Tofiq Hacıyev
Filologiya elmləri
doktoru, professor
Cavad Heyət öz vətəndaşlıq fəaliyyətini xalqına fiziki
xidmətdən, ona cismən yardım göstərməkdən başladı – həkim oldu,
cərrah, ürək həkimi. Bütün mənəvi bəlalara ürək dözməlidir. O,
həmvətənlərinə sağlam ürək vermək istədi və çox bacı-qardaşlarının
ürəyini yaralardan xilas etdi. Sonra mənəvi dərdlərin, psixoloji
ağrıların müalicəsinə girişdi: xalqının mənəvi ağrıları daşıyan
ədəbiyyatı təhlil etdi, onu yaşadan, varlığını təsdiqləyən,
qədimliyini car çəkən ana dilini təqdim etməyi və öyrətməyi əsas
götürdü. Bu istəklərini gerçəkləşdirmək üçün özünə kürsü yaratdı:
“Varlıq” məcmuəsinin nəşrinə başladı. Dolu ürəyini boşaltdı, boş
ürəklərə təpər verdi, süst beyinləri ayıltdı. XIX əsrdə “Əkinçi”
adlı qəzet çıxaran ulu ağsaqqalımız Həsən bəy Zərdabi deyirdi ki,
qəzet-jurnal insanı dünya xəbərləri ilə tanış etməklə yanaşı, həm də
ona öz dilini öyrədir. Əlbəttə, o, geniş kütlənin ədəbi dilə
yiyələnməsini nəzərdə tuturdu. Neçə illərdir “Varlıq” İranda
türklərə ana dilini öyrədir. “Xalqım!”, “Dilim!” deyə qışqırmaq,
özünü vətənpərvər göstərmək bir şeydir, qolunu çirməyib iş görmək
başqa. Gərək “əqval ilə ə’mal bir olsun” (M.Ə.Sabir). “Varlıq”la
eyni vaxtda çoxlu qəzet, jurnal nəşrə başlamışdı – indi onlar hanı?
Onları hökumətmi bağladı? Yox, bu, beş tümənindən keçməyən varlı,
milyonçu azərbaycanlıların günahıdır. Bakıdakı Əlyazmalar
İnstitutunun direktoru, bu yaxınlarda dünyasını dəyişmiş professor
C.Gəhrəmanov bir dəfə mənə dedi: Avropadan gəlmiş bir milyonçu
azərbaycanlı ilə institutda görüşüb, ondan Avropa muzeylərində,
kitabxanalarında rast gəldiyi qədim əl yazmalarının surətinin
çıxarılıb göndərilməsini xahiş etdim. Bu milyonçu isə nə desə
yaxşıdır: Onlar çox baha başa gəlir. Halbuki Cavad Heyət ömrü boyu
adamların fiziki müalicəsindən qazandıqlarını öz xalqının mənəvi
diriliyinə xərcləyir. Mənim nəzərimdə Cavad Heyət öz xalqının, bu
xalqın dilinin, ədəbiyyatının eşq yolunda çağdaş Məcnunudur. İndi
xalqımızın belə məcnunlara ehtiyacı var. Cavad Heyət həmişə mənim
yadıma Abbas Səhhəti və N.Nərimanovu salır: Abbas Səhhət də, N.Nərimanov
da öz xalqının övladlarına həm həkim, həm də qələm sahibi kimi
xidmət göstərirdilər.
İndi doktor Cavad Heyətin yeni kitabı qarşımdadır: “Azərbaycan
ədəbiyyatına bir baxış”.
Bu kitabın quruluşu, mövzu ardıcıllığı bir tarixi faktı yadıma saldı:
A.Puşkinin müasiri və dostu Küxelbeker rus ədəbiyyatı haqqında
mühazirələr oxumaq üçün Fransaya dəvət edilir; o, mühazirələrinin
ilk dörd mövzusunu rus dilinin tarixi inkişafına həsr edir.
