E L E K T R O N   M Ə L U M A T   B A Z A S I




Azərbaycan xalqının böyük oğlu Bülbül mədəniyyətimizin, incəsənətimizin inkişafında əvəzsiz xidmətlər göstərmişdir, böyük irs qoymuşdur. Onun parlaq siması bizim qəlbimizdə daim yaşayacaq, müstəqil Azərbaycanın gələcək nəsilləri üçün örnək olacaqdır.

Bülbülün ev-muzeyinə Bülbül irsinin, Azərbaycan mədəniyyətinin təbliğində yeni uğurlar arzulayıram.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Bülbülün Memorial ev-muzeyinin fəxri qonaqlar kitabına yazdığı ürək sözləri. 3.12.1997-ci il

***

Çoxlu ifaçılar olmuşdur. Əlbəttə, onların arasında, müğənnilərimiz arasında birinci yerdə unudulmaz Bülbül durur. Azərbaycan tarixinin bütöv bir mərhələsi onun adı ilə bağlıdır.

***

Mənə belə gəlir ki, Üzeyir Hacıbəyov “Koroğlu” operasını yazarkən - məlumdur ki, o, bir xeyli müddət bu operanın yazılmasına hazırlaşıbdır - böyük sənətkarımız Bülbülü nəzərdə tutubdur. Bülbül və Koroğlu rolu... Elə bil ki, Koroğlu rolu Bülbül üçün yaranıbdır. Ona görə də Koroğlu əsəri o vaxtdan, 1938-ci ildən indiyə qədər səhnədədir. Bundan sonra da səhnədə olacaqdır. Yeni-yeni ifaçılar meydana çıxır. Çox gözəl opera və vokal ustaları meydana çıxır və Koroğlu rolunu ifa edirlər. Amma hamısı çalışır ki, o rolu Bülbül kimi ifa etsin. Çünki bizim hamımızın hafizəsində, beynimizdə Koroğlu həmin səhnədə, atın üstündə Bül-bülün gözəl, məlahətli səsi ilə həkk olunubdur.

***

Bülbül və onun silahdaşları Azərbaycanda gözəl musiqi mühitini, gözəl incəsənət mühitini yaratmışlar. Otuzuncu, qırxıncı, əllinci illərin və sonrakı illərin Azərbaycanı həqiqətən bununla məşhur idi.

***

Bülbül, onun yaradıcılığı Azərbaycan mədəniyyətinin tarixində nadir, parlaq bir hadisədir. Bülbül, Rəşid Behbudov və Müslüm Maqomayev XX əsr Azərbaycan musiqi tarixinin, mahnı tarixinin ən uca zirvəsində qərar tutmuşlar.

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri




Böyük sənətkar Bülbül zəngin yaradıcılıq yolu keçmiş və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuşdur. Onun Şərqlə Qərbin musiqi ənənələrinin qovuşuğunda novatorcasına yüksək məharətlə canlandırdığı rəngarəng obrazlar ifaçılıq sənətinin bənzərsiz nümunələridir. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün müstəsna xidmətləri vardır.

Bülbül böyük şəxsiyyət, böyük sənətkar, Azərbaycan professional vokal sənətinin banisi idi. Onun ifasında səslənən xalq mahnıları, muğam, klassik opera partiyaları Azərbaycan musiqisinin qızıl fondunu təşkil edir. Əlli ildən çoxdur ki, Bülbül aramızda deyildir. Ancaq xalqımızın qəlbində ona olan sevgi bu gün də yaşayır. Bu sevgi onun istedadına olan məhəbbət, onun nə qədər böyük sənətkar olduğunu bir daha əyani şəkildə göstərir.

Bülbül əsl milli müğənni, milli xanəndə, milli sənətkar idi. Onda vətənpərvərlik ruhu çox yüksək səviyyədə idi. Bülbül, eyni zamanda, gözəl aktyor idi. Onun yaratdığı obrazlar bu gün də yaşayır və bir çoxları üçün Koroğlu obrazı məhz Bülbülün obrazı ilə eyniləşdirilir. Gənc nəsil, orta nəsil və yaşlı nəsil təbii ki, Koroğlu haqqında düşünəndə mütləq Bülbülün obrazı yada düşür.

