Cəlilkənd — Azərbaycanın Şərur rayonunda kənd.
Kəndin adı memorial toponimdir. Cəlilkəndə 1961-ci ildə
görkəmli mütəfəkkir Cəlil Məmmədquluzadənin şərəfinə
Cəlilkənd adı verilmişdir.
Cəlilkənd Şərur düzündə yerləşir.
Yaşlı kənd sakinlərinin söylədikləri məlumatlar belə
deməyə əsas verir ki, əvvəllər kəndin ərazisində poçt (indiki
rabitə), bank, klub, xəstəxana, yol istismar idarəsi (idarənin
rəisinin Osipov soyadlı eynəkli şəxs olduğu söylənilir),
hətta həbsxana da var idi. Yəni Cəlilkənd bir növ
Şərur-Dərələyəz qəzasının inzibati mərkəzi hesab
edilirdi.
Cəlilkənddə yaşayan əhali içərisində müxtəlif sosial
təbəqələrin və zümrələrin nümayəndələri olmuşdur.
Bunların içərisisndə bəy, hacı, məşədi və digər sosial
qrupları təmsil edən insanlar var idi. Kəndin
bəylərindən Samoş bəyin, Teymur bəyin, Fərzah bəyin,
Əkbər bəy Səfiyevin və b. adlarını çəkmək olar. Məşədi
İbrahim, Məşədi Həsən, Məşədi Ruqiyyə və digərləri də
müxtəlif illərdə kənddə yaşayan sakinlər olmuşlar.
Kənddə məskunlaşaraq yaşayan tayfalar-Musayevlər,
Nadirovlar, Əsgərovlar, Rəhimovlar, Həsənovlar,
Məmmədovlar və b. xüsusi çəkiyə və hörmətə malik olmuş,
onların içərisində tanınmış (təkcə Şəruruda deyil, bütün
respublikada) yüksək vəzifəli şəxslər, elm və sənət
adamları, hərbçilər, hüquq-mühafizə orqanlarının məsul
işçiləri və b. sahələrdə çalışan dövlət qulluqçuları
olmuşdur və hazırda da vardır.
Şəxsiyyətləri:
Tağı bəy Səfiyev
Bilal Səfiyev - Praporşik.
Teymur bəy Səfiyev (1889-?) - məmur, vəkil.
İbrahim Safi - rəssam.
Asəf Nadirov — AMEA-nın həqiqi üzvü.
Təhsil
XX əsrin 80-ci illərində Şərur-Dərələyəz qəzasının
mərkəzi olan Cəlilkənddə ilk dünyəvi məktəblərdən biri
olan ikisinifli kənd məktəbi açılmışdı (çar hökuməti
buna 1883-cü ildə icazə verməyə məcbur olsa da, məktəb
iki il sonra-1885-ci il sentyabrın 20-də fəaliyyətə
başlamışdı). Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri hörmətli Vasif Talıbov 10 iyul 2006-cı ildə
Cəlilkənd orta məktəbinin 120 illik yubileyinin
keçirilməsi haqqında sərəncam imzalamışdı. Və bu yubiley
çox yüksək səviyyədə və böyük təntənə ilə keçirilmişdi.
Bundan başqa, məktəbin yaranma tarixi və fəaliyyəti
barədə kəndin mərhum ziyalısı-müəllimi K.Zamanov
tərəfindən “120 yaşlı məktəb” adlı kitabça hazırlanaraq
nəşr etdirilmişdir. Bunları nəzərə alaraq, kənd
məktəbinin tarixi haqqında geniş yazmağa ehtiyac hiss
olunmasa da, müəyyən məqamları qısa şəkildə xatırlatmağı
məqsədəuyğun hesab edirik. Bu dövrdə Şərur qəzasında
açılan ilk kənd məktəbi Yenkicə (1882-ci ildə açılıb)
idisə, ikincisi Cəlilkənd məktəbi idi. Naxçıvan MR
Dövlət Arxivində olan sənədlərə əsasən məktəb kəndin
imkanlılarından olan İsmayıl xan Səfiyevə məxsus evdə,
iki illik kirayə haqqı 200 manat olmaqla siniflərin
sahəsi 560 kub arşın həcmində və hər cür ləvazimatla (məktəb
mebeli, kitab və məktəb ləvazimatı) təhciz olunmuş
şəkildə fəaliyyətə başlamışdır. Bu məktəbin inkişafında
burada dərs deyən müəllimlərdən müdir işləmiş Məmməd bəy
Qazıyevin, o dövrün tanınmış ziyalısı, ilk
müdir-nəzarətçi Mirzə Əliməmməd Xəlilovun, Molla
Fərzalıbəy Fərzalıbəyovun, Cəlil Məmmədquliyevin (Məmmədquluzadənin),
Əbülqasım Sultanovun, Ələkbər Süleymanovun, Kərim bəy
Səfiyevin, Tağı bəy və Abbasqulu bəy Səfiyevlərin və b.
