E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə) 1892-ci ildə may ayının 5-də Gəncə qəzasının Şəmkir rayonunun Seyfəli kəndinin Mehrli tirəsində anadan olmuşdur.

 

 

·    İlk təhsilini öz evlərində molladan almış, Qurani-Kərimi oxuyub başa çıxmışdır. Uşaq yaşlarından türk, ərəb və fars dillərini öyrənmişdir. Çox erkən yaşlarından (7-8 yaşında) atasını itirmişdir. 

1906-1912

·    “Gəncə mədrəsəsi” deyilən Gəncə Ruhani Seminariyasında oxumuşdur. Dövrünün mütəfəkkir pedaqoqlarından Abdulla Surdan, M.A.Abbaszadədən, İ.Axundzadədən, H.Caviddən dərs almışdır. 

1911

·    İlk mətbu əsəri L.Tolstoydan tərcümə etdiyi “İlyas və övrəti Şamşimaçı” hekayəsi olmuşdur. 

1912

·    Rəsmi surətdə göndərilən nümayəndə heyətinin tərkibində Türkiyəyə getmişdir. İstanbulda “Qafqaz könüllü dəstəsi” tərkibində yadellilərə qarşı döyüşlərdə iştirak etmişdir; 

1913

·    İmtahan verərək Zaqafqaziya şeyxülislamı Pişnamazzadənin imzası ilə “müəllimlik şəhadətnaməsi”ni almışdır.

·    “Dilimiz” şeirini yazmış, əlifbaya poeziya həsr etmiş, C.Cabbarlı ilə birgə latın əlifbasını müdafiə edən ilk iki ziyalıdan biri olmuşdur. 

1914

·    “Qara dəniz” şeirini yazmışdır. 

1914-1918

·    Doktor Xosrov bəy Sultanovun təşkil etdiyi “Cəmiyyəti-xeyriyyə”nin sədr müavini kimi bir müddət Şimali Qafqaz, Qars, Ərdəhan, Ərzurum, İstanbul, Gürcüstan, Dağıstan regionlarında ön cəbhə xəttində xeyriyyəçilik fəaliyyəti ilə yanaşı, bir jurnalist kimi Bakı və Tiflis mətbuatına məqalələr, cəbhə xəbərləri yazıb göndərmişdir. 

1915-1920

·    Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə fasilələrlə dərs demişdir. 

1916

·    Rəsmi surətdə göndərilən Azərbaycan nümayəndə heyətinin tərkibində Türkiyədə səfərdə olmuşdur;

·    “Qoşma” adlı ilk şeirlər məcmuəsi çap olunmuşdur;

·    Şükriyyə xanımla evlənmişdir. 

1918

·    2-ci dəfə rəsmi surətdə göndərilən nümayəndə heyətinin tərkibində Türkiyəyə getmişdir.

·    31 Mart Azərbaycanlıların soyqırımı zamanı xalqımıza qarşı soyqırımının qarşısını almaq məqsədilə türk ordusunu Azərbaycana dəvət etmişdir.  

1919

·    Azərbaycan Xalq Cümhuriyyətinə həsr etdiyi şeirlərindən ibarət “Dalğa” adlı kitabı nəşr edilmişdir;

·    “Tük dilinin sərf və nəhvi” kitabı çap olunmuşdur;

·    Üzeyir Hacıbəylinin bəstəkarı olduğu Azərbaycan Demokratik Cümhuriyyətinin dövlət himninin mətnini yazmışdır;

·    Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Azərbaycan Darülfununun təşkilində iştirak etmişdir. 

1920

·    Aprel ayının 14-də müəllimi İdris Axundzadə ilə birlikdə Xəlil Paşanın yanına, Azərbaycan Demokratik Respublikasına rus işğalçı ordusuna qarşı kömək məqsədilə Dağıstana getmişdir; 

·    Sentyabr ayının 22-də Gəncə İnqilab Komitəsinin sərəncamı ilə Gəncə Maarif Şöbəsinə göndərilmiş, kurslarda dərs demişdir;

·    Gəncə Xalq Maarif şöbəsinin sərəncamı ilə Quba qəzasının Qusar rayonunun Xuluq kəndinə müəllim göndərilmişdir.  

1920-1922 

·    Quba qəzasının Qusar rayonunun Xuluq kəndində müəllim işləmiş, türk və rus dillərindən dərs demişdir. Fasilələrlə məktəb direktoru, rayon maarif şöbəsinin müdiri (əvəzetmə yolu ilə) vəzifələrində çalışmışdır.

1921

·    “Sinfi mübarizə” kitabı nəşr edilmişdir. 

1922

·    Ali məktəbə daxil olmaq üçün Bakıya gəlmiş, Azərbaycan Ali Pedaqoji İnstitutunun ədəbiyyat və tarix fakültəsinə daxil olmuşdur. 

1923

·    Nərimanov Texnikumunda müəllim kimi çalışmışdır.

