Türk dünyasının
fəxri olan Heydər Əliyev zəmanəmizin yetirdiyi böyük
türklərdən biri, bəlkə də birincisidir...
Heydər Əliyev hər dövrü, hər mərhələsi məktəb olan
həqiqətən qeyri-adi bir ömür yaşamış, yalnız mənsub olduğu
Azərbaycan xalqının, türk xalqlarının deyil, ümumən dünya
xalqlarının təsəvvüründə özünün mükəmməl obrazını, aydın
cizgiləri ilə seçilən möhtəşəm portretini yaratmışdır.
***
...Mövlanə
Cəlaləddin Rumi özünəqədərki panteist-sufi düşüncə
texnologiyalarını, sözün geniş mənasında, ümumbəşəri
təfəkkür mədəniyyəti səviyyəsinə qaldırdı. Onun intəhasız
idrak kontekstində buddist – insan, xristian – insan,
müsəlman – insan... (və dinsiz – insan) arif – insana
çevrildi. “Öldükdən sonra məzarımızı yerdə axtarmayın! Bizim məzarımız ariflərin qəlbindədir” deyən Mövlanə
dünyanın gələcəyini ariflərin iradəsinə etibar etdi...İnanıram ki, haçansa bizim dövrün insan psixologiyasına,
çağdaşımız insanın ürək nigarançılığına, düşüncə
çırpıntılarına bələd olmaq istəyənlər Vaqif Səmədoğlu
poeziyasına müraciət edəcəklər. Çünki bu poeziya zamanın
kardioqramasını cild-cild elmi kitablardan daha dəqiq və
dolğun əks etdirir. Vaqif dövrün ayrı-ayrı hadisələrini,
olayların təfərrüatını, ayrıntılarını yox, onların insan
şəxsiyyətində inikasını canlandırır. Dövrün nəbzini tutur,
ovqatını açır. Son nəticə etibarilə zamanın mənəvi, ruhi
mənzərəsini yaradır. Bu baxımdan Vaqif yaşadığı zamanla sıx
bağlı olan sənətkarlarımızdandır.
***
Q.Bürhanəddin də,
M.C.Həqiqi də, Ş.İ.Xətai də az və ya çox dərəcədə
XIII-XVI əsrlərdə kifayət qədər geniş yayılmış panteizm
fəlsəfəsinə istinad edirlər, lakin bu cür istinadda müəyyən
şərtilik var; panteizm burada daha çox estetik hadisədir,
hətta bir qədər də irəli gedib demək olar ki, ümumiyyətlə
estetik hadisədir, ‒ panteizm fəlsəfəsi adına ancaq onun
“formal məntiqi” qalır, kontekstual məzmun isə bilavasitə
estetik təfəkkürün məhsuludur
***
Vaqif Səmədoğlu poeziyası Allahla söhbətdir. Nədən
yazır-yazsın, şair Allahla danışır: Ömür barədə, ölüm
barədə, amansız dövran barədə, əbədi tənhalıq barədə, bu
tənhalıqdan qurtarmaq aldanışı – qadın sevgisi və bu
sevginin mümkünsüzlüyü barədə. Bütün bu söhbətlərin ana
motivi birdir – şairin ən etibarlı istinadgahı, dayağı,
sevgisi Şeirdir, poeziyanın özüdür. Şair Vaqif dünyasında
Allahdan sonra ən yüksək məfhumdur.
***
Şah İsmayıl
Xətainin Azərbaycan tarixində əsas missiyası ondan
ibarət idi ki, bu dahi şəxsiyyət ilk dəfə Azərbaycan
xalqının etnocoğrafi hüdudlarını müəyyənləşdirməklə onun
bütöv, az və ya çox dərəcədə təmərküzləşmiş bir dövlət
tərkibində yaşamasının, idarə olunmasının təcrübəsini verdi
ki, həmin tarixi təcrübə olmasaydı, sonralar nəinki müstəqil
Azərbaycan dövləti, hətta müstəqillik uğrunda milli mübarizə
idealları da olmazdı
***
Əgər Nemətullah
Kişvəri böyük Füzulidən sonra yaşamış olsaydı, dərhal
deyəcəkdik ki, Füzulinin tələbəsidir: ona görə ki,
Kişvəridəki obraz mükəmməlliyini məhz Füzuli əndazəsi ilə
ölçmək olar, başqa bir ölçü-biçi çətin ki, yaraya... Kişvəri
humanizm təbliğ edir. Orta əsrlərin məfkurə məhdudiyyətindən
kənara çıxa bilməyəndə də, elə həmin məhdudiyyətin imkan
verdiyi həcmdə humanist fikirlər söyləyir, heç bir təriqətə
boyun əymir; dünyanı öz gözləri ilə görüb, qəlbi ilə yaşayıb
dəyərləndirməyə çalışır
***
XVIII əsrdə
ədəbi-bədii təfəkkürün inkişaf məntiqini ifadə edən əsas
kontekst M.V.Vidadi – M.P.Vaqif kontekstidir;
M.V.Vidadi ilə M.P.Vaqifin poetik təfəkkürünün tipologiyası
eyni olduğuna görə onların eyni bir kontekstdə nəzərdən
keçirilməsi düzgündür, lakin o zaman düzgündür ki, bu
dialektik hadisə kimi qəbul edilsin. M.P.Vaqifin poetik
təfəkkürü M.V.Vidadinin poetik təfəkkürünün bilavasitə
davamıdır
***
Hacı Kərim Sanılı
hələ Cümhuriyyət illərində sosialist olsa da, sovet dövründə
elə bir yüksək vəzifələr daşımadı, ömrünün sonuna, yəni
1937-ci ildə “xalq düşməni” kimi güllələnənə qədər ana
dilinə, ədəbiyyata, ölkədə təhsilin, maarifin, mədəniyyətin
inkişafına vətəndaş məsuliyyəti ilə qulluq elədi...