Bülbül, eyni zamanda, böyük ictimai xadim, əsl Azərbaycan ziyalısı, öz xalqına, öz milli köklərinə bağlı və həmçinin dünyaya açıq insan idi. O, Azərbaycanın musiqi sənətini sovet məkanında və dünyada təbliğ edirdi. O illərdə xalqımızı dünyaya tanıtdırmaq üçün incəsənət, musiqi, ifaçılıq sənəti, ədəbiyyat yeganə bir vasitə idi. Çünki Azərbaycan müstəqil deyildi və Azərbaycan xalqı, Azərbaycan diyarı haqqında dünyada və sovet məkanında təsəvvürü məhz bizim görkəmli incəsənət xadimləri yaratmışlar. Bülbülün bu istiqamətdəki rolu çox böyük idi.

***

Doğrudan da, onun təkrarolunmaz səsinin məlahəti unudulmazdır. Onun ifasında səslənən mahnılar ölməz mahnılardır. Artıq əlli il keçdi, bundan sonra da əlli il, yüz il keçəcək və Bülbülün sənəti, onun təkrarolunmaz səsi yaşayacaq və bizim hamımızı sevindirəcəkdir.

İlhamƏliyev,

Azərbaycan Respublikasının Prezidenti




Opera sənətinin görkəmli nümayəndəsi, professor, SSRİ Xalq artisti Bülbülün Memorial muzeyini böyük maraqla seyr etdim.

Muzey Bülbülün böyük yaradıcılıq yolunu parlaq şəkildə əks etdirir və o, heç şübhəsiz ki, indiki nəsli, eləcə də gələcək nəsilləri bu böyük ustadın yaradıcılığı ilə yaxından tanış edəcək.

Zərifə Əliyeva,

akademik, Əməkdar elm xadimi




Avropa vokal məktəbini mənimsəyən və həm də Şərq üslubunda oxumağı bacaran Bülbül opera səhnəsi üçün qiymətli tapıntıdır.

Üzeyir Hacıbəyli,

SSRİ Xalq artisti




Azərbaycan bəstəkarları bu gözəl sənətkara olduqca minnətdardırlar. Bülbül bizim yaradıcılığımızın ehtiraslı təbli-ğatçısı idi. O, musiqimizin carçısı, onun müvəffəqiyyətləri və nüfuzu uğrunda mübariz idi. O, nəinki müdrik məsləhətçi, müəllim, həm də ən müxtəlif janrlarda və miqyaslarda yaradılan bir çox əsərlərin – adi kütləvi mahnılardan tutmuş böyük, hazırda hamıya məlum olan simfonik əsərlərin və operaların təşəbbüskarı idi.

Qara Qarayev,

SSRİ Xalq artisti




Mən Şalyapini rus operasının novatoru, Bülbülü Azərbaycan operasının novatoru hesab edirəm. Professional ifaçılıq məktəbinin yaranması dairəsində Bülbülün böyük xidmətlərini qiymətləndirmək çətindir. Mən hesab edirəm ki, Bülbülün vokal sənəti sahəsində bizim müğənnilər qarşısında xidməti, Ü.Hacıbəyovun bizim bəstəkarlar qarşısındakı xidmətinə bərabərdir.

Niyazi,

SSRİ Xalq artisti




Мой родной Бюль-Бюль, рождением симфонических мугамов «Шур» и «Кюрди-овшары» я обязан тебе – инициатору и консультанту – самому лучшему знатоку азербайджанской народной музыки, сохранивщему в себе прекрасные её традиции.

Мой дорогой Бюль-Бюль. Крепко заложенный фундамент твоей профессиональной исторической дружбы с моим отцом дал мне возможность стать продолжателем той творческой дружбы, искренным другом и сыном семьи.

