E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir... Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisidir. Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində ‒ XIX əsrin Biblioqrafiya 37 sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.

 

Mən bu gün bildirmək istəyirəm ki, 1918-1920-ci illərdə Azərbaycanda hakimiyyətdə olmuş Xalq Cümhuriyyətinin bügünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın bu gün biz qəbul etdiyimiz qanunla istifadə etdiyimiz dövlət himnidir və bir də Azərbaycan dövlət bayrağıdır.
O vaxt vətənpərvər insanlar bu sahədə gözəl iş görmüşlər. Himnimizin sözləri də - indi o dövrdən 80 il keçib – bu gün bizim üçün doğmadır və həqiqətən Azərbaycanın müstəqilliyini, müstəqil dövlət olmağını nümayiş etdirir. Onun musiqisi də Azərbaycan musiqisidir, eyni zamanda çox əzəmətli musiqidir.

 

Azərbaycanın gözəl himni var. Bu gün Azərbaycanın milli dövlət himni burada səsləndi. Sevindiricidir ki, bu himn hələ 1918-ci ildə yazılıbdır. Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Himnimizin sözlərini böyük şairimiz Əhməd Cavad yazıbdır. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir.
Mən xarici ölkələrə səfər edərkən hər yerdə iki himn çalınır – Azərbaycanın himni, bir də getdiyimiz ölkənin himni, hər ölkənin himni özünə görə əzizdir. Öz xalqının musiqisini, mənəvi xüsusiyyətlərini əks etdirir. Bu təbiidir. Ancaq mən hər yerdə müqayisə edib görürəm ki, bizim himnin müəllifləri bu himni nə qədər böyük məharətlə yaradblar. Hər dəfə xarici ölkələrdə bu himni dinləyərkən mən yenidən iftixar hissi duyuram. Ancaq himni dinləmək yox, onu oxumaq lazımdır. Bizdə təəssüf ki, bu ənənə yaranmayıbdır. Himni dinləyirik, amma onun sözləri var. Mən hesab edirəm ki, bu bizim həyatımızda çatışmazlıqdır. Himn çalınan vaxt insanlar bu himnin sözlərini oxumalıdırlar. Bunun əhəmiyyəti var. Biri var ki, onu dinləyəsən, biri də var ki, o mahnının, musiqinin sədaları altında o sözləri tələffüz edəsən, oxuyasan. Bunlar da insanlarda vətənpərvərlik hissinin daha da möhkəmlənməsinə kömək edir.


Heydər Əliyev,
Ümummilli Lider

 

*****


Xalqımızın müstəqillik ideallarına bütün həyatı boyu sadiq qalan Əhməd Cavad Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Şairin zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir.


İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 

*****

 

...Milli cərəyanın digər nümayəndəsi Cavad Axundzadənin işi bolşevik dövründə qətiyyən gətirmir. Əski bir “müsavatçı” olduğuna görə onu həbs edirlər. Mətbuat səhifələrində, ədəbiyyat qurultaylarında hər yerdən uzaqlaşdırılır və qovulur. Əsərlərini nəşr etmirlər və nəşr olunanları isə toplayırlar. Bütün bunlara baxmayaraq, onun yazdığı parçalar əldən-ələ gəzərək gənc kommunistlərin arasında belə yayılır. Gənc bolşevik şairlər öz yazdıqları şeirlərini Cavadın tənqid və təqdirinə ərz edəcək dərəcədə onun təsirinə düşürlər. Siyasi olmayan parçaları bəzən fürsət olduqda mətbuat səhifələrində özünə yer tapır. Bunların çoxu rəmzidir. Bu rəmzlər çekist ruhlu tənqidçilər tərəfindən deşifrə olunub, şairə hücum üçün bir vasitə olur...
“Çağdaş Azərbaycan ədəbiyyatı” mövzusunda Ankara Xalq evində oxuduğu mühazirədən. 1949-cu il.