***
Almaz İldırım
dünyaya az-az gələn o şairlərdən (və şəxsiyyətlərdən) idi
ki, düşdüyü şəraitlərdən asılı olmayaraq öz idealları
uğrunda ömrünün sonuna qədər bütün imkanları hüdudunda
ardıcıl mübarizə aparmışdı. Təbii ki, onun imkanları hər
mənada son dərəcə məhdud idi, ancaq ideallarının miqyası
təsəvvür olunmayacaq qədər geniş idi ki, bunu həm həyatı,
həm də ruhunun tərcümanı olan poetik yaradıcılığı bilavasitə
nümayiş etdirir
***
Millətin öz tarixini
dərindən bilməsi, onunla fəxr etməsi milli özünüdərk
baxımından nə qədər mühümdürsə, həmin tarixə
analitik-tənqidi münasibət bəsləməsi də o qədər
əhəmiyyətlidir. Mirzə Ələkbər Sabirin ilk dəfə “Molla
Nəsrəddin” məcmuəsinin 26 avqust 1907-ci il tarixində, 32-ci
nömrəsində imzasız çap olunmuş məşhur “Fəxriyyə” şeiri
Azərbaycan xalqının, ümumən türk xalqlarının tarixinə bu
cür analitik-tənqidi (və ayıq fəlsəfi) münasibətin, sözün
əsl mənasında, tarixi nümunəsidir!
***
F.Köçərlinin
yaratdığı “Tarix” nə qədər tarixi idisə, bir o qədər də müasir idi; mütəfəkkir ədəbiyyatşünas Azərbaycan ədəbiyyatı tarixinin yalnız geniş icmalını, xronologiyasını verməklə
kifayətlənməyib onun metodologiyasını, fəlsəfəsini
müəyyənləşdirdi ki, bu da xüsusilə XX əsrin 30-cu
illərindən başlayaraq yeni ədəbiyyat tarixçiləri nəslinin
formalaşmasına təkan verdi.
***
Hər bir xalqın
romantik ictimai-siyasi fikir tarixinin zirvəsi milli
ideologiyanın formalaşmasıdırsa, hər bir xalqın ən böyük
mütəfəkkiri (və romantiki!) də həmin ideologiyanı
formalaşdırandır!.. Azərbaycanda bu möhtəşəm milli-mənəvi,
intelektual-idrakı missiya Əli bəy Hüseynzadənin
üzərinə düşdüyünə görə onu xalqımızın indiyə qədər yetirmiş
olduğu mütəfəkkirlərin (və romantiklərin) ən böyüyü saymaq
üçün hər cür əsas vardır...
***
S.Vurğun
müasir poetik ifadə mədəniyyətini XVII-XVIII əsrlərin intibah mədəniyyətinə (birinci növbədə Vaqifə) istinadən
yaradır; S.Vurğunun Vaqifə marağı bir şairin bir şairə
marağı yox, milli mədəniyyətin bir dövrünün başqa dövrünə
marağı idi...
***
Məclisin sonunda
Mir Cəlal müəllim böyük səmimiyyətlə hamıya təşəkkür
elədi. Sonra isə heç vaxt unutmayacağım bir söz dedi. Dedi
ki, mən səhərdən bu təntənəni görürəm, ürəyim açılır. Amma
təəssüflə düşünürəm ki, bu cür təntənəli yubileyləri 20-ci,
30-cu, 40-cı illərdə bizim çox böyük ədiblərimiz
görmədilər... Və Mir Cəlalın səmimiyyətlə söylənmiş bu
sözlərindən sonra zala qəmgin bir sükut çökdü. Öz
tərcümeyi-halını, artıq qeyd edildiyi kimi, özündən əvvəlki
ədiblərin tərcümeyi-halından heç zaman ayırmamış bir
mütəfəkkirin, ziyalının sözləri idi bu sözlər... Dəyişməz
ideya-mənəvi mövqeyi idi ki, ən xoş, təntənəli günündə də
onu tərk etməmişdi.
