Təməli Üzeyir Hacıbəyli tərəfindən qoyulan Bülbül adına orta ixtisas
musiqi məktəbi Azərbaycanda özünəməxsus yeri olan tədris ocağıdır.
1920-ci illərdə Xalq Maarif
Komissarlığının musiqi şöbəsinə başçılıq edən Üzeyir Hacıbəyli musiqi
təhsili müəssisələrinin təşkili və milli kadrların hazırlanması
məsələləri sırasında musiqi məktəblərinə xüsusi yer ayırırdı.
1921-ci ildə Üzeyir Hacıbəyli tərəfindən Xalq Maarif Komissarlığının
təqdim etdiyi proqramda musiqi təhsilinin 3 pillədən ibarət olacağı
nəzərdə tutulurdu. 1926-1928-ci illərin islahat proqramlarında musiqi
təhsilinin “üç pilləliyi” qəbul edilir.
I pillə - musiqi məktəbi – 4 il, 30-cu ildən 5 il;
II pillə - orta professional musiqi təhsili - 5 il;
III pillə - ali musiqi təhsili – Konservatoriya – 5 il
1928-ci ildə Azərbaycan Respublikasında aparılan islahatlar üzrə Xalq
Maarif Komissarlığı tərəfindən yeni musiqi tədris sistemi işlənib
qərarlaşdırılmışdı və bu ildən məktəbin tarıxı başlanır.
1928 Konservatoriya üçün kadrların yetişdirilməsi işində, 1928-ci ilin
islahatları böyük əhəmiyyət kəsb edir.Üz.Hacıbəyli on illik musiqi
məktəbini Konservatoriyanın “ kadr təchizçisi” kimi qiymətləndirir.
Məktəbin sistemli tədrisi məhz bu ildən yoluna qoyulur.
1930 Məktəbin proqramı təkmilləşdirilir. Qara Qarayev, Cövdət Hacıyev,
Tofiq Quliyev, Məmmədsaleh İsmayılov, Fəridə Quliyeva, Məmməd
İsrafilzadə bu dövrün şagirdləri olmuşlar.
1931 Məktəbin I pilləsinin bazasında 60 şagirddən ibarət olan uşaq
musiqi qrupu təşkil edilir.
1933 – 1934 Yüksək musiqi qabiliyyəti göstərən uşaqlardan “Gənc
istedadlar qrupu” yaradılır. “Gənc istedadlar qrupu”nun şagirdləri
Davidoviç Bela, Atakişiyev Rauf, Orucov Məmməd, Nəzirova Elmira, Sadıxov
Çingiz, Quseva Tatyana, Cəfərova Zəhra,Sultanova Asya, Kərimova
(Məmmədyarova) Səyyarə, Çervinski Nikolay.
1937 Üz.Hacıbəylinin şəxsi təqdimatı və Xalq Maarif Komissarlığının
İncəsənət şöbəsinin 13 sentyabr 1937-ci il tarixli qərarı ilə Kövkəb
xanım Səfərəliyeva bu məktəbə direktor təyin olunur.
1937-1938 Azərbaycan SSR-nın Xalq Maarif Komissarlığı İncəsənət
şöbəsinin qərarı ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində (Moskva
və Leninqrad Konservatoriyalarının nəzdindəki mərkəzi musiqi məktəbi
tipli) təhsil sistemi yaradılır və “Gənc istedadlar qrupu” yenicə
yaranmış mərkəzi musiqi məktəbinə daxil olub həmin məktəbin özəyini
təşkil edir. Gənc istedadlara Azərbaycan Dövlət Konservatoriyasının
professor – müəllim heyətindən İ.S.Aysberq, G.G.Şaroyev, V.L.Kozlov,
S.L.Bretanitski, N.İ.Simberov, V.A.Bitner, L.İ.Rudolf, N.S.Çumakov,
E.N.Nikomarova, A.A.Qrossman, L.N.Yeqorova, S.İ.Berolski,M.L.Bıkova,
R.İ.Sirovıç, M.R.Brenner, V.A.Knyazkov, T.S.Qruşko, A.A.Kələntər,
E.L.Finkelşteyn kimi musiqiçilər və bilavasitə Üzeyir Hacıbəyli dərs
deyirdi.
1938-39 Azərbaycan Dövlət Konservatoriyasının nəzdində keçirilən Mərkəzi
Musiqi Məktəbi yeni adla öz fəaliyyətini davam etdirir. Məktəbin
direktoru yekdilliklə Kövkəb xanım Səfərəliyeva seçilir. Dərs hissə
müdiri vəzifəsi təcrübəli pedaqoq –pianoçu R.İ.Siroviçə tapşırılır. Bü
illərdə məktəbdə fortepiano, simli alətlər (arfa daxil olmaqla)
şöbələrindən əlavə ağac və mis alətləri siniflər, kamera ansamblı sinfi,
musiqi tarıxı kursu əlavə olunur.
