Dünya şöhrəti qazanmış görkəmli yazıçı
Çingiz Aytmatov XX əsr bədii
düşüncəsinin və ümumiyyətlə, ədəbiyyatın
və ictimai fikrin ən qüdrətli
yaradıcılarından biri kimi qəbul olunur.
Keşməkeşli və şərəfli ömür və sənət yolu
keçmiş, tərcümeyi-halının böyük bir
dövrü sovet hakimiyyəti illərinə təsadüf
etmiş Çingiz Aytmatov rejimin sərt
ideoloji tələblərinə baxmayaraq, sadəcə
əməli işi ilə deyil, mənəvi aləminin
bütün zənginlikləri, qəribəlikləri ilə
yeni olan sadə insanı ciddi bir
ədəbiyyat hadisəsi səviyyəsində təbii
şəkildə təqdim etmək vəzifəsini
bacarıqla həyata keçirmişdir. Sovet
dövründə Çingiz Aytmatov milli mövqeyini,
yeni insanı və bəşəri problemləri böyük
ədəbiyyat miqyasında ifadə etməklə
yanaşı, həm də əsərləri vasitəsilə nəşr
etdirib dünyada yaya bilməsi sosializm
dövrünün möcüzələrindən biri idi. Bəzi
sovet yazıçıları kimi, Çingiz Aytmatov
da öz əsərlərində əks etdirdiyi ictimai-mənəvi
problemləri bir qədər gərginləşdirərək
Nobel Mükafatı alıb, ölkəni tərk etmək
imkanını gerçəkləşdirə bilərdi. Lakin
Çingiz Aytmatov sosializm cəmiyyətində
yaşayıb, həm də sovet gerçəkliyinin
sədlərini aşa bilən böyük ədəbiyyat
yaratmağın təkrarsız nümunəsini
göstərmişdir. Çingiz Aytmatov Nobel
Mükafatı səviyyəsində yazıb-yaradan və
Sovetlər İttifaqında qalıb yaşamağı
bacarmış qüdrətli dünya yazıçısı idi.
Dünyanın digər görkəmli yazıçılarının
yaradıcılığına və fəaliyyətinə heç də
kölgə salmadan, əksinə, onlardan hər
birinin əsərlərinə obyektiv şəkildə
yüksək qiymət verməklə, həm də bu
qənaətdəyəm ki, Çingiz Aytmatov dünya
ədəbiyyatında Nobelüstü yeni bir
ədəbiyyat standartı yaratmağa müvəffəq
olmuşdur.
Çingiz Aytmatovun yaradıcılığını
aşağıdakı mərhələlərə ayırmaq olar:
1. Lirik-psixoloji nəsr mərhələsi
(1950-1960-cı illər).
2. Keçid dövrü (1970-ci illər).
3. Roman epoxası (1980-ci illər).
4. Bəşəri problemlərin bədii ifadəsi
mərhələsi (1990-cı ildən sonrakı dövr).
Birinci mərhələdə Çingiz Aytmatov Sovet
ideologiyasının əleyhinə çıxmadan, sadə
insanı və onun dərin mənəviyyatını
böyük ədəbiyyata gətirmişdir. Bu dövrdə
o, Sovetlər İttifaqı miqyasında
lirik-psixoloji nəsrin böyük
yaradıcılarından biri kimi tanınmışdır.
Çingiz Aytmatov həmin mərhələdə
“Qəzetçi Dzyüyo” (1952), “Aşim” (1953),
“Baydamtal çayında” (1954), “Ağ yağış”
(1954), “Rəqiblər” (1955), “Üz-üzə”
(1957), “Cəmilə” (1958), “Qırmızı
yaylıqlı qovağım mənim” (1961), “Köşək gözü” (1960), “İlk müəllim”, “Ana tarla”
(1963), “Əlvida Gülsarı” (1966) povest
və hekayələrini yazmışdır. Əsərlərini
rus dilində yazması və povestlərinin
dünyada yayılan “Novıy mir”, “Drujba
narodov” jurnallarında çap olunması
Çingiz Aytmatovun imzasını böyük sənət
dünyasında təsdiq etmişdir. “Əlvida
Gülsarı” povestinə görə 1968-ci ildə
SSRİ Dövlət Mükafatına layiq görülməsi
yaradıcılığının birinci mərhələsinin
mühüm bir yekunudur. Tərcümeyi-halı
baxımından da bu mərhələdə Çingiz
Aytmatov Qırğızıstandakı Çon-Arık
sovxozunun zootexnikliyindən Moskva Ali
Ədəbiyyat Kurslarının məzunu kimi
“Pravda” qəzetinin xüsusi müxbirliyinə
və Qırğızıstan Kinematoqrafçılar
İttifaqinin sədrliyinə qədər
yüksəlmişdir.