Həqiqətən, xalqın ədəbiyyatını qavramaq və təhlil etmək üçün o
xalqın dilinin təşəkkülünü, inkişafını, üslublarının meydana
gəlməsini və bu üslubların təzahür xüsusiyyətlərini bilmək xüsusi
əhəmiyyət kəsb edir. Bədii təfəkkür dil normaları ilə həmişə möhkəm
əlaqədədir, etnik-tarixi təkamül dildə izlər buraxır ki, bu da həmin
ədəbiyyatın inkişafı üçün qida mənbəyidir; üslublar, təsvir
vasitələri janrlarla sıx bağlıdır, dil üslubları ilə ədəbi məktəblər,
fəlsəfi-estetik konseptualar, yaradıcılıq metodları daim qarşılıqlı-şərtləndirici
münasibətdə olur və s.
Buna görə də doktor Cavad Heyətin öz kitabını “Azəri türkcəsinin
tarixçəsi” adlı bölmə ilə başlaması elmi-metodoloji baxımdan özünü
tamamilə doğruldur. Kitabın tarixi-mədəni dəyərini bütün şəffaflığı
ilə göstərən müqəddimədə doktor Həmid Nitqi də həmin vəziyyəti
lazımi qədər açıqlayır. O göstərir ki, ədəbiyyatımızla ana dilimizin
talehi həmişə üst-üstə düşüb, bu tale daim eyni bucaq altından
görünüb, “düşmənlərimiz və düşmənlərimizin dostları” ədəbiyyatımızı
danmağı dilimizi danmaqdan başlayıblar.
Nəşr etdiyi jurnal kimi, Cavad Heyətin bu əsəri də İran İslam
İnqilabının bəhrəsidir. Müqəddimədə deyildiyi kimi, şah rejimi
dövründə iranlılıqla farslıq eyniləşdirilmiş, bu da şovinizmə
gətirmiş, nəticədə İranı ana vətəni və öz dövləti bilən başqa
xalqları incik salmışdır. Bu gün İmam Xomeyni inqilabının siyasəti
İrandakı müxtəlif xalqların, o cümlədən azərbaycanlıların maarif və
mədəniyyətinin inkişaf yoluna işıq salır.
Bəli, ədəbiyyatın təhlilinə onun maddi-material əsası olan dilinin
tədqiqindən başlamaq yalnız elmi ədalət kimi qəbul olunmalıdır.
Əlbəttə, doktor Cavad Heyətin dil konsepsiyası ilə biz nə dərəcədə
razılaşırıq və ya razılaşmırıq – bu, başqa məsələdir. Ancaq müəllif
bu məsələ ilə bağlı baxışlardan birinə söykənir və ədəbi təhlilinə
keçmək üçün dil zəminini hazırlayır; bu dil o torpağın mənəvi
sakinlərindən biridir və bunda tarixən zəngin ədəbiyyat yaranıb.
Çox maraqlıdır ki, müəllif ədəbiyyatımızın tarixinə farsdilli
Azərbaycan ədəbiyyatının təqdimindən – Xaqani Şirvani və Nizami
Gəncəvidən başlayır. Ancaq biz istərdik ki, ədəbiyyatımızın
başlanğıcı kimi bir əsr əvvələ gedilsin və maddi-yazılı mənbə kimi
“Dədə Qorqud” kitabı götürülsün. Hələ 30 il əvvəl mərhum akademik H.
Araslı yazırdı ki, əlimizdə olan “Dədə Qorqud” kitabı XI əsrdə
yazıya alınmış nüsxədən köçürülmüşdür. Onun fikrini Drezden
nüsxəsinin sonunda “qəmmət” sözünün altında uyğur yazı üsulu ilə
yazılmış 466 rəqəmi də təsdiqləyir (miladi 1074-cü il). (Sonralar Ş.
Cəmşidov, T. Hacıyev, F. Ələmdari də həmin rəqəmləri maddi tarix
kimi təqdim etməyi gerçəklik saymışlar).
Nizami Gəncəvi ilə bağlı fakt və mülahizələr həm elmi məzmunu, həm
də tarixiliyə münasibəti ilə bizi razı salır. Qırmızı imperiyanın
İranda Nizamiyə qoyduğu ögey münasibətin mövcudluğu barədə bizə
təlqin etmiş olduğu fikri bu tədqiqat alt-üst edir. Aydın olur ki,
sosializm İranda yaşayan xalqlar arasına nifaq salmaq yolu ilə
“qonşuluq” işi görmüş.
