E L E K T R O N   M Ə L U M A T   B A Z A S I


Sənə ellər verib “Bülbül” adını
Əbədi qalacaq vurduğun cəh-cəh!
Çox bülbül görübdür qoca dünyamız
Səndən nə gəlməyib, nə də gələcək!

Bəxtiyar Vahabzadə

Mənim nəslimə dahi müğənnimiz Bülbülü canlı şəkildə səhnədən seyr etmək səadəti nəsib olmayıb. Bizlər bu nəhəng istedad sahibinin irsini, bənzərsiz ifa tərzini səs yazılarından, nadir kino lentlərindən və təbii ki, onu bilavasitə yaxından tanıyan, sevən və yaradıcılığına pərəstiş edən insanların təəssüratlarından, səmimi fikir və düşüncələrindən, habelə bir sıra elmi araşdırmalardan əxz edirik. Bülbül sənətinin sirlərinə varmaq, onları dərindən dərk etmək zərurəti və istəyi zaman-zaman yeni kitabların, monoqrafiya və məcmuələrin, külli miqdarda məqalə, xatirə oçerkləri və esselərin meydana gəlməsini şərtləndirib və indi bizim qarşımızda Bülbül irsinin bütün mövcud mənbələrini özündə cəm etmiş sanballı məlumat toplusu dayanır. Bu, Bülbül yaradıcılığına həsr olunmuş ilk biblioqrafiyadır və onu Azərbaycan Milli Kitabxanasının peşəkar kollektivi ərsəyə gətirmişdir. Bu nəşrlərin mədəniyyət, elm və incəsənət xadimlərinin yuvarlaq doğum tarixlərinə həsr olunması respublikamızın əsas kitab xəzinəsində artıq gözəl, nəcib bir ənənəyə çevrilmişdir və indi oxuculara təqdim olunan növbəti biblioqrafiya ölməz sənətkarımız Bülbülün 120 illik yubileyinə layiqli töhfədir. Nəşrin böyük əhəmiyyəti ondan ibarətdir ki, burada Bülbül yaradıcılığı və irsi ilə maraqlanan hər kəs özünə lazım olan istənilən söz, səs, not mənbəsi haqqında təfsilatlı informasiyanı əldə edə bilər. Şübhə etmirəm ki, hər gələn yeni nəsil bu mənbələrə həvəslə baş vuracaq və hər dəfə yenidən çox mühüm bir suala cavab axtaracaq. Millətin musiqi təfəkküründə, səs yaddaşında əbədi iz qoymuş Bülbül fenomeninin sirri, sehri nədədir? Fitri istedad başda olmaqla daha hansı amillər onun meydana gəlməsində həlledici, taleyüklü rol oynayıb?

Deyirlər ki, dahiləri zaman və mühit yetişdirir. Yaşadığımız XXI əsrin yüksəkliyindən keçmişimizə boylanıram... Millətimi millətlər içində var edən şərəfli tariximizin səhifələrini arayıb axtarıram və nəzərlərim istər-istəməz ulu torpağımız Qarabağa, onun tacı – Şuşaya dikəlir. Burada ana dilimizi klassik şeir dilinə çevirmiş Molla Pənah Vaqif, qədim tarı milli ruhumuza əbədi kökləmiş Mirzə Sadıq Əsəd oğlu, milli muğam sənətimizin klassiki Cabbar Qaryağdıoğlu, Azərbaycan bəstəkarlıq məktəbinin ilk nümayəndəsi və klassiki – dahi Üzeyir Hacıbəylinin və daha neçə-neçə ilklərə imza atmış böyük şəxsiyyətlərin – şair, yazıçı, dramaturq, xanəndə, sazəndə, sərkərdə, dövlət və ictimai xadimlərin nəcib simaları göz önümdə canlanır. Dahi Bülbülümüz də Azərbaycanın mədəni, siyasi intibahında müstəsna rol oynamış bu şəxsiyyətlərin boya-başa çatdığı mütərəqqi və münbit bir mühitdə doğulub ərsəyə gəldi. Elə bir mühitdə ki, onun nümayəndələri müsəlman Şərqinin məxsusi mənəvi dünyasını sürətlə inkişaf edən Qərbin mədəni məfkurəsi ilə qovuşdurmaq yolunda, sözün əsl mənasında mücadiləyə çıxdılar. Azərbaycan torpağında müsəlman Şərqində ilk yazıçı, dramaturq, jurnalist, bəstəkarın meydana gəlməsindən başlanan milli özünüdərk yolu tarixdə Azərbaycan adlı ilk şərq respublikasının yaranmasına doğru vüsətlə yüksəldi. Bu şərəfli yolda tale Bülbülə də novator sənətkar olmaq qismətini yazdı və üzərinə düşən şərəfli missiyadan o, əsl qalib – müqtədir sənətkar qismində çıxdı.