XX əsrin yetmişinci illəri Çingiz
Aytmatov üçün yeni axtarış dövrü hesab
oluna bilər. Çingiz Aytmatovun bu
mərhələdə yazılmış əsərlərində
lirik-psixoloji nəsr ovqatı və bənzərsiz
üslubu cəmiyyət hadisələri ilə əlaqədar
ciddi ictimai motivlər əvəz etmişdir.
“Ağ gəmi” (1970), “Dəniz kənarıyla qaçan
Alabaş” (1977) povestlərində və
“Fudziyama” dramında (1973) yazıldığı
dövrün mühüm problemləri öz əksini
tapmışdır. XX əsrin yetmişinci illəri
Çingiz Aytmatovun yaradıcılığında
povestdən roman janrına doğru keçid
mərhələsidir, lirik-psixoloji nəsrdən
ictimai məzmunu daha qabarıq olan
əsərlərə üstünlük verilməsi baxımından
da həmin mərhələ keçid dövrüdür. Bu
mərhələni Çingiz Aytmatovun
yaradıcılığında roman janrı üçün
hazırlıq dövrü də adlandırmaq olar. “Ağ
gəmi” povestinin senarisi əsasında
çəkilmiş bədii filmə görə 1977-ci ildə
ikinci dəfə SSRİ Dövlət Mükafatı alması
onun ölkədə və dünyada böyük ədəbiyyatın
əsas yaradıcıları sırasında olmasının
etirafı demək idi. Nəhayət, 1978-ci ildə
anadan olmasının 50 illiyi ilə əlaqədar
olaraq keçmiş Sovetlər İttifaqının ən
ali təltifi olan Sosialist Əməyi
Qəhrəmanı fəxri adına layiq görülməsi
bütövlükdə Çingiz Aytmatov fenomeninin
təkcə ədəbiyyat sahəsində deyil,
cəmiyyətin bütün dairələrində yüksək
səviyyədə qəbul edilməsinin ifadəsi idi.
Bəlkə də Sovet İttifaqının ən yüksək ali
mükafatları ilə təltif edildiyinə görə,
Qərb ədəbi-ictimai mühiti Çingiz
Aytmatovu qüdrətli yazıçı kimi defakto
qəbul etsə də, ona Nobel mükafatı
verməkdən yan keçməli olmuşdur.
Çingiz Aytmatovun yaradıcılığının pik
nöqtəsi “Əsrə bərabər gün” romanıdır.
Onun 1980-ci ildə yazdığı “Əsrə bərabər
gün” romanı ilə sovet ədəbiyyatı nəinki
Nobel Mükafatı səviyyəsində yazılan,
hətta bir çox nobelçi yazıçıları
üstələyən bədii əsərlər yaratmaq
imkanlarını nümayiş etdirmişdir. “Əsrə
bərabər gün” sovet ədəbiyyatının Qərb
ədəbiyyatı ilə rəqabətdəki xüsusi
çəkisini, hətta qələbəsini meydana
qoymuşdur. Fikrimcə, yüksək ideya-bədii
dəyərə malik ən müasir roman nümunəsi
olan “Əsrə bərabər gün” 1983-cü ildə
kitab halında nəşr olunan kimi, dərhal
Çingiz Aytmatovun üçüncü dəfə SSRİ
Dövlət Mükafatına layiq görülməsi onun
halal haqqı olmaqla bərabər, həm də
sovet rejiminin görkəmli yazıçını
növbəti dəfə Nobel Komitəsinin
diqqətindən yayındırmağa da xidmət
etmişdir.
Çingiz Aytmatov 1986-cı ildə çap
etdirdiyi “Qiyamət” romanı ilə qüdrətli
bir romançı olduğunu isbat etmişdir.
