Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi
qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–20) mühüm
rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı
tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin,
mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm
təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində
respublikada elmi tədqiqatlar, əsasən, Bakı Universitetində
mərkəzləşmişdi. 1920-22-ci illərdə burada humanitar, tibb və
təbiyyat bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və
fəaliyyət göstərmişdir. Assosiasiya müxtəlif elm sahələri üzrə
problemlərin tədqiqi, elmi kadrların hazırlanması və inkişafı işinə
hərtərəfli yardım göstərməyi qarşısına məqsəd qoymuşdu. 1921-ci ilin
axırlarında universitet nəzdində Təbiətşünaslar və Həkimlər
Cəmiyyəti, bir qədər sonra isə Şərqşünaslar və Həkimlər Cəmiyyəti
yaradıldı. 1920-ci ildə texniki təhsil verən ali məktəb – Bakı
Politexnik İnstitutu fəaliyyətə başladı. Burada texnika,
iqtisadiyyat elmləri və aqrokimya sahəsində elmi tədqiqatlar
aparılırdı.
1923-cü ildə elmi-tədqiqat işləri aparmaq üçün Nəriman Nərimanovun
təşəbbüsü ilə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti yaradıldı. Bu
cəmiyyət respublikanın baş elmi müəssisəsi oldu. İlk dövrdə
cəmiyyətin tərkibinə Tarix, Etnoqrafiya, İqtisadiyyat və
Təbiətşünaslıq bölmələri daxil edilmişdi. 1925-ci ildə
Tarix-Etnoqrafiya bölməsindən Türkologiya bölməsi yarandı. Ayrı-ayrı
elm sahələri istiqamətində tədqiqatlar aparılması məqsədilə tarix,
tarix-ədəbiyyat, etnoqrafiya, dilçilik, lüğətçilik, hüquq, sənaye,
Xəzər dənizinin tədqiqi, təsviri incəsənət, teatr, musiqi və s. üzrə
komissiya və yarımkomissiyalar təşkil edildi. Respublikanın Şamaxı,
Gəncə, Lənkəran, Zaqatala və digər qəzalarında, o cümlədən Naxçıvan
MSSR və DQMV-də cəmiyyətin bölmələri yaradıldı. 1925-ci ildə
Cəmiyyət Azərbaycan hökumətinin sərəncamına verildi. 1929-сu ildə
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yenidən təşkil edilərək
Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu (DETİ) adlandırıldı.
İnstitutun təbiyyat, biologiya, tarix və etnoqrafiya, dilçilik,
ədəbiyyat və incəsənət, fəlsəfə, sovet Şərqi və xarici Şərq, dövlət
və hüquq bölmələri var idi. Azərbaycan DETİ-nin fəaliyyətində
respublikada elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, ali və orta
ixtisas məktəbləri üçün elmi kadrlar hazırlanması məsələləri mühüm
yer tuturdu. Azərbaycan DETİ-nin aspiranturası təkcə 1929-30-cu
illərdə 33 elmi işçi hazırlamış, 1930-31-ci illərdə isə buraya 43
nəfər qəbul edilmişdi. 1932-ci ilin axırlarında 30 elmi müəssisə və
10-dan çox ali məktəb fəaliyyət göstərirdi. Bu dövrdə respublikada
800 elmi işçi, o cümlədən 87 professor və 138 dosent var idi. Lakin
nə Azərbaycan DETİ, nə də sahə institutları elmin qarşısında duran
vəzifələri kifayət qədər yerinə yetirə bilmirdi.
Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılmasını və
inkişaf etdirilməsini, elmi və elmi-xidmət müəssisələrinin işinin
səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə 1932-ci
ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya
Filialının Azərbaycan Şöbəsi təşkil edildi. Şöbəyə Ruhulla Axundov
rəhbərlik edirdi. Şöbədə 11 bölmə və bir neçə komissiya fəaliyyət
göstərirdi. Bir sıra məşhur alimlər – Bəkir Çobanzadə, Musa
Əfəndiyev, Vəli Xuluflu, Aleksandr Qrossheym, İvan Qubkin, N.Marr,
İ.Meşşaninov, A.Məmmədov, Salman Mümtaz, A.Tağızadə, İosif Yesman və
başqaları burada elmi tədqiqat işləri aparırdılar.
