E L E K T R O N M Ə L U M A T B A Z A S I

 


Cəlil Məmmədquluzadə yaradıcılığı Azərbaycanın mənəviyyatını, ədəbiy-yatını dünyaya nümayiş etdirən və xalqımızın nəyə qadir olduğunu göstərən böyük bir sərvətdir. Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, pub-lisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə yaradılmış “Molla Nəsrəddin” jurnalının rolu misilsizdir.

***

Biz Cəlil Məmmədquluzadəyə sadəcə bir ədəbiyyatçı kimi, yazıçı kimi, publisist kimi yox, eyni zamanda böyük ictimai xadim və böyük siyasətçi kimi yanaşmalıyıq. Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamışdır. Bu, təkcə ədəbiyyatda, mədəniyyətdə deyil, siyasətdə də, ictimai həyatımızda da böyük xidmətdir.

***

Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir.

***

“Ölülər” əsəri haqqında mən tam cəsarətlə deyə bilərəm ki, dünya ədəbiy-yatında buna bənzər ikinci əsər tapmaq mümkün deyildir. Bu əsər Cəlil Məmmədquluzadənin həm nə qədər böyük filosof, psixoloq olduğunu göstərir, həm də onun yalnız özünəməxsus yaradıcılığını və özünəməxsus fikir istedadını əks etdirir.

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri


Qüdrətli qələm ustası Cəlil Məmmədquluzadənin zəngin irsi bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindəndir. Ədibin uzun illər əvvəl yaratdığı “Ölülər”, milli vəhdət ideyasının carçısında çevrilmiş “Anamın kitabı”, eləcə də digər dramaturji, nəsr və publisit əsərləri Azərbaycanın çoxəsirlik söz xəzinəsinin qiymətli incilərini təşkil edir. Klassik Azərbaycan və dünya bədii fikri ənənələrindən, xalq yumorundan məharətlə bəhrələnən sənətkarın milli oyanışa səsləyən yaradıcılığı həm Qafqaz xalqlarının, həm də bir sıra Şərq ölkələrinin ədəbiyyatına böyük təsir göstərmişdir.

***

Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanı-şa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.

***

Cəlil Məmmədquluzadə həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


“Ölülər”in hər təbəssümündə acı bir fəryad qopar.


Hüseyn Cavid,
şair, yazıçı, dramaturq


Mirzə Cəlilin “Ölülər”i “Molla Nəsrəddin”i kimi baltanı dibindən vuran əsərdir.


Üzeyir bəy Hacıbəyli,
akademik, bəstəkar


Cəlil Məmmədquluzadə elə tarixi şəxsiyyətlərdəndir ki, onların mübarizələrdə keçən fəaliyyəti mənsub olduqları xalqın tərəqqisinə böyük təkan olur, onlar öz doğma yurdunu on illərlə irəli salır. O şəxsiyyətlərin sürəti nəsillər üçün vətənpərvərlik, qeyrət və fədakarlığın ilhamverici nümunəsinə çevrilir.


***
 

Cəlil Məmmədquluzadə həyat həqiqətlərini yaradıcılıqda ilkin obyektiv əsas hesab edirdi. Həqiqətpərəstlik onun öz sənəti üçün də yenilməz estetik norma idi. Doğrucu olmaq, yalandan qaçmaq, həqiqət nə qədər acı, onu yazmaq nə qədər xatalı olsa da, qorxub çəkinməmək, açıb meydana qoymaq, sözünə sədaqətli və səmimi olmaq ədibin əsaslandığı mətbuat estetikasının da baş prinsiplərindən idi.


Əziz Mirəhmədov,
akademik


Cəlil Məmmədquluzadə yaradıcılığı və fəaliyyəti Azərbaycan ədəbiyyatının tarixində unikal bir hadisədir və bu hadisə ədəbiyyatımızın və jurnalistikamızın inkişafında böyük bədii-estetik təkan gücünə malik olmuşdur. Həmin bədii-estetik təkan gücünü müəyyənləşdirən əsas cəhətlərdən biri tarixi estetik ilkinlikdir.

***


Mirzə Cəlilin yaradıcılığı Mirzə Cəlilin ömrü deməkdir və o, bütün ömrünü nadanlıq və cəhalətə qarşı mübarizəyə sərf etmişdir. Cəlil Məmmədquluzadəni başa düşməklə yanaşı onu duymaq, hiss etmək lazımdır. Onun mücadiləsini təfəkkür dərk edir, başa düşür, amma onun qələmindəki bədii-estetik akvareli isə yalnız hiss etməklə qiymətləndirmək mümkündür.


