E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 



İsa HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun direktoru, akademik

Çoxəsrlik Azərbaycan ədəbiyyatı qədim dövr və orta əsrlərdə romantik istiqamətdə inkişaf etmiş, dünya ədəbiyyatına görkəmli ədəbi simalar və ölməz şedevrlər bəxş etmişdir. XVIII əsrdən etibarən Azərbaycan ədəbiyyatında realist meyillər qüvvətlənməyə başlamış, XIX əsrdə daha da inkişaf etmişdir. Xüsusən, Mirzə Fətəli Axundzadənin çoxcəhətli fəaliyyəti sayəsində Azərbaycanda maarifçilik ideyadan hərəkat səviyyəsinə qaldırılmış, maarifçi realizm ədəbi cərəyanı formalaşdırılmışdır. XX əsrin əvvəllərində isə Azərbaycan ədəbiyyatında tamamilə fərqli bir mərhələ başlanmışdır. Tənqidi realizm və Mollanəsrəddinçilik adlanan bu yeni ədəbi tarixi mərhələnin qüdrətli yaradıcısı görkəmli Azərbaycan yazıçısı Mirzə Cəlil Məmmədquluzadədir.

Azərbaycan ədəbiyyatında böyük demokrat yazıçı və ictimai xadim kimi şöhrət qazanmış Cəlil Məmmədquluzadə  (1869-1932) XIX əsrin ikinci yarısından sonra canlanmağa başlayan maarifçilik ənənələri və dövrün mühüm elm və maarif  mərkəzlərindən olan məşhur Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası zəminində yetişib formalaşmışdır. Onun görkəmli bir yazıçı kimi formalaşmasında və mənəvi təkamülündə Naxçıvan məktəblərində keçdiyi çətin və şərəfli yol, eyni zamanda, əsas yaradıcılarından biri olduğu Naxçıvan teatrı da xüsusi rol oynamışdır. Beləliklə, Cəlil Məmmədquluzadə hələ cavan yaşlarından etibarən mənsub olduğu Azərbaycan və Şərq ədəbiyyatı, habelə Rusiya və Qərb mədəniyyətləri, dövrün maarifçi ideyaları və ictimai fikri ilə dərindən tanış olmuş yazıçı və vətəndaş kimi ədəbiyyatda öz yolunu müəyyənləşdirmişdir. Böyük demokrat ədibin uğrunda ardıcıl olaraq mübarizə apardığı tənqidi-realist ədəbiyyat, satira mətbuatı və milli istiqlal mübarizəsi onu Azərbaycan ədəbi-ictimai fikrinin ön cəbhəsinə gətirib çıxarmışdır. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanının banisi, “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı  və milli istiqlal hərəkatının əsas simalarından biri kimi tanınıb şöhrət qazanmışdır. O, Azərbaycanda yeni tipli realist-satirik ədəbiyyatın və demokratik mətbuatın əsasını qoymuşdur.