Tədqiqatda Şərq ədəbiyyatı tarixi üçün doğma olan təzkirəçilik üsulu
ilə müasir ensiklopediya üslubu birləşir. Tarixi xronoloji
ardıcıllıqla Azərbaycan ədəbiyyatının tarixi mənzərəsini təşkil edən
ədəbi şəxsiyyətlər, görkəmli söz ustaları haqqında yığcam məlumatlar
və onların əsərlərindən nümunələr verilir. Məlumatlardakı yığcamlıq
ədəbi şəxsiyyətlər haqqında alınan təsəvvürün bütövlüyünə və
aydınlığına xələl gətirmir. Müəllif şairlər və onların yaradıcılığı
haqqında ən mühüm cəhətləri ön plana çəkir; bu ümdə və yığcam
xüsusiyyətlərin qavranması ilə konkret ədəbi simalar, seçmə bədii
əsərlər və onları hazırlayan müvafiq tarix öz məxsusi şəraiti ilə
yadda qalır. Bu, məhz ensiklopedik yazı keyfiyyətidir. Hətta bəzən
elmi-ensiklopedik təsvir üsulu sözün həqiqi mənasında ensiklopediya
oçerki ilə əvəz olunur; bir şəxsiyyət barəsində ancaq üç-beş sətir
məlumat verilir. Tərzi Əfşar, Dəruni, Vahidi, Seyid Fəttah Marağayi,
Nəşə Təbrizi və daha bir çox başqaları barəsindəki yazılarda olduğu
kimi. Məsələn, İkinci Şah Abbas haqqında yazılır: «1642–1666-cı
illər arasında səltənət edən İkinci Şah Abbas türkcə və farsca
şeirlər yazmış və “Sani” təxəllüsü ilə tanınmışdır. Bu şair-padşah
İsfahanda bir çox tarixi binalar tikdirmiş, alim və şairləri himayə
etmişdir» vəssalam. Biz İkinci Şah Abbasın sənət sahiblərinə
humanist, qayğıkeş münasibətini bilirdik, şairliyindən xəbərimiz yox
idi. İndi aydın olur ki, elmə, sənətə himayəçiliyi şahın bədii
təfəkkür sahibi olmasından irəli gəlirmiş, yaradıcı yaradıcının
qədrini bilər (məşhur el məsəlində deyildiyi kimi: zər qədrini
zərgər bilər). Şahın sənətə və sənətkarlara demokratik münasibəti
buradan qidalanırmış. Beləliklə, bu müxtəsər məlumat şair-hökmdarın
ədəbi şəxsiyyəti haqqında lazımi sözü deyir: uzun tarixə malik,
zəngin Azərbaycan ədəbiyyatına müxtəsər baxışdan ibarət olan bu
yığcam kitabda İkinci Şah Abbasın şair kimi məhz bu qədər payı ola
bilərdi.
Bəzən sənətkarlar barəsindəki məlumatlarda sanki tənasübsüzlük
görünür, şəxsiyyətin tarixi mövqeyi ilə yaradıcılığı haqqındakı yazı
arasında uyğunsuzluq özünü göstərir. Məsələn, XIV əsr şairi Qazi
Zərir haqqında divan ədəbiyyatının görkəmli nümayəndəsi Qazi
Bürhanəddindən 5 dəfə artıq məlumat verilir, yaxud həmin şəxsin
təqdimində Nəsimi kimi nəhəng sima ilə müqayisədə bir dəfə yarım çox
yer tutur. Təvsi Təbriziyə 2 səhifə, onun müasiri Murtuza Quluxan
Zəfərə 6 səhifə yer ayrılır və s. — müvafiq faktları yenə sadalamaq
olar. Ancaq, əslində, Cavad Heyətin sənətkarlara ayırdığı yer
nisbətində bir qanunauyğunluq vardır: müəllif belə bir məntiq
izləyir ki, indiyə qədər haqqında lazımınca yazılmış, elmi
ictimaiyyətə kifayət qədər mə’lumat olan ədəbi simalardan müxtəsər
danışsın, az mə’lumat olan, yaxud heç tanınmayan kəslərə isə geniş
yer ayırsın, onları tanıtsın. Yoxsa, Nizami Gəncəvi kimi tarixi
nəhəngə kitabda 4 səhifə yer verilməsi təəccüb doğurardı. Bu
baxımdan XIX əsr Azərbaycan mərsiyə ədəbiyyatının tədqiqi xüsusilə
diqqətəlayiqdir.