Elçin,
Xalq yazıçısı


Cəlil Məmmədquluzadənin ictimai və ədəbi fəaliyyəti zəngin və çoxcəhətlidir. O, ictimai inkişaf tariximizdə bir dramaturq, ədib, jurnalist, ictimai xadim kimi məşhurdur. Yeni ədəbiyyatın istiqamətini düşünərkən Cəlil Məmmədquluzadə bütün əzəməti ilə nəzərimizdə canlanır. Klassik qəzəl, saray ədəbiyyatına, məclis, mey-məzə ədəbiyyatına qarşı həyat və mübarizə ədəbiyya-tının, xalqdan, onun tərəqqi meyillərindən doğan, bu meyilləri ifadə edən həqiqi, tənqidi realizmin inkişaf etdirilməsində, həyat və məişətimizin əlvan lövhələrinin cəsarətlə ədəbiyyata gətirilməsində, xalq zəka və yumorunun inkişafında təbiilik, sadəlik və həqiqətpərəstliyin bədii bir meyar kimi qalib gəl-məsində, Sabir qələminin canlanmasında hər kəsdən əvvəl Cəlil Məmmədquluzadəyə minnətdarıq.
Cəlil Məmmədquluzadə təkcə yumoristik və satirik əsərlər yazan sənətkar-larımızın müəllimi deyil, həm də bədii sənətdə böyük mənalar ifadə etmək istə-yən hər bir Azərbaycan yazıçısının müəllimidir.

***
 

Cəlil Məmmədquluzadənin tarixi xidmətlərindən biri, onun inkişaf etdirdiyi realizm məktəbidir. Cəlil Məmmədquluzadə sənətdə həqiqətə xidmət edirdi. Onun üçün ən böyük meyar həm məfkurə, həm bədiilik meyarı hər şeydən əvvəl həqiqət idi. Hər hansı bir əsərdə həqiqətdən yayınan bir əlamət gördümü, onu saxta sayır, ona nifrət edirdi.


Mir Cəlal
yazıçı, Əməkdar elm xadimi


Bizim ədəbiyyatda ağlın dastanına zirvə ‒ Nizamidir; eşqin və qəmin faciəsinə meyar ‒ Füzulidir; qeyrətin ağrısına, namus yanğısına timsal – Sabir-dir; həm eşq, həm ağrı, həm də qeyrət üçün borcun, cavabdehliyin ölçüsünə əmsal ‒ Cəlil Məmmədquluzadədir.


Yaşar Qarayev,
akademik


Cəlil Məmmədquluzadə böyük bir vətəndaş kimi, bütün həyatı boyu doğ-ma vətəninin, xalqının taleyini düşünür, həyatının bütün mənasını bu xalqın azadlıq işinə sərf etməkdə görürdü. Cəlil Məmmədquluzadə ədəbiyyata öz dövrünün xalq müdrikliyini, xalq dühasını, xalq satirasını, xalq gülüşü və yumo-runu gətirən və onu inkişaf etdirən xalq yazıçısıdır.
 

***


Cəlil Məmmədquluzadənin və onun 1906-cı ildən başlayaraq ətrafına topladığı mollanəsrəddinçilərin kəşf edib mətbuat aləminə, döyüş meydanına çıxardığı Sabirlərin, Əli Nəzmilərin qələminin gücü ilə Azərbaycan satirik ədəbiyyatının şöhrəti ölkə sərhədini aşaraq, bütün Şərqdə rəğbət, məhəbbət qazanmış, Şərqin müxtəlif ölkələrində qoca Molla Nəsrəddinin neçə-neçə istedadlı davamçıları, məfkurə və sənət dostları yetişmişdir.


Məmməd Cəfər Cəfərov,

akademik


Cəlil Məmmədquluzadə atəşin bir vətənpərvər idi. O, vətəni özünə ana hesab edirdi. Bütün Azərbaycan xalqını azad və xoşbəxt görmək onun müqəd-dəs arzusu idi. Buna görə də o, həyatı boyu ən gərgin və dolaşıq dövrlərdə belə tərəqqipərvər yol tutmuş, zamanın qabaqcıl fikirlərini xalqa başa salmışdır. Çünki vətənpərvərliyin birinci şərti xalqı inkişaf və tərəqqi yoluna salmaq, irəli aparmaqdır.