İlk növbədə onu qeyd etmək lazımdır ki, Cəlil Məmmədquluzadə Azərbaycanda tənqidi-realist satirik ədəbiyyatın görkəmli yaradıcısıdır. O, özündən əvvəl ədəbiyyatda mövcud olmuş maarifçi realist ənənələri tənqidi realizm səviyyəsinə qaldırmışdır. Ədəbiyyatda həyatın və cəmiyyətin daha dərin qatlarına, insanın mənəvi aləminin incəliklərinə nüfuz etmək və onu fərqli bədii vasitələrlə canlandırmaq baxımından Cəlil Məmmədquluzadə ilə müqayisə ediləcək başqa bir yazıçı göstərmək çətindir. O, hələ ilk qələm təcrübəsi olan “Çay dəsgahı” dramında (1889) alleqorik vasitələrlə olsa da cəmiyyət üçün aktual olan “Nə etməli” sualına cavab axtarmaqla mənsub olduğu xalqın milli oyanışına xidmət edəcək yazıçı olmaq yolunu seçdiyini bəyan etmişdir. Ədibin “Danabaş kəndinin əhvalatları” povesti (1894) Azərbaycanda cəmiyyət həyatının gerçəkliklərini obyektiv şəkildə meydana qoyan və milli-mənəvi oyanışın zəruriliyini bütün reallığı ilə diqqət mərkəzinə çəkən yeni tipli realist ədəbiyyatın böyük müqəddiməsidir. Bu, bütövlükdə Cəlil Məmmədquluzadə tərəfindən yaradılmış Azərbaycan kəndinin faciəvi həyatının, ürəkağrıdan hadisələri və insanların nağılvari hekayətləridir. Əsərin əsas qəhrəmanı Məhəmmədhəsən əminin timsalında “Danabaş kəndinin əhvalatları” povesti iztirablarla üz-üzə qalan, haqqı tapdanmış, lakin ləyaqətini qoruyub saxlamış kiçik adamların böyük əhvalatlarıdır. Əsərdə təsvir edilən sadə və zavallı insanların sayəsində Azərbaycan ədəbiyyatında “kiçik adam” ilk dəfə böyük ədəbiyyatın əsas obrazı kimi ədəbiyyata gətirilmişdir. Ümumiyyətlə, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında “kiçik adam”ın taleyini böyük ədəbiyyatın baş mövzusuna çevirmiş ilk Azərbaycan yazıçısıdır. Yazıçı “kiçik adam”ı geniş mənada xalq anlayışı səviyyəsində təqdim etmişdir. Cəlil Məmmədquluzadənin ürək yanğısı ilə ədəbiyyata gətirdiyi Məhəmmədhəsən əmi, Novruzəli, Usta Zeynal, Kərbəlayı Məmmədəli, Pirverdi, Sadıq kişi kimi obrazlar taleyi, güzəranı, düşüncəsi və ümidləri etibarilə Azərbaycan xalqının XIX əsrin sonları və XX əsrin əvvəllərindəki həyatını bütün reallıqları ilə əks etdirib ümumiləşdirir. Onlar heç də keçmiş sovet ədəbiyyatşünaslığının təqdim etdiyi kimi cahil və nadan insanlar deyildilər. Cəlil Məmmədquluzadənin “kiçik adam”ları özlərinin sədaqəti, mənəvi təmizliyi, halallığı, toxluğu, çalışqanlığı, əsil insani keyfiyyətləri ilə mənsub olduğu xalqın xarakterik xüsusiyyətlərini əks etdirir. Savadsız olmaları, poçt qutusunu tanımamaqları, “hürriyyət”dən baş çıxarmamaları özlərinin deyil, onları daim əsarətdə saxlamaq istəyən mövcud rejimin yaratdığı müstəmləkə zülmünün təzahürləridir. Cəlil Məmmədquluzadənin də niyyəti Məhəmmədhəsən əmini və ya Novruzəlini yox, onları geridə saxlayan siyasi rejimi tənqid etməkdən ibarət idi. Cəlil Məmmədquluzadə nəinki ölkədəki siyasi istibdadı və ruhani despotizmini kəskin tənqid etmiş, müstəmləkəçi rejimə onun əsaslarını sarsıdan öldürücü zərbələr vurmuşdur. Cəlil Məmmədquluzadənin “Rişədən başlamalı” çağırışı Azərbaycan ədəbiyyatında müstəmləkəçi siyasi sistemin tam aradan qaldırılması və onun bütün təzahürlərinin məhv edilməsi vəzifələrini irəli sürür: “Əsas mətləb rişədədir. Çünki qalan kiçik məsələlər həmin rişəyə bağlıdır: əlifba, çadra, papaq, əmmamə, əba neyləsin, yaşıl qurşaq, qüsl, …imamət, ziyarət… və müxtəsər, yenə minlərcə bu qəbil…  mövhumat və axmaqlıqhat!.. Sən gərək məsələni rişədən başlayasan. Əgər rişə bərk və möhkəm olsa, ağac möhkəm duracaq və qanad-budağın darasan da, yenə axırda onlar dübarə pöhrələnib təzələnəcəklər”.

Deməli, Cəlil Məmmədquluzadənin realizmi maarifçi, islahedici, tərbiyələndirici yox, mövcud rejimin əsaslarının dağıdılması yolu ilə xalqın azadlığının təmin edilməsinə ünvanlanmış yeni tipli realist ədəbiyyat modelidir. Cəlil Məmmədquluzadənin nəsr əsərləri, xüsusən dərin məzmuna malik kiçik hekayələri Azərbaycan ədəbiyyatının bu janrda yazılmış ilk tənqidi-realist örnəkləridir. “Molla Nəsrəddin” jurnalının “Sizi deyib gəlmişəm” müraciəti yalnız millətin oyanışına deyil, həm də yeni ədəbiyyatın prinsiplərinin müəyyən edilməsinə çağırışın ifadəsi idi. Eyni zamanda, “Molla Nəsrəddin” jurnalının hələ  1906-cı ildə başladığı “həqiqi “Molla Nəsrəddin” şairi axtarışları” tənqidi-realist satirik ədəbiyyatın Mirzə Ələkbər Sabir və Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz, Bayraməli Abbaszadə və başqaları kimi böyük yaradıcılarının kəşfi ilə nəticələnmişdir. Beləliklə, Azərbaycanda ciddi ictimai mövzularda kəskin bədii söz deməklə xalqı ayıltmaq və cəmiyyəti dəyişmək vəzifələrini özündə əks etdirən yeni tipli ədəbiyyat yaranmışdır. Cəlil Məmmədquluzadə XX əsrin əvvəllərində genişlənməkdə olan tənqidi realist ədəbiyyatın əsas yaradıcısıdır. Onun banisi olduğu tənqidi realizm bütövlükdə Azərbaycan ədəbiyyatında yeni hadisə olan realizmin fərqli bir mərhələsini müəyyən etmişdir. Ətrafına cəlb etdiyi eyni tipli yaradıcılıq prinsiplərini əsas kimi qəbul etmiş qələm dostlarının vahid ideya-sənətkarlıq mövqeyindən çıxış etmələri ilə tənqidi realizm Azərbaycanda ədəbi cərəyan kimi formalaşmışdır. XX əsrin əvvəllərində Azərbaycanda digər ədəbi cərəyanların: maarifçi realizm, romantizm və sentimentalizmin də yanaşı fəaliyyət göstərməsinə baxmayaraq, Cəlil Məmmədquluzadənin yaradıcısı olduğu tənqidi realizm dövrün ən aparıcı ədəbi cərəyanı funksiyasını həyata keçirmişdir. Təsadüfi deyildir ki, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı əsasən tənqidi realizm, yaxud “Molla Nəsrəddin” epoxası kimi səciyyələnir. Müasiri olmuş görkəmli Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin Cəlil Məmmədquluzadəni “ədəbi dövrün başçısı” adlandırması böyük demokrat yazıçının milli ədəbi-ictimai fikrin inkişafındakı xüsusi rolunu və mövqeyini aydın surətdə əks etdirir. Cəlil Məmmədquluzadə “ədəbi dövrün başçısı” kimi təkcə tənqidi-realizm ədəbiyyatını və Mollanəsrəddinçilik hərəkatını deyil, bütövlükdə yaşayıb-yaratdığı tarixi mərhələnin bütün istiqamətlər üzrə ədəbi-ictimai fikrini istiqamətləndirmiş və idarə etmişdir.