1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrildi.
Filialın nəzdində mövcud bölmələr əsasında Kimya, Botanika,
Zoologiya və Tarix, Etnoqrafiya və Arxeologiya, Dil və Ədəbiyyat
elmi tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya,
Torpaqşünaslıq sektorları yaradıldı. Filialın institut və
sektorlarından əlavə respublikada Elmi Tədqiqat Neft İnstitutu, Elmi
Tədqiqat Pambıqçılıq İnstitutu, Neft Maşınqayırma İnstitutu,
Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutu, Hidrotexnika və
Meliorasiya İnstitutu yaradıldı, bir sıra elmi stansiyalar və dayaq
məntəqələri təşkil edildi. Tibb üzrə elmi tədqiqat institutlarında (tropik-xəstəliklər,
ana və uşaqları mühafizə, mikrobiologiya), Azərbaycan Elmi Tədqiqat
Baytarlıq İnstitutunda, Zaqafqaziya Tikinti Materialları
İnstitutunun Azərbaycan şöbəsində, Subtropik Bitkilərin zona üzrə
Lənkəran stansiyasında, həmçinin Azərbaycan Dövlət Universitetinin
elmi laboratoriya və kabinələrində, sənaye, kənd təsərrüfatı,
pedaqoji və tibb institutlarında, Azərbaycanın orta ixtisas təhsili
müəssisələrində geniş elmi tədqiqat işləri aparıldı. Artıq 1940-cı
ildə respublikada 60 elmi müəssisə fəaliyyət göstərirdi. 1938-ci
ildə SSRİ EA Azərbaycan filialında 16 elmlər doktoru, professor və
20 elmlər namizədi var idisə, 1941-ci ildə onların sayı müvafiq
surətdə 21 və 161-ə çatmışdı.
SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı
ilə filial Azərbaycan EA-na çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi,
16 elmi tədqiqat institutu, elmi tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi
elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları
var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Beləliklə,
1945-ci il yanvarın 23-dən başlanan axtarışlar, yoxlamalar və
müzakirələr iki aydan çox davam edib və nəhayət, Azərbaycan SSR
Elmlər Akademiyasının 15 nəfərlik ilk təsisçiləri – birinci
akademikləri müəyyən olunub. Azərbaycan SSR Xalq Komissarları
Sovetinin "Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında"
1945-ci il 27 mart tarixli, 316 saylı qərarı ilə ölkəmizdə Elmlər
Akademiyasının təsis edilməsi rəsmiləşdirilib, onun Nizamnaməsi
təsdiq olunub.
1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi
iclasında Mirəsədulla Mirqasımov EA-nın prezidenti seçildi. Sonrakı
illərdə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev
(1950–1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov
(1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev
(1983–1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov
(2001-2013), Akif Əlizadə (2013-2019), Ramiz Mehdiyev (2019-2022)
akademiyanın prezidenti olmuşlar. Akademik İsa Həbibbəyli 25 oktyabr
2022-ci il tarixində AMEA-nın yeni prezidenti seçilmişdir. 26
oktyabr 2022-ci il tarixində ölkə başçısı tərəfindən bu vəzifəyə
təsdiqlənmişdir.
Hazırda AMEA-nın 6 bölməsi var: Fizika-Riyaziyyat və Texnika Elmləri;
Kimya Elmləri; Yer Elmləri (Respublika Seysmoloji Xidmət Mərkəzi);
Biologiya və Tibb Elmləri; Humanitar Elmlər (Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Memarlıq və
İncəsənət İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,
Folklor İnstitutu), İctimai Elmlər Bölməsi (Abbasqulu Ağa Bakıxanov
adına Tarix İnstitutu, Arxeologiya, Etnoqrafiya və Antropologiya
İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu, Qafqazşünaslıq
İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu).