Povestlərinin hər birində roman miqyası
nümayiş etdirən Çingiz Aytmatov “Əsrə
bərabər gün”dən sonra cəmiyyətin dərin
qatlarına nüfuz edən “Qiyamət” romanı
ilə reytinq cədvəlində yeni epoxanın ən
qüdrətli yazıçısı olmasını daha da
möhkəmləndirmişdir. Ətrafında müəyyən
mübahisələrin olmasına baxmayaraq,
“Qiyamət” romanı dünyanın bir çox
dillərinə tərcümə edilərək yayılmış,
Çingiz Aytmatovun dünyada imicini daha
da qüvvətləndirmişdir. Yazıçı “Çingiz
xanın ağ buludu” povestini müstəqil
povest kimi çap etdirməklə, “Əsrə
bərabər gün” romanında qaldırdığı
ideyaları tamamlamışdır.
Dünyanın yenidən qurulduğu doxsanıncı
illərdən sonra Çingiz Aytmatovun
həyatında da, yaradıcılığında da yeni
mərhələ başlanmışdır. Bu mərhələdə
Çingiz Aytmatov əsərlərində dünyanı
düşündürən, planeti narahat edən,
insanlığın taleyi ilə əlaqədar olan
məsələlərdən söz açan qüdrətli sənətkar
kimi çıxış edir. Çingiz Aytmatov
doxsanıncı illərdən sonra dünya miqyaslı
mütəfəkkir şəxsiyyət səviyyəsində
yazıb-yaratmışdır. Bu yeni tarixi
epoxanın məhsulu olan “Kassandra
damğası” (1996) və “Əbədi gəlin” və ya
“Dağlar çökəndə” (2006) romanları ilə
Çingiz Aytmatov dünya ədəbiyyatının
zirvəsinə yüksəlmişdir. Bu ağırçəkili
romanlarda milli düşüncə bəşəri təfəkkür
səviyyəsinə qaldırılmışdır. Son
romanlarında Çingiz Aytmatov dünyanın
anormal bir sonluğa doğru getməkdə
olduğunu var gücü ilə insanlığa
çatdırmaq, çıxış yolları haqqında
düşündürmək vəzifələrini yüksək
səviyyədə və layiqincə yerinə
yetirmişdir. “Əsrə bərabər gün”də
Boranlı razyezdində qatarın
“Stop-kran”ını dartmaqla mövcud
cəmiyyətin getdiyi yolun davam edə
bilməyəcəyini göstərən Çingiz Aytmatov
“Kassandra damğası”nda artıq kosmik
rahib vasitəsilə Yer planetinə həyatın
sona yaxınlaşmaqda olduğunu xəbər verir.
XX əsrin doxsanıncı illərindən etibarən
Çingiz Aytmatovun tərcümeyi-halında baş
verən dəyişikliklər, xüsusən, Avropa
ölkələrində Qırğızıstanı təmsil edərək
rəsmi diplomatik vəzifələrdə qazandığı
təcrübə onun yer kürəsində cərəyan edən
hadisələrə qlobal yanaşmalarına təkan
vermişdir. “Kassandra damğası” və “Əbədi
gəlin” romanları ilə Çingiz Aytmatovun
yaradıcılıq idealları tamamlanmışdır.