müstəsna xidmətləri olmuşdur. 1887-ci ildə pedoqoji
fəaliyyətə başlayan C.Məmmədquluzadə 1887-ci il dekabrın
25-dən 1890-cı il 15 yanvarınadək Cəlilkənd məktəbində
müəllimlik etmişdir. Kənd adamları tərəfindən “Mirzə
Cəlil” deyə çağırılan C.Məmmədquluzadə 1889-cu ildə kənd
həyatına dair topladığı materiallar əsasında ilk qələm
təcrübəsini-“Çay dəstgahı” adlı alleqorik dramını bu
kənddə yazmışdır. Yeri gəlmişkən qeyd edək ki, 1957-ci
ilin martında kənd məktəbinə onun adının verilməsi,
1961-ci ildən bu kəndin Cəlilkənd adlandırılması yerli
sakinlərin xahişi və tələbi ilə olmuşdur. 1888-ci ildə
bu məktəbi bitirən C.Səfiyev Moskva Universitetinin
hüquq fakültəsini, bir il sonra məktəbi bitirən
H.Səfiyev həmin Universitetin (Moskva) tibb fakültəsini,
T.Səfiyev İrəvan Müəllimlər Seminariyasını bitirərək
müəllim, İ.İsmayılov bələdiyyə idarəsində katib və
notarius, A.Səfiyev dəftərxana xidmətçisi, T.Rəcəbbəyli
və B.Kazımbəyov dilmanc işləmişdir (“Məktəbə daxil
olanlar və bitirənlər”in siyahısı). 1878-ci ildə
Cəlilkənddə dünyaya göz açan Tağı bəy Səfiyev
C.Məmmədquluzadənin dostu və məsləkdaşı olmuş, onun
təşviqi ilə 1889-1893-cü illərdə İrəvan Müəllimlər
Seminariyasında oxumuşdur. “Molla Nəsrəddin” jurnalında
çıxışlar edən tanınmış maarifçi T.Səfiyev Sovet
hakimiyyəti illərində pedoqoji fəaliyyətini davam
etdirmiş, Qars müqaviləsinin (1921) imzalanması
mərasimində Naxçıvan diyarının təmsilçisi olmuşdur.
1923-cü ildə Naxçıvan Xalq Maarif Komissarlığının
inspektoru vəzifəsində çalışmış, “Rusca-türkcə lüğət”
(1929) hazırlamışdır. “Maarifçi zərbəçisi” döş nişanına
layiq görülmüşdür [6] Akademik İ.Həbibbəylinin
“C.Məmmədquluzadə və müasirləri”, B., 1997, “Qars
müqaviləsində Naxçıvan təmsilçisi” (“Fikir” jurnalı,
Naxçıvan, 1999, səh.13-14) və b. əsərlərində T.Səfiyevin
pedoqoji və siyasi fəaliyyətinə dair ətraflı məlumatlar
vardır. 1904-1905-ci illərdən başlayaraq qızların da
cəlb ediliyi bu məktəbdə təkcə Cəlilkənd əhalisi deyil,
qonşu Düdəngə, Mahmudkənd, Sərxanlı, Qarxun və digər
kəndlərin gəncləri də təhsil almışdır. I Dünya
müharibəsi illərində, xüsusən 1914-1917-ci illərdə
məktəbdə şagirdlərin sayı artmış, ümumiyyətlə, 1918-ci
ilə kimi məktəbin məzunlarının sayı 200-dən çox olmuşdur.
Az sonra, 1918-1920-ci illərdə erməni qəsbkarlarının bu
bölgəyə davamlı hücumları nətisəcində Şərur qəzasının, o
cümlədən Cəlilkənd sakinlərinin müəyyən hissəsi öz
yurdlarından köçmüşdür. Buna görə də məktəbdə tədris
posesində fasilələr yaranmış və məktəbin fəaliyyəti bir
müddət dayandırılmışdır. Həmin dövrün arxiv
sənədlərindən aydın olur ki, digər kənd məktəbləri kimi
Cəlilkənd məktəbi də 1920-ci ilin sonlarında açılaraq
yenidən fəaliyyətə başlayır və həmin ildən başlayaraq bu
məktəb yeddisinifli natamam orta təhsil ocağına çevrilir.