Mirzə İbrahimov,
Xalq yazıçısı, akademik


Mən onun haqqında hörmətlə və ehtiramla amma həm də məhrəm ilıq bir nəvazişlə düşünürəm. Mən onun haqqıda babam kimi, atam kimi, qardaşım, oğlum, nəvəm kimi düşünürəm. Böyük yazıçılar bütün nəsillərin yaşıdıdırlar. Cəlil Məmmədquluzadə babalarımızın, atalarımızın mənəvi yaşıdı idi. Bizim nəsil də ona öz yaşıdı kimi, bizim mənəvi problemimizə cavab verən müdrik qardaşı kimi baxır. Mən bilirəm ki, bizim nəsil də gedəcək,... amma o, qalacaq və oğlumun yaşıdı olacaqdır. Bütün zamanların övladıdır o, hər nəslin yol yaldaşıdır. Və bizdən sonra gələn nəsillər onu yenidən kəşf edəcək, öz yaşıdları, müasirləri kimi tanıyacaq və övladlarına bəxş edib gedəcəklər.

***

...Həqiqətə belə ikibaşlı münasibət, həqiqətin hər hansı bir parçasını deyib, başqa parçasını ört-basdır eləmək, yarımçıq həqiqət ‒ bütün bunlar Mirzə Cəlil vicdanının bütövlüyünə yabançı idi. Cəlil Məmmədquluzadə jurnalında oxucu-nun yalnız qəlbinə, hisslərinə deyil, fikrinə, şüuruna da müraciət edirdi.

Anar

Xalq yazıçısı


Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı, qüdrətli dramaturq, vətəndaş publisist, azərbaycançılıq ideologiyasının yaradıcılarından biri, Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi kimi geniş şöhrət qazanmış görkəmli yazıçı və ictimai xadimdir. Cəlil Məmmədquluzadə həm də böyük demokrat kimi tanınır. Onun müstəqillik və demokratiya uğrunda mübarizəsi və demokratik görüşləri həmişə Azərbaycanda demokratik proseslərin gedişatına ciddi təkan vermişdir.

***


Görkəmli Azərbaycan yazıçısı, böyük demokrat ədib Cəlil Məmmədquluza-dənin mürəkkəb və keşməkeşli ömür yolu, uğrunda mübarizə apardığı ideallar həmişə ciddi elmin problemi olduğu qədər də bədii düşüncənin maraq dairəsində olmuşdur.
... Ədəbiyyatımız Mirzə Cəlildən söz açarkən, qüdrətli yazıçının fonunda sənətkar və zaman, milli azadlıq və istiqlaliyyət, özünüdərk və demokratik düşüncə kimi ölkə və xalq üçün zəruri olan mətləbləri ön mövqeyə çəkə bilmiş-dir. Daha doğrusu, Cəlil Məmmədquluzadə ‒ Molla Nəsrəddin mövzusu millə-timizin milli taleyinin bədii dərki və inkişafının əks-sədasına çevrilmişdir.

İsa Həbibbəyli
filologiya elmləri doktoru, professor


Cəlil Məmmədquluzadə adının mənası, onun böyük yaradıcılığının əsas qayəsidir. Bu söz böyük ədibin irsini dərk etmək üçün ən gözəl açardır. Bu söz “yazıçı” sözünün qarşısına “vətəndaş” sözünü əlavə edən amildir. Nəhayət bu söz yazıçılıq sözünün qayəsini, məqsədini bildirən, necə yazmağı deyil, nədən yazmağı və niyə yazmağı şərtləndirən bir örnəkdir, bir işıqdır.

 

Bəxtiyar Vahabzadə
şair, dramaturq, ədəbiyyatşünas


İlk rus inqilabı Azərbaycan ədəbiyyatında yeni bir sima meydana çıxarmışdır; bu yazıçı Azərbaycan ədəbiyyatının inkişafında yeni bir səhifə açmış, onda inqilabi demokratik istiqamətin əsasını qoymuşdur. Bu “Molla Nəsrəddin” təxəllüsü ilə bütün Şərqdə məşhur olan Cəlil Məmmədquluzadədir.

Səməd Vurğun,
Xalq şairi


Artıq dərəcədə məharətlə yazılmış, məzmunu eyni həyatımızdan götü­rülmüş “Ölülər” dramı müsəlmanların həyatında bö­yük rol oynayacaqdır. Paslan­mış beyinləri pasdan təmizləyib, öl­müş ruhlara can verəcəkdir.


Nəriman Nərimanov,
ictimai-siyasi xadim, yazıçı, publisist


Əgər Mirzə Cəlil bir jurnalist kimi “Molla Nəsrəddin” ilə parlamışdırsa, jur-nalistlik sənətinin baş məşqini “Şərqi-Rus” qəzetinin redaksiyasında keçirmişdir.

