E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratmış, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərmişdir. Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Onunla əməkdaşlıq etmiş bir adam kimi deyə bilərəm ki, o zamankı (XX əsrin əvvəllərindəki) qızğın illərdə Ağaoğlu Əhməd qədər heç bir kəs milli hərəkat və milli dava cəbhəsinin atəş xəttində bulunmamışdır.

M. Ə. Rəsulzadə,
ictimai xadim


Bu qafa ancaq bir türkdə ola bilər.

M. K. Atatürk,
siyasətçi və dövlət xadimi


O bütün türk dünyasının oğlu idi... Bir millət, vətən həyatda var olduqca Əhməd bəy Ağaoğlunun adı uca tutulacaq, Türk-İslam dünyası onu böyük ehtiramla, qədirbilənliklə yad edəcək, yaradıcılığı yeni-yeni incəliklərlə işıqlandırılacaq.

Xaləddin Sofiyev,
kulturologiya elmləri namizədi


Əhməd bəy Ağaoğlunun Cümhuriyyət dövründəki mücadiləsi də bu nöqtəyə çevrildi. Bütün çalışmalarında millətə dayanan dövlət görüşünü fərdin haqq və hürriyyətlərini qoruyan dövlət deyə mənimsəyir, hər vəzifənin qarşılığında bir haqq vardır, tezisini müdafiə edirdi. Bu tezis Əhməd bəy Ağaoğlunun fikir və siyasət həyatının son mərhələsidir.

Şəfa Nihal,
türk tədqiqatçı, alim


O, heysiyyətli və möhtəşəm bir mütəffəkkirdir, mərd və cəsur mübarizə adamı, pofessor və maarifçi, usta qəzetçi-yazar, dürüst siyasətçidir. Hürriyyət və demokratiya aşiqi bir insan, milliyyətçi və inqilabçı ziyalı, inanılmış və vəfalı dost, yaxşı ailə başçısı, şəfqətli atadır. Deyə bilərik ki, o, insanlığın bütün üstün cəhətlərini və məziyyətlərini öz simasında toplamış böyük insan, heykəlləşmiş şəxsiyyətdir.

Fəxrəddin Gülsevən,
türk tədqiqatçı, alim


Ağaoğlu türk və yazar olaraq yüz illərlə içimizdə yanan milliyyət şüurunu oyandırmaq üçün səsi gəldikcə bağırdı. İnsan olaraq Ağaoğlu təmizliyin və hürriyyətin biri-birindən ayrılmadığı vicdanının təlqinlərinə görə fəzilətli və hürr insanlar ölkəsinin arxasınca qanadlandı.

Peyami Səfa,
türk yazıçısı


O, insanlığın az rastlaşdığı zənginliklərdən idi. Alimdi, çalışqandı, mübarizdi, zəki idi, faydalı idi. Lakin mən bunların heç birinin üzərində durmuram. Ağaoğlunun əsl qiymət verdiyim tərəfi xarakterinin möhtəşəmliyi idi. O, insan idi, bütöv insan idi.

Şükufə Nihal,
türk yazıçısı, tədqiqatçı


Ağaoğlular ailəsi isə arxalarında böyük, zəngin bir irs buraxıb. Bizlər isə hələ də bu irsdən yetəri qədər məlumatlı deyilik.

Dilqəm Əhməd
jurnalist, yazar
 


<< Geri