Böyük yolun başlanğıcı - Şuşadan Milana doğru...

Şuşa... XIX əsrdə Qafqazın konservatoriyası kimi ad çıxarmış əzəli Azərbaycan şəhəri. Əzəmətli dağların qoynunda yerləşən bu füsunkar diyar musiqi mədəniyyətimizin əvəzsiz dahilərini yetişdirib. Bülbülün cazibədar quş cəhcəhini xatırladan ecazkar səsini ilk dəfə məhz Şuşada eşidib valeh olublar və balaca Murtuzanı “Bülbül” deyə çağırıblar. Bu istedad ona gözəl səsə malik atası Məşədi Rzadan keçmişdi. Xatirələrə görə o, Quran surələrini mükəmməl bilir və elə avazla oxuyurdu ki, dinləyənlər istər-istəməz səsinin sehrinə düşürdülər. Bu məharəti o, oğluna da ötürmüşdü. Artıq 10 yaşlı yeniyetmə nəinki Quran ayələrini, habelə bir çox xalq mahnılarını və muğamları ustalıqla ifa edirdi. Onun xanəndə kimi yetişməsində o zaman peşəkar muğam sənətinin sirlərini öyrədən dini mədrəsə – Molla İbrahim məktəbinin xüsusi rolu olub. Adətən Sovet dövrünün araşdırmalarında ilk növbədə belə təhsilin sırf dini xarakter daşıması önə çəkilib. Əsasən də vurğulanırdı ki, bu məktəbə dini mərasimlərdə – məhərrəmlik təziyəsində, şəbih tamaşalarında iştirak etmək üçün gözəl səsi olan oğlanlar cəlb olunurdu. Lakin, o da həqiqətdir ki, məhz bu məktəblərdə ərəb və fars dillərində yazıb-oxumağı öyrədir, muğam biliciləri ustad-şagird ənənəsi ilə muğamın peşəkar tədrisini həyata keçirirdilər. Qarabağın ən görkəmli xanəndələri – Hacı Hüsü, Məşədi İsi, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, Mirzə Sadıq Əsəd oğlu və haqqında söhbət açdığımız dahi sənətkarımız Bülbül belə məktəbin yetirmələri olub. Mədrəsə təhsili ilk növbədə dini məqsədlərə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında müstəsna rol oynayıb, şərq dillərinə, ədəbiyyatına, dini-fəlsəfi baxışlara yaxşı bələd olan, onu iç dünyasında yaşadan ustad sənətkarların yetişməsini şərtləndirib. Sonralar musiqi məktəblərində muğam tədrisinin təşkilində bu məktəblər nümunə rolunu oynasalar da, bu zaman çox mühüm məsələ olan ümumşərq mədəniyyət kontekstinin aradan qalxması (ərəb və fars dillərinin, fəlsəfi-dini-əxlaqi dəyərlərin mənimsənilməsi), zənnimizcə, onun dolğun mahiyyətinə xələl gətirdi. Bülbülün simasında isə biz bütün bu dəyərləri özündə üzvi yaşadan və inkişaf etdirən böyük savad və intellekt sahibini görürük. Vaxtilə onun incə zövqlə ifa etdiyi muğam təsniflərinə (məsələn, onun ifasında çox məşhur olan “Çahargah təsnifi”nə) qulaq asdıqca bunun bir daha şahidi oluruq. Təsnif adı verilən bu qeyri-adi kompozisiyalar əslində Bülbülün zəngin təxəyyülünün məhsulu olan özünəməxsus muğam dəsgahları kimi qavranılır. İndi muğamat mühitində geniş vüsət almış fərdi “muğam kompozisiyaları” təcrübəsini biz artıq Bülbülün yaradıcılığında sezmiş oluruq. Onun həm Azərbaycan, həm də təmiz və aydın fars dilində oxuduğu qəzəllər bu məsələyə konseptual yanaşmasından, son dərəcə həssas münasibətindən xəbər verir. Bütün bunlar göstərir ki, Bülbülün yaradıcılıq irsində hələ məğzi araşdırılmamış, dərk olunmamış səhifələr kifayət qədərdir...