Bu sənədlərdə göstərilir ki, 1921-1922-ci illərdə
Cəlilkənddə iki məktəb: oğlan və qız məktəbi
yaradılmışdır. Naxçıvan MSSR Xalq Komissarlığının 18
avqust 1926-cı il tarixli əmrinə əsasən oğlan məktəbi
ilə qız məktəbi birləşdirilib nümunə məktəbi
adlandırılmışdır. Sonralar-1934-1935-ci tədris ilində
Cəlilkənd məktəbi natamam orta məktəbə, 1944-1945-ci
illərdə orta məktəbə çevrilmişdir. Alman faşistləri ilə
müharibə dövründə də Cəlilkənd məktəbi öz fəaliyyətini
davam etdirmiş, məktəbin müəllimləri orduya hərtərəfli
kömək göstərmişdir. Böyük Vətən müharibəsi illərində
məktəblərin əksəriyyətində kolxozlarda işləyərək
kolxozçulara kömək etmək məqsədilə şagird briqadaları
yaradılmışdır. Müəllim Yusif Həsənovun rəhbərliyi ilə 25
şagirddən ibarət Cəlilkənd natamam orta məktəbində də
belə briqada yaradılmışdır. Bir fakt fərəh və qürurla
deyilməlidir ki, fəaliyyət göstərdiyi illərdə Cəlilkənd
məktəbini 12 şagird qızıl, 4 şagird gümüş, 2 şagird isə
fərqlənmə attestatı ilə bitirmişdir. İndi bu məktəbin
məzunlarının xoş sorağı müxtəlif yerlərdən gəlir. AMEA
həqiqi üzvü, mərhum Asəf Nadirovun, Özbəkistan Elmlər
Akademiyasının müxbir üzvü H.Bağırovun və onlarla
başqalarının adlarını fəxr və iftixarla çəkmək olar.
Cəlilkənd məktəbi özünün idman ənənələri ilə də
respublikada taınınmış məktəblərdən biri olub. Vaxtilə
ad-san qazanmış kənd idmançılarımızın sayı çox idi.
Yaxşı xatırlayıram ki, ötən əsrin 70-80-ci illərində
məktəbdə kütləvi şəkildə idman yarışları, futbol,
voleybol oyunları keçirılirdi. Və həmişə də bu məktəbin
komandası əksər idman növlərində mükafata layiq yerlər
tuturdı. Hətta məktəbin voleybol komandası
fizika-riyaziyyat müəllimi Ziyad müəllimin rəhbərliyilə
respublikada keçirilən final mərhələsində dəfələrlə
yüksək nəticələr göstərmişdir. Sərbəst güləş üzrə
keçirilən idman yarışları, stolüstü idman oyunları da (şahmat,
dama və s.) xüsusi maraq kəsb edirdi. Bu məktəbdə təşkil
edilən bilik yarışmaları, məktəblərarası fənn
olimpiadaları, müxtəlif xarakterli intelektual oyunlar
orta və yaşlı nəslin yaxşı yadındadır. Qeyd edək ki,
1983-cü ildə Cəlilkənd orta məktəbi üçün yeni bina
tikilsə də, bu bina müasir tələblərə cavab vermirdi.
Buna görə də Cəlilkənddə tikintisinə 2006-cı ilin mart
ayında başlanmış ikimərtəbəli 342 şagird yerlik müasir
tələblərə uyğun olan məktəb binası tezliklə müəllim və
şagirdlərin ixtiyarına verildi. Muxtar Respublikanın hər
yerində olduğu kimi, Cəlilkənddə də təhsil
infrastrukturunun yenilənməsi uğurla həyata keçirilir.
2014-cü ildən başlayaraq məktəb binası müasir tələblərə
uyğun yenidən qurulmuşdur. Hazırda 270 yerlik və 3
mərtəbədən ibarət olan binada tədris üçün gözəl şərait
yaradılmışdır. 2015-ci il aprelin 15-də məktəbin
müəllimləri ilə söhbət zamanı Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir:
“Cəlilkənd orta məktəbinin qədim tarixi vardır. Bu il
məktəbin 130 ili tamam olur. Fəaliyyəti dövründə məktəb
ölkəmizdə təhsilin inkişafına mühüm töhfələr vermişdir.
