Çox məmnunam ki,
mənim təşəbbüsümlə Azərbaycanda Atatürk Mərkəzi artıq
fəaliyyət göstərir... Mən çox böyük bir professoru həmin
mərkəzə başqan təyin etdim. O, bizim parla-mentin millət
vəkilidir. Onlara çox gözəl və tarixi bir bina verdim.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
Mən ümid edirəm və
əminəm ki, burada Azərbaycanda fəaliyyət göstərəcək Atatürk
Mərkəzində Atatürkün tarixi irsi öyrəniləcək və təbliğ
ediləcəkdir. Mən Atatürk Mərkəzinə uğurlar arzulayıram.
Sizin hamınızı bu tarixi hadisə münasibətilə təbrik edirəm.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Son yarım
əsrdə Azərbaycanda humanitar düşüncə sahəsində universal
zəkaya malik olan bir neçə nəfəri xüsusi fərqləndirmək
mümkündür. Əli Sultanlı, Mikayıl Rəfili, Yaşar Qarayev,
Aydın Məmmədov... Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü Nizami Cəfərov da humanitar elmlər üzrə
universal zəka nümayiş etdirən görkəmli alimlərdən biridir.
Ən maraqlı cəhət ondan ibarətdir ki, Nizami Cəfərov
elmi-ictimai fikrimizin, humanitar düşüncənin ən azı bir
neçə sahəsində tam professionaldır: Azərbaycan
dilçiliyi, türkologiya, azərbaycanşünaslıq,
ədəbiyyatşünaslıq, mədəniyyətşünaslıq, folklor və sair. Bu
mənada Nizami Cəfərov humanitar düşüncənin demək olar ki,
əksər istiqamətlərində özünü yeni elmi düşüncə və fikir
adamı kimi təsdiq etmişdir. Nizami Cəfərov dilçiliklə bir
sırada folklordan və etnoqrafiyadan, tarixdən və
mədəniyyətdən, hətta siyasətdən və fəlsəfədən də
professional səviyyədə söz açmaq, bəhs etmək imkanlarını
Azərbaycan ictimaiyyətinin gözü qarşısında dönə-dönə və böyük uğurla sınaqdan çıxarmış, nümayiş etdirmişdir. Geniş
mənada ziyalı mühitimiz Nizami Cəfərovu universal düşüncəyə
malik görkəmli alim kimi qəbul edir.
İsa Həbibbəyli,
akademik
Nizami Cəfərovun
sanballı araşdırmalarında üç cəhəti vurğulamaq istəyirəm. Elmi fəaliyyətinə dilçi kimi başlayıb və sırf
ədəbiyyatşünaslıq tədqiqatlarında, ədəbi tənqidi
yaradıcılığında dilçilikdən gələn təcrübəni sözə, dilə önəm
verilməsini qoruyub saxlayır. Əsərlərinin digər müsbət
özəlliyi Azərbaycan, Türkiyə, rus və dünya filologiyasının
çağdaş səviyyəsinə və tələblərinə yaxından bələd olması və
onlardan üzvi şəkildə bəhrələnməsidir.
Nəhayət, üçüncü bəlkə də ən vacib cəhəti Azərbaycan
ədəbiyyatına ümumtürk kontekstindən yanaşmasıdır. Əvvəlki
illərdə ədəbiyyat tariximizi müxtəlif qaynaqlarla bağlayır
və sanki onun formalaşmasında ümumtürk ədəbi sərvətini
görmür, ya görmək istəmirdilər. Son illər – bəlkə burda
mənim də azacıq xidmətim var – ədəbiyyat tariximizi ortaq
türk abidələri – Orxon yazıları, Mahmud Qaşqarlı “Divanı”,
“Qutadqu bilik”lə, min beş yüz illik Oğuz şeirilə
əlaqələndirmək, qardaş Türkiyə, cığatay ədəbiyyatlarıyla
paralel inkişaf yollarını araşdırmaq, ədəbiyyat salnaməmizi
dilimizin ən möhtəşəm abidəsilə – “Kitabi Dədəm Qorqud”la
başlamaq meyilləri artıq qanunauyğunluq kimi təsdiq olunur.
Çox şadam ki, yeni “Ədəbiyyat tarixi”mizdə də, Azərbaycan
Ensiklopediyasının yeni nəşrində ədəbiyyatımız haqqında
icmalda da bu tendensiya müəyyən dərəcədə öz əksini tapıb.
Anar,
Xalq yazıçısı
25-30 il əvvəl
universitetin 1-ci və 4-cü kurslarında – mən Nizamiyə dərs
demişəm. Eyni zamanda, onun dərsdə cavablarına qulaq asmışam,
məruzələrin dinləmişəm.
Yadıma belə bir əhvalat da gəlir. Mənim 50 yaşım olanda
“Bakı Universiteti” qəzetində Nizami bir məqalə yazıb çap
etdirmişdi. Məqalədə yazmışdı ki, mənim mühazirələrimə,
nitqimə, danışığıma qulaq asırdı və bilirdi ki, nə vaxtsa,
gələcəkdə o da belə olacaq. Amma Nizami bilmirdi ki, mən də
onun xüsusi kursda mühakimələrini, nitqini dinləyəndə onun
gələcəyini görürdüm və həm də özümün gəncliyimi onda
görürdüm.
