1883-cü ildə Hacı Nəcəf Zeynalovun evində Eynəli bəy
Sultanovun rəhbərliyi ilə mütərəqqi Naxçıvan
ziyalılarının yaratdığı “Müsəlman incəsənəti və dram
cəmiyyəti” tərəfindən ilk dəfə Mirzə Fətəli Axundovun
“Müsyö Jordan və Dərviş Məstəli şah cadukun” əsəri
tamaşaya qoyulmuşdur. Bu ilk tamaşa ilə Azərbaycan
teatrının bir qolu olan Naxçıvan teatrının əsası
qoyulmuşdur. Ardınca M.F.Axundovun “Molla İbrahimxəlil
kimyagər”, “Lənkəran xanının vəziri”, “Hacı Qara”
komediyaları, N.Vəzirovun “Müsibəti Fəxrəddin”,
Ə.Haqverdiyevin “Dağılan tifaq”, N.Nərimanovun “Nadir
şah” və s. əsərləri tamaşaya qoyulmuşdur.
1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu
verilmişdir. Teatr həm romantik, həm də realist
istiqamətdə inkişaf edirdi. Hal-hazırda teatrın
repertuarında dünya klassiklərinin əsərləri, həmçinin
musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda
istedadlı aktyor və rejissorların bir neçə nəsli
yetişmişdir.1965-ci ildə teatra Cəlil Məmmədquluzadənin
adı verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
“Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili
Dram Teatrının 125 illik yubileyi haqqında” 2008-ci il
31 yanvar tarixində Sərəncam imzalamış və teatrın 125
illik yubileyi geniş şəkildə qeyd olunmuşdur.