Vurğulanan məqamlar Bülbülün artıq gənc ikən kamil və savadlı xanəndə kimi Qafqazın, habelə Azərbaycanın digər mədəniyyət mərkəzlərində – Gəncə, Tiflis, İrəvanda məşhurlaşmasının səbəbini aydın edir. Əlbəttə, Bülbül gözəl və bənzərsiz bir xanəndə kimi musiqi tariximizdə öz layiqli yerini tutacaqdı. Lakin yeniliyə olan hədsiz maraq və meyil onu heç vaxt bir çərçivədə, bir ampluada qapanıb qalmağa qoymayıb. Bülbülün zəngin yaradıcılıq yolundan aydın bəlli olur ki, əldə olunmuş nailiyyətlərlə, zirvələrlə kifayətlənmək ona qətiyyən xas deyildi. O, heç bir işin ağırlığından, qəlizliyindən qorxmayıb, geri çəkilməyib. Əlamətdardır ki, 17 yaşlı məşhur xanəndənin opera səhnəsində ilk debütü Gəncədə, Məşədi Cəmil Əmirovun “Seyfəl-Mülük” operasında, özü də qadın rolunda baş tutmuşdur və müğənninin xatirələrindən bəlli olur ki, o buna qəlbən çox etiraz etsə də, səhnə sənətinə hədsiz meyil və maraq onu bu işdən çəkindirməmişdi. Bülbülün sadiq ömür-gün yoldaşı Adilə xanımın kitabında oxuyuruq: “Səhnə, kostyum, qrim – bunların hamısı Bülbül üçün yeni idi. Xanəndə kimi o, həmişə şəxsi paltarında çıxış edirdi, indi isə onu roluna müvafiq paltar geyməyə məcbur edirdilər. Səhnəyə çıxan zaman isə tamaşaçıları, projektorun ona yönələn gözqamaşdırıcı şüalarını görəndə özünü tamam itirdi. Sonralar Bülbül nəql edirdi ki, yalnız gurultulu alqışlar məndə əminlik yaratdı. Başa düşdüm ki, tamaşaçılar məni tanımışdı.”

Bülbülün opera müğənnisi kimi fəaliyyəti 1920-ci ilin sonunda Bakıya, Azərbaycan Dövlət Opera Teatrına dəvət olunması ilə daha da genişlənir. O, böyük uğurla Ü.Hacıbəylinin “Əsli və Kərəm” operasında Kərəm rolunda çıxış edir və dahi bəstəkar ilə dostluğunun möhkəm təməli də məhz bu illərdə qoyulur. Üzeyir bəyin “Leyli və Məcnun” (İbn-Səlam rolunda), habelə Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” (Qərib rolunda) operalarında tamaşaçılar Bülbülü çox sevmişdilər. Xatirələrdən bəlli olur ki, “Bülbülün tamaşada az qala hər dəfə ağzını açması ilə alqışlar qopur, salon titrəyirdi. Bakı tamaşaçıları artistin ecazkar səsindən, onun aydın diksiyasından, hər sözü aydın tələffüz etməsindən sehrlənmişdilər.”