Ağamusa Axundov,
akademik
Professor Nizami
Cəfərovun qarşısında duran ən birinci vəzifə təkcə onun
istədiyi ali məktəbdə tələbələrə yüksək elmi səviyyədə
mühazirələr oxumaqdan, onlara Azərbaycan dilçiliyinin
mahiyyətini qavramaqdan, dilçilik elminin qarşısında duran
elmi problemləri izah etməkdən ibarət olmamış, o həm də
istedadlı tələbələri dilçilik elmi üzrə elmi-tədqiqat işinə
hazırlamışdır. Professor Nizami Cəfərovun verdiyi aktual
dissertasiya mövzuları da tələbələri elmi işə sövq edir.
Nizami özü dilçilik elminin bütün istiqamətlərini dərindən
bildiyi üçün onu yüksək səviyyədə tələbələrə çatdırmaqda
davam edir.
Nizami özünün ilk elmi işinə “Azərbaycan dilində sadə
cümlənin struktur-semantik inkişafı” adlı namizədlik
dissertasiyası ilə başlamışdır (1985). O, özünün apardığı
elmi-tədqiqat işlərinə daha digər aktual mövzular da daxil
etmişdir. Alimin elmi-tədqiqat işlərinin zirvəsi onun
“XVIII əsr Azərbaycan ədəbi dili” (1991) adlı doktorluq
dissertasiyası olmuşdur.
Alimin elmi yaradıcılığı ildən-ilə təkmilləşmiş və
dərinləşmişdir. Professor Nizami Cəfərovun “Füzulidən
Vaqifə qədər” (1991), “Eposdan kitaba” (1999),
“Azərbaycanşünaslığa giriş” (2001), “Qədim türk ədəbiyyatı”
(2004) və bir çox başqa əsərləri Azərbaycan dilçiliyini
zənginləşdirmiş və onun tarixi keçmişinə elmi aydınlıq
gətirmişdir.
Professor Nizami Cəfərov orta məktəblər üçün çap olunmuş
Azərbaycan dili dərsliklərinin yazılışında və orta məktəb
proqramlarının tərtibində yaradıcı alim kimi özünü
göstərmişdir.
Ümummilli liderimiz Heydər Əliyev Nizamidə olan geniş
dünyagörüşünə, Azərbaycan və Türkiyə dövlətçiliyinin
tarixinin ana xəttinə bələd olduğuna görə, eləcə də XX əsrin
böyük şəxsiyyəti olan Atatürkü yaxından tanıdığı üçün onu
Azərbaycanda açılmış Atatürk Mərkəzinə başçı təyin etdi.
Professor Nizami Cəfərov Atatürk Mərkəzində çox mühüm
istiqamətdə elmi-tədqiqat işləri aparır, eyni zamanda, bu
mərkəzdə həyatın aktual problemlərinə aid elmi konfranslar
keçirir, mühüm əsərlərin müzakirəsini təşkil edir. Bu yolla
Nizami Cəfərov iki qardaş dövlət arasında mühüm əhəmiyyətli
işlər aparır.
Professor həm də bir millət vəkili kimi dövlət quruculuq
işlərində də uğurla çalışır.
Alimə, müəllimə və millət vəkilinə yeni-yeni elmi və
təşkilati uğurlar arzu edirəm.
Budaq Budaqov,
Akademik
Nizaminin filologiya
elminə, ədəbi tənqidə gəlişi dərhal diqqəti cəlb etdi. Elə
istedadlı adamlar var ki, xeyli qələm işlətdikdən sonra
özünü tanıda bilir. Ancaq Nizami Cəfərovun imzasının
görünməsi ilə duyuldu ki, ədəbi mühitə yeni və orijinal
düşüncə sahibi bir şəxsiyyət gəlir. Bu qədər sürətlə
tanınmaq, etiraf olunmaq böyük istedadın nəticəsidir. Bəli,
Nizami Cəfərov istedaddır, mükəmməl təfəkkür sahibidir.
Nizami elmə dilçi kimi olaraq qədəm basdı. Elmdə dilçi kimi
ayaq tutmaq gələcək yaradıcılığında Nizaminin bütün düşüncə
potensialının olduğu kimi gerçəkləşməsinə meydan açdı.
Əslində əsl dilçi riyazi düşüncə ilə işləyir. Bu riyazi
düşüncə Nizaminin istər ədəbi tənqid sahəsində, istər geniş
filoloji tədqiqlərində analitik təfəkkürünü qidalandırdı,
bir tərəfdən, onu bugünkü əhatəli yaradıcılığa gətirdi, bir
tərəfdən də, bu yaradıcılıqdakı fikir dərinliyini
formalaşdırdı. Bu dilçinin Azərbaycan yazıçılarının
qurultayında tənqidçi kimi parlaq məruzəsi də, “Azərbaycan
ədəbiyyatı tarixi”nin altıcildlik akademik nəşrindəki
müəllifliyi də, Ferdinand de Sössürün məşhur və mürəkkəb
“Ümumi dilçilik kursu”nun dilimizə uğurlu tərcüməsi də,
siyasi aləmdəki istedadlı fəaliyyəti də həmin
riyazianalitik qabiliyyətin nəticələridir.
Yaradıcılığına, fəaliyyətinə kifayət qədər bələd olduğum
üçün hesab edirəm ki, o, başqa elm sahəsində olsaydı,
filologiyamızda bir adamın çatışmadığı görünərdi, yaxşı ki,
o yeri Nizami özü tutdu...