·    Siyasi fəaliyyətinə görə təqiblərə, təzyiqlərə məruz qalmış, ilk dəfə həbs edilmişdir. 

1924

·    Dostu Hüseyn Musayevin köməkliyi ilə həbsdən azad edilmişdir. 

1924-1926

·    Azərbaycan Şura Yazıçılar Cəmiyyətinin məsul katibi vəzifəsində işləmişdir. 

1925

·    “İnqilab və mədəniyyət” dərgisinin məsul katibi olmuşdur;

·    “Göy-göl” şeirinə görə yenidən həbs olunmuşdur. 

1926

·    Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirmişdir. 

1927

·    Təyinatla Bakıda Pambıqçılıq İnstitutunda müəllim işləmiş, sonralar Azərbaycan Kənd Təsərrüfatı İnstitutu adlanan, 1930-cu ildə Gəncəyə köçürülən həmin institutla birgə Gəncəyə getmişdir. İnstitutda türk və rus dilləri kafedrasında müəllim, dosent və professor, kafedra müdiri vəzifəsində çalışmışdır. 

1928

·    Türkiyədə “İstiqlal” məcmuəsində çap edilən 16 şeirinə görə təqib və təhdidlərə məruz qalmışdır.

1930

·    Yenidən Gəncəyə getmişdir. 

1930-1933

·    Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent kimi çalışmış, kafedraya rəhbərlik etmişdir. 

1931-1934

·    Gəncə Dram Teatrında ədəbi hissə müdiri işləmişdir. 

1933

·    Professor elmi rütbəsini almışdır. 

1934

·    Azərbaycan yazıçılarının I qurultayına nümayəndə seçilmişdir;

·    Azərbaycan Dövlət Nəşriyyatının Tərcümə şöbəsində redaktor kimi çalışmışdır. 

1935-1936

·    “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri işləmişdir. 

1937

·    Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasını orijinaldan doğma dilə çevirmiş, dövlət müsabiqəsində birinci mükafata layiq görülmüşdür;

·    İlk böyükhəcmli nəsr əsəri olan “Sədəf” romanını bitirmişdir;

·    Mart ayında 21-də “Xalq düşməni” kimi Yazıçılar İttifaqının üzvlüyündən azad edilmişdir;

·    May ayında həbs olunmuşdur;

·    İlk istintaq iyun ayının 5-də Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı general Ağasəlim Atakişiyev tərəfindən aparılmışdır;

·    Repressiyaya məruz qalmış, həmin il oktyabr ayının 12-dən 13-nə keçən gecə (bəzi mənbələrdə 9 oktyabr) Bakıda güllələnmişdir;

·    Oktyabr ayının 14-də ailəsi həbs edilmişdir;

·    Adı və əsərləri qadağan edilmişdir. 

1938

·    Həyat yoldaşı Şükriyyə xanım 8 illik həbs cəzası ilə Qazaxstana sürgün edilmişdir. 

1955

·    Avqust ayının 19-da özü və ailəsi “işində cinayət tərkibi olmadığına görə” reabilitasiya verilmişdir. 

1958 

·    Sovet dövründə ilk “Şeirlər” kitabı “Azərnəşr”də çapdan buraxılmışdır.

1961

·    Tərcüməsində F.Rablenin “Qarqantua və Pantaqruel” kitabı nəşr edilmişdir.

1962

·    V.Şekspirin “Seçilmiş əsərləri” kitabında onun tərcümə etdiyi “Otello” və “Romeo və Cülyetta” faciələri nəşr edilmişdir. 

1978

·    Tərcüməsində Şota Rustavellinin “Pələng dərisi geymiş pəhləvan” əsəri kitab şəklində çap edilmişdir. 

1991

 

·    Bakı Mədəni Maarif Texnikumuna adı verilib (1991-2000) (indiki Bakı Humanitar Kolleci);

·    Ankarada “Çırpınırdı Qara dəniz” kitabı nəşr edilmişdir;

·    “Sən ağlama, mən ağlaram” şeirlər, poemalar kitabı “Yazıçı” nəşriyyatında çap edilmişdir.

·    Haqq bağıran səs” kitabı “Nicat” nəşriyyatında işıq üzü görmüşdür. 

1992

·    İkicilddən ibarət “Seçilmiş əsərləri” kitabı “Azərnəşr”də çap edilmişdir (Tərt. ed. Əli Saləddin). 

2005

 

·    “Seçilmiş əsərləri” “Şərq-Qərb” nəşriyyatında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə “Müasir Azərbaycan ədəbiyyatı” seriyasından nəşr edilmişdir. 

2010

·    2010-cu ildə Şəmkir şəhərinin İstiqlal parkında heykəltəraş Azad Mikayıl oğlu Əliyevin Üzeyir bəyi royal arxasında, himnin sözlərinin müəllifi Əhməd Cavadı isə ayaq üstə, royala söykənərək vərəqdən himni oxuyan vəziyyətdə təsvir etdiyi kompozisiyanın açılış mərasimi keçirilmiş, mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kompozisiyanı sənət əsəri kimi yüksək qiymətləndirmişdir. 