***
 

Mirzə Cəlil əsərlərini ürəyinin qanı ilə yazırdı.


Abbas Zamanov,
Azərbaycan EA-nın müxbir üzvü, Əməkdar elm xadimi


Mirzə Cəlil XX əsrin çox böyük ədəbi siması idi. O, Mirzə Fətəli Axundov məktəbini davam etdirən yazıçılarımız içində dan ulduzu kimi parlamış, nüfuzedici şəfəqlərlə yaxın və uzaq ölkələri işıqlandırmışdı.

 

***

C.Məmmədquluzadənin və “Molla Nəsrəddin” məcmuəsinin yerli istismar-çılara, çar məmurlarına, köhnəliyə qarşı, İran və Türkiyə hökmdarlarına qarşı, Şərq ətalətinə, dinə və mövhumata qarşı apardığı mübarizə Azərbaycan zəhmətkeşlərinin öz istiqlaliyyətləri uğrunda mübarizə etmək üçün ayağa qalxmalarına çox böyük fayda vermişdi.
 

Abdulla Şaiq
şair, Əməkdar incəsənət xadimi

 


Kim deyir ki, Mirzə Cəlil gülüb, yanılır, Azərbaycan torpağında hələ belə ağlayan olmayıb.

Süleyman Rəhimov,
Xalq yazıçısı


“Sizi deyib gəlmişəm” – bu müraciətdə sanki ədibin bütün varlığı ifadə olun-muşdur. Ona görə ki, bu sözlərdə ədibin xalq üçün yanan ürəyi çırpınırdı. Böyük satirik bütün ümidini, arzu və idealını xalqa bağlamışdı.


Məmməd Arif Dadaşzadə,
akademik


 

Dünya Şərq poeziyasının nəhənglərini çoxdan tanıyır. Bədii təfəkkürün nəsr forması Şərqin yazılı ədəbiyyatında xeyli gec meydana gəlmişdir. Cəlil Məmmədquluzadə türkdilli xalqların ədəbiyyatlarının yaratdığı nəsrdə çox mühüm bir simadır. O, müasir realist yazı üslubunun, müasir nəsr formalarının banilərindən biridir. Heyrətli yığcamlıq, sadəlik və qüvvət onun nəsrinin əsas xüsusiyyətlərindəndir. Bunu biz “Danabaş kəndinin əhvalatları” povestində, bir silsilə hekayələrində, xüsusən kamil formaya malik olan “Poçt qutusu”, “Kişmiş oyunu” kimi hekayələrində duyuruq. Bax, hekayəni bu cür yazarlar! Komediya, faciə və dram ünsürlərini üzvü şəkildə birləşdirən “Ölülər” pyesi nə qədər gözəl və cazibədardır. İndiki halda Azərbaycan xalqı görkəmli sənətkarı və maarifçisi Cəlil Məmmədquluzadənin vasitəsilə elə bil ki, dünya bədii ədəbiyyatında qazandığı nailiyyətləri yenidən bəşəriyyətə açıb göstərir.

Çingiz Aytmatov
Qırğız Xalq yazıçısı


Bəzən böyük ədib oturduğu yerdə və yainki küçədə getdiyi zaman heç bir səbəbi olmadan gülümsərdi. Bəziləri bu gülüşləri yersiz sayırdı, lakin bu yanlış fikir idi, çünki Mirzə Cəlil daima gülməli bir mövzu üzərində düşündüyü zaman bir oxucu kimi düşünər, əsərində göstərdiyi mənfi tiplərin üzərinə gülərdi. Diri ikən ikiüzlü ziyalılar, qarınqulu ruhanilər, həris, xəsis tacir və hacılara gülən Mirzə Cəlili ölürkən gördüm. O, ölümün də üzünə gülürdü.

Məmməd Səid Ordubadi,
Əməkdar İncəsənət xadimi


Cəlil çox səmimi və qayğıkeş, övlad məhəbbəti ilə yaşayan şəxsiyyətlərdən idi. 1908-ci ildə Midhətin, 1911-ci ildə Ənvərin dünyaya gəlişi ədibə əvvəllər keçirdiyi mənəvi əzabları tədricən unutdurmuş, onun həyat yoldaşı, ata-ana, dost itkisindən parçalanmış qəlbinə müəyyən sərinlik gətirmişdir. O. həmişə mənə deyərdi: “Etiraf edirəm ki, mənimlə yaşamaq çətindir. Uşaqları tərbiyə etməyə səbrim çatmır. Sən məni ailə adamı eləyibsən.”