Tənqidi-realist ədəbiyyatın ədəbi cərəyan səviyyəsinə yüksəldilməsində məşhur “Molla Nəsrəddin” jurnalının rolu və xidmətləri xüsusi qeyd edilməlidir. Cəlil Məmmədquluzadənin redaktorluğu ilə 1906-1917-ci illərdə Tiflisdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilən “Molla Nəsrəddin” jurnalı  tənqidi realizm cərəyanının əsas ədəbi cəbbəxanasıdır. Öz ətrafında mollanəsrəddinçi şairləri və yazıçıları birləşdirən “Molla Nəsrəddin” jurnalı  nəinki ölkədə, Qafqazda, Türkiyədə, İranda, Orta Asiyada, Volqaboyunda... tənqidi realist və satirik ədəbiyyatın bayrağını ucaltmış, həm bu tipli ədəbiyyatın konsepsiyasını irəli sürmüş, həm də konkret ədəbi nümunələrini xalqa çatdırmışdır. Tənqidçi-realist yazıçı və şairlər üçün “Molla Nəsrəddin” jurnalı ədəbi məktəb funksiyasını həyata keçirmişdir. Azərbaycan ədəbiyyatında tənqidçi-realist yazıçı və şairlər ordusu “Molla Nəsrəddin” jurnalı  ətrafında yetişib formalaşmışdır. Bu mənada tənqidi realizm ədəbi cərəyanı ilə “Molla Nəsrəddin” ədəbi məktəbi ifadələri eyni məna daşıyan sinonim sözlərdir. “Molla Nəsrəddin” ədəbi məktəbi geniş anlayış olub, özündə mollanəsrəddinçi şairləri və yazıçıları, satirik publisistikanın mahir yaradıcılarını, karikaturaçı rəssamları birləşdirmişdir. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində “Molla Nəsrəddin” jurnalı qədər geniş, universal yaradıcılıq istiqamətlərini və böyük yaradıcı qüvvələri öz ətrafında cəmləşdirən ikinci bir uzunömürlü mətbuat orqanı olmamışdır. “Molla Nəsrəddin” nəinki Azərbaycanın, geniş mənada türk-müsəlman dünyasının ilk satirik və karikaturalı jurnalı kimi bədii yaradıcılığın və təsviri sənətin inkişafına xidmət edən yeni nəsil sənətkarlar ordusu meydana çıxarmışdır. Cəlil Məmmədquluzadənin səyləri nəticəsində “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələri vahid ədəbi cəbhədən çıxış etmiş, köhnəliyə, cəhalətə, fanatizmə, geriliyə qarşı bütün cəbhə boyu mübarizə aparmışlar. “Molla Nəsrəddin” jurnalı  İran Məşrutə hərəkatına, Azərbaycan milli istiqlal mübarizəsinə bir ordudan çox xidmət göstərmişdir. “Molla Nəsrəddin” jurnalı Azərbaycan ədəbiyyatında ən böyük istiqlal kitabıdır. Bütövlükdə “Molla Nəsrəddin” jurnalı Azərbaycanın tənqidçi realist və satirik yazıçılarının çoxcildlik külliyyatıdır. Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” ədəbi məktəbinin rəhbəri olmaqla bərabər, həm də mollanəsrəddinçilik təliminin yaradıcısıdır. Cəlil Məmmədquluzadəyə görə Mollanəsrəddinçilik – azərbaycançılıq və milli istiqlal ideyalarının, tənqidi realist və satirik ədəbiyyatın əsas hərəkətverici qüvvəsi demək idi. Ən çətin məqamlarda belə “Molla Nəsrəddin” jurnalı azərbaycançılıq mövqeyindən dönməmiş, milli istiqlal uğrunda böyük qətiyyətlə mübarizəsini davam etdirmişdir. Hətta sovet hakimiyyəti illərində “Molla Nəsrəddin”in işinə Kreml səviyyəsində müdaxilələr olanda da Cəlil Məmmədquluzadə böyük cəsarət nümunəsi göstərərək 1927-ci ildə yazmışdı ki, “Molla Nəsrəddin” məcmuəsinin Moskvaya heç bir dəxli yoxdur. “Molla Nəsrəddin”i nə Moskva yaradıbdır, nə də Şura hökuməti yaradıbdır. Bu, bitərəf vərəqədir ki, iyirmi iki il bundan qabaq şahlar, sultanlar və krallar ilə söhbət etməyə adətkərdə olubdur.” “Molla Nəsrəddin” bütün fəaliyyəti boyu axıradək Azərbaycan idealına sədaqətlə xidmət etmiş, azərbaycançılıq ideyalarının genişləndirilməsinə və möhkəmləndirilməsinə çalışmışdır. Cəlil Məmmədquluzadənin əsərləri və “Molla Nəsrəddin” jurnalı Azərbaycançılıq idealının lokomotividir. “Molla Nəsrəddin” jurnalı - Azərbaycanın istiqlal qatarı, Cəlil Məmmədquluzadə - milli istiqlal ədəbiyyatı və mətbuatının inkişafı magistrallarında azərbaycançılıq lokomotivinin böyük sükançısıdır. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində ilk dəfə olaraq “Haradır Azərbaycan?” sualını ictimai fikrin gündəminə Cəlil Məmmədquluzadə gətirmiş və həmin sualı cavablandıraraq ölkəsinin, əslində həm də milli oyanışına və istiqlalına xidmət etdiyi tarixi-coğrafi ərazinin xəritəsini cızmışdır. O, bütün yaradıcılığı boyu Vətən, Millət və Ana dili idealı uğrunda dönmədən mübarizə aparmışdır. Böyük demokrat ədibin azərbaycançılıq görüşləri həmişə onun cümhuriyyətçilik baxışları ilə üst-üstə düşmüşdür. Cəlil Məmmədquluzadə Azərbaycanda respublika-cümhuriyyət tipli müstəqil dövlətin yaradılmasını həyatının və sənətinin ən böyük qayəsi hesab etmişdir. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” (1920) dramı ədəbiyyatda Azərbaycançılıq idealının manifestidir. “Anamın kitabı” əsərindəki Gülbaharın monoloqu bədii sözdə ifadə edilmiş azərbaycançılıq üvertürasıdır: “Qaldı bircə kitab: bu da Anamın kitabı!.. Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır Günün başına dolanırlar. Çünki bunlar hamısı qədim əzəldə Gündən qopub ayrılmış parçalardır. Mən etiqad edirəm ki, mənim də qardaşlarım dünyada hər yanı gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar. Çünki ay və ulduz Şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun insafı və vicdanı ona müdamül-həyat əziyyət edərək, nə qədər canında nəfəs var, peşiman olacaq.”[1]