***

Bülbülün böyüklüyü, ona olan dərin xalq məhəbbətinin sirri nədədir? Bülbülü müğənnilərimizin bülbülü edən nədir? Bu bir möcüzədirmi? Əlbəttə, istedad nə qədər qeyri adi olsa da, yox!
Bülbülün qüdrəti onun sənətinin sırf xəlqiliyində, xalq həyatı ilə bağlı olmasında, eyni zamanda bir sənətkar kimi “dəhşətli əmək” (Lev Tolstoy) yolu ilə getməsindədir. Bülbül nə oxuyurdusa ürəkdən oxuyurdu. Bülbül sənəti müxtəlif görüşlü, müxtəlif zövqlü dinləyiciləri ona görə əsir edə bilirdi ki, o, hansı səviyyədə isə dayanmır, yaxud hansı səviyyəyə isə enmirdi. Bəlkə bir-birinə nisbətən aşağı-yuxarı səviyyədə duran zövqləri daha böyük bir yüksəkliyə qaldırır və orada birləşdirirdi. Beləliklə də, hamının istəklisi olurdu. O, sənəti müqəddəs bilir və bu işə ürəyinin bütün hərarətini verirdi.

Fikrət Əmirov,

SSRİ Xalq artisti




Bülbül fəaliyyətə başladığı illərdə özünün nadir, böyük və qüdrətli istedadını Azərbaycan xalqının bədii həyatının elə bir sahəsinə səxavətlə bəxş etdi ki, o zaman ədəbiyyatda – Mirzə Fətəli Axundovun, musiqidə - Üzeyir Hacıbəyovun artıq etdikləri əsl novatorluğa, əsl inqilaba ehtiyac son dərəcə o sahədə də hiss olunurdu. Bizim vokal sənətimiz özünün alovlu inqilabçısını, onun inkişafında yeni dövr açmış təkraredilməz böyük istedadını ancaq Bülbülün şəxsində tapmışdır.

Mirzə İbrahimov,

Xalq yazıçısı




Bülbül sadəcə mahir müğənni deyil, Bülbül hər şeydən əvvəl, ilk kəşf edəndir. O, Azərbaycanda heç kimin getmədiyi cığırla tək getməyə başlamışdı. O, Azərbaycan incəsənəti üçün naməlum, yeni yollarla, çətinlikləri aradan qaldıraraq getmiş və cəsarətlə yeni yol açmışdır. Azərbaycan vokal sənətində Bülbül inqilab etmişdir.

Rəsul Rza,

Xalq şairi




Bir sənətkar, bir lirik tenor kimi, Bülbülün tembri elə bil ki, özündə bütün Azərbaycan təbiətini, Azərbaycan məişətini, xalqın psixologiyasını, xarakterini rəsm eləyir.

Elçin,

Xalq yazıçısı




Mən həyəcanımı gizlətməkdə çətinlik çəkirəm. Axı, mənim bütün uşaqlıq və gənclik illərim bu gözəl evlə, Bülbülün ailəsi ilə bağlıdır. Burada məni lap uşaqlıqdan öz doğma adamları kimi qəbul ediblər. Bülbülün evdə məşq edərkən oxumağı mənim yaddaşıma ömürlük həkk olunub. Onun hər ifası mənim üçün əsl məktəb olmuşdur.

Azərbaycan xalqı öz müğənnisini əlləri üstə gəzdirib, Bülbül isə əvvəlki tək həmin təvazökar, xoşsimalı, xeyirxah insan olaraq qalmış və müğənniləri yalnız konservatoriyada deyil, özünün bütün həyatının, yaradıcılığının timsalında tərbiyə etmişdir.

Onun səhnədə yaratdığı surətlərin zirvəsi Koroğludur. Hesab edirəm ki, nə ikinci belə ifaçı, nə də ki, ikinci Bülbül doğulacaqdır!

Bülbül cəh-cəhini yamsılamaq olar, lakin onun sənətinə bütünlüklə yiyələnmək, onun təkrarı olmaq mümkün deyil.

Bülbül öz Vətəninin tayı-bərabəri olmayan, misilsiz bülbülü – müğənnisi olmuş, var və daim olaraq qalacaqdır.

