Mərkəzi Elmi Kitabxana 1923-cü ildə Azərbaycanın görkəmli ziyalıları
Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Hənəfi
Zeynallı və başqalarının təşəbbüsü və yaxından köməyi ilə "Azərbaycanı
Tədqiq və Tətəbbö Cəmiyyəti"nin nəzdində Biblioqrafik büro kimi
fəaliyyətə başlayıb. Görkəmli ədəbiyyatşünas-biblioqraf, professor
Aleksandr Vasilyeviç Baqrinin rəhbərliyi ilə təsis edilmiş "Biblioqrafiya
bürosu" (1923) MEK-in təşəkkülü üçün ilkin baza olmuşdur.
Azərbaycanda kitabxanaşünaslıq elminin inkişafında böyük rol oynamış
professor Abuzər Xələfov "Azərbaycanda kitabxana işinin tarixi" adlı
dərsliyinin II hissəsində bu faktı belə xarakterizə edir:
Cəmiyyətin nizamnaməsində təşkili zəruri hesab edilən kitabxananın
əsası elə 1923-cü ilin dekabrında qoyuldu. Cəmiyyət yarandığı gündən
onun təşəbbüskarları cəmiyyətin kitabxanasını yaratmaq işini ön
plana çəkmiş, kitabxana üçün kitab toplamağa başlamışdılar. Bu
kitabxananın yaranmasında 1924-cü ildə Cəmiyyətin tərkibində
fəaliyyət göstərən Biblioqrafik büronun mühüm rolu olmuşdu.
Biblioqrafik büroya professor A.B.Baqri rəhbərlik edirdi. Büro
Cəmiyyətin kitabxanasının formalaşması sahəsində də ciddi iş
aparırdı.
1923-cü ilin noyabr ayında "Azərbaycan Tədqiq və Tətəbbö
Cəmiyyətinin" keçirtdiyi iclasda kitabxananın yaradılması haqqında
qərar qəbul edilir və həmin vaxtdan Cəmiyyətin nəzdində Elmi
Kitabxana fəaliyyətə başlayır. Bu zaman kitabxananın fondunu 430
nüsxə kitab, 1200 nüsxə qiymətli əlyazmalar təşkil edirdi. 1925-ci
ilin avqust ayında "Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin"
Mərkəzi Şurasının iclasında Cəmiyyətin Elmi Kitabxanası ilə
Biblioqrafiya bürosunun işində paralelizmi aradan qaldırmaq və
kitabxanada olan materialın biblioqrafiyalaşdırılması məqsədilə büro
ilə kitabxana birləşdirilərək Kitabxana-Biblioqrafiya bürosu təsis
edilir. Kitabxana-Biblioqrafiya bürosunun sədri Hənəfi Zeynallı
olur.
Mərkəzi Kitabxananın yaradılması istiqamətində ilkin tədbirlər
1923–1924-cü illərdə həyata keçirilmişdir. 1945-ci ildə Azərbaycanda
müstəqil Elmlər Akademiyasının yaradılması ilə əlaqədar Mərkəzi Elmi
Kitabxananın tarixində yeni inkişaf mərhələsi başlanır. AMEA Mərkəzi
Elmi Kitabxana 1963–1984-cü illərdə Əsaslı Kitabxana adını
daşımışdır. Əsaslı Kitabxana 1984-cü ildən Mərkəzi Elmi Kitabxana
(MEK) adlanır
1925-ci ildə Hənəfi Zeynallının
rəhbərliyi ilə yaranan MEK 100 illik
fəaliyyəti dövründə ölkəmizin ən iri kitabxana-informasiya
müəssisələrindən birinə çevrilərək elmin inkişafında, elmi kadrların
yetişdirilməsində əvəzsiz rol oynamışdır. Mərkəzi Elmi Kitabxanaya
müxtəlif illərdə S. M. Yəhyazadə, Y. İ. Tahirov, Nazim Axundov,
Rasim Kazımov, Məhbubə Həsənova, Əmin Əfəndiyev, Aybəniz
Əliyeva-Kəngərli, Leyla İmanova , Sevil Zülfüqarova, Məmməd Əliyev
rəhbərlik etmişdir. 2024-cü il aprel ayının 2-də Azərbaycan Milli
Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin
sərəncamı ilə texnika üzrə elmlər doktoru dosent Hüseyn Hüseynov
Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinə təyin olunub.
Azərbaycanda təbiət, texniki və humanitar elmlər üzrə ən iri
kitabxana sayılan AMEA-nın Mərkəzi Elmi Kitabxanası dünya
xalqlarının 50-dən çox dilində 1304686 nüsxəyədək ədəbiyyat saxlayan
zəngin, universal kitab fonduna malikdir.
<< Geri
|