E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

GÖRKƏMLİ ŞƏXSLƏR ÇİNGİZ AYTMATOV HAQQINDA


 

Əziz və hörmətli Çingiz Aytmatov, sizi doğum gününüzün 70-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, yaradıcılıq və ictimai fəaliyyətinizdə uğurlar arzulayıram. Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş bir yazıçı kimi siz həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxrisiniz. Sizin yaradıcılığınız, xüsusən "Ana torpaq", "Əlvida Gülsarı", "Cəllad kötüyü", "Əsrə bərabər gün" və digər əsərləriniz ümumbəşəri dəyərləri əks etdirməklə yanaşı, türk övladlarının milli mənlik, özünüdərketmə şüurunun formalaşması üçün son dərəcə qiymətlidir. Sizə ömrünüzün bu yetkin çağında xalqlarımızın mənəviyyatını zənginləşdirən yeni-yeni əsərlər yaratmağınızı arzulayıram.” (Ulu Öndər Heydər Əliyevin Çingiz Aytmatova məktubundan)

*****

Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir.

HEYDƏR ƏLİYEV

Ümummilli lider


Hörmәtli Çingiz Torekuloviç, mәn Sizi Azәrbaycanın yüksәk ordeni ilә tәltif etmәk istəyirəm. Bu orden «Dostluq» adlanır. Siz hәmişә, bütün dövrlәrdә Azәrbaycanın böyük dostu olmusunuz. Bu, sovet dövründә dә belә olub – mәn bunu atamın söhbәtlәrindәn bilirәm, sizin onunla münasibәtlәriniz mәnә mәlumdur – müstәqillik dövründә dә. Siz hәmişә bizi dәstәklәmisiniz. Çәtin anlarda siz hәmişә әdalәtin, sülhün, әmәkdaşlığın tәrәfdarı kimi, öz qәtiyyәtli sözünüzü demisiniz. İcazə verin, bu mükafatı Sizə təqdim edim. Təbrik edirəm. Burada bir xüsusi məqam var. Bu ordenin qeydiyyat nömrəsi 1-dir. “Dostluq” ordeni yeni ordendir, dövlət təltifidir. Siz bu ordenin təqdim edildiyi birinci şəxssiniz. Bu, çox mühümdür, bu – tarixdir.

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının prezidenti


Çingiz Aytmatov hələ sağlığında klassikə çevrilmiş yazıçı olmuşdur, onun dünya ədəbiyyatında yeni nəsrin yaradıcılarından biri olmaqla oxucularına misilsiz irs qoymuşdur. Bu böyük yazıçının hər bir əsərini şah əsər adlandırmaq olar. O, həmişə ümumbəşəri dəyərlərə əsl sadiqlik nümunəsi kimi xatırlanacaq.

SAHİBƏ QAFAROVA

Milli Məclisin sədri


Qırğız xalqı bəşəriyyətə dünyanın həcmcə ən iri eposu olan "Manas" dastanı ilə yanaşı, ümumtürk köklərimiz baxımından, soydaşımız sayıla biləcək Çingiz Aytmatovu da bəxş edib. Onun imzası və əsərlərilə təkcə qırğızlar deyil, bütün türk dünyası, o cümlədən Azərbaycan xalqı fəxr edir.

*****

Az yazıçı adı çəkmək olar ki, Aytmatov kimi yer üzündəki bütün canlı məxluqları bu qədər dərindən və dəqiq tanısın, insan iztirablarının bütün varlıqlarla sirli vəhdətini duya bilsin - kəhər Gülsarının, ya Qaranərin taleyini bəşər övladının ömrüylə əlaqələndirməyi bacarsın.

ANAR

Xalq yazıçısı, AYB-nin sədri


XX əsrin əvvəllərində bədii nəsr sahəsində görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin göstərdiyi hünəri keçən yüzilliyin ikinci yarısından sonra böyük qırğız ədibi Çingiz Aytmatov nümayiş etdirmişdir. Nəticə etibarı ilə Molla Nəsrəddin təxəllüsü ilə böyük şöhrət qazanmış Cəlil Məmmədquluzadə və Manasın böyük oğlu olaraq qəbul edilmiş Çingiz Aytmatov dünyada yeni nəsrin böyük qurucuları kimi dərin iz qoymuşlar.