“Açıq söz” qəzetəsi sadə, öndə gedən ziyalıları ətrafında birləşdirməklə qalmayıb, eyni zamanda zamanın ruhlara hökm edən iki şairini də öz mühərrirləri arasına almışdı. Bunlardan biri “Qoşma” və “Dalğa” şairi Əhməd Cavad, digəri də “Şeyx Sənan”, “Şeyda”, “İblis”, “Siyavuş” və sairə kimi mənzum və “Topal Temur” kimi mənsur dramlar yazan Hüseyn Caviddir. Əhməd Cavad daha ziyadə heca vəzni ilə lirik parçalar yazır və lirizminə eyni zamanda milli və siyasi bir həyəcan qatırdı. Məsələn, azərbaycanlı qardaşın yardımına qoşan anadolulu Məhmədciyin məzarını beytlə oxşuyurdu.


Sənələr keçdi. Bir tərəfdə “mirzə”, digər tərəfdə “uçitel” durdu. Bunlar bir çox zaman anlaşmadılar. Farslaşmış Mirzə kibi ruslaşmış uçitel dəxi xəlqin hədsiz duyduğu mətləbi bir çox zaman dərk edəmmədi. Nəhayət, bir çox kəcvaclardan keçildi. Məktəb və mədrəsələrə qarşı sonsuz mübarizələrdən sonra “uçitel” məqsədi anladı, bildi ki, Sədini də, Tolstoyu da, türk xəlqinə öyrətmək, türkü onlarla aşna etmək həm lüzumlu, həm faydalıdır... Sədini, Tolstoyu və sair dünya məşairi-ədəbini anlamaq üçün kəndi Füzulilərini, Nəbatilərini – nə qədər kiçik görünsələr Seyidlərini, Sabirlərini, Cavidlərini, Cavadlarını öyrənməlidirlər.


Məhəmməd Əmin Rəsulzadə,

AXC qurucusu

 


*****


Çoxdan dəyişdirib, şəkki-yakinə,
Mən üsyan etmişəm məzhəbə, dinə...
Bilməm sənin böylə “haqq” dediyin nə!
Hökm etmə fikrimə, vicdanıma... sus.


Əhməd Cavad zülmü, istismarı, ölümü “hürriyyət” deyə təbliğ edən Sovet-rus istilasına belə hayqırmışdı. O, bununla da kifayətlənmədi, var olduqca Azərbaycan xalqının düçar olduğu acı və ağır fəlakəti dilə gətirmişdi.
... Göründüyü kimi, Azərbaycan azadlıq mübarizəsi çox qanlı, itkili olmuş və olacaqdır da... Stalin-Beriya kollegiyasının Azərbaycandakı cəlladı Bağırov, Stalin öldükdən və Beriya güllələndikdən sonra Xruşşov dövründə Bakıda mühakimə ediərkən yanındakı erməni köməkçilərini göstərərək: “Bunlara inanaraq 29 min Azərbaycan ziyalısını məhv etdim” – deyə, etiraf etmişdir.
...Azərbaycan ədəbiyyatı tarixində Əhməd Cavad böyük və klassik bir yer tutur. Azərbaycan Elmlər Akademiyası tərəfindən nəşr olunan “Azərbaycan ədəbiyyatı tarixi”ndə Əhməd Cavad haqqında heç bir məlumat verilməmişdir. Sanki Azərbaycanda Əhməd Cavad yaşamamış, bir ədəbi məktəb yaratmamış, Avropa, rus, gürcü klassiklərindən ədəbi dəyəri qiymətli olan tərcümələr etməmiş, xalq ədəbiyyatından topladığı filoloji parçalar şəklində zəngin ədəbi miras qoymamışdır.
...Əhməd Cavad Azərbaycanın böyük milli şairi olaraq Azərbaycanda yaşamaqdadır, yaşayacaqdır da... O, bunu bilirdi. O, bilirdi ki, qırmızı rus terrorunun qurbanı olacaq. Ancaq o, ölümün maddi anlamda olacağını və Azərbaycan tarixində heç bir zaman ölməyəcəyini da bilirdi.