Həmidə xanım Məmmədquluzadə,
Ədibin həyat yoldaşı


Sadəlik, təbiilik və real həyata yaxınlıq Məmmədquluzadə hekayələrinin əsas məzumiyyətləridir. Hər şeydən görünür ki, müəllif öz xalqının həyatını və dünyagörüşünü yaxşı bilir və incə müşahidə qabiliyyətinə malikdir. Məmmədquluzadənin istedadlı rus yazıçısı Çexovun əsərlərini xatırladan hekayələri bizim mədəni ziyalılarımızın nəzərini cəlb etməyə tam layiqdir.

 

***

İndiyə qədər çapdan çıxmış nömrələrə əsasən demək olar ki, “Molla Nəsrəddin” nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir..., azərbaycanlıların vaxtı keçmiş, köhnəlmiş görüşlərini, anlayış və adətlərini, gülüş yolu ilə aradan qaldırmaq, onların adətlərini islah etməyə və özlərini də oyadıb, nəcib və ciddi fəaliyyətə sövq etməyə çalışır.

Firudinbəy Köçərli
Ədəbiyyatşünas alim


Mirzə Cəlil zatən az danışan, böyük məclislərdən qaçan, yığıncaq xoşlama-yan, təklik sevən bir şəxs idi. Bununla bahəm, düşmənlə də görüşüb bir az söhbət etdikdən sonra ürəyini ələ alıb, özünə şərik etmək idisə də, jurnal düşmənliyindən çəkindirirdi... Canım kişinin yazdıqları doğrudur, ancaq adam hər doğrunu yazmamalıdır, ‒ deyirdilər; deməli onun haqlı olduğunu düşmənlə-ri də təsdiq edirdilər.

 

***
Hesabsız hədə kağızlarına, həcvlərə, etina etməyərək öz tutduğu məqsəddən, məsləkdən bir qədər geri durmamaqla Mirzə Cəlil öz azacıq dostları ilə birlikdə axırda qalib gəlib, həmişəlik bir ad və Azərbaycan ədəbiyyatında xüsusi bir cığır “Molla Nəsrəddin” dövrü qoya bildi.

Əbdürrəhimbəy Haqverdiyev,
yazıçı, ictimai-siyasi xadim


“Ölülər” əsəri tək bir inqilaba qədər deyil, hətta bugünkü günə qədər yazılan dram əsərləri arasında görkəmli və xüsusi bir yer tutur. Çünki bu əsər tamamilə həyatdan götürülmüşdür. Minlərcə “ İsfahan lotularından” biri olan Şexs Nəsrullahı müəllif gözəl və müvəffəqiyyətli bir sürətdə təsvir etmişdir.
Bu mühitin bir tək müsbət və haman mühitə gülən fərdi İsgəndərdir. O, öz dövrünün qəhrəmanıdır.

Həbib Cəbiyev
ədəbiyyatşünas, publisist


Əgər Cəlil tək bir İsgəndər rolunu yaratmış olsaydı belə, yenə unudulmazdı, təkcə bir “Ölülər” onu dünya ədəbiyyatının böyük realistləri sırasına daxil edə bilərdi.

Mikayıl Rəfili
filologiya elmləri doktoru, professor


Cəlil Məmmədquluzadə bir çox nəzirəçi ədib və şairlərimizdə olan azardan salimdir. C. Məmmədquluzadə Azə.rbaycan ədəbiyyatının varlığını göstərən ədibdir. Ən böyük pyesi olan “Ölülər” əsrlər qədər yaşayacaq və yalnız Azərbaycan ədəbiyyatının deyil, bəlkə də “Tartuf”, “Don Juan” və “Canlı Meyit” ilə barabər dünya ədəbiyyatının bir parçası olub qalacaqdır.

Hənəfi Zeynallı
ədəbiyyatşünas alim


“Molla Nəsrəddin” realizminin, realist stilinin başlıca bir xüsusiyyəti sati-radır… Bu satira, bu yumor… çılğın ruhların qəhqəhələrindən ibarət deyildi… Cəlil Məmmədquluzadə əsərlərində mərkəzləşən bu ictimai satira Azərbaycan ədəbiyyatında misli görünməmiş bir hadisə olaraq meydana çıxmış, bütün Şərqdə öz əks-sədasını, rezonansını tapmışdı.


Əli Nazim,
ədəbiyyatşünas-alim



1916-cı ilin ən böyük teatr hadisəsi “Ölülər” idi. Bu tamaşa yalnız teatr aləmində deyil, bütün ideoloji mübarizə sahəsində son dərəcə böyük əhəmiyyət kəsb etmişdir.


