Hörmətli Anar!
Siz 60-cı illərdə ədəbiyyatımıza yeni ab-hava gətirmiş yazıçılar nəslinin
görkəmli nümayəndələrindən birisiniz. Müasirlərimizin zəngin mənəvi aləmini,
qayğı və problemlərini yüksək bədii səviyyədə əks etdirən əsərləriniz daim
ədəbiyyat həvəskarlarının diqqət mərkəzində olmuşdur. Bəşəriliklə milliliyin
üzvi vəhdətini təşkil edən çoxcəhətli yaradıcılığınız cəmiyyətimizdə milli
şüurun aşılanmasına və xalqımızın bir çox ölkələrdə tanınmasına xidmət etmişdir.
Ölkədə və cəmiyyətdə baş verən dəyişikliklər yazıçı Anara publisist və
tədqiqatçı şöhrəti də gətirmişdir. Sizin ictimai fəaliyyətiniz bədii
əsərlərinizdəki fikir və ideyaların əməli surətdə gerçəkləşməsinə əyani bir
nümunədir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Anar ədəbiyyata altmışıncı illərin lap əvvəllərində gəldi və yetgin bir yazıçı
kimi, tamam yeni bir nəfəslə gəldi. Anarın ədəbiyyatda debütü bizim müasir
ədəbiyyatımızdakı ən parlaq debütantlardan biridir... Anar ən yüksək
tribunalarda xalqı, vətəni, sənəti müdafiə etməyi bacaran və bu zaman millətə
fəxarət gətirən adamdır. Öz daxilində milli və bəşərini, milli mədəniyyət ilə
Şərq və Qərb mədəniyyətini Anar dərəcədə üzvü şəkildə birləşdirən və eyni
zamanda qətiyyən kosmopolit yox, milli olan çox az adam tapmaq mümkündür. Bu
mənada o, Azərbaycan milli ziyalılıq ənənələrinin yetişdirməsi və davamçısıdır.
Elçin
Xalq yazıçısı
Anar - yalnız yazıçı deyil, o, Azərbaycan mədəniyyətində hadisədir. Zəngin
yaradıcı təbiəti, dünya mədəniyyətinə, ədəbiyyatına, müsiqisinə, incəsənətinə
qeyri-adi bələdliyi ona bütün dünyada Azərbaycan mədəniyyətinin təbliğatçısı
olmaq imkani verir. Onun Vətəninə məhəbbəti övladlarımız üçün etalon ola bilər.
Azərbaycan dilində «ziyalı» sadəcə intelligent demək deyil. Ziyalının sanki
içindən işıq gəlir. Yadımdadır Qabil və Fikrət Qoca mənə deyirdildər ki, uzun
illər boyü yazıçılar təşkilatında yalnız iki əsl ziyalıyla rastlaşıblar: Ənvər
Məmmədxanlı və Anarla.
Çingiz
Abdullayev
Xalq yazıçısı
Həm yaradıcılığında, həm ictimai fəaliyyətində azadlıq, demokratiya, müstəqillik
ideyalarına sadiqliyinə görə Anar mənim bu qədər yaxın qələm qardaşımdır. Uzun
illərin təmasları bizi bir-birimizə qarşılıqla rəğbət hissləri ilə bağlamışdır.
Çingiz
Aytmatov
Qırğızıstan yazıçısı
Anarın bir yazıçı kimi yaxşı cəhətlərindən biri budur ki, qələmə almaq istədiyi
mövzunu mükəmməl öyrənir, axtarışlar aparır, tədqiqatçı kimi araşdırmalarla
məşğul olur və onu bütöv qavradıqdan sonra yazıya başlayır. Biz bunu Mirzə
Cəlildən əsər yazmazdan əvvəl «Anlamaq dərdi» və «Dədə Qorqud dünyası» kimi elmi,
essevarı, publisist əsərlərin timsalında görürük.
İsmayıl Şıxlı
ədəbiyyatşünas, yazıçı
Altmışıncı illərdə ədəbiyyatımıza gələn yeni nəslin içərisində
Anarın ayrıca dəstxətti, ayrıca yeri var. Mən demək olar ki,
onun bütün əsərlərini oxumuşam. Anarı bir yazıçı kimi mənə
sevdirən əsas cəhət onun əsərlərindəki psixologizmdır. Belə ki,
o, yaratdığı obrazların hərəkətlərinə, əməllərinə oxucunu
inandıra bilir.
Bəxtiyar Vahabzadə
Xalq şairi
Əzizim Anar!
Zaman-zaman sənin hesabına özünü göstərmək istəyən o qədər küləklər sənə hücum
çəkib ki. Amma nə bir budağını əyməyə, nə də bir yarpağını qoparmağa gücləri
çatıb. Eləcə vıyıldayıb zəhlə töküblər...
