Ya rəb, bu qaranlıq gecənin yoxmu sabahı?
Nur istəyirik, sən bizə
yanğınını verirsən?!
M. AKİF
Sayın Süleyman Dəmirəl Həzrətləri!
Türkiyə Cümhur rəisi!
Sizi bu məşğul günlərinizdə narahat etdiyim üçün üzr diləyirəm. Bu
cəsarəti Sizi 50 ildən bəri, yəni tələbəlik zamanından tanıdığımdan və
Sizdə insani, milli və dini duyğuların güclü olduğunu bildiyimdən və
eyni zamanda təcrübəli, bəsirətli bir dövlət rəisi olduğunuzdan alıram.
Müsəlman azəri qardaşlarınızın faciəli vəziyyətini və tarixi düşmənləri
arasında yalqız, kimsəsiz qaldıqlarını açıqlamağı lazım görmürəm.
Bosniyada dindaşlarımıza edilən serb-xorvat zülm və təcavüzünə ürəyimiz
sızlarkən, uzaqda olduğumuz üçün təsirli bir yardım edə
bilmədiyimizdən vicdan əzabı çəkirik. Bunun acısını duyarkən lap
yanımızda, gözümüzün önündə azəri qardaşlarımızın daha acı və daha
qorxunc fəlakətinə şərik oluruq.
Bu gün Arazın quzeyindəki dindaş və
soydaşlarımız, yəni qardaşlarımız tarixdə az rastlaşdığımız bir faciə
və soyqırımına (qətliam) məruz qalmışlar, həm də böyük bir millət və
ya güclü bir dövlət tərəfindən deyil, bütün tarix boyu himayəmiz altında
yaşayan və ədalətimiz sayəsində bütün insani haqlardan faydalanan
ermənilər tərəfindən! Təbiidir ki, onların belə bir azğınlıq və cinayətə
təşəbbüs və cəsarət göstər-mələrinə səbəb bütün müsəlmanların, ələlxüsus,
türklərin düşmənləri olan bugünkü böyük dövlətlərin dəstəkləri və
yardımları olmuşdur. Fəqət, səbəb nə olursa
olsun, durum meydandadır. Ermənilər ən modern silahlarla azəri
qardaşlarımızın vətəninə hücum edib, insanları böyük-kiçik., qadın-kişi
demədən fəciəvi şəkildə öldürür, evlərini, yurdlarını da dağıdıb talan
edib və 5 ildən bəri davam edən bu təcavüz və qətliamlar son zamanlarda
daha da şiddətlənmişdir.
Bu durum qarşısında bütün dünya əfkari-ümumiyyəsi susur və Birləşmiş
Millətlər Təşkilatı özünü bilməməzliyə vurur. İnsan haqlarını
qoruyanlar da heç bir etiraz etmirlər. Dünyanın yeni düzənində özünü
güclü görən və özünü demokratiyanın yaradıcısı və müdafiəçisi kimi
göstərən və istədiyini hər yerdə istədiyi şəkildə həyata keçirə bilən
Amerika da erməni lobbisinin təsiri altındadır, təcavüzkar ermənilərə
yardım etməkdədir və tarixdəki səlib savaşları yenidən canlandırmaqdadır
(Rəsmi qaynaqlardan gələn xəbərə görə, ermənilər Azərbaycanın quzey
qismi Qazax-Gəncəyə hücum etməyə hazırlaşır və yaxınlarda Gəncəyə hücum
etmək niyyətindədirlər).
Belə bir durum qarşısında müsəlman dünyasının, türklərin, Türkiyə və
İran İslam Cümhuriyyətinin və uluslarımızın vəzifə və məsuliyyətləri nə
ola bilər?
Bu məzlum, silahsız, ordusuz və əsarətdən yenicə çıxmış qardaşlarımızı
yalqızmı buraxmalıyıq? Erməni- daşnak ordusunun onların yurdlarına
həyasızcasına təcavüzünə, qadın və kişilərini, qoca və uşaqlarını
acımadan öldürmələrinə tamaşaçımı qalacağıq? Bu, bizlərin şərəfinə,
türklüyə və müsəlmanlığa, nəhayət, insanlığa yaraşarmı? Bu, bizim şanlı
tariximizə sığarmı?
Aldığımız xəbərə görə, əfqan müsəlmanlarından 2500 nəfər ermənilərə
qarşı savaşmaq üçün Azərbaycana getmişdir. Bu gözəl və ümidverici
hadisə qəlbimizə ümid işığı saçdığı halda, üzüntümüzü də artırmaqdadır.