Bakının coşqun və rəngarəng teatr, konsert həyatı Bülbülü yeni üfüqlərə səsləyirdi. Bu şəhərdə ulu Şərqlə müasir Qərb ənənələrinin qarşılıqlı təsiri mədəni həyatda özünü qabarıq büruzə verirdi. Azərbaycan musiqisinin gələcək inkişaf istiqamətlərinə dair qızğın müzakirə və mübahisələr isə bəzən kütləvi xarakter alırdı. Üzeyir Hacıbəyli başda olmaqla milli musiqimizin təəssübünü çəkən mütərəqqi ziyalılarımız ifrat müasirlik tendensiyalarına uymamağa çağırır, milli incəsənətin gələcək inkişafını milliliklə dünyəvi dəyərlərin üzvi qovuşmasında görürdülər. Bütün bunlar Bülbülü də maqnit təki özünə cəlb edir, onu durmadan yeniliyə, irəliyə sövq edirdi. Bakıya qastrola gələn məşhur opera müğənniləri – Q.Piroqov, A.Nejdanova, L.Sobinovun vokal məharəti onda bu sənətə böyük maraq yaradırdı. Bülbül yaxşı anlayırdı ki, yeni nailiyyətlərin rəhni ilk növbədə mükəmməl təhsildir. Bu həvəs 23 yaşlı məşhur xanəndəni tələbə qismində yeni açılmış Azərbaycan Dövlət Konservatoriyasına gətirir və o, tamamilə yeni və fərqli oxuma tərzi – belkanto vokal texnikasını mənimsəmək üçün gecə-gündüz çalışır. Adilə xanımın xatirələrindən: “O, burada (konservatoriyada - L.H.) təhsil alan ilk azəri idi. İlk günlər onun üçün ağır keçirdi. Onun qulağı fortepiano səsinə alışmamışdı. Tədris rus dilində idi, hələ üstəlik italyan terminlərini öyrənmək lazım idi... Bir tərəfdən o, məşhur müğənnidir, operanın premyeridir, digər tərəfdən, ibtidai məktəb şagirdləri ilə bir sinifdə oturub musiqi təlimi öyrənir. Lakin bu onu utandırmır, narahat etmirdi, çünki onun qarşısında böyük, nəcib məqsəd vardır... O zaman Bülbüllə məşğul olan professor Polyayev ona Avropa müğənnilik məktəbinə keçəndə mütləq üz-üzə gələcəyi böyük çətinliklər haqqında danışır, gənc müğənni isə inadla çalışır, istədiyinə nail olmağa can atırdı... Konservatoriyada Bülbülün taleyi ilə maraqlanmayan bir professor, bir müəllim qalmamışdı. Bəziləri qorxurdu ki, o, səsini tamam itirəcək, başqaları isə ehtiyat edirdilər ki, səsi qalsa da, məftunedici tembr itib-gedəcəkdir.” Lakin Bülbül hər şeyə rəğmən inadla, dönməz iradə ilə öz üzərində işləyirdi. Onun ən böyük arzusu isə belkanto sənətinin beşiyi İtaliyaya, Milan şəhərinə getmək idi. Nəhayət, 1924-cü ilin yay tətilində İtaliyaya ilk qısamüddətli səfər baş tutur. Dünya şöhrətli La Skala teatrı ilə tanışlıq, bir sıra ustad vokalçılarla məşğələlər ona böyük təsir bağışlayır və 1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirən Bülbül təhsilini davam etdirmək üçün 4 il müddətinə İtaliyaya ezam olunur. O, nüfuzlu pedaqoqlar – Cüzeppe Anselmi, Delli Ponti və Rafaello Qranidən dərs alır. Milan ona qüdrətli opera ifaçılarını böyük səhnədən canlı surətdə eşitmək, onların ustad dərslərində, məşqlərində iştirak etmək fürsətini bəxş edir: “Mən məşhur Toskanininin rəhbərliyi altında gedən bir tamaşanı belə buraxmırdım. Üç dəfə Veronaya getdim. Yay mövsümündə açıq meydanda dünyanın məşhur müğənnilərinin iştirakı ilə verilən “Faust”, “Karmen”, “Məzhəkəçilər” operalarına, Vaqnerin “Nibelunqların üzüyü” trilogiyasına baxdım. Mən La Skala teatrında bir tamaşa belə buraxmırdım.” Bülbülün yaddaşında xüsusilə böyük rus müğənnisi Fyodor Şalyapinin La Skala teatrındakı çıxışları silinməz iz qoymuşdu: “F.Şalyapin Boris Qodunovun partiyasını fövqəladə məharətlə oxuyurdu. Mən bu obrazda onu on dörd dəfə dinlədim və hər dəfə gələcək fəaliyyətim üçün mənə lazım ola biləcək yeni bir cəhəti kəşf etdim. O, baş registrdən sinə registrinə, sinədən başa, geniş səsdən dara, dardan genişə çox asanlıqla keçirdi və bu məni heyrətləndirirdi. Mən hələ onun hərtərəfli obraz yaratmaq, əsərin ideyasını açmaq məharətindən, nadir qabiliyyətindən danışmıram...” Beləcə, İtaliya Bülbülün opera müğənnisi kimi formalaşmasında, püxtələşməsində həlledici mərhələ oldu. Burada çıxan “Arte nostra” jurnalı “Azərbaycanlı Bülbül” məqaləsində onun haqqında müfəssəl məlumat da dərc etmişdi. Bülbül Avropanın müxtəlif səsyazma, habelə konsert fəaliyyəti ilə məşğul olan şirkətlərindən çoxlu təkliflər almağa başladı. Əlbəttə, bütün bunlar çox cəlbedici idi, lakin Bülbül böyük arzularını gerçəkləşdirmək üçün Vətənə, canı, qanı ilə bağlı olduğu doğma yurduna tələsirdi.

Yeni yaradıcılıq üfüqləri...