Çingiz Aytmatovun əsərlərində və
baxışlarında milliliklə bəşərilik vəhdət
halındadır. Milliliklə bəşəriliyin
dahiyanə harmoniyası Çingiz Aytmatov
sənətinin özünəməxsusluğunu
müəyyənləşdirir. Millilik və bəşəriliyin
dialektik əlaqəsi və üzvi sintezi Çingiz
Aytmatovun əsərləri ilə təşviq etdiyi
ümumdünya tarazlığı modelinin əsas
dayaqlarını təşkil edir. Çingiz Aytmatov
ədəbiyyatda insanı milli varlığı və
bəşəri dəyəri ilə vəhdətdə təqdim etməyi
zəruri saymış və yaradıcılığını bu
harmoniya üzərində tarazlamışdır. Çingiz
Aytmatovun yaradıcılığında millilik
amili ümumtürk ruhundan, qırğız etnik
düşüncəsindən doğan və qlobal dünyanın
hadisəsi səviyyəsində ümumiləşdirilən
yüksək və dərin insani keyfiyyətlər
şəklində təzahür edir. Beləliklə, Çingiz
Aytmatovun yaradıcılığında ayrılıqda
götürülmüş bir obrazın və ya xalqın
timsalında bütövlükdə bəşər övladı üçün
əhəmiyyətli olan problemlərin
ümumiləşdirilməsi kimi məsuliyyətli və
şərəfli vəzifə özünün orijinal bədii
həllini tapmışdır. Dünya ədəbiyyatında
milli ilə bəşərinin vəhdətini əks
etdirmək yeni hadisə olmasa da, bu
sahədə Çingiz Aytmatov öz modelini
yaratmışdır. Çingiz Aytmatov
yaradıcılığında milli və bəşəri
anlayışlarını geniş mənada insanlıq
düşüncəsi ilə birləşdirir. Tanınmış türk
alimi, professor Ramazan Qorxmaz doğru
olaraq yazmışdır ki, “Çingiz Aytmatov
Simurq quşu kimi həm bütün insanlarda
özünü, həm də özündə bütövlükdə
insanlığı duymağa çalışır”. Beləliklə,
zəngin və dərin yazıçı dünyası milli
düşüncə ilə bəşəri qavrayışı özündə
cəmləşdirir. Bu baxımdan Çingiz Aytmatov
özü də geniş mənada əsərlərindəki milli
və bəşəri düşüncələrin rəmzinə çevrilir.
Bundan başqa, Çingiz Aytmatovun
ümumdünya tarazlığı modelinin daha bir
özünəməxsusluğu da bu dahi sənətkarın
dünyadakı problemləri qan tökmək,
müharibələrə təkan vermək yolu ilə
deyil, mədəniyyəti, ədəbiyyatı ön
mövqeyə çəkmək üsulu ilə həll etməyə
hesablanmış dahiyanə çağırışları idi.
Çingiz Aytmatovun 20 il əvvəl meydana
çıxmış “Müharibə kultunun yerinə mütləq
mədəniyyət gəlməlidir”, - çağırışı bu
gün dünənkindən də aktual səslənir.
Millilik və bəşəriliyin Çingiz Aytmatov
modeli insanlığa ədalət, sülh, birlik
vəd edir.
Göründüyü kimi, Çingiz Aytmatov Asiya
ağırlıqlı və Avropa meyilli yazıçıdır.
Çingiz Aytmatov öz əsərlərində milli
dəyərlərlə bəşəri düşüncənin ideal
balansını tapmışdır. Çingiz Aytmatovun
Asiya düşüncəsinin ana xətləri mənsub
olduğu qırğız xalqının taleyinin və
mənəvi dünyasının əsasında
formalaşdırdığı dərin həyat fəlsəfəsində
və ümumiləşdirmələrində əks-səda tapır.
O, qırğız ellərinin və çöllərinin ruhunu
bütün reallıqları və özünəməxsusluqları
ilə böyük ədəbiyyatda canlandırmaqla,
bütövlükdə Orta Asiya coğrafiyasının
ümumiləşmiş obrazını yaratmışdır. Dünya
xalqları Qırğızıstanı və Orta Asiyanı
Çingiz Aytmatovun əsərləri vasitəsilə
xəritədəkindən də yaxından tanımaq
imkanı əldə etmişlər. Bu mənada ümumtürk
təfəkkürünün möhtəşəm daşıyıcısı olan
Çingiz Aytmatov ilk növbədə qırğız
ruhunun böyük ədəbiyyat heykəlidir. O,
mənsub olduğu xalqı və ölkəni ana torpaq
və insan haqqında bəşəri düşüncə
səviyyəsində təqdim etmək istedadı ilə
dünya ədəbiyyatı məkanına daxil
olmuşdur. Obrazlı şəkildə desək,
insanlığa xidmət edən ölməz əsərləri ilə
birlikdə Çingiz Aytmatov - dünyanın ən
uca zirvələrindən biri olan Tyan-Şan
dağlarında bədii sözün qüdrətinə, böyük
ədəbiyyata ucaldılan möh-təşəm abidədir.
Onun yüksək və təkrarsız istedadının
məhsulu olan bədii əsərləri qitələri,
ölkələri, xalqları yaxınlaşdıran və
doğmalaşdıran böyük sənət körpüləri-dir.