Tofiq Hacıyev,
akademik
Təbrik əvəzi:
Dostum Nizami Cəfərova
Məndən salam olsun Nizami adlı,
Atatürk ünvanlı türk oğlu türkə,
Təfəkkür arxalı, fikir qanadlı
Elmin hünərinə, ilhama, dərkə.
Oğuzun, qopuzun, kamanın, udun
Mübarək səsindən gələnim mənim,
Babam Füzulinin, Dədəm Qorqudun
İsti nəfəsindən gələnim mənim.
Ən böyük dayağın istedad oldu,
Sözün yerindədi, fikrin dərində.
Büdrəmək, yıxılmaq sənə yad oldu
Elmin, alimliyin pillələrində.
Tanrının dilidi sən sevdiyin dil,
Kökün dağdan gəlir, qayadan gəlir.
Sənin alimliyin kitabdan deyil,
Allahın verdiyi mayadan gəlir.
Əzizim Nizami!
“Azərbaycan”da “Keçən günlərin tərcümeyi halı”nı oxudum.
Mübarək olsun!
Gözəl bir əsər yazmısan. Hər kəs (və hər yaşlı oxucu) öz
nəslinin keçdiyi yola nəzər salır. Sizin yanınızda özünü
görür. Mən də. Bizim yaşıd olduğumuzu, ancaq təqvim hesabı
fərqimizi bilməzdim!
Oğuzlardan çox yazmışdınız, mən də oxumuşdum. Burada onların
saz havasını da eşitdim. Çox şad oldum.
Birinci dəfəydi ki, bədii əsəri gülə-gülə, arada bir də
tutula-tutula oxuyurdum. İndiyə qədər bu yazımız haradaydı!
Bu bədiilik, bu yumor, bu müdriklik, bu pak ürəkaçıqlığı
hardaydı! Dahi insanlarla oturub durmusan, görüb götürmüsən.
Eşitdiklərini də “bir-bir” yadda saxlamısan. İndi də onların
yadigarı, varisi kimi danışmağa haqqın var.
Məni mənə qaytaran qələminə eşq olsun!
Nəriman Həsənzadə,
Xalq şairi
Nizami Cəfərovun
böyüklüyü ondadır ki, o bütün mərhələlərdə tədbirli,
təmkinli, ləyaqətlidir. Məhz ləyaqətini o heç zaman əldən
verməyib və bu xüsusiyyətin onun kamil şəxsiyyət kimi
yetişməsində böyük rolu olub. Mən Nizami müəllimlə dekan
həmkar olarkən bir neçə dəfə xarici ölkələrdə səfərdə
olmuşam, orda, xüsusən də Türkiyədə necə böyük nüfuz sahibi
olduğunun canlı şahidiyəm. Ağsaqqal türk alimləri ilə 30
yaşlarında bu gənc istedadın fikir polemikasında qalib
gəldiyini, türk ədəbiyyatını onlardan yaxşı bildiyini
görəndə bir milli qürur hissi keçirirdim. Maraqlı idi ki,
Nizami Cəfərov debatlarda heç vaxt güzəştə getmirdi,
üzgörənlik eləmirdi, həmişə də qalib gəlirdi. Hərdən onunla
bu səfərlərdə olarkən düşünürdüm ki, əgər Nizami müəllim
istedadını dilçiliyə, ədəbiyyatşünaslığa deyil, deyək ki,
şahmata istiqamətləndirsə idi, yəqin ki, dünya şahmat tacını
Bakıya gətirərdi. Başqa elm sahələrində də daha çox inkişaf
edə bilərdi və bəlkə də fizika, kimya, biologiya sahələrində
Nobel mükafatına layiq görülə bilərdi. Bütün bunlara
baxmayaraq, yalnız Azərbaycan, yaxud Türk dünyası
çərçivəsində tədqiqat obyekti olan dilçilik sahəsində
qazandığı uğurları daha müqəddəs, daha vacib hesab etdiyi
üçün Nizami elə Nizamidir. Mən filoloq olmasam da, onun
dilçiliyə, azərbaycanşünaslığa aid tədqiqatlarını böyük
maraqla izləyirəm. Mənə elə gəlir ki, Nizami Cəfərov bu
sahədə inqilabi dəyişikliklər etməyə qadir alimdir. Və
indiyədək Azərbaycan dilçiliyində mövcud olan sterotipləri,
klassik yanaşmanı dəyişdirməyə cəsarət edən ilk adamdır.
O, hadisələrin, problemlərin fövqündə durmağı bacarır. Ən
böyük narahatlığa da, ziyalı prizmasından təmkinli
münasibəti var. Və şəxsən mən onun bu sakitliyinə həsəd
aparıram. Təkcə Bakı Dövlət Universiteti deyil, bütün
xalqımız fəxr edir ki, onun sıralarında belə bir İNSAN var.
Abel Məhərrəmov,
akademik
AMEA-nın müxbir üzvü
Nizami Cəfərov haqqında biriki söz yazmaq barədə düşünəndə
xəyalən iyirmi beş il geriyə döndüm, İrəvanda nəşr olunmuş
“Zirvə cığırı” kitabım barədə “Ədəbiyyat və incəsənət”
qəzetində dərc edilmiş “Cığırlar haraya aparır?” başlıqlı
məqaləsini (18 fevral, 1983) xatırladım.