XX əsrin 30-cu illərində Bakının musiqi həyatı rəngarəngliyi ilə diqqəti cəlb edirdi. Tarixi musiqişünaslıqda 1932-40-cı illər Azərbaycan musiqisinin inkişafında ayrıca bir dövr, mərhələ kimi müəyyənləşdirilmişdir. Bu gərgin illəri Ü.Hacıbəyli də “əsl quruculuq illəri” adlandırıb. Opera və Balet Teatrının yüksək səviyyəsi, yeni ifaçı kollektivləri – Dövlət Simfonik orkestri, Xor kapellası, Xalq çalğı alətləri orkestri, Mahnı və rəqs ansamblının yaranması, Musiqili Komediya teatrının açılması bəstəkar yaradıcılığı üçün geniş imkanlar açırdı. İstər yaradıcılıq, istərsə də ifaçılıq sahəsində nəzərə çarpan yeniliklər bir-birini üzvi tamamlayırdı. Avropada mükəmməl vokal təhsili alıb gəlmiş Bülbül bu yenilikçi hərəkatın ən fəal üzvlərindən birinə çevrilir. O, konsertlər verir, opera tamaşalarında çıxış edir, çətin müsabiqələrə qatılır, konservatoriyada vokal sinfi aparır, öz bilik və ifa təcrübəsi ilə elmi məruzələrində bölüşür, xalq musiqisinin toplanması üzrə ekspedisiyalara rəhbərlik edir və bütün bunları yüksək səviyyədə, real nəticələr əldə etməklə həyata keçirirdi.

İlk növbədə Bülbülün konsertləri maraq mərkəzində idi. Bülbülsevərləri bir sual daha çox düşündürürdü: görəsən İtaliya təhsili Bülbülün milli ifa tərzinə necə təsir göstərib və o, hansı repertuarla xalqının zövqünü oxşayacaq? Öz növbəsində Bülbül də yaxşı anlayırdı ki, yalnız əcnəbi opera repertuarı, xarici bəstəkarların mahnı və romansları ilə azərbaycanlıların ürəyinə yol tapmaq müşkül məsələdir. Milli repertuarın azlığı bu məsələnin başqa həllini tələb edirdi. Bülbül cəsarətlə xalq mahnılarına üz tutur və milli təfəkkürdə kök salmış bu incilər onun orijinal ifa tərzində tamamilə yeni çalarlara boyanmış şəkildə, sözün əsl mənasında bərq vurmağa başlayır. Bu təşəbbüsünü o, həm də elmi şəkildə əsaslandırır və dərs deməyə başladığı konservatoriyada “Azərbaycan xalq mahnılarında səsin diafraqmatik üsulla tətbiqi yolları” mövzusunda məruzə ilə çıxış edir. Bu məruzə böyük marağa və müzakirələrə səbəb olur. Onun aktuallığını yaxşı dərk edən Üzeyir Hacıbəylinin bu haqda fikirləri isə uzaqgörənliyi ilə diqqəti cəlb edir: “...Bülbülün məruzəsi çox qiymətlidir, çünki şəxsən mən konservatoriyada tələbələrimizi ümumiyyətlə necə tərbiyələndirmək lazım olduğunu özüm üçün aydınlaşdırdım.” Bülbülün bu və digər elmi araşdırmalarının əməli nəticəsidir ki, tezliklə konservatoriyada “Solo oxuma” sinfi təşkil olundu. Beləliklə, öz ifa üslubunu təcrübə ilə elmin sıx vəhdətində formalaşdıran Bülbül həm pedaqoji fəaliyyətində, həm də konsert fəaliyyətində Verdi, Bize, Donisetti, Massne, Vaqner, Puççini, Rimski-Korsakov, Raxmaninov operalarından ariyaları təbii surətdə Ü.Hacıbəylinin, A.Zeynallının ilk romans nümunələri, məşhur xalq mahnılarının bənzərsiz ifası ilə uzlaşdırırdı. Bu barədə mətbuat yazırdı: “Bülbül Azərbaycan opera müğənniləri içərisində ilk olaraq Avropa musiqisini ciddiyyət və ustalıqla mənimsəməyə girişdi, əlbəttə ki, onun sənət yüksəlişinə təkan verən Azərbaycan musiqi mühitindən ayrılmadan... Çox gözəl texnika Bülbülə nəinki Avropa mədəniyyətinin ən iri nümunələrindəki (“Karmen”, “Riqoletto”, “Verter”, “Toska”) çətinliklərə qalib gəlməyə imkan verdi, hətta Azərbaycan tarixində ilk dəfə Avropa oxuma texnikasını Azərbaycan milli musiqisində tətbiq etmək probleminin həllini tapmağa da imkan yaratdı”. Onu da vurğulamaq lazımdır ki, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası (o dövrün mətbuatından belə bəlli olur ki, Füzulinin “Nalədəndir” qəzəlinə yazılmış bu ariya öncə müstəqil romans kimi oxunmuşdur), Asəf Zeynallının “Ölkəm” və “Sual” romansları məhz Bülbülün ilk və kamil ifasında həyata vəsiqə almışdır. Beləliklə, Bülbülün həmkarı və dostu, görkəmli aktyor və operamızın ilk Məcnunu Hüsenqulu Sarabskinin təbirincə desək, “Bülbülün gəlişi ilə Azərbaycan vokal sənətinin inkişafında yeni mərhələ başlayır.”

