E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

Hacıbəyovun operası, hər şeydən əvvəl, ona görə gözəl əsərdir ki, burada bəstəkar Azərbaycanın çox zəngin musiqi folklorundan məharətlə istifadə edə bilmişdir. Biz müğənnilər bunu xüsusilə hiss edirik. Hacıbəyovun musiqisinə formal bəzək-düzək, əllaməlik yaddır, bu da zənnimcə, bəstəkarın xalq yaradıcılığından cəsarətlə istifadə etməsinin nəticəsidir.


Şəxsən mən, Aşıq Qəribin peşəkar aşıq olmadığını təsdiq etmək tərəfdarıyam. Mənim rəyimcə o, kütlənin içərisindən yetişmiş, öz istedadına və zəkasına görə kütlənin sevdiyi xalq xanəndəsidir. O, kəskin əqlə sahib olaraq, feodalizm şəraitində, əməkçi kütlələrin təhkim və talan eilməsinə qarşı öz etirazını cürətlə yüksəldə bilir.


Cabbar Qaryağdı oğlu musiqi qabiliyyəti ilə zəngin səs vasitələrini özündə məharətlə birləşdirilmişdir. O, vokal ifaçılığına xas olan formalarını, muğam ifası məktəbini yaradan öz-özünə yetişmiş görkəmli istedadlardandır.


Mənə ordenli yurdumuzun ən yaxşı operası olan “Koroğlu” əsərində xalq qəhrəmanı Koroğlunun rolunu oynamaq qismət oldu. Bu rol artist üçün şərəf işidir.

“Koroğlu” gözəl opera olmaqla bərabər, onda çox qüvvətli dramatik elementlər vardır. Bu, öz rolunu məharətlə oynamaqda artistə böyük yardım edir.


Aşıq sənətini ancaq xalq kütlələri bütün toxunulmazlığı ilə qoruyub saxlamışlar. Aşıqların sənətklarlığının ən valehedici xüsusiyyəti onların yaradıcılığının sintetik olması, sözlə musiqini, oxumaqla rəqs etməyi birləşdirməsidir. Onlar həm yaradıcı, həm də ifaçı – improvizator, şair, rəqqas və musiqiçidirlər. Aşıqların ifası dərin səmimiliyi və emosionallığı ilə fərqlənir. Hər söz, hər musiqi cümləsi aşığın hiss və duyğularının canlı, səmimi ifadəsidir.


“Şahsənəm”. Onun ardınca “Nərgiz” və “Koroğlu” əsərlərinin meydana gəlməsi ilə Azərbaycan operası üçün yeni dövr – coşqun yüksəliş və tərəqqi dövrü başlanır. Həmin operalarda aktyor istedadı sözün əsil mənasında özünü göstərə bilmişdir. Adları çəkilən operalarda xalq musiqisinin gözəl inciləri bəstəkarın sənətkarlığı, müasir opera mədəniyyətinin yüksək texnika vasitələri ilə zənginləşmişdir.


“Arşın mal alan” musiqili komediyası öz musiqsinin gözəlliyi, oynaqlığı, həyatiliyi və tematikası etibarı ilə müstəsna sayılmalıdır.


Xanəndələr öz işinin ustasıdırlar. Onların ifası qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənir. Xanəndələrin repertuarında Azərbaycanın klassik melodiyaları – muğamlar daxildir. Bu orjinal əsərlər, musiqi ladları əsasında instrumental, vokal və rəqs musiqisi qurulur. Muğamlar geniş inkişaf etmiş musiqi forması və metodik mövzunun çox gözəl işlənməsi ilə fərqlənir.


Xalq musiqsi xəzinəsində çoxlu gözəl oyun havaları vardır. Özünə məxsus gözəlliyi olan, həmin havalar son dərəcə ahəngdardır. Azərbaycanda rəqslər olduqca müxtəlifdir – zurna və dəfin müşayiəti ilə, öz ritminə görə, sürətli, coşqun, eləcə də yüngül, rəqqasənin incə hərəkətləri ilə fərqlənən rəqslər vardır. Bir sıra melodiyaların adları rəqsin xarakteri haqqında təsəvvür yaradır; məsələn, “Ceyranı”, “Bənövşə”, “Lalə” və sairə.


Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti xoreoqrafiya sənətimizin inkişafında ilk addımdır. Böyük ustalıqla mükəmməl bir balet əsəri meydana çıxarmaq bəstəkarın yuxarıda dediyimiz el havalarını böyük məharətlə işlədiyini və Avropa xoreoqrafiya sənəti ilə Azərbaycan xalq oyun havalarını birləşdirməyi bacardığını göstərir.


Qəribə burasıdır ki, Çaykovski istər böyük həcmli, istərsə də kiçik həcmli hər bir əsərinə eyni tələblə yanaşmışdır. Onun hər bir əsərində yüksək keyfiyyət, dərin məna, xalq ruhuna uyğunluq, realist və səmimilik duyulur. Çaykovski həqiqətən rus həyatının, rus incəsənətinin poetik surətlərini öz klassik musiqi əsərlərində parlaq surətdə əks etdirmişdir.


Muğamların və çoxdan unudulmuş təsnif və rənglərin nota yazılması qocaman müğənni və çalğıçıların ən yaxşı ənənələrini bərpa etmək deməkdir.Muğamları öz forma və məzmununa görə yalnız böyük simfonik əsərlərlə müqayisə etmək olar.


Xalq müğənnilərinin sənəti, xalq melodiyalarının gözəl sərvətləri bu gün də peşəkar musiqi yaradıcılığı üçün təravətli, canlı mənbədir.


Üzeyir sənətinin qüdrəti orasındadır ki, bəstəkarımız Azərbaycan xalq musiqisinin, muğamlarımızın bütün incəliklərini bilir, onun məlahətini duyur, öyrənir və xalqın sevəcəyi yeni əsərlər yaratmaq üçün geniş axtarışlar aparırdı.


Mən ömrümün çox ilini sevimli sənətə - opera səhnəsinə vermişəm, lakin Füzulinin qəzəllərindən aldığım ilk təəssüratı heç vaxt unutmaram, həmin qəzəlləri görkəmli Azərbaycan müğənnisi Cabbar Qaryağdı oğlu oxuyurdu. O zaman onu dinlədikdə Füzulinin xalqa nə qədər yaxın olduğunu, xalqın arzu və düşüncələrini nə qədər parlaq ifadə etdiyini başa düşdüm.


Aşıq hər şeydən əvvəl, şairdir, ifa etdiyi mahnıların yaradıcısıdır. Aşıq müğənnidir. O, öz nağılının xeyli hissəsini mahnı şəklində ifa edir. Aşıq çalğıçıdır. O, öz hekayətini və mahnısını saz ilə müşaiyət edir. Aşıq artistdir. O, çıxışını xarakterik mimika ilə müşayiət edir, gəzişir, rəqs edir, çox vaxt hekayə qəhrəmanının hərəkətini təsvir edir. Aşıq reçitativ ifaçılığın ustasıdır.


Aşıqlarımız tarixi abidə kimi deyil, həmişə canlı, həmişə təzə, həmişə maraqlı, xoşa gələn yaradıcı qüvvəmizdir. Xalq onların haqqında belə deyir. “Aşıq el anasıdır. Aşıq gördüyünü çağırar. Bu aşıq haqq aşığıdır”. Bu sözlər öz-özünə deyil, uzun illərin təcrübəsi əsasında əmələ gəlmiş xalqın bədii zövqünün məhsuludur.


<< Geri