Müslüm Maqomayev,

Xalq artisti




Mənə Bülbüllə tanış olmaq, bu dahi Azərbaycan tenorunun təkrarolunmaz səsinə qulaq asmaq, Bülbüllə söhbət etmək, Azərbaycan incəsənətinin inkişafı haqqında onun müdrik fikirlərini dinləmək, onun portretlərini çəkmək xoşbəxtliyi nəsib olub.

Bülbül öz sənətində Azərbaycanın qədim musiqisini Avropanın böyük vokal mədəniyyəti – belkanto ilə birləşdirmiş bir sənətkardır.

Toğrul Nərimanbəyov,

Xalq rəssamı




Bülbül vokal sənətində, musiqi aləmində Üzeyir Hacıbəyovun, müasir poeziyada Səməd Vurğunun tutduğu yer kimi yer tutur. Bülbül təkcə müğənni, ifaçı deyil, həm də Azərbaycanın görkəmli alimidir.

Süleyman Rəhimov,

Xalq yazıçısı




Olduqca gözəl və parlaq istedadın yetkin ustalıqla birləşməsindən yaxşı cazibədar və qüvvətli nə ola bilər. Siz bülbül kimi oxuyursunuz, oxumaq sizin üçün həyati tələbatdır. Siz oxumaya bilməzsiniz.

Konstantin Stanislavski,

SSRİ Xalq artisti




Əgər Bülbül olmasaydı, çətin ki, biz xalq yaradıcılığını belə mükəmməl, belə dərindən öyrənə bilərdik. Bülbül xalq poeziya dünyasını, təkrarolunmaz gözəllik aləmini bizim üçün kəşf etdi.

Cövdət Hacıyev,

Xalq artisti




Mənim əziz dostum, görkəmli müğənni Bülbülün çox gözəl oxumağı hələ uzun illər bizim ürəklərimizi qızdıracaq və sevindirəcək.

David Oystrax,

SSRİ Xalq artisti




Teatr, opera mədəniyyətinin yüksəlişini müəyyən edən olduqca böyük sənətkarlardan biri, şübhəsiz, çox gözəl müğənni və istedadlı aktyor Bülbüldür.

İosif Tumanov,

SSRİ Xalq artisti




Bütün dünyaya və öz xalqına çox şeylər verən dahi müğənni Bülbülün xatirəsinə həsr olunmuş yubileydə iştirak etmək mənim üçün çox sevindirici haldır. Bu gözəl hadisə onun yaratdığı və həmişəyaşar bütün gözəlliyi özündə həkk etmişdir.

Nedda Kassi,

Amerikanın Metropoliten Opera Teatrının solisti




Bülbülün səsi – günəşli, qonaqpərvər, istedadlı Azərbaycanın səsiydi, onu bizim vətənimizin hər bir guşəsində tanıyır və sevirlər.

Artur Eyzen,

Moskva Böyük Teatrının solisti




Bülbül öz xalqının incəsənətini və istedadını bütün dünyaya yaymışdır. Biz hamımız öz əziz Bülbülümüzlə fəxr edirik və onun işıqlı obrazı həmişə bizimlə olacaqdır.

Tahirə Tahirova,

dovlət xadimi




Bülbül kimi oğulları olan xalq xoşbəxt xalqdır.

Teymuraz Cəfərli,

Gürcüstanın dövlət xadimi




Bülbül xalqımızın oxuma sənətinin ən yüksək təcəssümüdür, ona görə də ölməzdir.

Gülrux Əlibəyova,

professor




Bu gün mən dünyanın ən gözəl səslərindən birini dinlədim və onun sənətinin yüksək qiymətləndirildiyinin şahidi oldum.

Yektacıbaşı,

Türk musiqişünası




Dahi və böyük insan qarşısında mən heç bir söz deyə bilmərəm. Bütün varlığımla onun keçdiyi böyük həyat yoluna və qəlbinə heyranam. Dərin hörmət və ehtiram.