Çünki bu günə qədər bizlərdən könüllü də olsa, kimsə qardaşlarımızın
döyüş cəbhələrinə gedə bilməmişdir.
Əcəba, bizlər azərilərə əfqanlılardan uzaqmıyıq? Yaxud, daha
mədəniləşdiyimiz üçünmü belə soyuqqanlı olduq?
Sayın Cümhur Rəisi, lütfən, məni əfv edin, bu sətirləri göz yaşlarımın
qabağını ala bilmədən yazıram. Və bu anda Allah-taaladan xalqımıza
qurtuluş, ya da özümə ölüm istəyirəm. “Əl-mövt xeyrun min rüku billari”,
yəni Ölüm zillət çəkməkdən yaxşıdır (İmam Hüseynin (ə) aşura günü
Kərbəla meydanında şəhid olmazdan qabaq söylədiyi cümlələrdən).
Biz tarix boyu izzət və şərəflə yaşadıq və zamanı gəldikdə ölümü zillətə
tərcih verdik. Ona görə də mən bu günlərimizi xalqımız üçün yaşamaq
saymıram.
Bu gün mənim əlimdəki qələm-kağız və quru nəfəsimdən başqa bir şeyim
yoxdur. Onları da məzlum xalqımızın yolunda sevə-sevə verməyə razıyam.
Bilirəm ki, bu gün xalqımın qələmdən çox süngüyə ehtiyacı vardır.
Altın qələm sahibi Adsızın Mussoliniyə xitabən yazdığı şeirini:
Qələm, fırça nədir? Birər oyuncaq,
Şah əsərlər süngülərlə yazılır ancaq!
Sanki bizim bu günümüz üçün söyləmişdir.
Belə bir durumda istər-istəməz bu suallar qarşısında qalıram: Əcəba, bu
gün bizdə bir Səlahəddin Əyyubi yoxdurmu? Biz Səlcuqluların övladları
deyilikmi? Əcəba, Nuri Paşa, Əli Ehsan Paşa və Ənvər Paşaların nəsli
qurumuşmu?
Bildiyiniz kimi, 1918-ci ildə çarist erməni qoşunu Türkiyəyə gəlmək
məqsədi ilə Bakını işğal etmiş, sonra “Azərilər aradakı körpü və yolları
dağıtdılar”, - deyə onları qırmağa başlamışdır. O zaman Osmanlı dövləti
məğlub olmuş, bölünmə və dağılma ərəfəsində qalmışdı.
Belə bir böhranlı vəziyyətdə mərd, igid bir türk generalı olan Nuri Paşa
komandanlıq etdiyi türk əsgərləri ilə islam ordusu adına azəri
könüllüləri ilə birlikdə Azərbaycana yürüdü və Bakını, bakılı
qardaşlarını erməni istila və soyqırımından qurtardı.
Bu gün Türkiyənin vəziyyəti hər baxımdan Osmanlı dövlətitnin 1918-ci il
dövründən güclüdür. Daxildə kürd məsələsinin olduğunu bilirik və buna
qarşı çox üzüntü duyuruq. Fəqət, bu və ya hər hansı başqa bir məsələ
Türkiyənin və türk millətinin gücünü tükəndirib məsuliyyətini aradan
qaldıra bilməz. İranda Pəhləvi rejiminin qalıqlarından olan bəzi qatı
ariyapərəst millətçilər və irqçilər islamın və türklüyün əleyhinə olduqlarından,
dinsiz, təcavüzkar erməniləri müsəlman azərilərdən üstün tuturlar.
Bunlar hökumət və cəmiyyət içində məzlum azərbaycanlıların əleyhinə
mənfi təəssürat yaradırlar. Amma Türkiyədə vəziyyət bunun tam
tərsinədir. Oradakı millətçilər bu acı və qeyri-insani hiss və
mülahizələri təlafı etməlidirlər. Əcəba, onlar nə üçün susurlar,
müsəlman soydaşlarının soyqırımına necə göz yumurlar? Onlardamı
diplomatik mahzurları düşünürlər? İcazə versəniz, zati alilərinizə
xatırladım ki, Azərbaycanın son zamanlarda düşdüyü vəziyyətə Türkiyənin
türkçü ziyalılarının qeyri-müstəqim də olsa, soyuq təsiri olmuşdur.