Səmimiyyət və peşəkarlıqla yazılmış bu məqalə mənim
diqqətimi çəkdi və o illərdə “Ədəbiyyat və incəsənət”
qəzetinin baş redaktoru, Xalq şairimiz Nəriman Həsənzadəyə
İrəvandan telefon açıb soruşdum ki, bu müəllif kimdir?
Nəriman müəllim yazıdan çox məmnun qaldığımı bilib sevindi
və fərəhlə dedi:
Bir gözəl gənc oğlandır!
İllər ötdü, bu gözəl oğlanın çox yazılarını oxudum,
çıxışlarını dinlədim, şəxsən tanış olduq, dost olduq və bir
gün Nəriman müəllimə dedim ki, vaxtilə mənə söylədiyiniz
ifadəyə bircə əlavəm var: “Sən demə, bu gözəl, gənc oğlan
həm də böyük istedad sahibiymiş!”
Nizami Cəfərov dilçidir, professordur, kafedra müdiridir,
millət vəkilidir, parlamentdə komissiya sədridir, ölkə
Prezidentinin Fəxri Sədri olduğu mühüm Mərkəzin müdiridir...
Başqa vəzifələrini də saymaq olar və bu sahələrin hamısında
fəaliyyəti uğurludur. Və onun səmərəli, çoxsahəli
fəaliyyətinin və uğurlarının kökündə dərin düşüncəli fikir
adamı olması, yüksək milli-mənəvi dəyərləri və zəhməti
dayanır. Həm dərindən düşünür, həm də düşündürür. Və
düşüncəsinin miqyası intəhasızdır, sonsuzdur. Nə qədər
yazır-yazsın, nə qədər maraqlı, dərindən, özünəməxsus və
nəhayətsiz miqyasda düşünür-düşünsün, son sözünü demir,
dərin düşüncələrini getdikcə daha da dərinləşdirir, fikir
coğrafiyasını genişləndirir.
Milli olduğu qədər bəşəri, bəşəri olduğu qədər millidir.
Milli özgürlük onun üçün dünyadan təcrid olunmaq üçün deyil,
dünyanı zənginləşdirə-zənginləşdirə birləşdirmək üçündür.
Ulu Öndərimiz Heydər Əliyevin tövsiyəsi, xeyir-duası ilə
Azərbaycançılıq ideologiyasını, onun milli psixologiyamızın
ayrılmaz tərkib hissəsi kimi möhkəmlənməsi məsələlərini
öyrənir və bu sahə ilə bağlı dəyərli əsərlər yazır.
Tələsmir, amma həmişə axtarışdadır, əlində qələm olmayanda
da işləyir.
Nizami əlliyə çatır? Müdriklik yaşına? Hərçənd o, çoxdan
müdrikdir.
Hidayət Orucov,
Əməkdar incəsənət xadimi
Nizami Cəfərovun
ədəbiyyat baxışları ilk öncə Azərbaycan ədəbiyyatı
tarixçiliyi sahəsində görünür, ən dolğun ifadəsini məhz
burda tapır. Mən bunu yazılarımda, bir neçə dəfə qabartmışam:
hazırda ədəbiyyatımızın tarixən yaranmış obrazı dağıldığı,
ədəbiyyat tarixçiliyimiz qırıq-parça sitatlar, bu və ya
digər əlahiddə, eklektik sıralar, baxışlar şəklində
göründüyü bir halda, Azərbaycan ədəbiyyatı tarixini
bütünlükdə, ən qədim dövrlərdən çağımızacan, müasirliyi və
tarixi perspektivində təsəvvür, təsvir və təqdim eləməyə
cəhd edən bircə Konsepsiyanın adını çəkmək olar. Bu –
Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, filoloji elmləri
doktoru, professor Nizami Cəfərovun artıq iki onildən bəri
irəli sürüb-bölüşdüyü, hər dəfə, hər kitabında daha da
dolğun, düşünülmüş, təkmil ortaya qoyduğu müvafiq elmi
konsepsiyadır.
Bu həmin o Konsepsiyadır ki, N.Cəfərov şərhini “Azərbaycan
xalqının şah əsəri” yazısında Dədəm Qorquddan başlayır:
“Dədə Qorqud” eposunun tarixi, Azərbaycan etnik-mədəni
sisteminin ümumtürk etnik-mədəni sistemindən fərqlənərək
ayrılması (differensiyası) tarixidir...” və kitab boyu
bütün yazılarından keçirərək, perspektivini müsahibələrində
belə görür: “Axı bunlar (gənc yazarlar – T.Ə.) “Dədə
Qorqud”u, “Koroğlu”nu yaradan xalqın övladlarıdırlar. Bunlar
Cəlil Məmmədquluzadənin övladlarıdırlar. Bir şeyi ki, biz
yaratmışıq, onun üzərində yüksəlmək lazımdır...” (“Zaman
ədəbiyyat adamlarına əsl yerlərini başa salır”).
...Nizami Cəfərov bütün gəlişi ilə milli ədəbiyyatın
doğurduğu fenomendir; bu həm də ona bilavasitə ədəbiyyatın
iç təcrübəsindən çıxış edib, nəzəri ümumiləşdirmələr
aparmaq səlahiyyəti verir.