*****

Çingiz Aytmatov Nobel Mükafatı səviyyəsində yazıb-yaradan və Sovetlər İttifaqında qalıb yaşamağı bacarmış qüdrətli dünya yazıçısı idi. Fikrimcə, bu mənada Nobel Mükafatı almamış Çingiz Aytmatovun xidmətləri bu böyük beynəlxalq mükafatın laureatlarından heç də az deyildir. Dünyanm digər görkəmli yazıçılarının yaradıcılığına və fəaliyyətinə kölgə salmadan, əksinə, onlardan hər birinin əsərlərinə obyektiv şəkildə yüksək qiymət verməklə, həm də bu qənaətdəyəm ki, Çingiz Aytmatovun yaradıcılığı ilə dünya ədəbiyyatının yeni standartı meydana çıxmışdır. Bəlkə də, nə vaxtsa, dünyanın bu tipli ədəbiyyatı üçün də bir beynəlxalq mükafat - Çingiz Aytmatov Mükafatı da təsis ediləcəkdir. Reallıqda isə Çingiz Aytmatov dünya ədəbiyyatında Nobelüstü yeni bir ədəbiyyat standartı yaratmağa müvəffəq olmuşdur.

İSA HƏBİBBƏYLİ

AMEA-nın prezidenti, Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun baş direktoru, akademik


Çingiz Aytmatov ona görə nəhəng sənətkardır ki, min illərin zəngin türk mədəniyyətini öz yaradıcılığında məhz tarixi inkişaf məntiqi ilə əks etdirib. Çingiz Aytmatovun məntiqi ilə sintaksisi arasında əlaqə hansısa "akademik" stixiya ilə nizama salınır. Həmin stixiya türk dastanlarının hamısında var. O, bu mənada da türk mədəniyyətinin fenomenidir.

*****

Çingiz Aytmatov min illərin zəngin türk mədəniyyətini özündə məhz tarixi inkişaf məntiqi ilə ehtiva edir, - onun təfəkküründə buddizmin də, iudaizmin də, xristianlığın da, islamın da fəlsəfı-estetik anlayışları arıdıcıl şəkildə türk mədəniyyətinin idrak prinsiplərinə tabe olur, həmin prinsiplər baxımından işlənir, - bu mənada Çingiz Aytmatov mədəni-tarixi mövcudluğumuzun arxeoloji ibtidasından gəlir.

NİZAMİ CƏFƏROV

Akademik, filologiya elmləri doktoru

 


Kaş Teymurla Bəyazid və Yavuzla İsmayıl da Çingiz və Şahmar kimi dost olaydılar. Kaş...

ŞAHMAR ƏKBƏRZADƏ

Şair, publisist, jurnalist


İstər Bakının dəniz neftçilərinin va ya Azərbaycanın dağlıq kəndlərinin gənclərinin, istər Moskvada, istərsə Fransanın kiçik şəhərlərində, istərsə də Ərəb ölkələrində olanda mənə belə bir sual verirlər: Çingiz Aytmatov necə insandır? Mənim suala cavabım dəyişmir: O, babalarımızın vəsiyyət etdiyi qaydalarla yaşayır. O, dosta dost, düşmənə düşməndir. Onun dostları xeyirxahlıq, ləyaqət, cəsarət və dürüstlük, onun düşmənləri həqarət, alçaqlıq və yalandır.

İMRAN QASIMOV

Xalq yazıçısı,

Azərbaycan dramaturqu və kinossenaristi


Çingiz Aytmatovun adı ən böyük yazıçıların adıyla qoşa çəkildi. Bu - "Manas" qəhrəmanlıq dastanlarında qırğızların əsrlər boyu öz hafızəsilə qoruyub saxladığı, nəsillərə miras kimi verdiyi vətənpərvərlik, cəngavərlik, halallıq, sədaqət, səxavət ənənələrinin yazılı ədəbiyyatda yeni tipli ifadəsi və bədii təzahürüdür.

VİLAYƏT RÜSTƏMZADƏ

 Şair, tərcüməçi


Aytmatovun povestləri də həmin şəffaf bulaq suları kimi yazıçının gördüyü, müşahidə etdiyi insanları mümkün qədər parlaq şəkildə əks etdirir. Onun qəhrəmanı kasadakı suyu çalxalayıb yerə tökmədən aparmağı, insanlara dopdolu kasa təqdim etməyi arzulayır. Bu, müəllifın də arzusudur. O, insanı bütün ziddiyyətləri ilə təqdim etməyə, onu bəzən durğun sularda parlaq əks olunan, bəzən də çınqıllara toxunaraq parçalanmış sularda bir anlığa öz parlaqlığını itirən ulduzlar kimi göstərmək istəyir.

PƏNAH XƏLİLOV

 Professor, tənqidçi, tərcüməçi


<< Geri