***
Bəxtiyar
Vahabzadənin ən mükəmməl portretini xalq yaratmışdır,
biz bu böyük şəxsiyyət haqqında yazarkən belə bir həqiqəti
nəzərə aldıq ki, B.Vahabzadəni formalaşdıran millətin
ictimai intuisiyası onun kim olduğunu, dünyaya hansı missiya
ilə gəldiyini, istənilən subyektiv təhlildən müqayisə
edilməyəcək qədər düzgün müəyyənləşdirir. Bununla belə,
Bəxtiyar Vahabzadə özünün böyük mübarizəsi, milli
mücadilələri, sənəti, elmi, düşüncəsi, emosiyası… ilə
insandır, daxili dünyası olan şəxsiyyətdir…Yaradılışın
keçmişi, bu günü və gələcəyi barədə düşünən, öz xalqının
tarixi taleyindən narahat olan bir filosofun, mütəfəkkirin
dünyası!.. Millətini ürəkdən sevən, onun yolunda hər cür
mübarizəyə, vuruşa, ölümə hazır olan bir ictimai xadimin,
sözün geniş mənasında, millət vəkilinin dünyası!.. Və
nəhayət, zəngin daxili aləmi, mənəviyyatı, “Həyatı həyat
kimi yaşamaq” eşqi, ehtirası, kişiliyi ilə narahat bir
İnsanın dünyası!.. Bəxtiyar dünyası!.. Bir İnsana sığışmış
Azərbaycan dünyası!
***
Keçən əsrin 80-ci
illərinin ortalarından mən ədəbi mühitdə idim, bu mühitin
“mətbəxi”ndən artıq yaxşı xəbərim vardı. Əzizə Cəfərzadə
həm “klassik” idi, həm yazırdı, həm də ictimai xadim kimi
fəaliyyət göstərir, qadın ziyalılığına, əgər belə demək
mümkünsə, rəhbərlik, respublikaya ağbirçəklik edirdi.
90-cı illərin ortalarında yaradıcılıq tərcümeyi-halı o qədər
zəngin idi ki, onunla istər qadın olsun, istərsə də kişi,
İsmayıl Şıxlı demişkən, hələ-həlbət rəqabət apara bilməzdi.
***
Filosof, ictimai
xadim Aslan Aslanovun sayca o qədər də çox olmayan
şeir kitablarından biri “Nəğməli günlərim” adlanır ki,
fikrimizcə, bu ifadəyə müəllifin yalnız poeziyasını deyil,
ümumən yaradıcılığını, hətta şəxsiyyətini anlamaq üçün
istinad etmək olar. Xüsusilə o mənada ki, Aslan müəllimin
fəaliyyəti çoxşaxəli olsa da, xalqın yaddaşında onun daha
çox nəğməli poeziyası qalmışdır.
***
Məsud Əlioğlunun
yaradıcılığında üç əsas istiqamət elmi-metodoloji aktuallığı
(və enerjisi) ilə seçilir ki, onlardan birincisi xalq
yaradıcılığı, ikincisi klassik, üçüncüsü isə müasir
ədəbiyyatdır. İlk tədqiqatlarından başlayaraq maraq dairəsi
çox geniş olan tənqidçi-ədəbiyyatşünas ədəbi növ, janr
məhdudiyyəti bilməmiş, həm poeziyadan, həm nəsrdən, həm də
dramaturgiyadan eyni peşəkarlıqla yazmaq təcrübəsinə
yiyələnmiş, çox zaman mənbəyini paradokslardan alan yeni
ideya-estetik çağırışlarla zəngin dövrün qabaqcıl təhlil (və
ümumiləşdirmə) texnologiyalarını dərindən mənimsəyib böyük
istedadla (və ustalıqla) tətbiq etmişdir ki, bu, gənc
ədəbiyyatşünasın analitik-fəlsəfi təfəkkürə malik olmasından
irəli gəlir.
***
Heç şübhəsiz,
professor Camal Əhmədov, ilk növbədə, görkəmli
ədəbiyyat tədrisi metodisti idi və onun bu sahədəki əsərləri
Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin tarixində
əbədi, heç vaxt pozulmayacaq izlər qoymuşdur
***
Akademik Teymur
Bünyadov işin yüngülünü yox, ağırını seçir, yolun asanı
ilə yox, çətini ilə gedir. Və məlumdur ki, o, “kənar”dan
sitat gətirməyə maraq göstərməyən, istinadı tarixşünaslıqda yox, tarixin özündə axtaran tədqiqatçılardandır... Halbuki,
sovet dövrü əksər klassik tarixçilərimiz kimi o da “Moskva
məktəbi” keçmiş, görkəmli qafqazşünas Y.Krupnovun tələbəsi
olmuşdur. Ancaq, görünür, onun çox gənc yaşlarında dərs
aldığı “genetik müəllimlər”i daha güclü idi.