Nizami Cəfərovun olduqca orijinal ədəbiyyat baxışları,
ədəb-iyyatşünaslıq platforması bir daha onu təsdiqləyir ki,
Azərbaycan ədəbiyyatı da öz fərqli “filoloji məktəbi”ni
doğurmağa, irəli çəkməyə qadirdir; bu, ən azı, N.Cəfərovun
özünün sözlərinə isnad etsək: “dünya miqyasına öz Azərbaycan
qeydiyyatımızla çıxmaq”dan ötrü lazımdır. Sadəcə bu elmə,
bu tənqidə, bu ədəbiyyata bir az həssaslıq, bir qədər də
diqqət gərəkir. Çox yox, bir azca.
Tehran Əlişanoğlu,
AMEA-nın müxbir üzvü
Nəğməkar ürəyi ilə
oxucu ruhunu şeir-şeir oxşayan şair Yusif Nəğməkarın “Nizami
demiş” poemasını ədəbiyyatımızda yeni bir səhifə, xüsusi
üslub, qeyri-adi ədəbi tapıntı kimi səciyyələnirmək olar.
Poema oxucunu çoxcəhətli maarifləndirir. Bir tərəfdən şairin
qələmə aldığı misralar gözlərimiz qarşısında bir yenilik
abidəsi canlandırır, digər tərəfdən tərtibatı ilə nə qədər
yeni görünsə belə, canında, qanında, ruhunda, məğzində
yaşatdığı qədim ədəbiyyatı-mızın monumental
əhval-ruhiyyəsini oxucuya təqdim edir.
Poemanın ekspozisiyası uğurlu bir zəminlə, ulu öndər Heydər
Əliyevin professor Nizami Cəfərova verdiyi dəyərlə “Çox
böyük bir professor!..” statusunu oxucu ilə paylaşmaqla
başlanır və doğru olaraq ekspozisiya məhz “ÖNƏM” adlanır.
Kitabı vərəqlədikcə sağ üzdə böyük professor, görkəmli dilçi
alim, akademik Nizami Cəfərovun Azərbaycan dilinin qrammatik
düsturunun təşəkkülünü möhkəmləndirmək üçün, dilin
Qrammatik saflığını və sadəliyini, məna zənginliyini və
bütövlüyünü qoru-maq və müdafiə etmək uğrunda apardığı
elmi-axtarış mücai-ləsindən, uğurlu, səlis ifadə imkanları
ilə zəngin bir dilçi kimi ədəbi-ictimai aləmdəki nüfuzundan
bəhs edilir.
Vərəqlərin digər üzündə mütəfəkkir alimin Azərbaycanın
tarixi təfəkkürü, coğrafi miqyasları, xalqın düşüncə tərzi
və milli özünütəsdiq və özünüdərketmə yaddaşından istifadə
imkanların-dan, qərinələrlə davam edən mənəviyyat uğrunda
mübarizənin uğurlu nəticələrindən bəhs edən fikirləri öz
əksini tapıb.
Səhər Cəhlim,
ədəbiyyatşünas
Nizami Cəfərovun ilk
elmi araşdırmaları ilə tanış olarkən bütün yaradıcılığı boyu
eyni bir təfəkkür pafosu ilə, sabit intellekt emosiyası ilə
üzləşirsən. Məhz epik təfəkkür estetikasına söykənən bir
tale seçimi həmin pafosun mahiyyətini təşkil edir. Və güman
edirik ki, indi həmin obrazı, həmin mahiyyəti dəyərli
oxucuların nəzərinə çatdırmaq vaxtı çatmışdır. Görkəmli
alimin fikir-üslub dünyasına oxucunu dəvət etmək bu
“provokasiyanın” ümdə məqsədidir. Filoloji-fəlsəfi mətnlərin
toxumlarına sıx-sıx səpələnmiş ideyaların, obrazların,
tezislərin bərpasına kömək etməlidir.
Rüstəm Kamal,
professor
Nizami Cəfərov
çağdaş Azərbaycan fılologiyasının qazancı-dır. Onun millət
vəkili, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, filologiya
elmləri doktoru, professor, Azərbaycanda Atatürk Mərkəzinin
rəhbəri olması – bütün bunların hamısı yenə də filologiya
elminin qələbəsidir.
Nizami Cəfərov bürokrat düşüncəsindən çox-çox uzaq olan elm
adamlarımızdandır. Əks təqdirdə onun imzasını gözləyənlərin
sayı o qədər çox olardı ki, onların sayını belə
müəyyənləşdirmək müşkül bir işə çevrilərdi.
2003-2004-cü ildə Ali Attestasiya Komissiyasının filologiya
ixtisası üzrə Ekspert Şurasının üzvü olduğum zaman onun
disser-tantlara, aspirantlara olan qayğısını da hiss etmişəm.
Hər dəfə Ekspert Şurasının iclaslarında şahid olmuşam ki, o,
Ekspert Şurasının sədri kimi aspirantlara, dissertantlara,
daha doğrusu, onların yazdığı dissertasiyalara xeyirxahlıqla,
qayğı ilə yanaşır.
Buludxan Xəlilov,
professor
Görkəmli dilçi alim,
AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov yüksək elmi
potensialı, fitri istedadı, dərin zəkası və mənəvi
keyfiyyətləri ilə seçilən ziyalılarımızdan biridir. O, öz
düşüncə tərzi və xeyirxah əməlləri ilə çoxlarının dərin
hörmətini qazanmışdır.