1938 Şagirdlərdən ibarət orkestr təşkil edilir, orkestrə ilk öncə
M.P.Anosov, 1940-cı ildən A.S.Şvarts rəhbərlik etmişdir. Eyni zamanda,
“Unison” simli alətlər ansamblı M.V.Reytixin rəhbərliyi altında
fəaliyyətə başlayır. “Uşaq yaradıcılığı” sinfinə Boris Zeydman rəhbərlik
edir.
1939-1940 Aparılan əsaslı islahatlardan biri məktəbdə azərbaycan və rus
bölmələrindən ibarət ümumtəhsil şöbəsinin açılışı olur. Məktəb ADK-nın
nəzdində “10 illik musiqi məktəbi” adlanaraq müstəqil həyatına qədəm
qoyur.
1952-1962 Məktəbə P.İ.Çaykovski adına Moskva Konservatoriyasını bitirmiş,
məktəbin məzunu Tahir Atakişiyev rəhbərlik edir. Bu dövrdə direktor
müavini vəzifəsini Z.V. Rəhmanova aparır.
1961 Onillik musiqi məktəbi dövlətin qərarı ilə yeni statusla əvəz
edilir, məktəb “Orta ixtisas musiqi məktəbi adlanır. Məktəbi 10 illik
təhsil sistemi 11 illik təhsil sistemi ilə əvəz olunur.
1964 -1986 Məktəbə bəstəkar Nazim Əliverdibəyov rəhbərlik etmişdir. Bu
dövrdə məktəbin direktor müavini vəzifəsində Nailə Axundova, Elmira
Məcidova işləmişlər. 1977-1990-ci illərdə isə direktor müavini
vəzifəsində çalışan Səyyarə Məmmədyarovanın məktəbin həyatında əvəzsiz
rolu olmuşdur. Bu dövrdə məktəbdə aparılan islahatlar öz nəticələrini
verir. Məktəbdə fortepiano, nəzəriyyə,simlı, 1960-cı ildə təməli qoyulan
Xalq Çalğı Alətləri şöbəsi özünün inkişaf dövrünü yaşayır. Nəzəriyyə
şöbəsinə xor dirijorluğu ixtisası artırılır. Orkestr şöbəsinə və
bilavasitə “Unison” skripka ansamblına İ.Spivak rəhbərlik edir. 60-cı
illərdə məktəbdə təcrübəli müəllimlər Elmira Nəzirova, Səyyarə
Kərimova(Məmmədyarova), Nailə Axundova, Eteri Məmmədova, L.Filatova,
S.Qudelis, L.Xaldeyeva, N.Məmmədova, Maya Süleymanova, L.Qaraşarlı,
Q.Şapiro, E.Cəbiyeva, E.Sadıxova və s. Müəllim heyətini təmsil
edirdilər.
1980-cı ildə Xalq Çalğı alətləri şöbəsində xanəndə bölümü açılır. Bura
Azərbaycanın müxtəlif guşələrindən respublika müsabiqələrində iştirak
edib qalib gələn xanəndələr qəbul olunur. Bu şagirdlərlə respublikanın
tanınmış sənətkarları Şövkət Ələkbərova, Arif Babayev, İslam Rzayev, az
sonra Əlibaba Məmmədov dərs keçirlər.
1985-ci ildə “Unison” ansamblı bərpa olunaraq “Tutti” kamera orkestri
adı ilə Teymur Göyçayevin rəhbərliyi altında fəaliyyətini davam etdirir.
1989-cu ildə ”Tutti” Kamera Orkestri Çelyabinskdə keçirilən “Müzıkalnıy
podsnejnik” Ümumittifaq Uşaq Festivalında müvəffəqiyyətlə iştirak edərək
laureat adını qazanmışdır.
1985 Məktəbə rəhbərlik etmək məktəbin məzunu Faiq Daşdəmirova
tapşırılır.
1992-2010 Məktəbə musiqişünas, fəlsəfə elmləıri namizədi Nigar
Cərullaqızı Əsgərova rəhbərlik etmişdir. Məktəbin tədris-tərbiyə işləri
üzrə direktor müavini Sona İbrahimova olmuşdur. Bu illərdə yeni
proqramlar işlənir, “Azərbaycan musiqisinin əsasları” fənninin saatları
artırılır, “Azərbaycan xalq yaradıcılığı” fənni tədris edilir, xor
dirijorluğu və bəstəkarlıq fakultativ dərsləri tam ixtisas fənləri kimi
tədris planına salınır. Məktəbdə 1995-ci ildə xor kollektivi, 1996-cı
ildə xalq çalğı alətləri orkestri, 1997-ci ildə uşaq simfonik orkestri
yaradılır. Uşaq Simfonik orkestrinə Azərbaycanın xalq artisti Azər
Rzayev rəhbərlik edirdi.
1994-ci ildə Teymur Göyçayevin rəhbərliyi ilə “Tutti” Uşaq kamera
orkestri Müstəqillik Qazanmış Azərbaycanın Rusiyada keçirilən Mədəniyyət
günlərində uğurla çıxış etmişdir.
2010-cu il Məktəbə Q.Qarayev adına Dövlət Kamera orkestrinin bədii
rəhbəri və dirijoru, Xalq Artisti Teymur Göyçayev rəhbərlik edir.
|