2011

·     Tbilisinin İsani rayonunda Ə.Cavadın adını daşıyan küçədə şairin ingilis dilində ad və soyadının yazıldığı 38 ədəd lövhə quraşdırılmışdır.

2012

 

·    Fevral ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əhməd Cavadın anadan olmasının 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.

·    Prezidentin sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən seçilmiş əsərlərindən ibarət “Sən olasan gülüstan” kitabı “Təhsil” nəşriyyatında çapdan buraxılmışdır. 

2019

·    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 211 №-li  qərarına əsasən əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısına daxil edilmişdir. 

2022

·    Aprel ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır;

 

·    Beynəlxalq Türk Akademiyası 130 illiyini 2022-ci il üçün əlamətdar tarixlər siyahısına daxil etmişdir;

 

·    Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq muxtar respublikada istiqlal şairinin yubileyi münasibətilə silsilə tədbirlər təşkil olunmuşdur;

 

·    Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şairin yubileyi münasibətilə onlayn şahmat turniri keçirilmişdir;

 

·    Gəncədə yubiley tədbiri keçirilmişdir. Tədbirdə şairin nəvəsi Süleyman Axundzadə, nəticəsi Cavad Axundzadə, kötücəsi Nərgiz Əhməd qızı iştirak etmişdir;

 

·    Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Əhməd Cavad” adlı virtual sərgi hazırlanmış və istifadəçilərə təqdim olunmuşdur;

 

·    Azərbaycan Milli Kitabxanası “Azərbaycanın Görkəmli Şəxsiyyətləri” Seriyasından “Əhməd Cavad” biblioqrafiyası hazırlayır;

 

·    Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkilatçılığıyla Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Nəsillərdən nəsillərə əmanətdi Əhməd Cavad” adlı tədbir keçirilmişdir;

 

·    Azərbaycan Yazıçılar Birliyi qədim Qarabağın şanlı tarixinə, işğal illərinin müsibətlərinə, 44 günlük müharibəyə və möhtəşəm zəfərimizə həsr olunmuş bədii əsərlərə veriləcək mükafatlar – poeziya üzrə Əhməd Cavad mükafatı, nəsr və dramaturgiya üzrə İlyas Əfəndiyev mükafatları təsis etmiş ilk dəfə olaraq  Əhməd Cavad mükafatına “Vətən” poemasının müəllifi Ramiz Qusarçaylı layiq görülmüşdür;

 

·    May ayının 4-də Beynəlxalq Türk Akademiyası tərəfindən Qazaxıstanın Nur-Sultan şəhərinin yaxınlığındakı “ALJİR” memorial-muzey kompleksində “İstiqlal carçısı Əhməd Cavad – 130” adlı anım tədbiri keçirilmişdir;

 

·    May ayının 5-də Türkiyə Cümhuriyyətinin  Ankara şəhərinin Etimesqut rayonu ərazisində yerləşən Türk Tarix Muzeyi və Parkında ucaldılan heykəlinin açılışı olmuşdur;

 

·    İyun ayının 6-da Türkiyənin paytaxtında Əhməd Cavadın yubileyi münasibətilə silsilə tədbirlər keçirilmişdir;

 

·    Ölməz şairin ədəbi irsinin qorunub gələcək nəsillərə çatdırılmasında xidmətləri olan şəxslərə və müxtəlif qurumlara TÜRKSOY adından Əhməd Cavad xatirə medalları təqdim edilmişdir.

 

·    Əhməd Cavadın şeirlərinin Türkiyə türkcəsinə tərcümələrinin yer aldığı kitabın təqdimatı, şairin həyatına və yaradıcılığına həsr olunan panel təşkil edilmişdir;

 

·    Tanınmış şair-tərcüməçi Kənan Çarboğa Əhməd Cavadın şeirlərini Türkiyə türkcəsinə çevirmişdir;

 

·    Gürcüstan Respublikasının Tbilisi Şəhər Şurasında (Sakrebulo) şairin yubileyinə həsr olunmuş “Ölməz qələm cəngavəri” adlı tədbir keçirilmişdir;

 

·    Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY və Etimesqut Bələdiyyəsinin işbirliyi ilə təşkil olunan tədbirlər çərçivəsində Əhməd Cavadın adı verilən küçənin açılış mərasimi keçirilmişdir;

 

·    Ankarada təşkil edilən Cumhurbaşkanlığı Sinfoni Orkestri, TRT Ankara Radiosu Çoxsəsli Xoru, Türk Dünyasından əvəzsiz səslər – Azər Zeynalov, Nigar Cəlilova, Orxan Cəlilov və Xəyyam Məmmədovun yer aldığı “İncilər tök gəl yoluna” adlı konsert keçirilmişdir;

 

·    Türk Tarix Muzeyi və Parkının konfrans salonunda Əhməd Cavad xatirə medallarının, şairin şeirlərindən ibarət kitabın təqdimatı keçirilmişdir.

<< Geri