Fikrimizcə, “Anamın kitabı”ndakı çağırışlar, “Cümhuriyyət” məqaləsindəki respublika tipli dövlət quruluşunun yaradılmasını diqqət mərkəzinə çəkməsi Cəlil Məmmədquluzadənin Azərbaycan Xalq Cümhuriyyətinə münasibətini müəyyən etmək üçün əsas kimi qəbul edilməlidir. Xüsusən, “Anamın kitabı”nda çar Rusiyasının Azərbaycanda hakimiyyətdə olan siyasi partiyalara şübhəli münasibət bəsləməsini, bu partiyaların fəaliyyətini dayandırmağa çalışmasını təsvir etməsindəki vətəndaş narahatçılığı Cəlil Məmmədquluzadənin müstəqil dövlətə müsbət münasibətini təsəvvür etməyə imkan verir. Əsərdə ayrı-ayrı yad əqidələrə qulluq edən qardaşların oxuduqları kitablardan şübhələnərək onların evində axtarış aparan senzor Mirzə Cəfərin aşağıdakı sözlərində Azərbaycana bəslənilən müstəmləkəçi münasibətə yazıçının mövqeyi öz əksini tapmışdır: “Xub, sizdən gərək pünhan olmaya kimi, sizin bir para bədxahlarınız hökümət nəzərində sizi belə qələmə veriblər ki, siz üç qardaş söz bir və həmfikir olmuşsunuz ki, əvvəla, Rusiya islamlarını Türkiyə dövlətinə tərəf çəkib, ittihadi-müslümlər cəmiyyətində iştirak edəsiniz. Saniyən, axır zamanlarda Azərbaycanda əmələ gələn “Hübbi-Vətən” və “Ədəmi-mərkəziyyət” fiqəsinin amalı yolunda çalışmaqdasınız ki, bir tərəfdən Qafqaz Azərbaycanını, digər tərəfdən isə İran Azərbaycanını – ki, ...bu vilayətləri bir-birinə ilhaq edib, müstəqil Azərbaycan hökuməti əmələ gətirəsiniz. Vəsilən bu fikirdən də uzaq deyilsiniz ki, müsavat və hürriyyət əsaslarını kəndli və əhli-kəsəbə içində müntəşir  edirsiniz ki, min il yuxuda olan camaat hökumətin əsarət zəncirini qırıb, özləri üçün nicat yolu tapsınlar və həmin niyyətlərinizi əmələ gətirmək yolunda lazımi mətbuat cəm eləyib, qələm ilə çalışmaqdasınız.”[2]

Bu həyəcanlı fikirlər “Anamın kitabı”ndakı azərbaycançılıq ideallarına, müstəqil Azərbaycan dövlətçiliyinə Cəlil Məmmədquluzadənin münasibətini aydın şəkildə ifadə edir. Məlum olduğu kimi, Cəlil Məmmədquluzadə Qarabağ üçün əhəmiyyətli olan Hindarx kanalının çəkilməsi təşəbbüsü haqqında “Azərbaycan” qəzetinə müraciət etməklə Xalq Cümhuriyyətinin işində iştirak etmək istədiyini nəzərə çarpdırmışdır. Gənc Azərbaycan dövlətinin qurulduğu illərdə ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi şərait cümhuriyyətçilərin Cəlil Məmmədquluzadəyə lazımi diqqət yetirməyə mane olmuşdur.