Hüseyn Baykara,
araşdırmaçı-tədqiqatçı publisist

 

*****

 


...Bu ağır və çətin günlərin birində qəribə bir təsadüf məni elə sarsıtdı ki, uzun müddət özümə gələ bilmədim. Küçə ilə gedərkən, birdən yerdə atamın “Dalğa” şeirlər kitabını gördüm. “Qoşma” kitabından sonra bu, atamın ikinci kitabı idi. Əyilib götürdüm. Aydındı, kimdisə “xalq düşməni”nin kitabını evində saxlamaq istəməmişdi. Heç kəsi qınamaq olmaz. Həyat mürəkkəb və anlaşılmaz hadisələrlə doludur. Odur ki, kitabı uzun müddət əlimdə tutub yerimdən tərpənmədim. Sonra sövqi-təbii bir duyğu ilə onu yavaş-yavaş vərəqlədim. Gördüm ki, ayrı-ayrı şeirlərin altından xətlər çəkilib, bir neçə şeirin yanında “əla” sözü yazılıb. Bir neçə vərəq qatlanıb. Bu sarsıntı içində qum dənəciyi boyda xoş bir duyğu bədənimdə oyandı. Demək, “Dalğa” oxunub, əldən-ələ gəzib, şeirlərdən, ayrı-ayrı misralardan istifadə olunub. Yerdən tapdığım o kitabı evə gətirdim, onu indi də arxivimdə qoruyub saxlayıram: atamdan qalan ən qiymətli yadigar kimi!


Niyazi Axundzadə,
Əhməd Cavadın oğlu

 

 

*****


Tələbələrimin içərisində Cavad adlı gənc bir şair var. Mənə oxuduğu ilk mənzumələri gələcəyə böyük ümidlər verir. Lisanı sadə və gözəldir.


Abdulla Sur Məmmədzadə,
ədəbiyyatşünas, tənqidçi

 

*****


Azərbaycanın ən dəyərli xalq şairlərindən Əhməd Cavad, adlarını azərbaycanlı qoyan Moskva uşaqları tərəfindən böyük işgəncələrə düşar edildikdən sonra yuxarıdan gələn fərmanə binaən faciəli surətdə məhv edildi.

 

Ceyhun Hacıbəyli,
yazıçı, salnaməçi, jurnalist


*****

 

Ruslarla döyüşdüyümüz əsnada Qafqazyada intişar edən bir şeir məcmuəsi əlimizə keçdi: “Qoşma” ismində olan bu kitabın nazimi Əhməd cavad ismində bir Türkdür. Bu millətpərvər şairin bütün şeirləri Osmanlı Türklərinə, Ana Vətənə, orduya xitab edilmişdir.

 

Ziya Göyalp,

Türkiyənin məşhur ictimai xadimi, şair

 

*****

 

Gəncədəki türk əsgərlərinə baş çəkirdik. Onlara türkcə kitablar, qəzetlər, M.Ə.Rəsulzadənin çıxartdığı “Açıq söz” qəzetini aparırdıq. Onların incidilməsinə imkan vermirdik. Gənclər, tələbələr və müəllimlər əsirlərə köməyə gəlirdi. Əsirlərin ən çox sevdikləri şair Əhməd Cavad idi.
Gəncədə Milli Komitənin sədri Nəsib bəy Yusifbəyli idi, baş katibi isə Əhməd Cavad. 1918-ci ilin mayında Gəncədə Milli Komitənin böyük toplantısı keçirildi. Bütün arkadaşlar şair Əhməd Cavadın gəlməsini bekliyordu. Milli Komitənin baş katibi olan şair Əhməd Cavad bir az sonra Nəsib bəylə gəldilər.

 

Nağı Şeyxzamanlı,

Siyasi xadim


 

*****


Həmişə Əhməd Cavadı düşünəndə yadıma bu istedadlı şairin dillər əzbəri olan “Göygöl” şeiri düşür. Şəxsiyyətinə, şairliyinə böyük rəğbət bəslədiyim Əhməd Cavad da vəsf elədiyi o Göygöl kimi təmiz, ləkəsiz, saf idi.