AMEA-da 2 regional bölmə və 2 regional elmi mərkəz fəaliyyət
göstərir: Naxçıvan Bölməsi (Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Əlyazmalar Fondu),
Gəncə Bölməsi (Nizami Gəncəvi Mərkəzi, Humanitar Tədqiqatlar
İnstitutu, Diyarşünaslıq İnstitutu); Şəki Regional Elmi Mərkəzi və
Lənkəran Regional Elmi Mərkəzi.
Bundan əlavə, AMEA Rəyasət Heyətinin nəzdində bir sıra qurumlar
fəaliyyət göstərir: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi,
Mərkəzi Elmi Kitabxana, “Elm” Nəşriyyatı, Respublika Elmi
Tədqiqatların Əlaqələndirilməsi Şurası, Azad Həmkarlar İttifaqı,
Veteranlar Şurası, Gənc Alim və Mütəxəssislər Şurası.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar
2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Ensiklopediyası AMEA
tabeçiliyinə verilmiş və 5 may 2004-cü il tarixli digər sərəncamına
əsasən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaradılmışdır.
Akademiyanın 67 həqiqi üzvü və 101 müxbir üzvü var.
AMEA xarici ölkələrin elmi müəssisələri ilə müntəzəm əlaqə saxlayır,
elmin müasir problemlərinə və elmin təşkilinə dair əcnəbi alimlərlə
fikir mübadiləsi aparır. Akademiyanın alimləri beynəlxalq elmi
qurultay, konqres və simpoziumlarda elm və texnikanın aktual
problemlərinə dair məruzələrlə çıxış edirlər. AMEA-nın təşəbbüsü və
təşkilatçılığı ilə vaxtaşırı beynəlxalq elmi müşavirə və konfranslar
keçirilir. Akademiya alimlərinin 604 kitabı, 4208 məqaləsi çap
olunmuşdur. Məqalələrin 2427-si impaktfaktorlu elmi jurnallarda dərc
olunmuşdur. AMEA bir çox nüfuzlu beynəlxalq elmi təşkilatların
üzvüdür, onun əməkdaşları MDB ölkələri, ABŞ, Yaponiya, İsrail,
İsveçrə, İngiltərə, Almaniya, Pakistan, Türkiyə, İran və başqa
ölkələrin aparıcı elm və təhsil müəssisələri ilə birgə proqram
çərçivəsində tədqiqatlar aparır, kadr və informasiya mübadilələrində
iştirak edirlər.
Müstəqil Azərbaycan dövlətinə Heydər Əliyevin rəhbərliyi dövründə
ölkədə elmin inkişafı, elmi-texniki potensialın güclənməsi,
yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi
işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata
keçirilmişdir. Prezident Heydər Əliyevin 2001-ci il 15 may tarixli
Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər
Akademiyası” statusu verilmişdir. Bu tarixi fərman Azərbaycanda
fundamental elmin əldə etdiyi nailiyyətləri, Azərbaycanın
sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin
ictimai-siyasi həyatında nüfuzunu və akademik elmin suveren
Azərbaycan dövlətinin tərəqqisinin təminatçısı olduğunu bir daha
təsdiqləyir.
Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli Fərmanı isə AMEA-ya
müstəqil dövlətimizin elmi və elmi-texniki siyasətini həyata keçirən
ali dövlət orqanı statusu vermiş oldu, onun Nizamnaməsinə dövlət
sənədi, onun prezidentinə ali icra hakimiyyəti üzvü səlahiyyəti
verildi. Beləliklə, AMEA-nın hərtərəfli inkişafı üçün hüquqi zəmin
yarandı, Akademiyanın fəaliyyət dairəsi genişləndi, səlahiyyətləri
artdı və qarşısına məsul dövlət vəzifələri qoyuldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm, təhsil və
mədəniyyət sahəsində Heydər Əliyev strategiyasını, proqramını və
qayğıkeşliyini ardıcıl davam etdirir.
<< Geri
|