Azərbaycan ədəbiyyatında bir çox janrlar Cəlil Məmmədquluzadə tərəfindən yaradılmışdır. Cəlil Məmmədquluzadə kiçik hekayənin böyük yaradıcısıdır. Onun ustad qələmindən çıxmış məşhur “Poçt qutusu” hekayəsi Azərbaycan  hekayəçiliyinin proqramıdır. “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Nigarançılıq”, “Rus qızı”, “Saqqallı uşaq” hekayələri Azərbaycan ədəbiyyatında hekayə janrında yaradılmış klassik şedevrlərdir. Cəlil Məmmədquluzadənin novellavari hekayələri dünya ədəbiyyatının da orijinal örnəkləri sayılmağa layiqdir. Cəlil Məmmədquluzadənin kiçik hekayələrində zamanın böyük mətləbləri məharətlə ifadə olunmuşdur. “Poçt qutusu” hekayəsindəki Novruzəlinin poçtxananı yox, divanxananı tanıması haqqındakı dialoqda, Usta Zeynalın evini təmir etdiyi Muğdusi Akopa verdiyi “xozeyin, niyə sizin padşahınız yoxdur” sualında, “Nigarançılıq” hekayəsindəki “həqiqət, dünyada bu nigarançılıqdan da pis şey yoxdur” etirafında fərdlərin yox, cəmiyyətin problemləri ifadə olunmuşdur. “İranda hürriyyət” hekayəsindəki İrandan ailəsini dolandırmaq üçün çörək qazanmaq naminə Qafqaz şəhərlərinə gəlmiş həmşərinin dilindən verilmiş aşağıdakı parçada diqqət mərkəzinə çəkilmiş mətləblər hekayənin yazıldığı dövrdə Arazın hər iki tayındakı siyasi proseslərin real mənzərəsini güzgüdə olduğu qədər təbiiliyi ilə əks etdirir: “Axı kim eşidibdi ki, o taydan bura hürriyyət gəlsin. O taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryək... belə zadlar gələr. Yoxsa vallah, mən ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyət gələ. Heç bu tərəflərdə hürriyyət alış-verişi eliyəni də mən eşitməmişəm.”[3] Yaxud “Zırrama” hekayəsindəki Qurbanqulu bəyin timsalında nadanlığın, boşboğazlığın “qanmır ki, qanmır” tipinin təqdimatı ilə Cəlil Məmmədquluzadə yaşadığı dövrün ictimai-mənəvi mühitinin daxili çürüklüyünü dahiyanə şəkildə açıb göstərmişdir. Fikrimizcə, Cəlil Məmmədquluzadənin “zırrama” anlayışı Çingiz Aytmatovun “manqurt” ifadəsi kimi yazıçının bədii kəşfi sayıla bilər. Manqurtluqda keçmişi, soykökü unutdurulmuş adamın faciəsi, zırramalıqda isə cahillik və avaraçılıq girdabına salınmış zümrənin komediyası ifadə olunmuşdur. Özünü dərk edə bilməmək manqurtun məqsədli şəkildə salındığı vəziyyət, zırramalıq isə mühitin yetişdirdiyi nadanlıqdır. Cəlil Məmmədquluzadə onu “bizim gözəl vətənimizin meyvəsi” kimi təqdim etməklə zırramalıqdan xilas olmağın mühiti maarifləndirməkdən ibarət olduğunu göstərmişdir.

Cəlil Məmmədquluzadənin dram əsərləri ilə Azərbaycan dramaturgiyasının tarixində yeni mərhələ yaradılmışdır. Ədibin dram əsərləri ideya-məzmunca olduğu kimi, janr baxımından da novatorluq nümunəsidir. Dram əsərlərində yaşadığı dövrün acı reallıqlarını məharətlə əks etdirən böyük yazıçı-dramaturq səhnədə sözün həqiqi mənasında “göz yaşları içərisində gülüş”ün məşəqqətlərini diqqət mərkəzinə çəkmiş, ibrətamiz nəticələrə gəlmişdir. Cəlil Məmmədquluzadənin dram əsərləri əsasən obrazların komediyası, dövrün faciəsindən ibarətdir. Böyük Mirzə Fətəli Axundzadənin dahiyanə komediyaları janr baxımından drama, Cəlil Məmmədquluzadənin komediyaları isə faciəyə yaxındır. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının tragikomediya mərhələsini yaratmışdır. Onun pyesləri komediya ilə faciənin sintezini özündə əks etdirir. Faciə janrında yazılmış klassik əsərlərdən fərqli olaraq Cəlil Məmmədquluzadənin  dram əsərlərində baş qəhrəmanın ölümü yox, ictimai mühitin və kütlənin faciəsi açılıb  göstərilmişdir. Yazıçı böyük məharətlə “Ölülər” əsərindəki Kefli İskəndərin faciəsinin Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsindəki Fəxrəddinin  faciəsindən daha  dəhşətli olduğunu nəzərə çarpdırır. Cəlil Məmmədquluzadənin  bütün yaradıcılığı üçün aktual olan “Anlamaq dərdi” fəlsəfəsi onun dram əsərlərində daha qabarıq şəkildə ifadə olunmuşdur. Bu baxımdan “Ölülər” əsəri diri ölülərin yası, Şeyx Nəsrullahın komediyası, kütlənin faciəsi, Kefli İsgəndərin mənəvi ölülük üzərində qələbəsi, mahiyyət etibarilə dirilik himnidir. Kefli İskəndərin monoloqu zamana və insana ən böyük ittihamnamədir. Bu, ayrılıqda bir əsərdə yox, geniş mənada cəhalət dünyasından tarix kitabına qanla yazılmış səhifə, bütün dövrlərin şeyx nəsrullahlarına, kütlə psixologiyasına qarşı səslənən ittihamnamədir.