Çingiz Aytmatovun düşüncəsində Avropa
meyli onun əsərlərində siyasi və mənəvi
əsarətin gərginliklərini, əzablarını,
milli azadlığın çətin və əzablı
yollarını, dünyəvi düşüncəni böyük
cəsarətlə ifadə etmək bacarığında öz
əksini tapmışdır. Sovet imperiyasının
sərt rejimi çərçivəsində bütövlükdə
insan və ya konkret bir millət haqqında
taleyüklü böyük idealları əks etdirmək
Çingiz Aytmatovun qəhrəmanlığı idi.
Dünya şöhrətli yazıçı Çingiz Aytmatovun
ölməz əsərləri müasir dünyanın ibrətamiz
insanlıq dərsləridir.
Janrından asılı olmayaraq, Çingiz
Aytmatovun bütün əsərlərində roman
miqyası vardır. Çingiz Aytmatov dünyanı
roman miqyasında qavrayan və ifadə edən
qüdrətli yazıçıdır. Görkəmli sənətkarın
həcminə görə povest kimi görünən
əsərləri əhatə etdiyi problemlərə və
maraqlı, keşməkeşli insan talelərini əks
etdirməsinə görə ciddi roman
təəssüratları yaradır. “Üz-üzə”,
“Cəmilə”, “Əlvida, Gülsarı”, “Ana
tarla”, “İlk müəllim”, “Ağ gəmi”, “Dəniz
kənarıyla qaçan Alabaş”, “Erkən gələn
durnalar”, “Çingiz xanın ağ buludu” kimi
povestlərin daşıdığı böyük ideya-mənəvi
yük cild-cild romanlarla müqayisədə ağır
gələr. Bu əsərlərlə dünya ədəbiyyatı
yeni çoxsaylı süjetlərlə və obrazlarla
təzələnmiş və zənginləşmişdir. XX əsrin
əllinci illərində otuz yaşlı Çingiz
Aytmatovun yaratdığı “Cəmilə”povesti
təkcə sovet ədəbiyyatında deyil,
bütövlükdə dünya ədəbiyyatında yeni
hadisə səviyyəsində qarşılanmışdır.
Təsadüfi deyildir ki, məşhur fransız
yazıçısı Lui Araqon “Cəmilə” povestini
“dünyanın ən gözəl eşq hekayəsi” kimi
dəyərləndirmişdir: “Bu əsər mənim üçün
dünyanın ən gözəl eşq hekayəsidir...
Hüqo ilə Volterin doğulduğu məkanda,
Parisdə mən “Cəmilə”ni oxudum. Bax, o an
Verter ilə Veronikanın, Antoni və
Kleopatranın, ya da Manon Leskautun
mənim gözümdə heç bir dəyəri qalmadı.
Çünki mən Daniyar və Cəmiləylə
qarşılaşdım və onlarla bərabər İkinci
Dünya savaşının üçüncü ilinə, ...gözəl
bir gecəyə yenidən dönüb, orada Kurkureu
çayına, əkin yüklü arabalara və digər
ikisinin hekayəsini bizlərə nəql edən
Seyid adında yeniyetmənin yanına
getdim”.
Moskvada Maksim Qorki adına Dünya
Ədəbiyyatı İnstitutunda Ali Ədəbiyyat
Kursunda təhsil alarkən yazdığı “Üz-üzə”
povesti (1957) Çingiz Aytmatovun
ədəbiyyatda özünəməxsus yaradıcılıq
yolunu müəyyənləşdirməsində ciddi rol
oynamışdır. Yazıçı əsərdə Səidə və
İsmayıl obrazları ilə ədəbiyyatda
cəmiyyət və fərd probleminə dair mühüm
ictimai məsələlər qaldırmışdır. O, eyni
zamanda, müharibədən qaçan insanın
obrazını böyük cəsarətlə bədii
ədəbiyyata gətirmiş, sosialist
realizminin prinsipinə uyğun gəlmədiyi
halda, Totoyun ailəsinin timsalında ilk
dəfə olaraq bu qəbildən olan müharibə
insanlarının acınacaqlı faciəsini təsvir
etmişdir. Povestin 1991-ci il nəşrinə
yazdığı ön sözdə Çingiz Aytmatov bu
əsərin qayəsində duran mətləblərdən
aşağıdakı kimi bəhs etmişdir: “Mən onun
(Totoyun - İ.H.) və ailəsinin faciəsinin
timsalında insanlar, şəxsiyyət və vəzifə
arasında həllolunmaz mübahisədən qaçmağa
çalışanları təsvir etməyə səy
göstərdim”.