Cəfər Cəfərov,
Azərbaycan EA-nın müxbir üzvü, Əməkdar incəsənət xadimi




Azərbaycan klassik söz sənəti aləmində zamanın, mühitin yetişdirdiyi elə yaradıcı şəxslər var ki, onlar bəlkə də bu gün dünənkindən daha çox gərəklilik statusu qazanmaqdadırlar. Cəlil Məmmədquluzadə kimi yaradıcı şəxsiyyətin söz sənəti bugünkü müstəqil Azərbaycan dünyasına daha böyük səmərə ver-məkdədir.
Cəlil Məmmədquluzadə Azərbaycan dramaturgiyasını, Azərbaycan nəsrini, Azərbaycan publisistikasını və deməli bütövlükdə Azərbaycan bədii-ictimai təfəkkürünü yeni yüksək zirvəyə qaldırmışdır. Elə bir zirvəyə ki, bugünkü təfəkkürümüz zaman etibarı ilə bizdən arxada görünən, lakin mənəvi cəhətdən çox-çox qabaqda gedən bu böyük yaradıcılıq məktəbinə söykənməkdədir.


Cahangir Məmmədli,
filologiya elmləri doktoru, professor


Bütün şüurlu həyatını xalq işinə, xalqın xoşbəxt həyatı uğrundakı mübari-zəyə və xalq azadlığının müdafiəsi işinə həsr etmiş olan Cəlil Məmmədquluza-dəni xalq heç bir vaxt unutmayacaqdır.


Cəfər Xəndan,
filologiya elmləri doktoru, professor
 


“Molla Nəsrəddin təxəllüsü ilə geniş dairədə tanınmış Cəlil Məmmədqulu-zadə böyük, məzmunlu ömür yolu keçmişdir. Onun adı Azərbaycan ədəbiyyatı və ictimai fikrinin tarixinə möhkəm surətdə daxil olmuşdur. Onu – dövrünün qabaqcıl şəxsiyyətini, görkəmli yazıçı, publisist və ictimai xadimini təkcə Azər-baycan xalqı deyil, Sovet İttifaqının, Yaxın və Orta Şərqin bir çox xalqları tanıyır və sevirlər.


Əziz Şərif,
Əməkdar elm xadimi
 


Türkiyə oxucuları Mirzə Cəlilin əsərlərini tərcüməsiz də başa düşürlər, çünki o, öz əsərlərini ana dilində, bizə yaxın olan dildə yazırdı. Lakin onun hekayələri təkcə dil etibarilə deyil, öz mövzusuna görə də bizə yaxındır, çünki bu əsərlərin süjetləri Azərbaycan kimi Türkiyə üçün də xarakterikdir.


Əziz Nesin,
türk yazıçısı
 


Ədib öz gizli imzaları haqqında heç bir yerdə bəhs açmamışdır. Hətta 1927-ci ildə “Molla Nəsrəddin”in ilk mürəttiblərindən İsmayıl Həqqiyə yazdığı məktuba aldığı cavabdan görünür ki, istifadə etdiyi imzaları o özü də unutmuş-muş. İsmayıl Həqqi isə ədibə yazdığı cavabda onun Lağlağı, Cırcırama, Dəli, Mozalan, Dəmdəməki və başqa imzalarla yazdığını iddia edir.

 
Qulam Məmmədli,
Əməkdar jurnalist, Əməkdar mədəniyyət işçisi


Dövrün ictimai-siyasi hadisələri ilə, doğma xalqının mənəviyyatı ilə yaxın-dan bağlı olan Cəlil Məmmədquluzadə kimi bir yazıçı üçün müasirlik bir amal, gözəl bir məram idi. Müasirlik onun estetik idealı idi. Böyük ədib ömrü boyu öz qələmini müasir mövzularda işlətmişdir. Mirzə Cəlil sənəti ölməzdir. O, bu gün də bizim nöqsanlarımıza gülür, bizi ətalətə, süstlüyə, məhdudluğa qarşı mübarizəyə səsləyir.


Cəlal Abdullayev,
filologiya elmləri doktoru, professor


Kiçik hekayə yazmaq mədəniyyətini əvvəlki kimi Mopassandan, Çexov-dan, Henridən, Bunidən öyrənirik. Məmmədquluzadəni isə bu müəlliflər sırası-na qatmırıq. Halbuki, onun hekayələri dünya ədəbiyyatında həm Mopassanın, həm də Çexovun hekayələri ilə bir sırada durur.