XIX əsr bizə yaxın və nisbətən daha mə’lumat sayılsa da, əslində,
doktor Cavad Heyət bizim üçün namə’lumat ədəbiyyatdan danışır.
Dəxil Marağayi, Mirzə Əbülhəsən Raci, Mirzə Məhəmməd Tağı Qumri,
Rza Sərraf və s. kimi görkəmli söz ustalarının tədqiqi, öyrənilməsi
sovet Azərbaycanında qadağan olunmuşdu. Bu, ölkəmizdə dinin qadağan
edilməsi ilə bağlı idi. Belə sənətkarlara din təbliğatçısı damğası
vurularaq, onların yaradıcılığının nəinki araşdırılması, hətta
oxunması da təhlükə ilə izlənirdi. “Mərsiyə ədəbiyyatı” adı ilə
haqqında danışılan, əsərlərindən nümunələr verilən belə sənətkarlar
bizim oxuculara — Azərbaycan Respublikasının oxucularına layiqincə
tanıtdırılır.
Üstünə marksist-leninçi ideologiyanın “mürtəcə ədəbiyyat”, “zəif
ədəbiyyat” möhürü vurulmuş bu əsərlər bədii kamilliyi, ifadə
gözəlliyi, obraz təravəti ilə diqqətimizi cəlb edir. Kərbəla meydanı
haqqında Dəxilin bu təşbehlərinə diqqət yetirək: Xiyabanın gülləri
matəm əhlinin sinəsi kimi yarıq (cak), çeşmə kənarının yaşıllığı
həsrət gözü kimi təmli, reylənləri yetim zülfü kimi tozlu (qübarəlüt),
sərvləri əsrlərin ahı kimi qüssəli (ahın göyə qalxması ilə sərvin
boyu arasındakı paralelliyə diqqət yetirin), gəncləri məvzun aşiq
kimi qan ağlayan, sünbülləri matəm gözlü qadınların saçı kimi
tar-mar və s. Bu ifadələr Füzulinin, Sabirin poeziyasındakı dilin
poetikliyi ilə müqayisə oluna bilər. “Bəs ki, qismindən olub al qan
rəvan, Kuhu səhranı edib dəryayi- qan” obrazını Füzulinin dahiyanə “Səhralərə düşsə qətrəyi-əb...Səhralər olurdu cümlə dərya”
mübaliğəsinə qiyas etmək olar. Sərrafın “Gülşəni-cismində xəncər
yarəsi gül- gül açıb, Ox o gül- gül yarələr üstündə xoş sünbül açıb”
misralarında Füzulinin “Çəkdi Məcnun ayağın badiyədən, leyk verir
Qanlı güllər ayağından çəkilən xar hənüz” misralarındakı obraz-ifadənin
ilahi mənzərəsi nəfəsə gəlir, canlanır. Yenə Sərrafın bu
misralarında — Əli Əkbərin anası ilə vida səhnəsində, bir tərəfdən
dilin gözəlliyi, ifadələrin rəvanlığı insanı riqqətə gətirirsə, o
biri tərəfdən, belə müqəddəs ölüm — şəhidlik yolunun Allahın
dərgahına aparması kimi təsəvvür fəlsəfəsinin açıq və dolğun
poetikliklə verilməsi diqqətimizi cəlb edir:
İçmərəm su, kədərəm məclisi-çananə susuz,
Ciddi cəhdim
budurr: imdi,
boyanam qanə susuz.
Bağlanıb su yolu, səd şükr açıqdır rəhi-eşq...