“Əsrə bərabər gün” romanı qırğız
xalqının simasında sovet rejiminin
gərginliklərini, ümumiyyətlə, eyni
taleyə malik xalqların keşməkeşli
həyatını və dərin mənəvi aləmini bütün
reallıqları ilə əks etdirən dünya
ədəbiyyatının şedevrlərindən biridir.
Əsərdəki Boranlı Yedigey XX əsr dünya
ədəbiyyatında yaranmış yeni tipli
möhtəşəm bədii obrazdır. Boranlı Yedigey
bütün ruhu ilə əsl qırğız ruhunun
daşıyıcısı olmaqla bərabər, həm də
stalinizmin acı keşməkeşlərini yaşamış
və siyasi-mənəvi əsarətdən xilas olmağa
çalışan insanların ümumiləşmiş
obrazıdır.
Roman içində roman adlandırıla biləcək
Manqurt hekayətində də yazıçının mənsub
olduğu xalqın timsalında milli kimliyin
itirilməsi, soykökün məhv edilməsinin
fəlakətləri ifadə olunmuşdur. Əsərdəki
Nayman Ana ədəbiyyatda milli kimliklərin
unutdurulması proseslərinin yaşandığı
dünyada yenidən oyanaraq özünə “Mən
kiməm” sualını verib, cavab axtaran
insanlığın milli-mənəvi dərkinin tamam
yeni bədii təcəssümüdür. “Əsrə bərabər
gün” romanında öz kökündən, tarixi
yaddaşından məhrum edilməyin nəticəsində
insanın manqurtlaşdırılmasının təsviri
Çingiz Aytmatovun dahiyanə kəşfidir. Bu,
sovet ideologiyasının hakim olduğu
dövrdə həmin rejimin millətləri əridib
itirmək, mənəvi aşınmaya məruz qoymaq
üçün formalaşdırdığı siyasi sistemə
vurulmuş ən ağır zərbə idi. “Əsrə
bərabər gün” romanında təqdim edilən
aşağıdakı dialoq manqurtluq fəlsəfəsinin
nə demək olduğunu aydınlaşdırır:
“Nayman Ana soruşdu: - Məni tanıyırsan?
Manqurt başıyla “yox” - dedi.
- Bəs adın nədir?
- Manqurt.
- Səni indi belə çağırırlar, əvvəlki
adın yadındadır?
Manqurt danışmırdı. Anası görürdü ki, o,
adını yadına salmağa çalışır... Amma
görünür, oğlan qalın bir divara rast
gəlmişdi, divarı keçə bilmirdi.
- Bəs atanın adı nədir? ...Doğulduğun
yeri heç olmasa bilirsənmi?
...Heyhat, heç manqurtun tükü də
tərpənməmişdi”.
Əsərdə vilayət mərkəzindən atası
Qazanqapın dəfn mərasiminə gəlmiş oğlu
Sabitcanın dədə-baba Ana-Beyit
qəbiristanlığının sökülüb yerində kosmik
stansiya tikilməsinə laqeyd yanaşması,
hər hansı bir məsələ barəsində tutuquşu
kimi qeyri-səmimi, radioda olan kimi
rəsmi danışması, yalnız bu gün və özü
haqqında düşünməsi manqurtluğun müasir
forması kimi təqdim olunmuşdur. Sabitcan
obrazı manqurtlaşmanın ədəbiyyatdakı
anonsudur.
Çingiz Aytmatovun “Əsrə bərabər gün”
romanı dünya ədəbiyyatının son bir
əsrlik dövrünün möhtəşəm yekunu, yenidən
soykökə, milli-mənəvi özünüdərkə
qayıdışa və oyanışa çağıran müasir
epoxanın ədəbiyyatının start nöqtəsidir.
Keçmiş Sovetlər İttifaqında milli-mənəvi
özünüdərkə qayıdış hələ müttəfiq
respublikalar müstəqillik qazanmamışdan
əvvəl “Əsrə bərabər gün” romanı ilə
başlanmışdır. Bu mənada “Əsrə bərabər
gün” milli oyanışa və dövlət
müstəqilliyinə çağırışın qüvvətli
paroludur.