P. Skosıryev,
rus yazıçısı


Cəlil Məmmədquluzadə sözün əsl mənasında realist yazıçıdır. O, həyatın dibinə, kiçik adamların məişətinə, ilk baxışda sadə görünən hadisələrə nüfuz edir, realist ənənəsinə sadiq qalaraq, düzü düz, əyrini əyri göstərmişdir. Bütövlükdə, Mirzə Cəlilin nəsr əsərləri XX əsr Azərbaycan ədəbiyyatında orijinal yenilik yaratmışdır.


Əflatun Məmmədov,
ədəbiyyatşünas alim


Bizim üçün “Molla Nəsrəddin” ədəbi məktəbinin əhəmiyyəti nə qədər böyükdürsə, “Molla Nəsrəddin” rəssamlıq məktəbinin əhəmiyyəti də bir o qədər böyükdür.


Mürsəl Nəcəfov,
Əməkdar incəsənət xadimi


Xalqımız Mirzə Cəlili öz ədəbi xoşbəxtliyi kimi başa düşməlidir. Mirzə Cəlil taleyi, Mirzə Cəlil sevgisi nümunə olmalıdır. Mirzə Cəlil tariximizin çox namuslu, qeyrətli bir parçasıdır.

Cəlil Məmmədquluzadə öz “Ölülər” əsəri kimi ölməzdir. Onun əsərləri hərəkətdədir, yaşayır və yaşayacaqdır. Mənə elə gəlir ki, o, xalq tərəfindən sevilə-sevilə oxunmasına, hətta öz vətənindən uzaqlarda şöhrət tapmasına belə qiymət verərdi: “Niyə, bəd deyil!”


Süleyman Rüstəm,
Xalq şairi




Böyük demokrat Cəlil Məmmədquluzadə fərdi üsluba malik bir ədib, mükəmməl realist bir dramaturqdur. Azərbaycanda istedadlı məzhəkə aktyorlarının yetişməsində də Cəlil Məmmədquluzadə teatrının rolu böyükdür. Azər-baycan dramaturgiya tarixi onun teatr məktəbinə çox böyük minnətdardır.

Böyük ədibin kiçik müasirləri həm Naxçıvanda ictimai fikrin inkişafında, həm də onun satirik təfəkkürünün müəyyənləşməsində, yaradıcılıq qabiliyyəti-nin düzgün istiqamətə yönəldilməsində mühüm amil olmuşdur. Onlar zəmin yaratmış, Cəlil Məmmədquluzadə isə həmin zəmində əsl bir sənətkar, demokrat bir mühərrir kimi yüksələrək günəş kimi parlamış, öz müasirlərini kölgədə buraxmışdır.


Əli Sultanlı,
filologiya elmləri doktoru, professor


Bütün ömrü boyu dilimizin təmizliyi, saflığı, sadəliyi yolunda yorulmadan mübarizə aparan Cəlil Məmmədquluzadə, nəsr dilimizi həqiqi mənada sadələş-dirilmiş, xəlqiləşdirilmiş canlı danışıq dilinə yaxınlaşdırmışdır. Ədibin bədii nəs-rimizdəki böyük xidmətlərindən biri də danışıq dili ilə kitab dili arasındakı səddi aradan qaldırmasından ibarət olmuşdur. Mirzə Cəlil öz qələm yoldaşlarını, müasirlərini də sadə dildə yazmağa, canlı xalq dilinin gözəl, qiymətli, orijinal xüsusiyyətlərini ədəbi dilə, bədii əsərlərlə gətirməyə çağırmışdır.


Hidayət Əfəndiyev,
ədəbiyyatşünas alim


Cəlil Məmmədquluzadə böyük ədəbi məktəb yaratmış mütəfəkkir şəxsiy-yətlərdən biridir. Müasir yazıçılarımız bu ölməz sənətkarın ədəbi irsinə həmişə dərin hörmət və ehtiramla yanaşmış, ondan bədii yaradıcılığının sirlərini öyrən-miş, onu özlərinə ustad və müəllim hesab etmişlər. Cəlil Məmmədquluzadə dramaturgiyası hər cür milli məhdudluqdan uzaq dərin bəşəri məzmunlu, bəşəri mündəricəli dramaturgiyadır. Onun pyesləri öz ictimai-bədii siqlətinə, sənətkar-lıq xüsusiyyətinə görə nəinki Azərbaycan, həmçinin dünya dramaturgiyasının ölməz nümunələri sırasına daxildir.


Xalid Əlimirzəyev,
professor


XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycanın bədii-estetik və ictimai fikrində milli oyanış, özünüdərk, istiqlal düşüncələrinin cücərməsi proseslərinin renessans dövrü hesab olunur. Mirzə Cəlilin həmin dövrdə ədəbi-ictimai mühitə gəlişi ilə bu proses daha da sürətlənmiş və milli ideya getdikcə kütləviləşərək, minlərlə insanın fikir dünyasına hakim kəsilmişdir.