Alim öz yaradıcılığında daha çox sözün bədii funksiyasına,
ayrı-ayrı yazıçıların əsərlərinin bədii-estetik
özünəməxsusluğuna, üslub məsələlərinə, qədim türkdilli ədəbi
abidələrin dilinə tədqi-qatçı linqvist kimi diqqət yetirmiş,
öz elmi mövqeyini təsdiqləmə-yə nail olmuşdur. Elə “XVIII
əsr Azərbaycan türk ədəbi dili” mövzusunda yazdığı və uğurla
müdafiə etdiyi doktorluq disserta-siyanın əsasını da məhz
həmin problemlər təşkil edirdi. Bütöv-lükdə götürdükdə, XX
əsr Azərbaycan dilçiliyinin inkişafını elm xəzinəsinə böyük
töhfələr vermiş professor Nizami Cəfərovsuz təsəvvür etmək
mümkün deyil. Onun qələmindən çıxmış funda-mental əsərlər
mütəxəssislərin rəğbətini qazanmışdır.
Professor Nizami Cəfərovun ictimai-siyasi fəaliyyəti də göz
önündədir. Təkcə “Azərbaycanşünaslığın əsasları” adlı
fundamen-tal əsəri belə deməyə əsas verir ki, Azərbaycanın
müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü Nizami müəllimin
idealıdır. O, eyni zamanda yüksək nitq mədəniyyətinə və
natiqlik məharətinə mükəmməl şəkildə yiyələnmiş
ziyalılarımızdan biridir.
Nizami Cəfərovun zəngin həyat təcrübəsi, mükəmməl təhsil və
fitri istedadı bir çox elm xadimlərinə müyəssər olmayan
univer-sal missiyaları yerinə yetirməyə imkan yaratmışdır.
Elmi yaradı-cılıqla məşğul olmaq, fundamental əsərlər
yaratmaq, insanları elmə, kitaba, mütaliəyə yönəltmək yolunu
seçmiş professor Nizami Cəfərov həmişə dilçilikdə,
ədəbiyyatşünaslıq elmində baş verən proseslərin nəbzini
tutmağı bacarmış, özünün məntiqli mülahizələri ilə
mübahisəli məsələlərin düzgün həlli yollarını göstərə
bilmişdir.
Abuzər Xələfov,
professor
Nizami Cəfərov
haqqında yazmaq sözsüzdür ki, çox həvəs-lidir, lakin həm də
çətindir. Bu çətinlik onun elm aləmində, ictimai həyatda,
xüsusilə də müasir ictimai fikrimizdə malik olduğu zəngin
dəyərlərlə əlaqədardır. Belə ki, Nizami ensklopedik alimdir,
humanitar və ictimai elmlərin elə bir mühüm problemi yoxdur
ki, o bu və ya başqa tərzdə onlara öz münasibətini
bildirməsin. Bu dediyimə əmin olmaq üçün onun beşcildlik
seçilmiş əsərlərinin heç olmasa mündəricatına nəzər salmaq
kifayətdir.
Nizami Cəfərovun elmi maraq dairəsinin mərkəzində
Azər-baycan xalqının ictimai həyatının bütün sferalarında
tarixi taleyinin problemlərinin araşdırmaları durur.
Nizaminin “bu dünyada nə axtarıram” fəlsəfəsi iddiası onu
azadlığa doğru aparmış və aparır. Belə ki, insan həyatı
zəruriyyəti nə qədər və nə səviyyədə dərk edirsə və onu öz
fəaliyyətində həyata keçirirsə o qədər də azad olur. Bu
azadlıq sosial ədalətlilik, humanizm, cəmiyyət üçün
faydalılıq və s. prinsipləri özündə birləşdirir. Nizaminin
azadlığında bu prinsiplərin cəminin təzahü-rünü görürük.
Professor Nizami Cəfərovun etik dünyagörüşündə həyatdan zövq
almaq əsas yer tutur. O, zövqün insan əxlaqının, rəftarının
ən yüksək səadəti olması baxışına tərəfdardır. Zövq və
onunla bağlı olan mənəvi-ruhi tələbatın ödənilməsi
xoşbəxtliyin ən yüksək qayəsi olduğuna inanır. Nizami hər
kəsi xoşbəxt görmək istəyir. Onun (və mənim) rəyimcə insan
öz daxili, mənəvi-ruhi aləmini daim nəzarətdə saxlamalı,
gərəksiz əhvaldan qorunmalıdır.
Professor Nizami Cəfərov püxtələşmiş müdrik ictimai-siyasi
xadimdir. O, respublikamızın ictimai, siyasi və mədəni
həyatında çox uğurlu fəaliyyət göstərir. Bu fəaliyyətdə
Nizami üçün xarak-terik olan cəhət onun məşğul olduğu sahəni
bütün incəlikləri ilə bilməsidir. Digər bir cəhət onu hər
bir sahə üzrə mütəxəssisi, hətta adi işçini sonadək dinləmək
bacarığıdır. Nizami üçün dövlətçilik çox əzizdir. Onun
qorunması və inkişafı üçün yüksək fədakarlıq, vətəndaşlıq
nümayiş etdirir.
Həmid İmanov,
professor
Mən, Nizaminin elmi
yaradıcılığından danışmayacam, təkcə onun
“Azərbaycanşünaslığa giriş” monumental kitabının təqdimatı
göstərdi ki, Nizami Cəfərov Azərbaycanın elm və
mədəniyyətinin elə bir sahəsi yoxdur ki, onu elmi təfəkkür
süzgəcindən keçirmə-sin. Həm də istər Azərbaycan tarixi
olsun, istərsə də Azərbaycan dili və ədəbiyyatı tarixinin
dövrləri, onların araşdırılıb təhlil olun-masında Nizaminin
özünəməxsus mövqeyi olmuşdur.