Çingiz Aytmatovun “Ana tarla” povesti,
doğma yurda və torpağa sadiq olan adi
insanlar haqqında nəğmə qədər təsirli
bədii əsərdir. Yazıçı Tolqonay ana ilə
Torpaq ananın dialoqunda müharibə
dövrünün ağır və məşəqqətli həyat
tərzini canlandırmışdır.Tolqonay müdrik
xalqın ümumiləşmiş bədii obrazıdır,
Torpaq isə onun müqəddəs sığınacaq
yeridir. “Ana tarla” - qırğız kövşəninin
bənzərsiz ətrini və sadə əkinçisinin
təbii obrazını ədəbiyyata gətirmişdir.
“İlk müəllim” povestində qırğız
məmləkətinin uzaq dərinliklərində
yaşayıb-işləyən kənd ziyalısının dərin
mənəviyyatı və böyük ümidləri istedadla
təsvir edilib, örnək kimi
ümumiləşdirilmişdir. “Əlvida, Gülsarı”
povestində atın qırğız həyatındakı rolu
və insana sədaqəti fonunda xalqın
keşməkeşli taleyi mənalandırılmışdır.
Tanabay can verən atının başı üzərində
yaşadığı illərdə qarşılaşdığı insanları
öz vəfalı atı Gülsarı ilə müqayisə edir.
“Qırmızı yaylıqlı qovağım mənim” əsəri
milli qürur və təmiz sevginin
dastanıdır.
“Erkən gələn durnalar” povesti İkinci
Dünya müharibəsi illərində ön cəbhədə,
səngərlərdə döyüşən atalarını, böyük
qardaşlarını əsl vətəndaş ləyaqəti ilə
əvəz edən gənclərin həyatından bəhs
edilir. Onların vaxtından əvvəl
kişiləşməsi və ya “itirilmiş uşaqlıq”
müharibənin arxa cəbhədə törətdiyi
fəlakət kimi təqdim olunur. “Dəniz
kənarıyla qaçan Alabaş” bir nəslin
timsalında ümumilikdə bəşəriyyətin
gələcəyi uğrunda mübarizəni təcəssüm
etdirir. Kiriskin sağ qalması üçün
qayıqdakıların canını fəda etməsi insan
oğlunun qüdrətinin Çingiz Aytmatov
qələmində ifadəsidir.
“Çingiz xanın ağ buludu” povesti Çingiz
Aytmatovun keçmiş Sovet cəmiyyətindəki
mürəkkəb ictimai-siyasi prosesləri
tarixi aspektdə qələmə aldığı
hadisələrin vasitəsilə realist şəkildə
əks etdirdiyi sanballı bədii əsərdir. Bu
povest Çingiz Aytmatovun şah əsəri olan
“Əsrə bərabər gün” romanının üzvi tərkib
hissəsi, yaxud davamı olub, yazıçının
dövlətçilik və şəxsiyyət məsələlərinə
dair görüşlərini və müşahidələrini
tamamlayır. Fikrimizcə, “Əsrə bərabər
gün” Boranlı Yedigeyin və Qazanqapın
romanı, “Çingiz xanın ağ buludu” isə
Abutalıb Kuttubayevin tale kitabıdır.
Abutalıb Kuttubayev obrazı Boranlı
Yedigey xəttindən açılmamış qatların
təzahürüdür. Çingiz Aytmatov İosif
Stalinin vəfatından cəmi 1 ay əvvəl süni
şəkildə uydurulmuş “Çingiz xanın ağ
buludu” povesti stalinizmin hərbi-siyasi
mahiyyətinin daha dərindən açılmasına
xidmət edən əhəmiyyətli əsərdir. Əsərdə
məşhur Böyük Monqol İmperatorluğunun
qurucusu Çingiz xana münasibətdə Çingiz
Aytmatovun ikili münasibətinin olduğu
müşahidə edilir. İlk növbədə o, Çingiz
xanı fateh qismində göstərmək, onun
hərbi yürüşlərindən alınmış hadisələri
əks etdirmək yazıçıya Stalin
diktaturasını ifşa etmək üçün lazım
olmuşdur. Lakin povestdə Çingiz
Aytmatovun qüdrətli sərkərdənin
dövlətçilik məharətinə, qeyri-adi
hərbçilik bacarıqlarına və yüksək
qəhrəmanlıq ruhuna rəğbətlə yanaşdığı da
nəzərə çarpır. Yazıçının povestin bir
neçə yerində Çingiz xan haqqında
işlətdiyi “ulu xaqan” kəlməsi həmin
reallığın ifadəsidir.