Sən ana dilimizin bətnindən doğulan ən istedadlı yazıçılardan birisən.
Sən əsrlər boyu öz yazıb-yaratdıqlarıyla bu dili yaşadanların sırasındasan. Və
bu dil yaşadıqca sənin yazıb-yaratdıqların da yaşayacaq.
Buna səni sevənlərin də, sevməyənlərin də şübhəsi olmasın!..
Ramiz Rövşən
Şair, yazıçı
Ədəbi həyatda da teatrdakı kimi hərənin öz «ampulası» var və öz təbiətinin
ziddinə gedib bundan kənara çıxmaq asan deyil. Mənə elə gəlir ki, Anar
ədəbiyyata epizodik, ikinci-üçüncü dərəcəli rollar üçün gəlməyib. Elə bu
xüsusiyyət ona həm bədii, həm də elmi-publisist yaradıcilığında mədəniyyət
tariximizin ən qaynar nöqtələrinə əl uzatmaq, ən müqəddəs səhifələrini çevirmək
haqqı kimi bir mənəvi imtiyaz verib. Anar ilk hekayələrini çap etdirəndən bəri
həmişə diqqət mərkəzindədir. Ancaq onun yaradıcılığına oxucu marağı ilə tənqidçi
«marağı» çox vaxt bir-birinin əksinə olub. Oxucuya sevinc gətirən bir çox
yaradıcılıq axtarışları və uğurları, tənqidçilər üçün yeni hücum hədəfinə
dönür... Buna görə də öz ədəbi taleyini, bugünkü böyük ictimai etimadı, ümumxalq
məhəbbətini qazanana qədər o, çətin, dramatik yollardan keçib... Anara etibar
etmək olar, yazısında da, ictimai mövqeyində də, danışığında da, sevgisi və
nifrətində də... Hansı yerə düşür-düşsün, mədəniyyətimizi ləyaqətlə təmsil edə
bilər. Heç bir çətin məqamda öz şəxsi mənafeyini, tərif, adsan, mükafat həvəsini
ümumi mənafeyindən üstün tutub ədəbi vicdanına qarşı getməz...
Sabir Rüstəmxanlı
Xalq şairi
Anarın Gənc tamaşaçılar Teatnnda göstərilən pyesi yalnız teatr tamaşası deyil,
həm də Ana haqqında, ana məhəbbəti, ana ləyaqəti, ana qəlbi və ana taleyi
haqqında lirik romans təsiri bağışlayır. Hadisələr bir neçə saat ərzində cərəyan
edir. Amma tamaşanın təsiri, tamaşadan aldığımız bədii zövq uzun zaman bizi tərk
etmir, yaddaşımızda şirin bir xatirə kimi yaşayır.
Əliağa Kürçaylı
Şair, dramaturq
Anar - deyiləndə gözümün qabağına bir Ana yol gəlir. Bu Yol «Keçən ilin son
gecəsi»ndən baş alıb, «Otel otağı»na gəlib çıxır. Bu yolda böyük-kiçik yuzlərcə
yol və cığır kəsişir. Bu yolu - ayaq üstə təsavvür edə bilsəydik, qollu-budaqlı,
çoxşaxəli nəhəng bir ağaca bənzəyərdi. Bir ağac - bir orman! Bu yolu ləngərli,
dolu, uzun bir çaya da oxşatmaq olar. Dağlardan, dərələrdən, düzlərdən keçib,
dənizə yaxınlaşanda neçə-neçə kiçik çaylara bölünən, delta yaradan bir çaya! O
çay - Anar olsa, o delta onun əsərləridir.
Dəniz də bizik! Oxucular!
Fikrət Sadıq
Şair, publisist
Anarın, Anar yaradıcılığının həyatiliyi, realizmi, əgər təbir
caizsə, bugünlüyü bizə əsl ədəbiyyat haqqında danışmağa tam haqq
verir. Anar bir yazıçı, essist və kino xadimi kimi öz
yaradıcılığında müasir sənətin bir çox xüsusiyyətlərini
birləşdirə bilmişdir, bu sintez eklektik xarakterli deyil,
bütövdür, məqsədəuyğundur... Məhz buna görə də bu gün biz
ədəbiyyatdan danışanda, müasir Azərbaycan nəsrinin son illərdə
keyfiyyətcə yeni bir mərhələyə qalxdığını iqrar edəndə - yeni
fıkirli, yeni məzmunlu, yuksək realist mövqeli, geniş miqyaslı
sənətdən danışmalı oluruq. Bu sənətin ön sıralarında Anar öz
səsi və öz nəfəsi ilə uğurlu addımlarla gedir.