Böyük ədibin dramaturgiyası dövrün ən aktual, ağrılı və zəruri problemlərinə həsr olunmuşdur. “Ölülər” – cəhalətə, ətalətə, mənəvi əsarətə, xurafata kəskin zərbə, milli-mənəvi oyanışa və ictimai-mədəni tərəqqiyə ən həyəcanlı çağırışdır. “Kamança” Azərbaycan ədəbiyyatında Qarabağ münaqişəsinə həsr olunmuş birinci bədii əsərdir, vətən torpaqlarının müdafiəsi üçün hər cür fədakarlığa hazır olan Qəhrəman yüzbaşı kimi vətənpərvər azərbaycanlının həm də ən yüksək insani hisslərə malik olduğunu təqdim edən dramatik bəyanatdır. “Kamança” əsəri Azərbaycan ədəbiyyatında miniatür pyesin mükəmməl nümunəsidir. Miniatür pyes janrı Cəlil Məmmədquluzadənin dramaturgiyaya gətirərək vətəndaşlıq hüququ qazandırdığı təsirli və mənalı kiçik səhnəciklərdən ibarətdir. “Çay dəsgahı” Azərbaycan ədəbiyyatında ilk miniatür alleqorik pyes, əyləncəli uşaq dramıdır. Böyük ədib dramaturgiyada bir pərdədən ibarət olub, konkret bir hadisəni və ya ideyanı əks etdirən kiçik pyeslər silsiləsinin yaradıcısıdır. “Oyunbazlar”, “Lənət”, “Lal” pyesləri səhnəyə çıxarılmaq üçün yox, oxunmaq üçün miniatür pyes şəklində yazılmış lezedramalardan ibarətdir. Cəlil Məmmədquluzadənin “Lal” pyesi Azərbaycan ədəbiyyatında pontomim miniatür pyesin bənzərsiz nümunəsidir.

Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tragikomediyası Azərbaycan ədəbiyyatında milli istiqlala, milli birlik və azərbaycançılıq ideallarına həsr olunmuş ən mükəmməl dram əsəridir. “Anamın kitabı” – milli-mənəvi özünüdərk, Vətənçilik, milli birlik və müstəqillik dərsliyidir. “Anamın kitabı” – əsərdəki üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramıdır. Cəlil Məmmədquluzadənin təqdimatında Gülbahar obrazı gələcək yeni Azərbaycanın simasıdır. “Anamın kitabı”ndakı Zəhrabəyim Ana obrazı – Vətənin, Gülbahar milli istiqlalın rəmzidir. “Anamın kitabı” – Azərbaycanın tale kitabıdır. “Anamın kitabı” – Azərbaycan ədəbiyyatının möhtəşəm azərbaycançılıq abidəsidir.

“Dəli yığıncağı” pyesində (1926) təqdim olunan “dəlilik” əslində şərti anlayış olub, mahiyyət etibarilə ruhi xəstəliyi deyil, ağıldan bəlanı və cəmiyyətdəki mənəvi-siyasi eybəcərliyi əks etdirir. Cəlil Məmmədquluzadə sətiraltı şəkildə yeni qurulmuş Şura Azərbaycanını “dəli yığıncağı” adlandırmışdır. Professor Əli Sultanlının “Ölülər”in məfkurəcə davamı” adlandırdığı “Dəli yığıncağı”nda İskəndərin funksiyasını zorla, süni şəkildə gərgin vəziyyətlərə salınaraq həbsxanaya qatılmış Pırpız Sona obrazı yerinə yetirir. Mövzu və ideya etibarilə “Dəli yığıncağı”nın davamı kimi meydana çıxmış “Ər” pyesi ilə Cəlil Məmmədquluzadə ölülər və dəlilər aləminin məşhur trilogiyasını yaratmışdır. Uzaqgörən yazıçı 1930-cu ildə yazdığı “Ər” pyesində “Anamın kitabı”ndakı milli istiqlalçılığı ifadə edən “Gülbahar işi”ni, “Dəli yığıncağı” pyesində qaldırdığı yad məmləkətlərdən gəlmiş, xalqın dilini bilmədiyi halda ona rəhbərlik edən siyasi qüvvələrdən xilas olmağın zəruriliyi tezisini daha da dərinləşdirərək, ölkənin məhz öz içərisindən çıxmış ərlər tərəfindən idarə edilməsi ideyasını açıq şəkildə diqqətə çatdırmışdır. Azərbaycanda Sergey Kirovun, Levon Mirzoyanların hakimiyyətdə olub, xalqa zülm etdikləri bir dövrdə Cəlil Məmmədquluzadənin milli lider ideyasını irəli sürməsi böyük vətəndaşlıq cəsarəti tələb edən məsələ idi. Cəlil Məmmədquluzadə xalqa “Dəli yığıncağı” pyesindəki Azərbaycan dilini bilməyən Lal Buyuz kimi həkimlərin, “Ər” pyesindəki özünü Türküstan şahzadəsi elan edən xarici professorun yox, “azad bir əsrdə azad millət arasında... azad  iqrarın azad rəftara münasibətinin adi şəkli” əsasında seçilmiş Qeyrətmənd Cahangir kimi xalqın yüksək hazırlıqlı vətənpərvər oğullarının liderlik etməsinə çağırış etmişdir. Cəlil Məmmədquluzadənin “Ər” pyesində arzu etdiyi milli liderlik funksiyasını XX əsrin altmışıncı illərinin axırlarından Azərbaycana rəhbərlik etmiş görkəmli dövlət xadimi Heydər Əliyev həyata keçirmişdir.

