2016-cı il
iyun
ayının 23-də Milli Kitabxanada Mədəniyyət və Turizm
Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik
Fondu və Azərbaycan Milli Kitabxanasının birgə
təşkilatçılığı ilə “Multikulturalizm və kitab” mövzusunda
konfrans və ilk nəşri çapdan çıxmış “Multikulturalizm”
jurnalının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri Milli
Kitabxananın direktoru professor Kərim Tahirov açmışdır. O,
tədbir iştirakçılarını salamlamış, tədbirin Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 mart
2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin
Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan
edilməsinə dair tədbirlər planının 21-ci bəndinə müvafiq
olaraq keçirildiyini bildirmiş, kompleks tədbirlərin
regionlarda da keçiriləcəyini söyləmiş, multikulturalizmin
Azərbaycanın ənənəvi siyasətinin çox yaxşı modeli olduğunu,
ölkəmizin milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya
olan müxtəlif xalqların nümayəndələrinin harmonik inkişaf
etdiyini bildirmişdir.
Atatürk
Mərkəzinin direktoru, Milli Məclisin deputatı Nizami Cəfərov,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik
şöbəsinin müdiri Nəriman Qasımzadə, Yazıçılar Birliyinin
katibi, 525-ci qəzetin redaktoru Rəşad Məcid, Bəstəkarlar
İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov,
“Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının
baş redaktoru Fəxri Uğurlu, yazıçı-publisist Sədaqət
Kərimova və başqaları öz çıxışlarında Azərbaycanın
multikulturalizm ənənələri ilə bütün dünyanın diqqətini cəlb
etdiyini, multikulturalizmin Azərbaycan mədəniyyətinin
cövhəri olduğunu, xalqımızın mədəniyyətində, başqa xalqlara
münasibətində əsrlər boyu davam edib gələn bir anlayış
olduğunu söyləmişlər.
Konfransın
ikinci hissəsində məruzələr dinlənilmişdir. Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu İnformasiya
təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı,
Bilik Fondunun əməkdaşı Reyhan Yusifqızı, Multikulturalizm
Mərkəzinin Analitik şöbəsinin müdiri Nəriman Qasımzadə,
Milli Kitabxananın şöbə müdiri Adilə Abdullayeva, F.Köçərli
adına Uşaq kitabxanasının direktor müavini Zahirə Dadaşova,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident Kitabxanasının əməkdaşı Əliyusif Məmmədov, Hərbi
akademiyanın dosenti, filologiya elmləri namizədi Münəvvər
Məmmədova, Polis akademiyasının müəllimi Rahim Məcnunov,
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Fondların formalaşması
şöbəsinin biblioqrafı Sevil Əliyeva öz çıxışlarında
multikulturalizm və kitabxana işi, kitabxanalarda
multikulturalizmə dair ədəbiyyatın təbliği formaları barədə
danışmışlar.
Milli
Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış
“Azərbaycanda multikulturalizm” elektron məlumat bazası
təqdim edilmişdir.
Sonda tədbir iştirakçıları “Multikulturalizm Azərbaycanın
həyat tərzidir” adlı kitab sərgisi ilə tanış olmuşlar.
|