Yusif Səmədoğlu
Xalq yazıçısı
Anar ideyalar generatorudur, onun bir çox təklif və təşəbbüsləri həyata
keçirilib və çox əhəmiyyətli olub. Hələ sovet dövründə o Dədə Qorqud haqqında
ssenari yazıb. Müstəqillik illərində isə Anarın irəli sürdüyü və unudulmaz
Prezident Heydər Əliyevin dəstəklədiyi ideyaya əsasən Dədə Qorqudun yubileyi
dünya miqyasında bayram edildi və yenə də Anarın təşəbbüsüylə
"Dədə
Qorqud"
ensiklopediyası yarandı ki, Anar onun Redaksiya Şurasının sədridir.
Polad Bülbüloğlu
Azərbaycan bəstəkarı
Anar... unikal Tənha İntellekt Qitəsidir. Nəinki Azərbaycanda, yəqin ki, bütün
dünyada belə adamları barmaqla saymaq olar. Və bu mənada Anar mənimçün ilk
növbədə lazımınca istifadə olunmamış Milli sərvətdir.
Vaqif Səmədoğlu
Şair, publisist
Dəqiq yadımda deyil, çapdan yenicə çıxmış hansı kitabımısa Anara
bağışlayanda üstündə yazmışdım: «Bu boyda uzaq ola-ola, bu qədər
yaxın olduğum Anara...» Sözsüz uzaq olmağın səbəbi aydındır: Mən
kənddə böyüdüm, Anar şəhərdə. Yaxın olmağımın kökü daha
dərinlərdədir, məncə, hər halda bu hiss bir başa milli
təəssübkeşlikdən gəlir. Yəni, hər ikimizin mənsub olduğumuz
xalqa milli duyğularla bağlılığı. Millətini sevən hər kəs, kim
olur olsun, Anarı özünə yaxın və doğma hesab etməlidir. Anar
haqqında həmişə yazmaq istəmişəm. İndi oturub fikirləşirəm ki,
Anar haqqında ümumiyyətlə yazılmayıb. Amma Anar hamımız haqqında
yazıb. Böyük ədəbiyyatın, sağlam sözün ən ağır anlarında köməyə
gəlib. Əsl sözün müdafiəsinə qalxıb. Sonacan da mübarizə aparıb.
Anar həmişə haqqın tərəfində olub.
Mövlud Süleymanlı
Xalq yazıçısı
Anar müəllimin nəsr, kino, teatr, mədəniyyət, ümumiyyətlə mətbuat sahəsində
gördüyü böyük-böyük işlərin dəyərini çağdaş dövrümüz gərəyincə bilməyib,
inanıram ki, gələcək nəsl onun obyektiv qiymətini verəcək. Ancaq bir vətəndaş
mövqeyindən yanaşanda istəkli Anar müəllimin Yazıçılar Birliyindəki fəaliyyəti
ona görə ürəyimcə deyil ki, ən azı, bacardığı bir sahələrdəki yaradıcılıq
töhfələrindən məhrum oluruq.
Natiq Səfərov,
Yazıçı, tərcüməçi
Anar dünyaya sanki böyük bir misssiya üçün gəlib. Ədəbi aləmdə atdığı ilk
addımlarındansa bunun müəyyən əlamətləri duyulurdu. Bir cavan yazıçı kimi
əslində özünün də o vaxtlar köməyə, dəstəyə ehtiyacı olsa da, istedadına
güvəndiyi daha gənc ədəbi qüvvələrə əlindən gələni edir, üzə çıxmalarına
yardımını əsirgəmirdi. O zamanlar «uğurlu yol»ları ilə xeyli gəncə xeyir-dua
verən Rəsul Rza ilə onların arasında əsas əlaqələndirici Anar idi. Böyük şairin
Baş redaktor olduğu ASE (Ensikolopediya) bu cavanların işə düzəldilməsində
Anarın müstəsna xidmətləri vardı.
Ələkbər Salahzadə
Şair, tərcüməçi
Anar müəllimlə şəxsi tanışlığımız 1968-ci illərə dayanır. Əvvəlcə atası, böyük
şairimiz və ustadımız Rəsul Rzayla birlikdə işləmişəm, sonra da özüylə 1969-cu
ildən ta ki, 1993-cü ilə qədər, yəni İstanbula gələnə qədər birlikdə onun
yaratdığı və baş redaktorluq elədiyi «Qobustan» sənət dərgisində fasiləsiz
işləmişəm. Mən əvvəlcə onun atasının əlindən, sonra da onun əlindən çörək pulumu
qazanmışam, nəinki çörək pulumu, hətta ev sahibi olmuşam, maşın sahibi olmuşam
və ədəbiyyatda bü gün adım çəkilirsə, bu da onların hesabınadır. Bir Allah bilir,
Anarın bir Allahı, mən olan yerdə onun haqqında kimsə ağzıpozuq danışa bilməyib,
danışanda da cavabını alıb. Mən atam Məhərrəm kişidən çox sevmişəm və sevirəm
onu. Atam məni dünyaya gətirib. Anar mənim dünyada yerimi bəlirləyib.
