2015-ci il dekabr ayının
10-da Ankarada Bəxtiyar Vahabzadənin adının daşıyan orta
məktəbdə görkəmli şairin anadan olmasının 90 illiyi
münasibətilə tədbir keçirilmişdir. Tədbirdə TÜRKSOY-un
Azərbaycan təmsilçisi Elçin Qafarlı, Azərbaycanda Atatürk
Mərkəzinin müdiri, millət vəkili, prof. Nizami Cəfərov,
Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim
Tahirov, direktor müavini Əməkdar mədəniyyət işçisi Ədibə
İsmayılova da iştirak edirdi.Tədbiri məktəbin direktoru
açaraq tədbir iştirakçılarını salamladı. Sonra Bəxtiyar
Vahabzadənin həyatından bəhs edən film nümayiş olundu.
Məktəbin şagirdləri şairin şeirlərini söylədilər.
B.Vahabzadənin sözlərinə bəstələnmiş mahnılar Xalq artisti
Mələkxanım Əyyubovanın ifasında canlı səsləndirildi.Sonda
Azərbaycan Milli Kitabxanası tərəfindən məktəbin
kitabxanasına və şagirdlərə kitablar hədiyyə edildi.