Sovet hakimiyyəti illərində Cəlil Məmmədquluzadənin həyatı məşəqqətli keçmişdir. Xüsusən, 1926-cı ildən sonra mövcud siyasi rejim Cəlil Məmmədquluzadəyə etimad göstərmədiyini açıq şəkildə büruzə vermişdir. Bu dövrdən etibarən, Azərbaycan hökuməti böyük yazıçının yaradıcısı və Baş redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının fəaliyyətinə müxtəlif yollarla maneçilik törədilmişdir. İlk növbədə “Molla Nəsrəddin” jurnalına dövlət maliyyə yardımı, dotasiya ildən-ilə azaldılmış, jurnala abunə yazılışına lazımi şərait yaradılmamışdır. Jurnalın 25 illiyi ilə əlaqədar ölkədə çox sönük bir tədbir keçirilmişdir. Əksinə, “Molla Nəsrəddin” jurnalının üzərində senzura nəzarəti gücləndirilmişdir. Dövlət Senzura İdarəsinin 1931-ci ildə rəsmi dairələrə göndərdiyi arayışdakı məxfi məlumatlar “Molla Nəsrəddin” jurnalına və Baş redaktor Cəlil Məmmədquluzadəyə siyasi rejimin münasibətini təsəvvür etməyə əsas verir: “Jurnalın götürdüyü yol açıq-aşkar opportunist və partiyanın baş xətti ilə heç bir əlaqəsi olmayan bir yol kimi qiymətləndirilməlidir”.[4] Baş Mətbuat İdarəsinin rəsmi dairələrə təqdim etdiyi “Molla Nəsrəddin” jurnalının vəziyyəti və “yaradıcılıq yolu” haqqında məlumat vərəqəsi”ndə Cəlil Məmmədquluzadə və redaksiyada çalışan digər mollanəsrəddinçilər “geri qalmış, bisavad, siyasətlə maraqlanmayan adamlar” kimi damğalandırılmış, jurnalın tərtibatçısı məşhur karikatura ustası Əzim Əzimzadə “sinfi mübarizə və sosializm quruculuğu epoxasının obrazını verməyi bacarmayan istedadsız rəssam” adlandırılmışdır. Azərbaycan Kommunist (Bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin 1929-cu ildə çağırılmış aprel plenumunda “Molla Nəsrəddin” jurnalının ateizm kampaniyaları təşkil etməklə məşğul olan “Mübariz Allahsızlar Cəmiyyəti”nin orqanı kimi fəaliyyətini davam etdirməsi barədə qəbul etdiyi qərar da Cəlil Məmmədquluzadəni sarsıtmışdır. Vəziyyətdən çıxış yolu kimi Baş redaktorun yuxarı təşkilatlara etdiyi müraciətlərə məhəl qoyulmamışdır. Nəticədə “Molla Nəsrəddin” jurnalı 1931-ci ilin mart ayından fəaliyyətini dayandırmalı olmuşdur. Cəlil Məmmədquluzadə ömrünün son illərini həm də maddi sıxıntı içərisində yaşamışdır. Görkəmli yazıçının əsərlərinin əlyazmalarını sobada yandırması Cəlil Məmmədquluzadənin ona göstərilən təzyiqlərə və soyuq münasibətə etirazının ifadəsi idi. Bütün bunlar böyük vətəndaş yazıçının 4 yanvar 1932-ci ildə qəflətən vəfat etməsi ilə nəticələnmişdir. Cəlil Məmmədquluzadənin dəfn mərasimi də layiq olduğu səviyyədə təşkil olunmamışdır. Hətta görkəmli yazıçının vəfatı ilə əlaqədar rəsmi dövlət mətbuatında verilmiş qısa, şəkilsiz nekroloq yazısında onun haqqında tənqidi mülahizələr səsləndirilmişdir: “Sovet gerçəkliyi şəraitində Molla Nəsrəddin (Cəlil Məmmədquluzadə - İ.H.) gur sosializm quruculuğu templərindən geri qalmışdır. Onun jurnalı nəzərəçarpacaq səviyyədə öz əhəmiyyətini itirmişdir”.[5]

Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı Cəlil Məmmədquluzadənin xatirəsini həmişə əziz tutmuşdur. Sonrakı dövrlərdə Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin  əsərləri ən böyük tirajlarla dəfələrlə nəşr olunmuş və xalqımızın mütaliəsində geniş yer tutan qiymətli ədəbi örnəklərdir. Yazıçının əsərləri Azərbaycan dilindən başqa rus, ingilis, fransız, alman, ispan, türk, ərəb, fars, urdu, bolqar, macar, gürcü, litva, özbək, türkmən, tacik və sair dillərdə kitab halında çap olunaraq özünün dahi yaradıcısına dünya şöhrəti qazandırmışdır. Böyük ədibin həyatı və yaradıcılığına həsr edilmiş qiymətli tədqiqat əsərləri yazılıb nəşr olunmuş, dissertasiyalar müdafiə edilmişdir. Cəlil Məmmədquluzadənin müxtəlif vaxtlarda Azərbaycan dilində və xarici dillərdə çap olunmuş bədii əsərlərindən və yazıçının haqqında yazılmış elmi tədqiqat əsərlərindən mükəmməl bir kitabxana yaratmaq mümkündür. Cəlil Məmmədquluzadənin dram əsərləri son yüzillikdə Azərbaycan teatrlarında ən çox tamaşaya qoyulmuşdur. Cəlil Məmmədquluzadə teatrı azərbaycançılıq, özünüdərketmə, milli-mənəvi oyanış, ayıqlıq, vətəndaşlıq və müasirlik teatrı kimi hər zaman  aktual və müasirdir.

