yazmış və əsəri yüksək qiymətləndirərək onun milli elmə, eləcə də dünya
elminə sanballı töhvə olduğunu xüsusi qeyd etmişdir.
İradə
Hüseynovanın "Qafqazın tarixi ensiklopediyası"nın elmi
redaktorlarından biri də tarix elmləri doktoru, professor Tofiq
Vəliyevdir.
Təqdirəlayiq haldır ki, çox zəngin milli, siyasi, mədəni və etnik
xüsusiyyətlərə malik olan Qafqaz xalqlarının tarixi inkişaf proseslərini
kompleks şəkildə öyrənmək üçün mühüm əhəmiyyətə malik olan bu əsər Azərbaycan
Milli Elmlər Akademiyasının hesabatında mühüm elmi nailiyyət kimi qeyd
edilmişdir.
Təqdim olunan nəşrin elmi yenilyi ondan ibarətdir ki, ilk dəfə olaraq
Qafqaz regionunda baş verən hadisələr kompleks şəkildə, onların vəhdəti və
qarşılıqlı əlaqəsi konteksində konseptual baxımdan öz həllini
tapmışdır.
Elə əsl,
həqiqi tarixin də missiyası məhz ondan ibarətdir ki, bir sıra millətlərarası,
etnik münaqişələrin obyektiv həllində, millətlərarası münasibətlərdə pozitiv
meyillərin yaranmasında tolerantlığın formalaşmasında, cəmiyyətin demokratik və
hüquqi əsaslarla möhkəmlənməsində, sosial iqtisadi sferada nailiyyətlərin əldə
edilməsində mühüm rol oynasın.
Ensiklopediya faktların zənginliyi, ayrı-ayrı tarixi hadisə, fakt və
proseslərə yeni baxışların ümumiləşdirilməsi, tarixi xronologiyanın
mükəmməlliyi, Qafqaz xalqlarının etnogenezi, dövlətçiliyinin təkamülü
konteksində materialların dürüst və dolğun təqdim edilməsi ilə də diqqəti cəlb
edir.
Əsərdə dünyanın nadir tarixi və coğrafi arealı olan Qafqaz, onun
xalqları və etnoslarının formalaşması prosesləri barədə qiymətli məlumatların
verilməsi həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün çox maraq
doğurur.
Milli Ensiklopediyanın direktoru Tofiq Nağıyevin fikrincə, "Qafqazın
tarixi ensiklopediyası" son dərəcə qiymətli, nüfuzlu tarixi mənbə, tarix elminin
inkşafı yolunda yeni uğurlu addımları təcəssüm etdirən stolüstü
kitabdır. Təcrübəli tədqiqatçı alim, professor İradə Hüseynova Qafqaz
xalqlarının təsərrüfat və mədəni həyatında, onların sosial-iqtisadi sistemində,
dillərində, adət-ənənələrində tarixi inkşafın müxtəlif dövrlərində baş vermiş
dəyişiklikləri təhlil etməyə müvəffəq olmuşdur.
Azərbaycan
Dövlət Telegraf Agentliyinin - "AzərTac"-ın əsər haqqında verilmiş məlumatında
göstərildiyi kimi, müəllif bu nəşrdə Qafqaz regionunun bütün tarixi inkşaf
dövrünü əhatə edir. İstedadlı alim qədim tarixə geniş ekskurs
edərək etnosların yaranması, onların qarşılıqlı münasibətləri, qarşılıqlı
təsiri, mədəniyyətlərin bir-birinə nüfuz etməsi problemlərinə toxunur, konkret
tarixi faktlar və hadisələr nümunəsində Qafqaz xalqlarının, çoxşaxəli həyatını
işıqlandırır.
Yüksək milli, mənəvi-əxlaqi və ümumbəşəri dəyərləri əsas tutan
müəllif müasir mərhələdə uğurlu daxili və xarici siyasət yeridən, dünya
səhnəsində mehriban qonşuluq, əməkdaşlıq və tolerantlıq prinsiplərinə
əsaslanaraq öz münasibətlərini quran Azərbaycanın lider mövqeyini şərtləndirmiş
amilləri hərtərəfli və dərindən təhlil edir. O, tamamilə haqlı olaraq görkəmli
dövlət xadimi və siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin
müstəqil Azərbaycan dövlətinin yaradılmasında və möhkəmlənməsində müstəsna rol
oynadığını göstərir.