***
Anarın bir
missiyası yeni ədəbiyyat yaratmaqdırsa, ondan az
əhəmiyyətli olmayan digər missiyası mənsub olduğu xalqın
ədəbiyyatını yeni təfəkkür mövqeyindən təhlil, təqdim və
təbliğ etməkdir. “Dədə Qorqud”dan başlamış Səməd Vurğuna
qədər elə bir Azərbaycan ədəbiyyatı klassiki yoxdur ki, Anar
onun haqqında öz mötəbər sözünü deməmiş olsun...
Anarın çoxşaxəli yaradıcılığı (və bu yaradıcılığın ən
mükəmməl əsəri olan bütöv Şəxsiyyəti!) elə bir milli mənəvi
sərvətdir ki, heç zaman tükənməyəcək, həmişə xalqın mədəni
yüksəlişinə xidmət edəcək... Bir epos müasirliyi (və
enerjisi!) ilə!..
***
Akademik İsa
Həbibbəylinin hər yazısını oxuyanda, hər çıxışına qulaq
asanda bütün dərinliyilə dərk edirəm ki, o, yalnız
ədəbiyyatın “dış strukturu”ndan – sosiologiyasından,
mətnşünaslığından, ideologiyasından yox, həm də “iç
strukturu”ndan – ruhundan, törəmə metodologiyasından,
təzahür (və cərəyanlaşma) texnologiyalarından gəlir. Və necə
yazırsa o cür də danışır, necə danışırsa o cür də yazır...
***
İsa Hüseynov!
Muğanna!..
Siz dünyanın ən böyük yazıçılarından birisiniz!..
Siz Azərbaycanın ən böyük yazıçısısınız!..
Mən Sizin yazdığınız hər bir cümlənin heyranıyam, çünki
Sizin yazdığınız hər bir cümlə Azərbaycan dilinə tarixi
nüfuz (və hörmət!) gətirir. Sizin bədii-intellektual
təfəkkürünüzün miqyası elədir ki, bu dünyada mövcud olmuş (və
olan!) istənilən xalqın yazıçısının bədii intellekti ilə
müqayisə oluna, həmin müqayisədə ən qeyri-obyektiv hakimin
münsifliyi ilə qalib gələ bilər...
***
Musa Yaqub
deyəndə mənim təsəvvürümə, hər şeydən əvvəl, vüqarlı bir dağ
gəlir, daş-qayası, çayı, bulağı, ağacı, kol-kosu,
baharı-qışı ilə... Sonra isə gözlərim qarşısında hüdudsuz,
dərin bir ümman canlanır, daxilindəki təlatümü boğub
saxlamağa, biruzə verməməyə çalışan, ancaq bunu sona qədər
bacarmayıb hərdən təlatümə gələn bir ümman... Və Musa
Yaqubun poeziyası dönmədən təlqin edir ki, təbiət qanunları
ilə cəmiyyət qanunlarının tamamilə fərqli olması barədə
müasir elmin iddiaları kökündən yanlışdır. Həyatın, varlığın
elə qatları, “süxurları” var ki, orda iki yox, həm təbiətə,
həm də cəmiyyətə eyni dərəcədə aid olan bir qanun işləyir...
Ədəbiyyatın, xüsusilə poeziyanın əbədi missiyası Musa Yaqub
kimi mütəfəkkir şairlərin timsalında məhz həmin qanunu, daha
doğrusu, qanunauyğunluğu aşkarlamaqdan ibarətdir.
***
Azər Paşa Nemətin
peşəkarlığının miqyasına ən azı bunlar daxildir: teatr
rejissorluğu, rəssamlığı və musiqiçiliyi, ölkədə teatr
quruculuğu, teatr işi ilə bağlı təşkilati və elmi-pedaqoji
fəaliyət... Və bu sahələrin hər birində böyük uğurlara imza
atmış görkəmli sənətkarın həmin uğurlarının əsasında, heç
şübhə etmirəm, məhz dərin səmimiyyət dayanır ki, fikrimcə,
bu səmimiyyətin də məz-mun-mündərəcəsini dolğunlaşdıran, ona
mükəmməllik gətirən bir dəyər də var: Azər Paşa Nemət, sözün
dərin mənasında, ictimai xadimdir.
***
Elçin Hüseynbəyli
“Yenə iki od arasında” romanı ilə sübut etdi ki, o, doğrudan
da, böyük bir ustadın şagirdidir... Və yeni “Qarabağnamə”
yazmağa da həm mənəvi, həm də intellektual haqqı var...
***
İslam Sadığın
poeziyası, bütövlükdə yaradıcılığı, nə qədər istedadlı olsa
da, bir şəxsin (müəllifin) üslubu hüdudundan kənara çıxıb,
əgər belə demək mümkünsə, bir etnosun üslubu miqyasını alır.
Əvvəl “Koroğlu”nu, sonra isə Şumer-türk eposunu araşdırmağa
elmi-kulturoloji marağı, türk dünyasına yüzillər boyu qənim
kəsilmiş erməni “millətçilər”inə verdiyi tutarlı cavabları
da, prinsip (ruh!) etibarilə, buradan irəli gəlir...