Qulam Məmmədli,

publisist, teatrşünas

 

*****

 

Qurban getdi dağ bülluru Yusif Vəzir!
Yalçın qaya – Əhməd Cavad!
Qoç Koroğlu, Sanı oğlu Hacı Kərim!
Ulduzları salxım kimi göydən dərən
Çobanzadə Bəkirimiz!
Güllələndi təpərimiz, kəsərimiz, hünərimiz.
Bu dərdləri öncə sezib
Tab etmədi Cəfərimiz!
Haray dünya!
Hələ durur o qansızlar.
Qəhrəmana, mərd baxışa aman verməz imansızlar.
Qırdığımız dişlərini zaman-zaman şaqqıldadan
Qan tökməyə, baş kəsməyə imkansızlar...
Elə bilmə o dəhşətli yanğın bitdi, batdı, getdi.
Hələ durur, davam edir 37!


Xəlil Rza Ulutürk,

şair, tənqidçi, ədəbiyyatşünas

 

*****
 


Şu an beynimdə qan ağlayan bir Azərbaycan var! Yüzbaşı Atabala, Aybikə, Məmməd Əmin Rəsulzadə, Zeynəb ana, Göycə şair, Əhməd Cavad və onlarla bərabər ağlayan səkkiz milyon Azərbaycan türkü var.


Hasan Sağındık,
Sənətçi

*****



Hanı bizim dan ulduzu
Əhməd Cavad
Şerimizin qəndi, duzu
Əhməd Cavad.
37-nin qurbanı böyük şair
Əhməd Cavad.
Hanı Müşfiq, dağ çeşməsi tək
Təbi coşqun, qəlbi kövrək,
37-nin qurbanı, ömrü gödək?
 


Mirvarid Dilbazi,

şairə, tərcüməçi

 

*****



İstiqlal havasını, xoşbəxtlik nəğməsini,
Ürəkdə yanan işıq, damarda qan oxusun!
Ölməz Əhməd Cavadın “Azərbaycan” şeirini,
Ölməz Səməd Vurğunun “Azərbaycan” şeirini,
Azərbaycan oxusun!!! Azərbaycan oxusun!!!


Zəlimxan Yaqub,
Xalq şairi

 

*****



Müstəqil dövlətçiliyini bərpa etmiş əzmkar xalqımızın Əhməd Cavada bəslədiyi yüksək və həssas münasibət onun mübarizəsinin hədər getmədiyini sübut edən ən önəmli hadisədir.
Xalqımızın, dövlətimizin Əhməd Cavad irsinə münasibəti qədirbilənliklə yanaşı, şairin haqq etdiyi sədaqətin, vəfanın təcəllasıdır.


Qənirə Paşayeva,
professor

 

*****



Bir romantik şair kimi yaradıcılığa başlayan Əhməd Cavad keçən əsrin əvvəllərinin tez-tez dəyişən gurultulu ictimai-siyasi hadisələri içində əvvəllər bir qədər tərəddüd etsə də zaman keçdikcə onun ilham pərisinin qanadları bərkimiş, xalqın tərəqqisi, milli istiqlal, əslə-kökə qayıtmaq, türkçülük, dövlətçilik idealları onun həyat mövqelərini daha da möhkəmləndirmiş, sənətkarlıq baxımından yeni zirvələrə ucalmasını təmin etmişdir.


Bəkir Nəbiyev,

filologiya elmləri doktoru, professor
 

*****



“İntibah” deyəndə ilkin xatırlanan Nizami olur. “Məhəbbət” deyiləndə birinci Füzulinin adı çəkilir. “Cümhuriyyət” deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür.


Yaşar Qarayev,

filologiya elmləri doktoru, professor

 

*****



Bu gün milli azadlıq və müstəqillik uğrunda mübarizədə Əhməd cavadın ölməz ruhu Azərbaycan xalqından ayrılmazdır. Əhməd Cavad Axundzadə bir şair kimi ölümsüzdür - əsərlərində tərənnüm etdiyi ideallar ölümsüz olduğu kimi...