XX əsrin 30-50-ci illərində Azərbaycan musiqisində opera kimi miqyaslı janrın, habelə miniatür vokal janrlarının təşəkkülü və inkişafında Bülbül fenomeninin rolu danılmazdır. Üzeyir Hacıbəyli başda olmaqla bir çox Azərbaycan bəstəkarları Bülbülün simasında yeni əsərlərinin ilk və mükəmməl təfsirçisini tapdılar.

Bülbülün yaradıcılıq tərcümeyi-halında Azərbaycan xalq dastanı əsasında yazılmış “Şahsənəm” operasında iştirakı əhəmiyyətli bir yer tutur. 1934-cü ildə Bakıda rus bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi R.Qliyer tərəfindən yazılmış bu əsərin (ikinci redaksiyada) premyerasında Bülbül baş qəhrəman Qərib rolunda çıxış etdi. Qeyd etmək lazımdır ki, bu opera xalq arasında çox sevilən “Aşıq Qərib” dastanının opera səhnəsində ilk təcəssümü deyildi. Azərbaycan muğam operaları arasında Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası bu janrın uğurlu nümünələrindən biri kimi indi də yaşamaqdadır. Vaxtilə Bülbül bu operada yüksək xanəndə məharəti ilə Qəribin inandırıcı obrazını yaratmış və tamaşaçılara sevdirmişdi. Lakin Qliyerin rus klassik opera oriyentalizminin ənənələri əsasında yazılmış “Şahsənəm” operasında Bülbül, artıq yeni vokal tərzində, yeni üslubda çıxış etməli idi. Tarixi mənbələrdən bəlli olur ki, ilk qadın opera müğənnimiz Şövkət Məmmədovanın təşəbbüsü ilə Bakıya gəlib opera bəstələmiş R.M.Qliyeri “Şahsənəm” operasının ikinci redaksiyasına ruhlandıran da Bülbül olmuşdur. Bu haqda bəstəkarın özü belə yazırdı: “Bülbül Moskvada keçirilən müsabiqədə Qəribin ariyasını elə oxudu ki, “Şahsənəm” operası üzərində işimi bərpa etmək üçün məndə qüvvə və həvəs yaratdı. Mən inandım ki, mənim əsərim Azərbaycan dilində nə qədər gözəl səslənir.” Həqiqətən Bülbülün yeni Qəribi də çox uğurlu alınır. Mətbuatda belə fikirlərə rast gəlirik: “Əsas rolların ifaçıları – Bülbül (Aşıq Qərib) və Şövkət Məmmədova (Şahsənəm) nəinki böyük müğənnilik məharəti, eyni zamanda təsirli dramatik oyun göstərdilər.” Bunun ardınca Bülbül 1935-ci ildə Müslüm Maqomayevin müasir mövzulu “Nərgiz” operasında Əliyar obrazını yaradır və elə həmin ildə bu nailiyyətlər ona respublikanın Əməkdar artist fəxri adını qazandırır. Söz yox ki, Bülbül sənəti Azərbaycan musiqisində opera janrının gələcək inkişafına güclü təkan verdi – məhz Bülbül kimi novator vokalçının yetişməsi Üzeyir Hacıbəylinin opera sənətimizin ən yüksək zirvəsi və incisi sayılan “Koroğlu” operasının ərsəyə gəlib tamaşaya qoyulmasında həlledici amillərdən biri oldu.

Üzeyir Hacıbəyli və Bülbül tandeminin parlaq səhifələri

Əslində bu iki şəxsiyyəti bir-birindən ayrı təsəvvür etmək qeyri mümkündür. Musiqini ifaçı yaşadır və həqiqət budur ki, uğurlu bəstəkar-ifaçı tandemindən məhrum olan ən mükəmməl musiqi əsərləri belə yaşamağa qadir deyil. Bu baxımdan Azərbaycanın bu iki dahisinin bəxti sözün əsl mənasında gətirmişdi. Tale, sanki onları bir-birinin istedadını tam şəkildə açmaq, üzə çıxarmaq, milli musiqimizin ölməz və əbədiyaşar nümunələrini bu xalqa və dünyaya bəxş etmək üçün yaratmışdı. İndinin özündə belə, illər keçməsinə baxmayaraq, məhz Bülbül Üzeyir bəyin “Koroğlu” operasının, “Sənsiz” və “Sevgili canan” qəzəl-romanslarının ən mükəmməl, bənzərsiz ifaçısı sayılır.