Və epos intəhasızlığından zühur etmək, sakini olduğu müasir
dünyanın mənzərəsini də həmin intəhasızlığın metafizikası
ilə dərk eləmək İslamın poeziyası üçün, elə bilirəm ki, əsas
istinad nöqtəsidir. Ona görə də İslam şeirdə “köhnə” sözün
yeni ustası kimi çıxış edir.
***
Xalq öz gələcəyi
üçün təhlükə hiss edəndə təbii-tarixi bir qüvvə ilə öz
keçmişinə çökür, keçmişi ilə bugünü arasındakı ən zəif
duyulan əlaqələri belə canlandırır və bir qayda olaraq
bugünündə o keyfiyyətə qarşı həssas olur ki, həmin keyfiyyət
ona bilavasitə genezisindən gəlir. Azərbaycan xalqı özünün
ən narahat günlərində üzünü xalq yazıçısı İsmayıl Şıxlıya,
onun şəxsiyyətinə və yaradıcılığına çevirir, çünki
İsmayıl Şıxlının şəxsiyyət və yaradıcılığı, həqiqətən,
xalqın keçmişini, keçmişilə bugünkü əlaqəsini sistemli
şəkildə əks etdirir.
...İsmayıl Şıxlının əsərləri öz yerində, onun böyük
şəxsiyyəti də milli sərvətimizdir və istərdim ki,
müşahidələrim dairəsində həmin şəxsiyyəti xarakterizə edim.
Hər şeydən əvvəl, onun etnoqrafik zənginliyindən danışmaq
lazımdır – İsmayıl Şıxlı elə bir torpaqda dünyaya gəlib ki,
orada həm məişətdə, həm əxlaqda, həm də ictimai
münasibətlərdə qəribə bir epos təbiiliyi, təmizliyi var.
Etnoqrafik zənginlik (və müəyyənlik) İsmayıl Şıxlının
şəxsiyyəti üçün elə bir kontekstdir ki, sonradan nə
qazanıbsa, nələri mənimsəməyə “məcbur edilibsə”, hamısı bu
kontekstdə meydana çıxıb, ondan cilalanıb və onu
cilalamışdır.
***
Nəriman Həsənzadə
haqqında danışmaq ümumən müasir Azərbaycan poeziyası
barəsində danışmaq deməkdir, ‒ əsrimizin ikinci yarısının
sosial-estetik problemlərini yaradıcılığında bütün miqyası
ilə əks etdirən Nəriman Həsənzadə böyük Səməd Vurğundan
sonrakı dövrün, elə bilirəm ki, ən gözəl şairidir; şeirində
də, nəsrində də, dramaturgiyasında da, hətta
publisistikasında da o məhz şairdir. Onun təfəkkürü öz
xarakteri, tipologiyası etibarilə şair təfəkkürüdür. Şairlik
Nəriman Həsənzadə üçün heç zaman çörək pulu qazanmaq, sözün
dar mənasında şöhrətlənmək və bu şöhrətin hesabına millətə
yük olmaq vasitəsi olmamışdır. 50-ci illərin əvvəllərindən
bugünə qədər onun poeziyası eyni səmimiyyətlə, eyni
mətləblərin “təfsir”inə xidmət edir. Şairlik N.Həsənzadə-nin
stixiyasıdır – o, təkcə şeirində, nəsrində,
dramaturgiyasında, publisistikasında deyil, adi məişətində
də şairdir, yazanda da, yazmayanda da şairdir...
Yuxarıda qeyd etdiyim kimi, şairlik – özünəməxsus bir
diplomatiyadır və bu mənada Nəriman Həsənzadə
Azərbaycanının ən səmimi diplomatıdır...
***
Yaşar müəllim!
(Yaşar Qarayev) Sizin kitabınızda idrakın universallığı
xüsusi maraq doğurur – fakt və kontekst, mikrokontekst və makrokontekst münasibəti kitab boyu aydın məntiqlə açılır,
analoji məqamlar müqayisə olunur; orası da maraqlıdır ki,
idrakın universallığı kitabda (və ümumən Sizin tənqidçi
təfəkkürü-nüzdə) bəzən real həqiqətlə metaforik həqiqəti bir
kontekstə yerləşdirir: göstərirsiniz ki, yeni mənəvi
ab-havanın “oksigen və ozon ehtiyatını təbiət və poeziya,
bənövşə və şeir, Xəzər küləyi və şair nəfəsi – hər ikisi
eyni vaxtda, müştərək yaradırlar”. Və əslində, bu cür
müştərəklik təhlilin əsasında götürülmədən müasir
mədəni-tarixi prosesi düzgün dərk etmək (və
istiqamətləndirmək!) mümkün deyil: bizim ən böyük vəzifəmiz,
görünür, qırılmış əlaqələri bərpa etməkdən ibarətdir –
buraya milli tarixlə bu günün, milli ədəbiyyatla milli
varlığın əlaqəsi birinci növbədə daxildir.
