1992-ci ilə qədər Bülbülün Şuşadakı ev muzeyi onun Bakı şəhərindəki
memorial muzeyinin filialı idi. Muzey kiçik həyət, iki otaq və eyvandan
ibarət idi. Bülbül bu evdə anadan olmuş və uşaqlıq illərini burada
keçirmiş, burada ilk dəfə musiqi aləminə qədəm qoymuş, məşhur xanəndə və
musiqiçilərə qulaq asmışdır.
Burada Bülbülün uşaqlıq illərinə aid şəkillər saxlanılırdı. Muzeydə onun
şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş
etdirilirdi. Divarda Bülbülün 1925-1926-cı illərdəki konsert afişaları
asılmışdı. Müğənninin ailəsi ilə və tək çəkdirdiyi şəkillər, 1914-cü
ildə Gəncədə ona verilmiş pasport birinci otaqda sərgilənirdi. Bülbül
1921-ci ildə konservatoriyaya daxil olur. O, vokal üzrə təhsil alan ilk
azərbaycanlı tələbə idi. Muzeydə Bülbülün tələbə bileti nümayiş olunurdu.
1931-ci ildə “Arte-Nostra” jurnalı Bülbülün böyük portretini və
“Azərbaycanlı Bülbül” məqaləsini çap etmişdir. Muzeydə həmin məqalənin
mətni saxlanılır. Məqalədə deyilir: “Bülbül müsəlman aləmində İtaliyaya
təhsil almaq üçün gələn ilk vokalçıdır və özünəməxsus Şərq oxuma tərzinə
malik olaraq Avropa vokal məktəbini keçmişdir”.
Mahir müğənninin 1933-cü ildə vokalistlərin Moskvada keçirilmiş birinci
Ümumittifaq müsabiqəsində aldığı diplomun fotoşəkli, 1935-ci ildə Şuşada
musiqi məktəbi və texnikumun təşkilində yaxından iştirakını əks etdirən
sənədlər ikinci otaqda nümayiş etdirilirdi. Ekspozisiyada Bülbülün 20-ci
illərdə Gəncədəki fəaliyyəti, mədəni inqilab illərində Azərbaycanda
musiqi quruculuğunda fəal iştirakı əks etdirilmişdi. Vitrinlərdə
Bülbülün komsomol və həmkarlar ittifaqındakı fəaliyyətindən danışan
sənədlərin foto surətləri, Bakıdakı ifaçılıq fəaliyyəti, Azərbaycan
Dövlət Konservatoriyasında və İtaliyada təhsili haqqında sənəd və ailəsi
ilə şəkilləri nümayiş etdirilirdi. Foto şəkillərlə yanaşı Bülbülün
əlyazmaları, dərc edilmiş məqalə və məruzələri bu otaqda idi.
Burada həmçinin Bülbülün ailəsi, dostları, həmkarları ilə şəkilləri
sərgilənirdi. İkinci otaqda düzəldilmiş vitrinlərdə Azərbaycanda yeni
vokal məktəbinin yaradılmasında, eləcə də xalq musiqisinin öyrənilməsi
və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən
materiallar nümayiş etdirilirdi. Burada Bülbülün iştirak etdiyi opera
tamaşalarının afişaları, yaratdığı obrazları, ayrı-ayrı premyera və
yubiley tamaşalarından səhnələri əks etdirən şəkilləri, məruzələri, onun
iştirakı və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, rəsmi
məktubların əsli və fotosurətləri yer almışdı. Bülbülün yaradıcılıq,
elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyəti haqqında nadir, çox qiymətli
sənədlər də burada geniş yer tuturdu. Muzeyin fasadında vurulan memorial
lövhələrin arasında Bülbülün heykəltəraş Xanlar Əhmədov tərəfindən
bürüncdən hazırlanmış uşaqlıq illərinin portreti yer almışdı.
Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai
fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Əfsuslar olsun
ki, Bülbülün Şuşadakı memorial muzeyi hazırda erməni işğalı altındadır.
Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğalı
nəticəsində muzeyin 10 mindən artıq eksponatı məhv edilmiş və talan
olunmuşdur. Hazırda ermənilər talan etdikləri muzey əşyalarını dünya
ictimaiyyətinə erməni maddi-mədəniyyət nümunələri kimi təqdim edərək bır
sıra ölkələrdə nümayiş etdirirlər.
|