Sona Vəliyeva,
filologiya elmləri doktoru


Tiflis şəhərində nəşr olunan satirik “Molla Nəsrəddin” jurnalı müstəsna olaraq hər bir məsələdə məharət göstərdiyi kimi, biz zavallı qadınların məişətinə aid çəkdiyi şəkillər və yazdığı məqalələrdə də məsələyə ciddi bir nəzərlə baxaraq, bir alim kimi qələm yürüdür.


Şəfiqə xanım Qasprinskaya,
maarifpərvər qadın


Ən gözəl bədii əsərlər də daş-qaş kimidir, onların qiyməti özündədir, saflığındadır. Belə əsərlər zamanın təlatümlərindən, əsrlərin keşməkeşindən keçərək yaşayır, xalq bu əsərlərə öz qəlbində yer verir, onları qoruyub saxlayır, nəsildən-nəslə çatdırır. “Ölülər” də xalqlarımızın zəngin ədəbiyyat xəzinəsinin belə qiymətli incilərindəndir.


Səməd Qəni,
tacik yazıçısı


Cəlil Məmmədquluzadə indiki əsrin əvvəllərində dərin ictimai sarsıntılar dövründə Azərbaycan xalqının ümid və ideallarını ifadə etmiş və bununla birlikdə xalqların yeni taleyinin carçısı olmuşdur.


K. Markov,
rus yazıçısı


Realist uşaq nəsrinin əsasını qoyan Cəlil Məmmədquluzadənin hekayələ-rində uşaqların tərbiyəsi ilə bağlı cəmiyyəti düşündürən bir sıra problemlər öz əksini tapmışdır.


Zahid Xəlil,
filologiya elmləri doktoru, professor


Mirzə Cəlili Azərbaycan mədəniyyəti və ictimai fikri rus ədəbiyyatının köməyilə doğub. XIX-XX əsrlərdə bu xalqa onun qədər bələd olan, bu xalqın ağrı-acısına onun qədər yanan cəmi bir-iki dahi şəxsiyyətin adını çəkmək olar.


Səfər Alışarlı,
yazıçı


Mirzə Cəlil Azərbaycan ədəbiyyatının nadir simalarından biridir, təkcə böyük yazıçı, dramaturq və publisist deyil, həm də milli ədəbiyyatımızın vicda-nıdır. Əsərlərində yaratdığı situasiya və xarakterlərlə naqislikləri tənqid etmiş, ilk növdədə nadanlığa və mövhumata meydan oxumuş Cəlil Məmmədquluzadə milli tərəqqinin yolunu da göstərmişdir.


Qulu Məhərrəmli,
filologiya elmləri doktoru


Mark Tvenin Amerikada etdiyi kimi, Azərbaycan satirasının klassiki də öz vətənində hər cür riyakarlıq, əclaflıq və ikiüzlülük pərdəsini cırıb atmışdır.

Mən yeni ulduz kəşf etmiş bir astronom kimi sevinirəm. Mən Azərbayca-nın incəsənət səmasında yeni bir ulduz kəşf etmişəm.


Cozef Hort,
Amerika yazıçısı



Mirzə Cəlil Azərbaycan ədəbiyyatının, həm də bütövlükdə mənəviyyatımı-zın sütunlarından biridir.


Nəriman Əbdülrəhmanlı,
yazıçı


Mirzə Cəlilin Azərbaycan ədəbiyyatında rolu çox böyükdür, onun publisistikası da, dramaturgiyası da, nəsri də əvəzsizdir. Hər üç sahədə o dahidir, məsələn “Azərbaycan” və “Cumhuriyyət” məqalələrində publisist kimi, “Ölülər” tragikomediyasında dramaturq kimi, hekayə və povestlərində nasir kimi əvəzolunmazdır.


Səhər Əhməd,
yazıçı


“Molla Nəsrəddin” jurnalı hindlilər arasında da böyük şöhrət qazanmışdı. Onu həmişə səbirsizliklə gözləyir, həvəslə oxuyurdular, ondan ayrılmaq istə-mirdilər. Başa düşürdülər ki, onun satira atəşi təkcə Azərbaycan xanlarına, bəy-lərinə, ruhanilərinə qarşı deyil, həm də digər ölkələrdəki hakimlərə və ruhanilərə qarşı yönəlmişdir.


Krişan Candr,
Hindistan yazıçısı

 

 



<< Geri