***
Gülhüseyn
Hüseynoğlu görkəmli yazıçı, alim, müəllimdir. O,
Azərbaycan ədəbiyyatı üçün, demək olar ki, tamamilə yeni bir
janrın – mənsur şeirin yaradıcısıdır. Və yarım əsrdən
artıqdır ki, bu sahədə yorulmadan çalışır. Yalnız belə bir
faktı xatırlamaq kifayətdir ki, Azərbaycanda mənsur şeirin
poetikasını araşdıranlar hələ də ancaq Gülhüseyn
Hüseynoğlunun yaradıcılığı ilə kifayət-lənməli olurlar.
Lakin bu, həmin araşdırmalara məhdudluq gətirmir, çünki
görkəmli yazıçının mənsur şeirləri həm məzmun, həm də
formaca zəngin olub Azərbaycan insanının (ümumən xalqının)
mənəviyyatını, əhvali-ruhiyyəsini kifayət qədər dolğun əks
etdirir.
***
Akademik Həmid
Araslı Azərbaycan elminin, mədəniyyətinin tarixində elə
görkəmli şəxsiyyətlərdəndir ki, onun adı Səməd Vurğun,
Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Heydər Hüseynov,
Mirzə İbrahimov, Ziya Bünyadov... kimi simaların adları ilə
yanaşı dayanır. Azərbaycan ədəbiyyatı tarixçiliyinin
yaradıcılarından biri, bəlkə də, birincisi olan böyük
alimin, ustadın təxminən yarım əsrlik bir dövrü əhatə edən
zəngin (və mükəmməl!) elmi irsi bizim mənəvi sərvətlərimiz,
milli fəxr mənbəyimizdir. Vəfatından iyirmi beş il keçməyinə
baxmayaraq, bugün Həmid Araslıya istinad etmədən, onun
xidmətlərini xatırlamadan “Kitabi-Dədə Qorqud”dan, Nizamidən,
Nəsimidən, Xətaidən, Füzulidən, aşıq yaradıcılığından,
Vaqifdən... ümumiyyətlə, Azərbaycan ədəbiyyatı tarixindən
danışmaq olmaz.
***
Hörmətli Vaqif
müəllim! (Vaqif Səmədoğlu)
Sizin yetmiş yaşınızın tamam olduğu günlərdə yalnız Sizi
deyil, mənsub olduğunuz ideya-mədəni mühiti (və xalqı!)
təbrik etməyə daxili bir ehtiyac duydum... Sizin
böyüklüyünüz ondadır ki, yaradıcılıqda dahi Səməd Vurğunun
övladı olmaqla qalmadınız, eyni zamanda (bəlkə də, daha çox!)
Səməd Vurğunu yetirmiş etnokulturoloji sistemin övladı kimi
ondan sadəcə zamanca (kə-miyyətcə!) yox, keyfiyyətcə də
çox-çox irəli gedib Azərbaycan ədəbiyyatı, ümumən
mədəni-ictimai fikir tarixinə öz adınızı yazdınız.
Siz Azərbaycan yazıçısının deyə biləcəyi ən ciddi, ən ağrılı
və ən cəsarətli sözləri dediniz. Və eyni zamanda Azərbaycan
yazıçısının edə bilməyəcəyi ən ciddi, ən ağrılı və ən
cəsarətli zarafatları elədiniz... Və bu zarafatları edə-edə
kiməsə gülmək, kiməsə güldürmək marağından çox-çox uzaq
oldunuz, bütöv bir xalqın həyatı qədər zəngin olan daxili
həyatınızın coğrafiyasını mütavaze bir səxavətlə ortaya
qoyub “mən burdayam...” dediniz.
***
Hidayətin
poeziyasında olduğu kimi, nəsrində də, dramaturgiyasında da,
publisistikasında da “güclü” ziyalı-vətəndaş mövqeyi ilə
yanaşı dörd aparıcı obraz – ideya var: Məkan! Zaman! Tale!
Və Həqiqət!..
***
Ancaq heç kim
düşünməsin ki, Barat Vüsalı doğma yurdda saxlayan
istedad, yaxud dünyagörüşü etibarilə böyük sələflərindən
geridə qalmasıdır... Qətiyyən belə deyil... Sənin
yaradıcılığını “Şairlər vətəni”ni tərk edib Bakıda
məskunlaşan hər hansı şairin yaradıcılığı ilə müqayisə etsək,
geri qalmazsan. Və sən yalnız doğma yurda etibarlılığınla
yox, Azərbaycan poeziyasının geniş miqyasında görünməyinlə
də seçilirsən.