Çjan Si-Yun,

Çin Xalq Respublikasının
Azərbaycandakı keçmiş səfiri




Bülbül kimi insanlar xalqa və ölkəyə şöhrət gətirirlər. Onlar bizim böyük sosialist vətəni xalqlarının dostluğunu möhkəm-ləndirən mənəvi özül yaradırlar.

V.İ.Lobusov ,

Rusiya dövlət xadimi




Böyük vətənpərvər, beynəlmiləlçi, parlaq incəsənət xadimi, unudulmaz Bülbülün nəcib həyatı büllur kimi safdır. Bizim misilsiz, görkəmli həmvətənimizin xatirəsinə belə qayğı ilə yanaşdığınız üçün çox sağ olun.

Y.Qolubeva,

Sabiq SSRİ Mədəniyyət nazirinin müavini




Səni salamlayıram, ey əziz Bülbül!

Sənin adın özünə çox yaraşır. Mən bu sözləri, sənin bülbülləri mat qoyan səsin ruhumu oxşarkən yazıram. Sən onların ustadı və müəllimisən! Hətta onlar sənin zəngulələrini təkrar etmək istəsələr belə, sənin ürəkdən oxuduğun kimi oxuya bilməzlər. Heyranedici, bütün hiss üzvlərinin idarə etdiyi qəlbinin dərinliklərindən gələn səslə oxuduğun kimi cəh-cəh vura bilməzlər.

Sənin səsin, sənin qəlbin ruhumuzu daim oxşayacaq. Sən ölməzsən, əbədisən. Sən daim bülbül olaraq qalacaqsan! Bütün insanlığın gələcək nəsilləri üçün nümunə və məktəb olaraq qalacaqsan!

Əbdürrəhman Feniş,

ərəb musiqişünası, bəstəkar




Şanlı vətənimiz Azərbaycanın böyük sənətkarı olan Bülbül yalnız bizim deyil, bütün insanpərvər xalqların sevimlisidir. İkinci Dünya müharibəsi zamanı – mən uşaq yaşlarımda olarkən, sonralar gənc olanda da qulağıma ilk çatan səs rəhmətlik Bülbülün səsi olub, onun ölməz nəğmələri olub. Onun sənət gücü, sənət təsiri sadə sözlərlə bəyana gəlməz. O, Azərbaycanda, xüsusən də Cənubi Azərbaycanda çox sevilib və seviləcək də!

Bizim sənətkarlarımız indi də Bülbülün sənətindən ilham alır, ondan öyrənir və onun doğru-düzgün yolu ilə irəliləyirlər.

Keçmişlərin adını yaxşılıqla çəkən, gözəlcəsinə xatırlayan adamın adı həmişə ürəkdən çəkiləcəkdir.

Şair Sönməz,

İran İslam Respublikasının musiqişünası




Mən düz 50 ildir ki, xalqımızın böyük oğlu və sənətkarı, dərdli xalqımızın ölməz səs xəzinəsinin incisi sayılan Bülbülümüzün şirin, şaqraq, bəzən həzin, bəzən zil və şən nəğmələrini dinləyə-dinləyə, zövq ala-ala, istirahət edə-edə və ən ümdəsi düşünə-düşünə yaşamışam, yaşayıram və ömrümün qalan hissəsini də beləcə yaşayacağımıza inanıram.

Mən ömrümdə təbiətin nəğməkarları olan çoxlu quş səsləri və çoxlu böyük-böyük sənətkarların səsini dinləmişəm, onları beynimin, ürəyimin gözəgörünməz, heç kəsin dilini bilmədiyi, heç kəsin qurub eşidə bilməyəcəyi maqnitofon lentinə yazıb yadigar saxlamışam. Bu gözəl səslərin içində təbiət bülbüllərinin səsi və bizim ölməz Bülbülümüzün səsi xüsusi yer tutur. Mən heyrətlə qeyd etmək istəyirəm ki, xalqımızın böyük oğlu, nəhəng sənətkarımız Bülbülün səsi təbiət bülbüllərinin səsini susdurub kölgədə qoymuşdur. Sənətin sehri və ölməzliyi bir də ondadır ki, Bülbül dünyasını dəyişəndən sonra da mənim üçün, sənin üçün, bütün xalqımız üçün oxuyur. Könüllərimizi oxşayır və bizi xeyirxahlığa, həyatı və insanları sevməyə, torpağımızın qədrini bilməyə çağırır.