Dərin ictimai məzmuna malik olan “Çingiz
xanın ağ buludu” povesti geniş mənada
Gündoğandan Günbatana qədər zəfər
yürüşləri keçirən Çingiz xanın romanı,
Abutalıb Kuttubayovun tale povesti,
Yüzbaşı Doğulanq ilə tikməçi Ərdənənin
sevgi macərasının hekayəsidir. Bu qədər
geniş mətləbləri, fərqli taleləri, biri
digərini təkrar etməyən çoxşaxəli süjet
xətlərini özündə birləşdirən kamil bir
bədii əsər yazmaq Çingiz Aytmatovun
qeyri-adi istedadının böyük
göstəricisidir.
“Ağ gəmi” - Adsız uşağın povestidir.
Əsərdə nağıl kimi təqdim olunan “Ana
maral” hekayəsi soykökü qorumağın zəruri
olmasını göstərməyin bədii ifadəsidir.
Povestdəki Mömin baba obrazı Çingiz
Aytmatovun yaradıcılığında Boranlı
Yedigeyə doğru gedən yolun
başlanğıcıdır. Əsərdəki “Ağ gəmi” nağılı
böyük çətinliklər qarşısında ümidlə
yaşamaq, iradə göstərmək, idealı
yaşatmaq düşün-cəsini meydana qoyur.
“Qiyamət” - Çingiz Aytmatovun ümummilli
məsələlərdən bəşəri problemlərə
keçidinin orijinal bədii ifadəsi olan
romandır. Bu əsər bəşəriyyəti edam
kötüyündən xilas etməyə böyük bir
çağırışdır. İlk variantdakı “Edam
kö-tüyü” adı əsas diqqətin insanlığın
edam kötüklərindən qorunmasına cəlb
edilməsinə işarədir.
Çingiz Aytmatovun yaradıcılığında yeni
mərhələ təşkil edən “Kassandra damğası”
romanında (1996) kosmosda yaşayan kosmik
rahib Filofeyin Roma Papasına
ünvanlayaraq “Tribun” qəzetinə
göndərdiyi bir məktubun Amerikada və
dünyanın müxtəlif qitələrindəki
ölkələrdə doğurduğu böyük əks-sədanın
təsviri ilə görkəmli yazıçı bəşəriyyəti
gözləyən böyük fəlakətləri nəzərə
çarpdırmış və çıxış yolları haqqında
qənaətlərini irəli sürmüşdür. Məktubdakı
dünyada baş verən haqsızlıqlara, qlobal
gərgin problemlərə, hərbi-siyasi
qarşıdurmalara etiraz əlaməti olaraq ana
bətnində ikən embrionların dünyaya
gəlməkdən imtina etmələrinə və bunun
kosmosdan göndərilən şüalar vasitəsilə
hamilə qadınların alnında qırmızı ləkə -
“Kassandra damğası” vasitəsi ilə bəlli
olmasına dair məlumatlar yer kürəsini
silkələyən qeyri-adi hadisələrin təqdim
olunmasına şərait yaradır. Bu baxımdan
kosmik rahib Filofeyin Yer kürəsinə -
Roma papasına məktubu Çingiz Aytmatovun
bəşəriyyətə xitabıdır, həyəcan təbilidir.
Əslində, bu, dərin fəlsəfi mahiyyəti
etibarilə görkəmli bir yazıçının
bəşəriyyət qarşısındakı məsuliyyəti və
öhdəliklərinin miqyasını aşaraq, geniş
mənada böyük ədəbiyyatın insanlığı xilas
etmək yollarındakı cavabdehliyini əks
etdirən çağırışdır. Filofeyin məktubu
Zamanın yer kürəsinin insanlarına
ünvanlanmış monoloqudur. İctimai-siyasi
əhəmiyyətinə, insanlığın oyanışı və
dirçəlişinə xidmətə həsr olunmasına görə
Filofeyin məktubunu Vilyam Şekspirin
Hamletinin, Cəlil Məmmədquluzadənin
Kefli İsgəndərinin monoloqları ilə
müqayisə etmək olar.
İSA HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunun baş
direktoru,akademik