Sonrakı dövrlərdə ölkəmizdə Cəlil Məmmədquluzadənin parlaq adına və ölməz sənətinə böyük ehtiram bəslənilmişdir. Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki görkəmli heykəltəraş Mirəli Mirqasımov tərəfindən yaradılmış heykəli Azərbaycan monumental heykəltaraşlıq sənətinin qiymətli nümunəsidir. Respublikamızın paytaxtı Bakı şəhərində və Naxçıvanda yazıçının adını daşıyan  küçələr və məktəblər dahi sənətkarın xatirəsinə dərin ehtiramı ifadə edir. Cəlil Məmmədquluzadə adına  Naxçıvan Dövlət Musiqili Dram Teatrı respublikamızın  əsas sənət məktəblərindən biri kimi fəaliyyətini uğurla davam etdirir. Ədibin anadan olmasının 100, 125, 140 illik yubileylərinin dövlət səviyyəsində böyük sənət bayramı miqyasında qeyd edilməsi də qüdrətli sənətkara dövlət səviyyəsində bəslənilən böyük ehtiramın əyani ifadəsidir.

 Azərbaycanda kitabxana və kitabşünaslıq işinin baş qərargahı olan Mirzə Fətəli Axundzadə adına Milli Kitabxana Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin, o cümlədən böyük demokrat ədib Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının, zəngin bədii irsinin tədqiqi və təbliği sahəsində geniş və ardıcıl iş aparır. Milli Kitabxana bu gün ölkəmizdə həm də əsas elm və mədəniyyət mərkəzi, müstəqil dövlətçilik ideologiyası məktəbi kimi qəbul olunur. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə görkəmli sənətkar Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə əlaqədar birgə keçirdiyi beynəlxalq elmi konfrans və təşkil etdiyi kitab sərgisi görkəmli yazıçının xatirəsinə yüksək ehtiramın ifadəsi olmaqla bərabər, həm də mirzəcəlilşünaslıq elmi istiqamətini zənginləşdirməyə xidmət edən mühüm elmi forumdur. Milli Kitabxananın hazırlayıb nəşr etdirdiyi Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı haqqında biblioqrafiya sözün həqiqi mənasında dahi yazıçının mükəmməl ömür və sənət salnaməsidir. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin yaradıcılığına yüksək qiymət vermişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1994-cü ildə Cəlil Məmmədquluzadənin  anadan olmasının  125 illik yubileyi mərasimində söylədiyi aşağıdakı fikirlərdə böyük demokrat ədibin  yaradıcılığındakı milli dirçəliş və istiqlalçılıq ideyaları müasir dövrün çağırışları kimi nəzərə çarpdırılmışdır: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə... Azərbaycan xalqının milli oyanışında əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlil Məmmədquluzadənin fəaliyyətinin rolu misilsizdir... Cəlil Məmmədquluzadənin yaradıcılığındakı Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim  milli ideologiyanın əsasıdır və həmin ideologiyanın  yaranması üçün  böyük bir vasitədir.... Təsadüfi deyildir ki, onun yazılarındakı cümhuriyyət anlayışı bu gün bizim quracağımız demokratik, hüquqi dövlət prinsipləri ilə səsləşir”.[6]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi haqqındakı 17 yanvar 2019-cu il  tarixli Sərəncamı müstəqil Azərbaycan dövlətində böyük demokrat ədibin ibrətamiz həyat yolu və zəngin bədii yaradıcılığına göstərilən böyük diqqət və qayğını əməli surətdə əks etdirir. Prezident Sərəncamında Cəlil Məmmədquluzadənin xidmətlərinə verilmiş yüksək qiymət onun böyük ideallarının həmişəyaşarlığını və müasirliyini parlaq şəkildə nəzərə çarpdırır. Müstəqil Azərbaycan Respublikası və xalqımız Cəlil Məmmədquluzadənin uğrunda dönmədən  mübarizə apardığı müstəqil dövlətçilik ideallarını daha da inkişaf etdirib möhkəmləndirməklə ölməz sənətkarın adını və xatirəsini yaşatmağın nümunəsini göstərir.

 



[1] Cəlil Məmmədquluzadə. Əsərləri, 4 cilddə, I cild. Bakı, “Öndər”, 2004, səh.475


[2] Yenə orada, səh. 462


[3] Cəlil Məmmədquluzadə. Əsərləri, 4 cilddə, I cild. Bakı, “Öndər”, 2004, səh.161


[4] “Molla Nəsrəddin” jurnalının vəziyyəti və “yaradıcılıq yolu” haqqında məlumat vərəqəsi. Azərbaycan MTDA, F-57, siyahı 1, iş 916, vərəq 26-29


[5] Bax: “Bakinskiy raboçiy” qəzeti, 6 yanvar 1932-ci il


[6] Heydər Əliyev. Ədəbiyyatın böyük borcu və amalı (tərtib edəni V.Quliyev). - Bakı, “Ozan”, 1999, səh.245-246

 


<< Geri