Azərbaycan
Prezidenti, Heydər Əliyev kursunun ləyaqətlə davam etdirən İlham Əliyevin
ölçülüb-biçilmiş siyasəti və yorulmaz fəaliyyəti sayəsində respublikamız
dünyanın inkşaf etmiş və Qafqazın lider dövlətlərindən birinə çevrilmişdir.
Azərbaycan mühüm beynəlxalq və regional inteqrasiya
proseslərinin təşəbbüsçüsü olmuş, təkcə öz xalqının deyil, bütövlükdə regionun
rifah səviyyəsinin artmasını təmin etmişdir.
İradə
Hüseynovanın "Qafqazın tarixi ensiklopediyası"nın əhəmiyyətini artıran
amillərdən biri də Azərbaycan mədəniyyətinin, elminin, təhsilinin, incəsənətinin
və bütövlükdə sosial sferada köklü dəyişikliklərin baş verməsi üçün böyük səy
göstərən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun
fəaliyyətinə mühüm yer ayrılmasıdır.
İradə Hüseynovanın "Qafqazın tarixi ensiklopediyası"nın informasiya
tutumunun genişlənməsində əsərin sonunda "ərazi və demoqrafik məlumatlar",
"Qafqaz regionu: tarixi hadisə və faktlarda", "Hadisə və terminlərin
kataloqu"-nun verilməsinin oxucular üçün çox böyük əhəmiyyətinin olduğunu qeyd
etmək lazımdır.
"Ərazi və demoqrafik məlumatlar" yardımçı aparatında Cənubi və Şimali
Qafqazın respublikaları, onların ərazisi, əhalisi, paytaxtları haqqında müfəssəl
məlumatların verilməsi Qafqaz regionunda olan dövlət və xalqlar haqqında
oxuculara operativ informasiya əldə etməyə imkan verir.
İkinci
köməkçi göstərici "Qafqaz regionu: tarixi hadisə və faktlarda" adlanır. Ensiklopediyanın dəyərini artıran bu bölmə çox böyük zəhmətin
bəhrəsidir və Qafqazın ərazisində qədim dövrdən müasir dövrə qədər baş verən ən
mühüm tarixi hadisə və faktlar üzrə sinxron cədvəl şəklində tərtib
edilmişdir.
Ensiklopediyada diqqəti cəlb edən cəhətlərdən biri də "Hadisə və
terminlərin kataloqu"dur. Bu kataloq iki hissədən ibarətdir. Birinci hissədə tarixi hadisə və faktların əlifba siyahısı verilmiş
və onlar haqqında ensiklopediyanın hansı səhifəsində bəhs olunduğu qeyd
edilmişdir. Təqdimatın bu forması ensiklopediyadan
istifadəni asanlaşdırmaq üçün tərtib edilmişdir və ona müraciət edən
mütəxəssislərin vaxt itkisinin qarşısını almağa xeyli kömək
edəcəkdir.
Bu bölmənin ikinci hissəsi isə ensiklopediyada adı keçən
tarixi-ictimai termin və anlayışların əlifba siyahısından
ibarətdir. Bu
yarımbölmə "Qafqazın tarixi ensiklopediyası" adlı nəşrin müasir elmi və məlumat
ədəbiyyatının hazırlanmasında çox zəruri olan və təəssüf ki, az istifadə edilən köməkçi aparatdır. Onun
ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, ensiklopediyanın termin və anlayış
aparatının dairəsini müəyyən etməyə imkan verir. Mükəmməl tərtib olunmuş bu hissənin də ensiklopedik və digər bu
tipli məlumat nəşrlərində istifadə edilməsini arzu etmək olar. Min səhifə həcmi olan "Qafqazın tarixi ensiklopediyası" zəngin
informasiya bazası əsasında yaradılmışdır. Burada Azərbaycan, rus və
ingilis dillərində 844 adda Qafqaz regionu haqqında qaynaq, o cümlədən siyasi,
tarixi, elmi-metodoloji, mədəniyyət, təhsil, etnoqrafiya, beynəlxalq
münasibətlər, beynəlxalq hüquq, ədəbiyyat, folklor, etnopsixologiya,
konfliktologiya və digər sahə və problemlər üzrə zəngin mənbə və arxiv
sənədlərindən, o cümlədən qiymətli, nadir xəritələrdlən geniş istifadə
olunmuşdur. Bu da region haqqında ensiklopediya məlumat
kitabının arxitekturasının mükəmməlliyini, elmi çəkisinin mötəbərliyini və
obyektivliyini təmin etməyə imkan verir.