Bülbül Koroğlunu səhnədə 400 dəfə canlandırmışdı. O, bu obrazla ən möhtəşəm opera səhnələrində parlamışdır. Moskvanın möhtəşəm Böyük teatrında oynanılmış “Koroğlu”ya görə Üzeyir Hacıbəyli və Bülbül sovet siyasi elitasının xüsusi rəğbətini qazanmış, SSRİ-nin ən ali mükafatlarına və fəxri adlarına layiq görülmüşdülər. Bu tamaşalardan aldığı təəssüratları bəstəkar və musiqişünas Əfrasiyab Bədəlbəyli belə təsvir edirdi: “Tamaşaçıların qarşısında özünün bütün bahadır boy-buxunu ilə əfsanəvi qəhrəman, xalq qisasçısı, sevən bir aşiq canlanırdı. Aktyor obrazın bu qədər mürəkkəb çalarlarını öz oyunu ilə və əlbəttə gur, rəvan, axıb-gələn gözəlliyi, gücü ilə adamı məftun edən səsi ilə çatdırırdı. Valeh olmadan, böyük istedadına heyrətlənmədən ona qulaq asmaq mümkün deyildi.”

İndi də Bülbülün adı gələndə çoxlarının göz önündə ilk növbədə Üzeyir bəyin Koroğlusu canlanır. Bu obraz bilavasitə Bülbülün səsinə yazılmış, xalq dili ilə desək, boynuna biçilmişdi. Bu baxımdan Ulu öndər Heydər Əliyevin Bülbülün 100 illik yubiley gecəsində dilə gətirdiyi fikirlər Hacıbəyli-Bülbül Koroğlusunun mahiyyətini çox sərrast üzə çıxarır. O, demişdir: “Üzeyir Hacıbəyov “Koroğlu” dastanını musiqiyə çevirdi, opera yazdı. Bülbül isə Koroğlunu yaratdı. Təbiidir ki, bizim heç birimiz Koroğlunu görməmişik və keçmişdən gəlib bizə çatmış “Koroğlu” dastanında heç bir yerdə Koroğlunun surəti, yəni rəsmi, şəkli olmamışdır. Yaratmaq lazım idi ki, Koroğlu nə cür olubdur. Bunu yaradan Üzeyir Hacıbəyovdur və Bülbüldür... İndi Koroğlunun hər yerdə şəkilləri var. Bu Bülbülün şəkilləridir, amma Koroğlu obrazında, Koroğlu libasında. Koroğluya heykəllər qoyulur. Hamısı həmin “Koroğlu” operasında Bülbülün yaratdığı və at üstündə Azərbaycan Opera Teatrının səhnəsində hamımızın qarşısına çıxdığı Koroğlu operasından götürülüb. Ona görə də mən hesab edirəm ki, Üzeyir Hacıbəyovun və Bülbülün “Koroğlu” kimi operanın yaradılmasında xidmətləri bu əsərin musiqi, incəsənət, mədəni mənasından daha çox, daha böyükdür.”

Üzeyir bəylə Bülbülü bir mühüm keyfiyyət də yaxınlaşdırır, birləşdirir. Onların hər ikisi öz bədii kəşflərini ciddi elmi əsaslar üzərində qurublar. Üzeyir bəyi “Koroğlu”ya aparan yol Azərbaycan xalq musiqisinin nəzəri əsaslarının fundamental şəkildə tədqiqindən başlamışdısa, Bülbülü vokal sənətinin zirvəsinə aparan yollar səsi idarə etməyin elmi müddəalarla dərk edilməsindən keçirdi. Bülbülün bu məsələnin tədqiqinə həsr olunmuş sanballı məruzə və məqalələri, xalq mahnılarının, muğam və aşıq yaradıcılığının müasir vəziyyəti, ifa özəllikləri və qanunauyğunluqları ilə bağlı çoxsaylı çıxışları yaradıcılığının ayrılmaz və mühüm sahəsini təşkil edirdi.