Nizami Cəfərov universitetin fılologiya fakültəsinə dekan
seçildikdən sonra onun genində olan bir neçə keyfiyyətlər
tədri-cən üzə çıxdı; istedadla bərabər təşkilatçılıq,
özünəməxsus sərbəst davranmaq, xeyirxahlıq, səxavətlilik,
genişürəklilik ona böyük nüfuz qazandırdı.
Dekan Nizami Cəfərov heç vaxt bəzi dekanlar kimi qapını
bağlayıb icazə ilə adamları qəbul etmədi, dekanlığın qapısı
müəllimlərin də, tələbələrin də, adi işçilərin də, tez-tez
gələn qonaqların da üzünə açıq oldu. Həmişə otağı adamlarla
dolu olurdu. Heç kəsə “vaxtım yoxdur, sabah gəl” demirdi.
Hər şeyi yerindəcə həll edirdi.
Nizami elmin geniş magistral yolundadır. Bu yolda ona böyük
uğurlar arzulayırıq.
Qara Namazov,
professor
Professor Nizami
Cəfərov haqqında bir şey yazmaq istərdim. Nizami kimdir?
Onunla yaxından tanış olmayan, onunla işləmə-yən, onunla
yaxından ünsiyyətdə olmayan insanlarla sirli-soraqlı,
əlçatmaz görünən bir insan! Əslində isə böyük olduğu qədər
də sadə bir insan, səmimi insan; düşüncələri ilə dedikləri,
ürəyi ilə dili arasında zərrəcə ayrılığı olmayan bir vətən
övladı. Səmimi və saf. Uşaqla uşaq, böyüklə böyük kimi
davranar. Onun baxışlarında, münasibətlərində kasıb-dövlətli,
adi-vəzifəli şəxs ayrılığı yoxdur.
…Professor Nizami Cəfərov dilçiliyə və ədəbiyyatşünaslığa
vahid filoloji fənn, elm sahəsi kimi baxır. Onun elmi
yaradıcılığı bu birliyi aydın şəkildə əks etdirir. Bu birlik
isə milli kök üstə - azərbaycançılıq təəssübkeşliyi üstə
köklənir. Ancaq Nizami bu doğmalıqdan türk dünyasına çıxır,
əsərləri tarixiliklə birləşir və geniş elmi vüsət alır.
Ümumtürk fonunda dil və dil tarixi, ədəbiyyat tarixi,
klassika və müasirlik – bütün bunlara obyektiv elmi
münasibət Nizami Cəfərovun yaradıcılığında görünən qırmızı
xəttdir. Bu xəttin mər-kəzində Azərbaycan görünür,
Azərbaycan insanı görünür. Niza-minin aurası o qədər təmiz,
şəffaf, eyni zamanda güclüdür ki, onu tanıyanların hamısını
cəlb edir; istəyən də, istəməyən də o təsirə qapılır. Nizami
səmimiyyəti çoxlarına çox şeyləri unutdura bilir, bəzilərini
unutdura bilməsə də üzə çıxanların qarşısını alır. Çünki
Nizami inkaredilməz və danılmazdır. Çünki Nizami bütün şəxsi
varlığı ilə, bütün elmi-fəlsəfı imkanları ilə gorünməkdədir.
O da var ki, heç bir titul, heç bir ad, heç bir vəzifə
Nizami şəxsiyyətinə kölgə sala bilmir. Nizami hər yerdə
Nizamidir. İstərdim ki, Niza-minin mövqelərini, elmi və
digər adlarını sadalayam və deyəm ki, Nizami məhz Nizami
olaraq, bunların fövqündə durur.
Sadalamadım və demədim, çünki hamı onu tanıyır. Nizami
cavandır və zirvəyə doğru irəliləyir. Hələ indidən müqayisə
obyektinə çevrilibdir: kimi onunla tələbə yoldaşı olması ilə
fəxr edir, kimi onun müəllimi olduğunu yada salaraq
özünütəsdiqə çalışır.
Yusif Seyidov,
professor
Filologiya elmləri
doktoru, professor, ADPU-nun Ədəbiyyat və onun tədrisi
metodikası kafedrasının müdiri, daim cavanlaşan, yeniləşməyə
güclü meyli olan, çevik və sərrast düşüncəli Nizami Cəfərova
təbiət xüsusi bir xoşbəxtlik verib: heç kəsin paxıllığını
çəkməz, kimsəyə quyu qazmaz, bütün mərdiməzarlıqdan uzaq
gəzər. O, vəzifələrə, titullara can atmır, əksinə həyatın
şan-şöhrəti özü onu tapır.
Nizami söz adamıdır. Sözü sözdən seçməyi bacarır. Onun bütün
gücü yazdığı əsərlərində, oxuduğu mühazirələrində və
nitqlərindədir.
Nizami dostluqda da möhkəm adamdır. Yaşlılar da, cavanlar da
ondan razılıq edirlər. Gənc tədqiqatçılar deyir ki, Nizami
müəl-limə nə zaman müraciət ediriksə, vaxtını, biliyini
bizdən əsirgəməz. Bəlkə elə buna görə onun dostlarının çoxu
cavan yazıçılar, jurnalistlər və tədqiqatçılardır. O, öz
müəllimlərini də, ahıl dostlarını da yüksək qiymətləndirir,
daim onların hörmətini saxlayır. “Hörmət edən hörmətli olar”
deyiblər. Daim hörmətli olasan, əziz dost!