Bu rəhi-eşq Allaha aparan yoldur, belə ölüm din düşməni üzərində
qələbədir — bu əqidə bundan poetik, bundan dürüst, bundan açıq,
bundan tə’sirli ifadə oluna bilməzdi.
Ana — Həzrət Fatimə oğlu İmam Hüseynin ölümü şəninə bu şe’ri deyir:
Ey huri-eynəm, mənzil mübarək,
Bikas Hüseynim, mənzil mübarək.
Dur,
bir anana “xoş gəldin” eylə,
Ey huri-eynəm, mənzil mübarək.
Bu hiss bizə — Sovet Azərbaycanında tə’lim-tərbiyə görmüş oxuculara
yad gəlir — ana öz oğlunun ölümünə “mübarək” deyir: islam insanlara
din yolunda, Allah yolunda, inam, iman, əqidə uğrunda ölümün
müqəddəs, mübarək simasını təlqin edib. Bu gün vətənimizin,
torpağımızın yolunda ölümə hamımız ürəklə getmirik — bu ölümün
müqəddəs ölüm olduğunu, şəhidlik olduğunu, şəhidliyin mübarək
olduğunu bilmirik. Ona görə indi vətənimiz ağlar gündədir — bizi bu
ədəbiyyatdan “qoruyublar”, biz şəhidlik dərsindən savadsız qalmışıq.
Belə poetik incilərdən xəbərsiz olmuşuq.
Kitabda bu ədəbiyyat haqqında, onun bədii və tarixi dəyəri barəsində
bütöv və aydın təsəvvür yaradılır.
Bununla yanaşı, satirik ədəbiyyat, dramaturgiya və mətbuat haqqında
olduqca müxtəsər mə’lumat verilir. Əlbəttə, Azərbaycan ədəbiyyatının
bu növü bizdə aranıb və inkişaf etdiyi üçün onun haqqında bizim
təsəvvürümüz kitabdakından qat-qat yüksəkdir. Ancaq nəzərə alanda
ki, müəllifin məqsədi Şimal ədəbiyyatı haqqında İran
azərbaycanlılarına mə’lumat verməkdir, bu ölçü özünü doğruldur.
Təbii ki, gələcək nəslin ədəbiyyatşünası doktor Cavad Heyətin işini
davam etdirərək, bu ədəbiyyatın tərcüməyi-halını Cənub üçün də
mükəmməl və təfərrüatlı şəkildə yazdırılacaqdır.
Spesifik təhlil mədəniyyəti, xeyli yeni faktlar təqdim etməsi ilə
qiymətli olan “Azərbaycan ədəbiyyatına bir baxış” kitabının müəllifi
bütün müsbət cəhətləri ilə yanaşı, eyni vaxtda iki mühüm iş də
görür:
1. Cənubda lazımınca tanınan, bizim az tanıdıqlarımızı, ya heç
tanımadıqlarımızı bizə təqdim edir;
2. Burada yetişib ucalanları cənublulara tanıdır.
Bə’zi qeydlər də etmək olar. Ancaq müəllifin xoş milli-mədəni
qələmi, məramı, kitabın əvəzsiz tarixi dəyəri bu qeydlərin yolunu
kəsir.
Adətən biz deyirik: “M.F.Axundov 1878-də öldü”. Cavad Heyət isə
deyir: “M.F.Axundov 1878-də ürək xəstəliyindən ölür”. Çünki Cavad
Heyət həkimdir. O yaxşı bilir ki, Azərbaycan xalqının tarixi taleyi
ilə, onun maarif, mədəniyyət, elm və texnika inkişafı ilə bağlı
acılar, əndişələr yığılıb bütün ağırlığını Mirzə Fətəlinin ürəyinə
salmışdı. Həkim-filoloq Cavad Heyət bilir ki, xalqın, vətənin
dərdlərinə dərman üçün ürək nə deməkdir. Ədəbiyyatımızın,
mədəniyyətimizin çəfasını yenə də çəkmək üçün, Qarabağ yaralılarının
yaralarına şəfa verən barmaqlarını qüvvətlə tə’min etmək üçün doktor
Cavad Heyətə sağlam, dözümlü ürək arzulayırıq. Onu qabaqda çox işlər
gözləyir.
<< Geri
|