Aybəniz Əliyeva,

filologiya elmləri doktoru
 

 

*****



Üç budaq: Əhməd Cavad, Mikayıl Müşfiq, Almas İldırım.
Hər üçü bir ağacın budaqlarıdır. Bu ağacı şərti olaraq “Azərbaycan poeziyası” da adlandırmaq olar, təxminən 30 ili əhatə edən poeziya təmayülü də. Lakin, eyni zamanda etiraf etməliyik ki, Azərbaycan poeziyasında bir məktəb də var: Əhməd Cavadın istiqlalçı şeir məktəbi.
Əhməd Cavad poeziya dərsini Abdulla Sur və Hüseyn Caviddən almışdı.
Almas İldırım və Mikayıl Müşfiq bu dərsi Əhməd Cavaddan aldılar.


Nazif Ələkbərli (Qəhrəmanlı),

filologiya elmləri doktoru, professor

 

 

*****


Azərbaycan ədəbiyyatı tarixində istiqlal şairi mövqeyini qazanmaq məhz ona nəsib oldu. Və bu mövqeyə yüksəlmək üçün Əhməd Cavad şərəfli mücadilə yolu keçdi. Bütün Şərqdə və Türk dünyasında ilk demokratik dövləti – Azərbaycan Xalq Cümhuriyyəti o, böyük sevgi və Vətən məhəbbəti ilə tərənnüm etdi. Yazdığı şeirlər, himnlər insanın qəlbinə hakim kəsildi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə onun haqqında belə yazırdı: “Zamanın ruhlara hökm edən şairi”.


Nəsiman Yaqublu,

tarix elmləri üzrə fəlsəfə doktoru, professor
 

*****


... Bu həmin Cavaddır ki, həyata atıldığı ilk gündən xalqın istiqlalı və Azərbaycanın müstəqilliyi uğrunda mübarizələrə qoşulmuş, “Müsavat” partiyasının liderlərindən biri kimi 1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcı fəallarından olmuşdur. Bu həmin Cavaddır ki, həmin illərdə Azərbaycanın milli şairi və ictimai xadim kimi şöhrətinin səsi-sorağı çox-çox uzaqlardan gəlirdi.
Əhməd cavadın həyat və fəaliyyəti haqqında qısa tanışlıqdan belə qənaətə gəlmək olur ki, Əhməd cavadın şəxsiyyətində bir-birini tamamlayan iki cəhət birləşir: birincisi, onun ictimai xadim kimi fəaliyyəti, təşkilatçılığı, digəri isə şairliyi – yaradıcılığıdır.


Rəhman Salmanlı,

tədqiqatçı-jurnalist
 

*****

 


Pələng kimi nərildəyən şair, iradəsi qarşısında heç bir qüvvə görmürdü. Görürdü, amma həqiqəti hər şeydən uca bildiyindən kimin, nəyinsə ona toz qondura biləcəyini xəyalına gətirmək istəmirdi:

Qorxutmayır məni bu qanmayanlar –
İsrafil surundan oyanmayanlar...

Qorxmurdu. Təmizəməlindən, sağlam əqidəsindən niyə qorxmalıydı ki?! Amma bir-birinin arxasınca gedər-gəlməzə sürükləndikləri günahsız qurbanlardan yavaş-yavaş sümüyü sancmağa başlamışdı. Ən açıq əqidə ilə yazdığı şeirlərdə belə amansız bir titrətmə özünü göstərir, misralarına ölüm rəngi çökürdü:

Qudurğan qasırğa, çarpışan yollar,
Yolumda zülmət var, uçurumlar var.
Yetiş ki, ömrümün karvanı ağlar,
Aman, gəl dadıma, ey Dan ulduzu!

Məmməd Aslan,

şair, tərcüməçi

 

*****



Yaradıcılığının elə ilk nümunələrindən söz sərrafı olan, ədəbi-elmi fikir adamlarının diqqətini cəlb edən Əhməd Cavad tezliklə istedadlı şair, alovlu vətəndaş, ictimai xadim, xeyirxah və təəssübkeş insan kimi məşhurlaşaraq milyonların qəlbində özünə yer tapmışdır.