***
Onun yaradıcılığında
həm özünəməxsusluq var, həm də bu özünəməxsusluqda bir
xarakter var. Əbülfət özünəməxsusluğu tipologiyası olan,
xarakteri olan özünəməxsusluqdur. Mən onun şeirlərini
oxuyanda elə bil ki, çox sevilən xanəndələrimiz Mənsum
İbrahimovun, Səxavət Məmmədovun, İslam Rzayevin, Süleyman
Abdullayevin səslərini eşidirəm. Bu səslərin intonasiyasını,
ritmini, məzmununu, o səslərin lap içindən gələn kədərin
özünü dinləyirəm. Hətta kifayət qədər nikbin nəğmələr
oxuyanda belə, o səslərin ən dərin qatlarından bir kədər
duyulur. Bax, Əbülfət Mədətoğlunun da şeirləri
belədir.
***
Nüsrət Kəsəmənli
dünyadan, çox təəssüf ki, tez getdi, bununla belə onun
adamın iliyinə işləyən, həyatın özü qədər təbii lirikası o
qədər canlıdır ki, müəllifin fiziki yoxluğuna bugünə qədər
inanmaq çətindir.
***
Sabir Rüstəmxanlı
elə gəncliyindən gələn xarakteri ilə nə qədər ictimai-siyasi,
ideoloji polemikalara qoşulsa da, bu sahədə nə qədər parlaq
görünsə də, özünəməxsus böyük şair obrazını yarada bildi...
Və bu obraz onun yaradıcı şəxsiyyətinin, genişmiqyaslı
fəaliyyətinin, elə bilirəm ki, mərkəzində dayanır.
***
Çingiz Əlioğlunun
şair ilhamı barədə bunu demək olmaz; o, çox zaman tamamilə
mücərrəd, qeyri-müəyyən fakturadan – heç nədən şeir yarada
bilər (və bilir)!.. O, bilmədiyi bir əcnəbi dildən beş-on
söz öyrənib həmin sözlərdən gözəl bir sənət əsəri dünyaya
gətirməyi bacarar (və bacarır)!.. Çingiz Əlioğlunun
şeirlərində söz-leksikon o qədər güclü, enerjilidir ki,
qrammatikanı bütünlüklə sıxışdırır, ikinci, hətta üçüncü
plana keçirir. O, bunu edə bilər (və edir)!..
Çingiz Əlioğlu Azərbaycanın çox az olan o şairlərindəndir ki,
onun şeirlərini həvəskar tərcüməçi belə dünyanın hər hansı
dilinə kifayət qədər uğurla çevirə bilər. Hətta elə şeirləri
də var ki, istənilən xalqın nümayəndəsi qarşısına lüğət
qoyub həmin şeirin məzmununu, emosiyasını bütünlüklə dərk
edə bilər... Bu mənada Çingiz Əlioğlu Azərbaycan şeir
texnologiyasına universal düşüncə tipologiyası, ümumən insan
dilinin metafizikasını gətirmiş şairdir.
***
Yunus Oğuz
artıq bizim milli-ədəbi ictimai mühitdə ciddi bir tarixçi
kimi tanınır. Ümumiyyətlə, türk tarixini lap qədim
dövrlərdən bəri diqqətlə öyrənmiş, araşdırmış bir
tədqiqatçıdır. Həm də üstün cəhəti ondan ibarətdir ki,
tarixi məsələlərə yeni metodlar, yeni üsullarla yanaşır.
Yeni mənbələrlə işləməyin formalarını tapır, indiyə qədər
türkşünaslıqda, türkologiyada tədqiqata cəlb olunmamış
mənbələri tədqiqata cəlb edir. Hətta tədqiqata cəlb olunmuş
mənbələrdə elə məqamlara müraciət edə bilir ki, həmin
məqamlar indiyə qədər bizim tarix təfəkkürümüzdən kənarda
qalıb.
***
Hörmətli Vidadi
müəllim! (Vidadi Babanlı)
Əlbəttə, mən Sizin zəngin yaradıcılığınızı kiçik bir təbrik
məktubunda müfəssəl təhlil etmək, hər bir şeirinizin,
hekayənizin, povestinizin, yaxud böyük ədəbi-ictimai
rezonans doğurmuş romanlarınızın ideya-estetik məziyyətləri
barədə geniş danışmaq iqtidarında deyiləm. Haqqınızda çox
deyilmiş, çox yazılmışdır. Və əsası da odur ki, oxucular,
ədəbiyyat biliciləri Sizi Azərbaycan nəsrinin canlı klassiki
kimi tanıyırlar.
***
...Hər şeydən əvvəl
ona görə ki, Zakir Fəxri, əgər təbiri caizsə, sözün
geniş mənasında modern şairdir, həyatı hər cür
keşməkeşlərdən keçib, daim ədəbi prosesin içərisində olub,
dünyanın isti-soyuğunu görüb, acısını-şirinini dadıb...
İkincisi, Azərbaycan poeziyasının, demək olar ki, hər bir
janrında qələmini (və ürəyini!) sınamış təvazökar bir
poetexnoloq olmaqla bərabər özündən kənara çıxıb bütövlükdə
Azərbaycan poeziyasını “öz yaradıcılığı” qədər mənimsəyib...
Üçüncüsü, dünya poeziyasını eninə-uzununa (və duya-duya) ana
dilinə çevirib...