Əlibala Hacızadə,

yazıçı




Bülbül vokal sənətində bir hadisədir. Onun aktyorluq həyatı sovet mədəniyyətinin tarixinə qızıl hərflərlə yazılmışdır. Bülbül xalq yaradıcılığının dərinliklərindən dünya incəsənətinin ən yüksək zirvələrinə qalxmışdır.

Akakiy Xorava,

SSRİ Xalq artisti




Sovet mədəniyyətinin görkəmli sənətkarı, Azərbaycan bülbülü Bülbülün valehedici səsi bütün sovet torpağında gur səslənir.

Vano Muradeli,

SSRİ Xalq artisti




Çox böyük istedadla, inadcıl əmək sizi bütün xalqımızın tanıdığı və sevdiyi görkəmli sənətkar etmişdir.

Sergey Lemeşev,

SSRİ Xalq artisti




Böyük ustad Bülbülün adı, onun biliyi, onun zövqü - nəğməkar insanların gələcək nəsillərində əbədi yaşayacaqdır. Bülbülü tanıyanlar əməyi üçün, ustalığı üçün, bilik verməsi üçün, onunla tanışlıq və görüşləri üçün sevinc hissi keçirirlər.

İvan Kozlovski,

SSRİ Xalq artisti




Vokal üzrə milli kadrların hazırlanması məsələsi ən mühüm və mürəkkəb məsələlərdən biri kimi qalmaqda davam edir. Bu işdə təşəbbüskar və entuziast Azərbaycan professional vokal məktəbinin banisi, Bakı konservatoriyasının professoru Bülbüldür. Hələ 1937-ci ildə Ümumittifaq vokal pedaqoji konfransında iştirak edən pedaqoqlar Bülbülün tələblərini əməli göstərməklə məruzəyə qulaq asdılar. Professor Bülbülün məktəbi Ümumavropa məktəbinin milli xüsusiyyətlərlə birləşməsi əsasında təsis edilmişdir.

Dmitriy Aspelund,

Moskva konservatoriyasının professoru,
rus müğənnisi, sənətşünaslıq doktoru




SSRİ Xalq artisti Bülbül öz məruzəsini qardaş respublikaların vokalistlərinin tərbiyə edilməsinə həsr etdi. Bu olduqca böyük və mühüm problemdir. Hələ bu yaxınlara qədər rus vokal məktəbinin prinsiplərinin SSRİ-nin Şərq xalqlarının vokal mədəniyyətinin milli xüsusiyyətləri ilə bir araya sığışmazlığı haqqında yanlış rəy mövcud idi. Moskvada milli mədəniyyət haqda məruzə bunun əksini məharətlə sübut etdi.

Valeriya Barsova,

SSRİ Xalq artisti




Biz – Özbəkistanın mədəniyyət xadimləri, Bülbülün şəxsində doğma Sovet incəsənətinə hədsiz sədaqət nümunəsini, sosializm ölkəsinin mərd, coşqun arzuları olan cəsur adamlarının həyatı ilə sıx bağlı realist sənətkar nümunəsi olan doğma qardaşlığı görürük.

Muxtar Əşrəfi,

SSRİ Xalq artisti




Bülbül səsinin gözəllik və hərarətini sözlə ifadə etmək qeyri mümkündür. Mən onun heyranedici, cazibədar səsini ömürlük yadda saxladım.

V.Solovyov-Sedoy,

Sosialist Əməyi Qəhrəmanı, bəstəkar




Примите мой привет и благодарность Красной Армии, товарищ Бюль-Бюль, за Вашу заботу о бронетанковых силах Красной Армии.

Благодарю Вас, товарищ Бюль-Бюль, и вашу жену за заботу о семьях фронтовиков. Примите мой привет и благодарность Красной Армии.

И.Сталин,

Генеральный секретарь ЦК ВКП(б)

<< Geri