Cəlil Məmmədquluzadə kimi böyük mütəfəkkir vaxtilə bu
məkətəbdə dərs demiş, ilk qələm təcrübəsi olan “Çay
dəstgahı” alleqorik dramını müəllim və şağirdlərin
iştirakı ilə burada tamaşaya qoymuş, böyük maarifçilik
işi aparmışdır. Ona görə də mütəfəkkirin adını daşıyan
məktəb bu gün öz fəaliyyətinin daha da gücləndirməli,
nailiyyətlər artırılmalı, məktəbin yetirmələri gələcəkdə
ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər”.
Kənddə orta məktəb fəaliyyət göstərir. Məktəbin əsası 20
sentyabr 1885-ci ildə qoyulmuşdur. XX əsrin əvvəllərində
Cəlilkənd məktəbi beşsinifli rus-tatar məktəbinə,
1920-ci ildə yeddisinifli natamam orta tədris ocağına
çevrilmişdir. Orta məktəb kimi fəaliyyətə isə 1944-cü
ildə başlamışdır. 4 mart 1957-ci ildə Naxçıvan MSSR Ali
Soveti Rəyasət Heyətinin fərmanı ilə məktəbə Cəlil
Məmmədquluzadənin adı verilmişdir. 2006-ci ilin sentyabr
ayında bu məktəbinin 120 illik yubileyinin keçirilməsi
haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin Sərəncam vermişdir
Cəlilkənd buzxanası
Tarixdən məlum olduğu kimi, orta əsrlərdə soyuducular
olmadığı üçün Azərbaycanın müxtəlif ərazilərində
buzxanalar tikilirdi. Xüsusilə yay aylarında yeyinti
məhsullarının qorunub saxlanılmasında buzxanalar mühüm
rol oynayırdı. Həmin dövrdə Naxçıvan şəhərində,
Ordubadda və Cəlilkənd kəndində də buzxanalar tikilmişdi.
Cəlilkənd buzxanası XIX əsrə aid tikilidir. Bu
buzxanadan uzun zaman istifadə olunub. Kəndin
girəcəyindədir, onun girişi cənubdandır. Dördkünc
şəkildə inşa olunan tikili tağabənzər formada tamamlanıb.
Ölkə əhəmiyyətli memarlıq abidələri sırasındadır. Əhali
uzun zaman Cəlilkənd buzxanasından istifadə edib.
Buzxana sonralar sıradan çıxsa da, kənddə aparılan
kompleks quruculuq tədbirləri nəticəsində yenidən
qurulub. Yenidənqurmadan sonra Cəlilkənd buzxanasında
milli yeməklər hazırlanaraq təqdim olunacaqdır.
Kənd qəbiristanlığı
Cəlilkənddə el arasında “qalaça” deyilən xeyli siklop
tikililəri var. İnşa üsulu və texnikasına görə bu
“qalaçalar” e.ə. II minilliyin əvvəllərinə aid edilir.
Şərurun arxeoloji abidələrindən danışarkən AMEA-nın
müxbir üzvü V.Baxşəliyev Cəlilkənd qəbiristanlığının da
adını çəkir və onun eyniadlı kəndin yaxınlığında
Naxçıvan-Sədərək asfalt yolunun sağ tərəfində
yerləşdiyini vurğulayır. O yazır: “qəbiristanlıq ətraf
yerlərə nisbətən hündür təpənin üzərində yerləşir. Orta
əsrlərə aid olan qəbirlər başlıca olaraq qəbiristanlığın
cənub və qərb tərəflərindədir. Başdaşılarının bir qismi
torpağın aşınması nəticəsində yerə düşmüşdür.
Başdaşıları çəhrayı və boz rəngli daşlardan dördkünc
formada hazırlanmışdır. Onların mərkəzi hissəsi taxça
şəklində oyulmuş və ərəb əlifbası ilə kitabələr
yazılmışdır. Tarixlər hicri təqvimi ilə verilmişdir.
Başdaşılarında hicri 1210, 1310, 1334 və s. tarixlərə
rastlanır. Araşdırmalar göstərir ki, qəbiristanlığın
ərazisindən uzun müddət istifadə edilmişdir. Arxeoloji
və epiqrafik materiallara əsaslanaraq qəbiristanlığı
XVIII-XX əsrlərə aid etmək olar”