Tofiq Abdin.
Yazıı, publisist
Anar adamın hər vaxt dönə biləçəyi, qayıdıb üz tuta biləcəyi bir insandır. Həm
də sənə doğma olduqca uzaq, uzaq olduqca yaxın bir insan. Altmış, yetmişinci
illərdən keçmiş ədəbiyyat, incəsənət, mədəniyyətlə maraqlanan heç bir
azərbaycanlı yeniyetməsi, gənci (təkcə onlarmı?) Anarı dana bilməz. Bir dəfə
yenicə varlanıb dingildəməyə başlamış uzaq qohumlarımdan biri məndən: - Anarın
nə qədər pulu olar? - deyə soruşanda: - Pulunu deyə bilmərəm, amma respublikada
Anar qədər oxucusu, hörməti və nüfuzu olan tanımıram, - dedim.
Azər Abdulla
Yazıçı, publisist
Anar nəsrinin doğmalığı Bakı küçələrinin hər bir tinində yaddan az qala çıxmaq
istəyən, amma heç cür yaddan çıxmayan xatirələrin doğmalığıdır. Səninlə üz-üzə
gələn və əsla tanımadığın adamların gözlərinin dərinliyindəki doğmalıqdır. Mən
bu doğmalığı hər bir sətirdən, hər bir mükalimdən aydın şəkildə duyuram. Elə də
olur ki, hər hansı bir personacın arxasına düşürsən, Anar onunla «öz işini
qurtarandan» sonra öz təxəyyülünü işə salmağa çalışırsan. Bu təxəyyül onun hər
hansı bir əsərində kifayət qədər qıcıqlandırıldığından onda məsələn, «Ağ liman»
əsərindən kənarda potensial şəkildə baş verə biləcək belə bir davranış yolunu
cızmaq olar.
Kamal Abdulla
Xalq yazıçısı
Anar ədəbiyyata öz kamil qələmi ilə gəldi. Ədəbiyyatımızı həm mövzu, həm məzmun,
həm ifadə tərzi baxımından yeniləşdirən, zənginləşdirən istedadılı sənət
adamlarımızdan biri kimi də dərhal mərkəzi planda oldu. Oxucu keçmiş ədəbi
stereotiplərdən dərhal ayrılıb, yeni bir aləmə, yeni bir dünyaya düşdü. İnsani
hisslər, duyğular, əməllər dünyasına; sən demə adi telefon nömrələri hissləri,
duyğuları sehirli bir dünyaya apara bilərmiş.
Elə yazıçılar var ki, ondan tez doyursan, öyrəşirsən yazılarına. Təzə əsərini
əlinə götürən kimi bilirsən ki, nə deyir, nədən danışır. Lakin Anara öyrəşmək
mümkün deyil, o həqiqətlərdən yazanda da, fantastikadan yazanda da, mifdən
yazanda da yenidir, yenilikçidir, fıkir və ideyalar motivləşdiricisidir.
Firuzə Məmmədli.
Şair, tərcüməçi
Xalqlar dostluğu - hər şeydən əvvəl insanların, konkret adamların dostluğudur.
Bu mücərrəd bir şey deyil. Bax, Anar elə şəxsiyyətdir ki, Azərbaycan xalqını
təmsil edir. Onunla tanış olanda artıq familini bilirdim - Rza, Rzayev.
Rəsul Rza çox hörmət bəslədiyim insan, mənim ustadlarımdan biridir. Ədəbiyyatda
da, Azərbaycan ruhunu anlamaq baxımından da o mənə çox şey verib. Çox şadam ki,
bütün bu keyfiyyətlər onun oğlu Anara da keçib.
Oljas Süleymanov
Qazaxıstan şair, yazıçısı
Anar deyəndə bu sözün arxasında ağıl, mərdlik, namus, paklıq durur. Mənə elə
gəlir ki, Anar
bizim Taras Qriqoryevic Şevcenkonun arzuladığı idealı təcəssüm etdirir.
İvan Draçin
Ukrayna şairi
Mən o etirafdan başlamaq istəyirəm ki, Anar - Sovet İttifaqı adlanan ərazinin ən
görkəmli yazıçılarından və mədəniyyət xadimlərindən biridir. Amma şəxsi
münasibətlər də var. Anar müəllim, Siz bilirsiniz ki, mən Azərbaycanı necə
sevirəm və şəxsən Sizə necə ehtiram və sevgi bəsləyirəm. Siz düşünən, həyatı
anlayan, Azərbaycanın və yalnız Azərbaycanın deyil problemlərini dərindən duyan
bir insansınız.
Siz yazıçılar ailəsinin böyüyüsünüz, mənim də böyüyümsünüz.
Rimma Kazakova
Rus şairəsi