Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. O,
“Məşrutə” inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan
heyətin rəhbəri olduğu üçün “Heyət” adı ilə tanınıb.
Əmək
fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan Cavad
Heyət 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışıb, daha
sonra ixtisasını təkmilləşdirmək üçün Paris Universitetinin
cərrahlıq kafedrasında işləyib.
O, 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana
qayıdıb, 1953-cü ildən Tehranda Hidayət və Ədliyyə xəstəxanalarında
cərrahlıq klinikaları quraraq onlara rəhbərlik edib. Cavad Heyət
Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə professoru olub. Öz
xüsusi klinikası olmaqla yanaşı, Tehran-Pars xəstəxanasında da
çalışıb.
Doktor Cavad Heyət İranda eksperimental cərrahiyyənin təməlini qoyub.
1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu
istedadlı cərrah kimi tanıdıb. Doktor Cavad Heyət 1954-cü ildə
qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək
cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o,
İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək
dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını
uğurla həyata keçirdiyinə görə "Birinci Dərəcəli Əmək Ordeni" ilə
təltif olunub. Tibb sahəsində qazandığı nailiyyətlər Cavad Heyətə
geniş şöhrət gətirib. 1983-cü ildə cərrahiyyənin inkişafına verdiyi
elmi-nəzəri və əməli uğurlarına görə Paris Beynəlxalq Cərrahlıq
Akademiyasının üzvü seçilib.
Cavad Heyət dostu Prof. Dr. H.Nitqi ilə birlikdə İranda elmi
türkologiyanın əsasını qoyub. O, cərrahiyyə ilə bağlı Azərbaycan,
Amerika, Fransa, Türkiyə və bir çox Avropa universitetlərində
tez-tez mühazirələr oxumaq üçün dəvətlər alırdı.
Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan
ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə
də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə
Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı,
ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə
tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur.
Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə
tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin
ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə
təqdirlə qarşılanıb.
İkisi fars və beşi də türk dilində olan yeddi cildlik türkologiya
kitabın müəllifidir.
Türkologiya sahəsində 300, tibb sahəsində isə 100 məqaləsi vardır.
İranda sonuncu inqilabdan sonra Azərbaycan dilinin elmi tarixi ilə
doktor Cavad Heyət və doktor Həmid Nitqi məşğul olublar. C.Heyət
fars dilində çap etdirdiyi "Türk dilinin tarixi və ləhcələri"
əsərini Pəhləvi rejimi zamanı İran dilçilik elminin və hakim
ideologiyanın Azərbaycan dilinin özünəməxsus müstəqil və zəngin bir
dil olmasını inkar etməsinə cavab olaraq yazıb. Məhəmməd Əmin
Rəsulzadə əsrin əvvəllərində publisist Mais Əlizadənin təbirincə
desək, "İran türkləri" terminini dünyanın siyasət müntəxəbatına
daxil edibsə, əsrin sonunda bu işə doktor Cavad Heyət əsasən İranda
yaşayan türklərin danışdığı ləhcələri tədqiq edən "Türk dili və
ləhcələrinin tarixi" kitabını dünyanın türkologiya bəxş etməklə nail
olub.
Bundan əlavə, Cavad Heyət filologiya və türkologiya sahəsində "Azərbaycan
ədəbiyyat tarixinə bir baxış", "Azərbaycan şifahi xalq ədəbiyyatı",
"Türk dili və ləhcələrinin tarixi", "İki dilin müqayisəsi"
kitablarının müəllifidir.
Cavad Heyət Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb
Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan
Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji
Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi
Cəmiyyətinin fəxri üzvüdür.
Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və "Dədə
Qorqud" Assosiasiyasının təsis etdiyi "Məmməd Araz" mükafatına layiq
görülüb.
İranın Qulamhüseyn Bənan adlı məşhur bir
müğənnisi vardı. Onun məlahət dolu, insanın qəlbini ilk eşidilişdən
ələ alan, ovsunlayan avazı 1960-70-ci illərdə xüsusən çox məşhur
idi. Xatırlayıram ki, 1970-ci illərdə, Bakı Dövlət Universitetinin
tələbəsi ikən Tehran radiosundan yayımlanan, indi də hər lent yazısı
klassik inci kimi dəyərləndirilən “Qolha-ye rəngarəng” musiqi
proqramında Bənanın ifalarını necə həvəslə dinləyərdik. Və həmin
oxular o silsilədə səslənən, hamısı da gözəl olan başqa ifalardan
daha parlaqlığı ilə seçilərdiərdi.
Bu səsi sevməmək mümkün deyildi və Cavad Heyət də Bənan avazının
məftunlarından idi.
Bənanla Cavad Heyət bir-biri haqda uzaqdan-uzağa çox eşidiblərmiş və
axırı ki, izahsız cazibə günlərin birində onları yaxınlaşdırır,
sadiq, etibarlı dostlara çevirir.
Cavad Heyət hər görüşəndə Bənana “Sən sehrkarsan, oxularının hər
biri möcüzədir!” deyirmiş və Bənan da bir dəfə ondan xahiş edir ki,
apardığı cərrahiyyə əməliyyatlarından birində seyrçi kimi iştirakına
izn versin. Doktor əvvəlcə tərəddüd etmişdi ki, siz sənət
adamısınız, zərif hissiyyatınız var, kəsib-doğramaqla, ağrıyla-qanla
dolu cərrahiyyə əməliyyatını izləmək sizə ağır təsir buraxar. Bənan
israr etmişdi, Doktor razılaşmışdı. Gördüklərini görəndən sonra
Bənan etiraf etmişdi ki, əsl möcüzəni siz göstərirsiniz, siz insanı
sanki yenidən yaradırsınız.
2014-cü ilin yayı. Doktor Cavad Heyət daha qalxa bilmədiyi xəstəxana
çarpayılarında ömrünün son günlərini yaşayırdı.
Və o qəmli günlərində xəstəxananın reanimasiya bölməsində tək
qaldığı palatada maqnitofondan asta səslə fasiləsiz olaraq musiqi
səslənirdi.
Ömrü uzunu Cavad Heyətlə olmuş bal kimi şirin səs – Bənanın avazı
həyatla vidalaşdığı axırıncı günlərində də Doktorla idi.
Hər gedən saatını, hər ötən dəqiqəsini müşayiət edirdi.
Cavad Heyət 2014-cü il iyul ayının əvvəlindən Mərkəzi Gömrük
Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, qansızlıq və
pnevmaniya diaqnozu ilə müalicə olunsa da, həkimlər vəziyyətini
yaxşılaşdıra bilməyiblər. O, avqustun 12-də səhər saatlarında Bakı
şəhərində dünyasını dəyişib və avqustun 15-də İkinci Fəxri Xiyabanda
torpağa tapşırılıb.
<< Geri
|