Elmi-tədqiqat fəaliyyətinin çətin yollarında

Böyük müğənninin 30-cu illərdən ömrünün sonuna kimi davam edən çoxşaxəli fəaliyyətində rəhbərlik etdiyi Elmi-tədqiqat musiqi kabinetinin gördüyü işlər həmişə xüsusi bir söhbətin mövzusu olub. Bu da təsadüfi deyil. Keçən əsrin 20-30-cu illərində Azərbaycan musiqisinin hansı istiqamətdə inkişaf etməsi ən çox müzakirə olunan məsələlərdən idi. Bu zaman narahatlıq doğuran əsas məqamlardan biri də yeni yaranan musiqinin milli köklərdən tamamilə qopmaq təhlükəsi idi. Bəstəkarlığa gələn istedadlı və iddialı gəncliyi bu tendensiyalardan təbii şəkildə “yayındırmaq”, xalq musiqisinə yaxınlaşdırmaq yolunda Bülbülün yaratdığı Elmi-tədqiqat musiqi kabineti həqiqətən əvəzsis rol oynadı. Bu kabinet yalnız Azərbaycan xalq musiqisinin toplanması, nota salınması, işlənməsi, nəşri və təbliğındə gördüyü müstəsna işlərlə musiqi tariximizə düşmədi. Bülbül böyük uzaqgörənliklə kabinetin işinə ilk növbədə gənc bəstəkar və musiqişünasları cəlb edir, onlarla birgə müxtəlif bölgələrə yollanırdı. Kabinetin təşkil etdiyi ekspedisiyalarda Asəf Zeynallı, Səid Rüstəmov, Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov, Fikrət Əmirov, musiqişünas Məmmədsaleh İsmayılov müxtəlif illərdə Qarabağ, Lənkəran, Masallı, Şəki, Zaqatala, Quba və Xaçmazda, habelə Basarkeçər və Borçalıda zəngin materiallar toplamışlar. Nəinki milli etnomusiqişünaslığın yaranması və təşəkkülündə, habelə bəstəkar yaradıcılığının xalq mənbələrinin açılmamış qatlarına yaxınlaşmasında bu işlərin böyük əhəmiyyəti danılmazdır. XX əsr Azərbaycan bəstəkarlıq məktəbinin qüdrətli nümayəndəsi Qara Qarayevin xatirələrindən: “Bülbül məni xalq musiqisi üzərində işləməyə cəlb etdi. Mən aşıq yaradıcılığından nümunələri, xalq mahnı və rəqslərini nota yazır və yenidən işləyirdim. Beləliklə, mən xalq musiqisi ilə yaxından təmasda olaraq, xalq yaradıcılığının zənginliyindən heyrətə gəldim. Mən elmi ekspedisiya ilə Nuxa rayonunda (indiki Şəki şəhəri - L.H.) oldum. Bu səfər gözəl bəhrə verdi, eşitdiyim bir xalq havası isə “Könül nəğməsi” adlı ilk simfonik əsərimi dünyaya gətirdi.” Böyük bəstəkar Cövdət Hacıyevin söylədiklərindən: “Əgər Bülbül olmasaydı, biz çətin ki, xalq yaradıcılığını belə mükəmməl, belə dərindən öyrənə bilərdik. O, bizi Elmi-tədqiqat musiqi kabinetində işləməyə cəlb edir, Azərbaycanın müxtəlif uzaq rayonlarına elmi ekspedisiyalara göndərirdi. Bizim qarşımızda valehedici zənginliklər aşkara çıxırdı. Bunlar qeyri-adi qüvvəyə malik, zövqlərimizi, yaradıcılıq yollarımızı həmişəlik müəyyən edən təəssüratlar idi. Bizim yaradıcılığımız üçün, bir bəstəkar üçün yetişməyimiz üçün bu fəaliyyətin əhəmiyyəti olduqca böyükdür. Bülbül xalq poeziya dünyasını, təkrarolunmaz gözəllik aləmini bizim üçün kəşf etdi.” 25 il ərzində Bülbülün rəhbərliyi altında bu kabinetin fəaliyyəti sayəsində 500-dən artıq xalq musiqi nümunəsi toplanmış, onların əksəriyyəti müxtəlif illərdə məcmuələr şəklində nəşr olunmuşdur. Bütün bu işlər XX əsr Azərbaycan musiqi mədəniyyətinin inkişafında Bülbülün müstəsna rolundan, xidmətlərindən bariz xəbər verir.

Əlbəttə, qısa bir yazı çərçivəsində Bülbül yaradıcılığının bütün tərəflərini və istiqamətlərini müfəssəl şəkildə üzə çıxarmaq çox çətindir. Bülbülün mənalı ömür yolu hər zaman böyük əhəmiyyətə malik hadisələrlə zəngin olub. Onun uzun və səmərəli pedaqoji işi və baxışları, habelə ömrünün sonuna kimi Azərbaycan SSR Ali Sovetinin deputatı kimi davamlı fəaliyyəti də həyat və yaradıcılığının çox önəmli, diqqətəşayan hissəsidir. Şübhəsiz ki, bütün bunlar mədəniyyət tariximizin təkrarolunmaz və unudulmaz səhifələridir. Lakin Bülbül xalqımızın təfəkküründə, yaddaşında, qəlbində ilk növbədə dahi müğənni kimi yaşayacaq və qətiyyətlə demək olar ki, hər gələn yeni nəsil bu səsin cazibəsindən, qüdrətindən yaşayıb-yaratmaq üçün böyük mənəvi güc alacaq.

Lalə Hüseynova,

sənətşünaslıq üzrə
fəlsəfə doktoru, professor

 


<< Geri