Alxan Bayramoğlu,

filologiya elmləri doktoru, professor

 

*****



Ə.Cavad poeziyasında bayraq həm bir obraz, həm də bir simvol olaraq işlənilir və onun yaradıcılığının ana xəttini təşkil edir. Bayraq getdikcə simvollaşır və müqəddəs bir varlığa çevrilir. Bu bayrağı qorumaq və hər zaman dalğalandırmaq cümhuriyyətçilərin əxlaq və yaşam kodeksinə çevrilir. Bu dövrdə yazdığı “Azərbaycan bayrağına” şeirində bayrağa canlı varlıq kimi müraciət edir, ona üz tutaraq öz sözünü deyir. Türküstan elləri də milli bayrağa üz tutaraq öz dərdini söyləyir. Şair tarixə müraciət edərək Turana gedərkən qarşısına çıxan bayrağa dərdini söyləyir, sanki ondan nicat diləyir.
Timuçin Əfəndiyev

 

*****



Arzum budur mənim bir insan kimi,
Cavad-Şükriyyəyə heykəl ucalsın!
Elə bir heykəl ki bu cahan kimi,
Günəşdən, səmadan daim güc alsın!
Gün gələr bu xülya doğrular şayət.
Bitirib dastanı burda nəhayət,
Ehtiram edərək böyük ustada,
Alqış söyləyərək bu müdrik ada,
Yaşasın, bir daha yaşasın dedim!
Ölməzlik adını daşısın dedim!
Bəli, yaşayacaq daim zirvədə,
Xalqım unutamaz onu heç vədə!


Sevinc Ədalətqızı,
şair, publisist

 

*****



Əhməd cavad Türk və İslam dünyasının təsirli və ən güclü düşünürü olan İsmayıl Qaspralının işarət etdiyi “Dildə, fikirdə, işdə birlik” düsturu ilə Ziya Göyalp və Ömər Seyfəddinin “Yaşayan Türkcə”nin İstanbul ağzına dayanaraq “Yazı dili” olaraq istifadə edilməsi fikrinin şeirdə Yurdaqulla birlikdə ən önəmli uyğulayıcısı oldu. Bunu yaparkən də milli vəzn olan heca vəznindən istifadə etdi. Şeirlərində milli ruh, milli düşüncə, milli irs, milli dil təqib etdi.


Sərvət Gürcan,

Türkiyə şairi

 

 

*****



Böyük Azərbaycan şairi Əhməd Cavadın adının Türkiyədə əbədiləşdirilməsi və şeirlərinin nəşri xüsusi əhəmiyyət daşıyır. Çünki Əhməd Cavad yalnız istedadlı şair deyil, həm də milli mücadiləmizin qəhrəman simalarındandır. Əhməd Cavadın yalnız şeirlərinin Türkiyədə yayılmasına deyil, eyni zamanda onun tarixi fəaliyyətinin, milli-azadlıq mücadiləsindəki təkrarsız rolunun da nəsillərə çatdırılmasına böyük ehtiyac var.


Kənan Çarboğa,
Türkiyəli şair-tərcüməçi

 

*****



1937-ci ilin mənfur Stalin repressiyası burulğanının udduğu nəhəng ziyalılardan biri – “Azərbaycan Dövlət Himni”nin söz müəllifi, müdrik insan, qayğıkeş müəllim, bənzərsiz publisist, əvəzolunmaz tərcüməçi və alovlu istiqlal şairi Əhməd Cavaddır. Əhməd Cavadın ömür kitabının hər səhifəsi Vətənə, xalqa dərin sevgi ilə dolu olmuşdur. Bu ömür kitabını vərəqlədikcə şairin keçdiyi keşməkeşli, acı və fərəhli, ən əsası isə şərəfli tale yolunun şahidi oluruq.
Əhməd Cavad yaşadığı çox qısa, lakin şərəfli ömür çərçivəsində yalnız Vətəninin azadlığını, müstəqilliyini, xalqının, millətinin firavanlığını düşünmüşdür.


Sevinc Ədalətqızı,
şair-publisist, Cavadşünas

 


<< Geri