Zahid Xəlil,
professor, şair
ADPU-nun rektoru,
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor!
…Gənc yaşlarından fövqəladə istedadı ilə seçilən Nizami
Cəfərovun ədəbi dil tariximizin öyrənilməsində böyük
xidmətləri vardır. Milli ruhlu bir dilçi alim kimi o,
Azərbaycan dili, ədəbiy-yatı, mədəniyyəti barədə sanballı
əsərlər yaratmış və bununla da xalqımıza, millətimizə böyük
xidmətlər göstərmişdir.
Professor Nizami Cəfərov geniş ictimai fəaliyyəti ilə
bərabər, məhsuldar bir tədqiqatçı, mahir bir pedaqoq kimi
yorulmadan dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin daha
dərindən öyrə-nilməsi və tədrisi, yüksək səviyyədə təbliğ
edilməsi, yüksək-ixtisaslı elmi kadrların hazırlanması
istiqamətlərində uğurlu, səmərəli fəaliyyət göstərir. O, həm
də çağdaş ədəbi proseslərdə fəal iştirak edən bir
tənqidçimizdir.
Eyni zamanda Nizami Cəfərov Azərbaycan dilinin,
ədəbiyya-tının, mədəniyyətinin öyrənilməsi sahəsində
məqsədyönlü fəaliyyət göstərən fədakar bir türkoloq alimdir.
Mən şəxsən öz adımdan və rəhbərlik etdiyim Azərbaycan Dövlət
Pedaqoji Universitetinin kollektivi adından xalqımızın
görkəmli alimi, millətsevər oğlu, professor Nizami Cəfərova
uzun ömür, cansağlığı, elmi və ictimai-siyasi fəaliyyətində
yeni-yeni uğurlar arzulayıram.
Yusif Məmmədov,
ədəbiyyatşünas-alim
Nizami Cəfərovun
milli kulturologiyamızın dünəninə, bu gününə baxışı geniş və
əhatəlidir, məhdud ərazi, yaxud region səciyyəsi daşımır. O,
Azərbaycan kulturologiyasını ümumtürk kontekstində götürür
və ona tamamilə haqlı olaraq dünya kulturo-logiyasının
tərkib hissəsi kimi baxır. Qədim türk eposuna və qədim türk
dilinə, milli eposun yaranma dövrü və mərhələlərinə, bu
kulturoloji dəyərlərin bütün qəliblərinə dünya xalqlarının
kulturoloji birliyi ilə sıx vəhdətdə baş verən zaman
hadisəsi kimi baxır. Hər bir kulturoloji vahidin fərdi və
bəşəri formullarını açıqlayır.
Azad Nəbiyev,
professor
Nizami Cəfərov da
universal türk təfəkkürünün tarixi təka-mülünü izləyə-izləyə
onun Azərbaycanda lokallaşdığı vaxtdan bəri qazandığı
unifikasiya keyfiyyətlərini, milli idrak kompleksini, mən
deyərdim ki, bütün əsas spesifik təzahür xüsusiyyətləri ilə
araşdırıb üzə çıxarmağa nail olub. Bu ümumi fonda Azərbaycan
– tarixdə olduğu kimi, itirdikləri və qazandıqları ilə
birlikdə bütöv görünür.
Nizami Cəfərovun araşdırmaları bunu da bəlli edir ki, bütün
tarixi boyu çox çətin etnosiyasi mühitdə, regional
genişlənmə və daralmada, imperiyaların maraqlarının
toqquşduğu qaynar geosi-yasi məkanda, necə deyərlər, ox
hədəfində, gülləbaran altında Azərbaycanı yaratmaq, yaşatmaq
– bizim təsəvvür etdiyimizdən qat-qat baha, ağrılı, zor başa
gəlib. Bu qançanağı mühitində Vətən mədəniyyətini hifz etmək
– bugünkü azərbaycanlının səcdə edəcəyi müqəddəs ərənlik
imiş!
Rahid S.Ulusel,
fəlsəfə elmləri doktoru
Nizami Cəfərov
imzası, ‒ şəxsən mənim üçün, ‒ elmi-rəsmi titullarından
xeyli əvvəl də ciddi maraq və ümid doğuran imza olub. Onunla
“Ədəbiyyat qəzeti”ndə birgə işlədiyimiz günlərdə, qədim
tarixə malik ədəbiyyatımızın zəngin dil materiallarının
forma qanunauyğunluqlarını tədqiqlə yanaşı, həm də mən deyər-dim,
daha çox bədii-ruhi mahiyyətinə varmaq vurğunluğu diqqə-timi
çəkirdi. Bu vurğunluq Nizamini “millətin ruhu” olan
ədəbiy-yatın xəlqi keyfiyyətlərini, dünya xalqları söz
sərvətinin ən dəyərli nümunələrindən sənətkarlıqla
faydalanmaqla bərabər öz kökünə möhkəm bağlılığı
fədakarcasına tədqiqə və müdafiəyə gətirib çıxardı.
Onun çoxcildlik “Türk xalqları ədəbiyyatı” belə böyük
məq-sədin bəhrəsidir.
Ayaz Vəfalı,
Əməkdar incəsənət xadimi, şair