***
Sadıq Elcanlının
yaradıcılığı, hər şeydən əvvəl, həqiqətən mükəmməl bir
yaradıcılıqdır. Yəni 80-ci illərdən başlayaraq 90-cı illərdə,
sonrakı illərdə onu kamil bir sənətkar kimi görürük. Sözlə
mükəmməl bir qaydada işləyən, özünün böyük idealları olan və
ədəbiyyatda bütün parlaqlığıyla görünən... qələm adamı kimi...
***
Adil Cəmil
ədəbiyyata keçən əsrin 70-ci illərində heç bir süni hay-küy
qoparmadan, özünü modernist və ya novatorçu göstərmək üçün
müxtəlif “izm”lərə qoşulmadan, bununla belə poetik
istedadının təbiiliyinə, halallığına heç kəsdə şübhə yeri
qoymadan gəldi. Və elə ilk qələm təcrübələrindən görünürdü
ki, Adil ürəyindəki odu, alovu (və işığı!) öz taleyindən,
doğulduğu mənəvi dünyanın tərcümeyi-halından alıb... Xalq
poeziyası, epos təfəkkürü, türk dastançılıq ənənələri həmin
poeziyanın, təfəkkürün və ənənələrin beşiklərindən biri olan
Kəlbəcərdə doğulmuş kənd uşağı hansı mövzuda yazırdısa
yazsın özünü sıxmır, hisslərini cilovlamır, könlünü bütün
genişliyi, miqyası ilə açır, nə deyirdisə, sinə dolusu,
mütavaze bir cəsarətlə, mərd-mərdanə, heç bir tərəddüdsüz,
inamla deyirdi.
***
Yusif Nəğməkarın
poeziyası neçə on illərdir ki, həm oxucuların zövqünü
oxşayır, cəmiyyətə humanizm, milli-mənəvi dəyərlər,
vətənpərvərlik təbliğ edir, həm də ədəbi-ictimai mühitdə
böyük rəğbətlə qarşılanır... Onun yaradıcılığını hələ
gənclik illərindən başlayaraq əgər Mirzə İbrahimov, Rəsul
Rza, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Teymur Bünyadov,
Anar, Elçin, Ramiz Rövşən, Nizaməddin Şəmsizadə, Nizami
Cəfərov, Əsəd Cahangir... kimi müxtəlif nəsillərdən olan
ədəbiyyat adamları təqdir etmişlərsə, deməli Yusif Nəğməkar
öz dərin məzmunlu insanpərvər, vətənpərvər nəğmələrini hələ
uzun illər istedadla, inamla, eşqlə oxuya bilər...
***
O şair ki, Böyük
tarixdən gəlmir, məxsus olduğu millətin özünəqədərki şeir
yaradıcılığı ənənəsini ən azından stixiyalı şəkildə özündə
ehtiva edib gəlmir, onun apardığı eksperimentlər də havadan
asılı qalacaq, bir növ köksüz, əsassız təsiri bağışlayacaq.
Amma o şair ki, müasirliyə, modernliyə müasir dünyanın və
müasir insanın mənəvi-ruhi tələblərinə məhz tarixdən gələn o
zəngin potensialla müraciət edir, onda əlbəttə, böyük
ədəbiyyat, böyük poeziya yaranır. Və mən Dəyanət
Osmanlının yaradıcılığını bu böyük poeziyanın nümunəsi
hesab edirəm.
***
...Rəşad Məcid,
İsa Həbibbəylinin dəqiq ifadəsilə desək, “müstəqillik dövrü
Azərbaycan ziyalılığının fəal vətəndaşlıq mövqeyi, aydın
milli düşüncəsi, açıq və yetkin təfəkkürü” olan
nümayəndəsidir. Və bu, o deməkdir ki, Rəşad Məcidin şəxsində
(timsalında!) təzahür edən çoxmiqyaslı (və çoxsahəli)
istedad, yaradıcılıq enerjisi yalnız bir nəfərə məxsus,
fərdi, subyektiv (və “qapalı”, mücərrəd) bir hadisə deyil,
bütövlükdə, bütün ictimai mütəvazeliyi ilə mənsub olduğu
xalqa, cəmiyyətə məxsusdur... Mən Rəşadın “bütün yönlərilə
yaradıcı” olmağının səbəbini, mənbəyini (metafizikasını!),
təkrar-təkrar deyə bilərəm ki, Tanrının ona səxavətlə
bağışladığı dünya qədər geniş ürəyində görürəm!...
***
Elçinin (Elçin
İskəndərzadə) şeiri adamın ürəyini, hissini əzmir, sıxmır,
emosiyanı təlatümə gətirmir, ürəyə, hissə olduqca sakit,
rəvan, harmonik bir axınla dolur. Qarabağ şikəstəsi kimi!...
Elçin bu günkü poeziyamızın Qarabağ şikəstəsidir. Emosiyası
nə qədər güclü olsa da, yalnız emosiyadan ibarət deyil,
Elçin hisslərin filosofudur.