Müasir elmi, nəzəri, metodoloji və tarixi yanaşmanın yeni
konsepsiyasına əsaslanan müəllif dünya düzənində və Qafqazda uğurlu siyasətin
inkişafina böyük töhfələr vermiş ümummilli liderimiz Heydər Əliyevin əsərlərini
ensiklopediyanın elmi aparatına daxil etmiş, bu da əsərin informasioloji və elmi
dəyərini artımışdır. Təqdim olunan materiallar içərisində Azərbaycan mədəniyyətinin,
elminin, təhsilinin, incəsənətinin, bütövlükdə cəmiyyətin sosial həyatının bütün
sferalarının inkişafı üçün son illər böyük xidmətlər göstərmiş Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətinə mühüm yer ayrılması da
xüsusilə qeyd edilməlidir.
"Qafqazın
tarixi ensiklopediyası" Qafqaz regionunun tarixi, etnoqrafiyası, mədəniyyəti,
elmi, təhsili, regionda geosiyasi vəziyyəti, inkişaf meyillərini, region
xalqlarının adət-ənənələri, folkloru, ədəbiyyatı, incəsənət ilə maraqlanan alim
və mütəxəssislər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulması onu da
arzulamağa imkan verir ki, bu sanballı əsərin müəllifi onu həm Azərbaycan, həm
də ingilis dillərində nəşrinə də müvəffəq olacaqdır.
Digər bir arzumuz isə ensiklopediyanın çox böyük əhəmiyyətini nəzərə
alaraq müvafiq icra hakimiyyəti orqanlarının 12 mindən çox kitabxanası olan
respublikamızda bu nəşrdən ictimai istifadəni səmərəli təşkil etmək üçün
tədbirlər həyata keçirməsi ilə bağlıdır. Nəşrə oxucuların böyük təlabatını
nəzərə alaraq onun Mədəniyyət və Turizm Nazirliyi kitabxanalarına, Təhsil
Nazirliyi sistemi kitabxanalarına, kitabxanası olan digər ali və icra
hakimiyyəti orqanlarının kitabxanalarına göndərilməsi ölkə vətandaşlarının
Qafqaz regionu haqqında biliklərini genişləndirər, onlarda bizim apardığımız
ədalətli mübarizəyə inamı bir daha möhkəmləndirər və gənc nəslin Vətənə məhəbbət
ruhunda tərbiyə olunmasına qiymətli töhfə ola bilər.
Müəllif
ensiklopediyanın quruluşu haqqında yazır: "Ensiklopediyanın quruluşu bir-biri
ilə məntiqi və qarşılıqlı əlaqədə olan bölmələrdən ibarətdir. Onlar əsas informasiya kütləsi, cədvəl formalı ümumiləşdirici
materiallardan, tarixi-biblioqrafik mənbə bazası və həmçinin illüstrativ blokdan
ibarət axtarış sistemindən ibarətdir".
Nəşrdə diqqəti cəlb edən əsas məsələlərdən biri də ondan ibarətdir
ki, informasiyanın bir hissəsi Qafqaz xalqlarının tarixi keçmişində, müasir
dövrdə böyük xidmətləri olan görkəmli dövlət xadimləri haqqında olan
məlumatlardır.
Mübaliğəsiz söyləmək olar ki, "Qafqazın tarixi ensiklopediyası" əsər
qiymətli tarixi mənbədir və onun müəllifi tarix elmləri doktoru, professor İradə
xanım Hüseynovanın peşəkar tarixçi kimi böyük nailiyyəti, yaradıcılıq
uğurudur.
Belə bir sanballı ensiklopediyanın Bakıda hazırlanması və nəşri Vətən
tarixşünaslığında, Qafqazşünaslıqda, həm də dünya tarixşünaslığında mühüm
hadisədir, eyni zamanda Qafqazın tarixinin öyrənilməsi sahəsində Azərbaycan
tarix elminin regionda aparıcı mövqeyinin nümayişi və
təsdiqidir.
Abuzər XƏLƏFOV,
BDU-nun kitabxanaşünaslıq
kafedrasının müdiri, əməkdar
elm xadimi, BMT yanında Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının
akademiki, tarix elmləri doktoru,
professor,
Nadir İSMAYILOV,
BDU-nun biblioqrafiyaşünaslıq
kafedrasının müdiri, pedaqoji
elmlər namizədi, dosent
Xalq qəzeti.- 2011.- 2
fevral.- S. 4.