Buna görə, Sizin yaxşı bildiyiniz daha başqa səbəblərə görə Türkiyə
dövlətinin və millətinin bugünkü məsuliyyəti çox böyükdür.
İran İslam Cümhuriyyəti xüsusilə son zamanlarda humanitar yardım
göstərməkdədir. Biz hökumətimizdən daha fəal davranmasını gözləyirik.
Fəqət, qarşımızda da, duran və bəhanə arayan Amerikanı və həmfikirlərini
də nəzərə almaq məcburiyyətindəyik. Buna görə də daha başqa səbəblərə
görə hökumətimizdən bundan artıq bir iş uma bilmərik.
Sayın başkan, mən diplomat və siyasət adamı deyiləm. Mənim bütün
həyatım elm və həkimlikdə keçmişdir. Fəqət, heç bir zaman insanlığın
acılarını unutmadığım kimi, məmləkətim, millətim, dindaşlarım və soydaşlarımın
qayğı və kədərlərindən kənarda da qalmadım. Və onlardan ayrı
yaşamadım. Arazın quzeyindəki qardaşlarımız məni azərilərin ağsaqqalı
bilirlər. Mən özümü bu şərəfli ada layiq görmürəm, amma onların mənə
olan güvənci və bugünkü ağır və fəci durumlarını göz önünə alaraq bir
azəri ağsaqqalı kimi zati alinizdən xahiş edirəm:
1. Hər şeyə rəğmən təcrübəli və bəsirətli dövlət rəisi, millət lideri və
haqsevən bir insan kimi ciddi ölüm təhlükəsində qalan məzlum azəri
qardaşlarımızın yardımına qalxın.
2. Azərilər İran və Türkiyə millətlərinin dindaş, soydaş və qardaş
qonşularıdır. Ora dünənə qədər İran da daxil olaraq böyük bir dövlət
olmuş və rus-erməni təcavüzü qarşısında hər zaman öz xalqı ilə birlikdə
İran və Türkiyə tərəfindən dəstəklənmiş və qorunmuşdur. Bu gün də
onların hər zamandan daha artıq İran və Türkiyənin ciddi və hərtərəfli
yardımlarına ehtiyacları vardır. Ona görə də gözləyirik ki, iki qardaş
dövlət və millətlər üçüncü qardaşına yardım etsin və böyük dövlətlərin
silahları ilə təpədən dırnağadək silahlanmış ermənilər qarşısında
müdafiə edib soyqırımına mane olsunlar.
3. Türkiyə dövlətinin xaricdə və daxildə bir sıra çətinlikləri varsa da,
türk millətinin, aydınlarının, xüsusən türk millətçilərinin gözləri
önündə qardaşlarının faciəli şəkildə və həqarətlə soyqırımına seyrçi
qalmaları bağışlanılmaz bir günahdır. Bu türklüyə, müsəlmanlığa və
insanlığa yaraşmayan bir laqeydlik və azərilərin təbirincə,
qeyrətsizlikdir. Türklərin xarakteri igidlik, mərdlik, comərdlik,
qorxmazlıq və məzlumların fəryadına
çatmaqdır. Türklər dünyada buna görə şöhrət qazanmışlar. Bu gün
ümumdünya əfkarı və məzlum azəri qar- daşlarınız hər yerdən və hər
kəsdən çox türk millətçilərindən və millətindən və İrandan yardım
gözləyirlər. Bugünkü davranışımız sabahkı mövqeyimizə, heysiyyətimizə
və tariximizə sima və dəyər verəcəkdir. Bütün bunları göz önünə alaraq,
türk millətinin və soydaşlarına daha güclü şəkildə bağlı olan millətçi
qrupların azərilərin səsinə səs vermələrini, hər vasitə ilə yardımına
qoşulmalarını gözləyirik. Azərbaycan xalqı dünyanın ən igid, comərd, çalışqan və anlayışlı
xalqlarındandır. Tarixin faciəsi onları parçalamış, bizdən ayırmış, rus
istilası və kommunist istibdadı onu bugünkü erməni cinayətlərinə qurban
vermişdir. Fəqət, onlar qırmızı rus boyunduruğu altında yaşadığı zaman
belə bu qədər ağır duruma düşməmişlər. Və soyqırımına məruz qalmamışlar.
Təəssüf ki, yenicə istiqlal və hürriyyətə qovuşduqdan sonra bir gün
rahat nəfəs almamışlar. Üstəlik əmniyyətlərini, dolanışıqlarını, yurd-yuvalarını
və hətta canlarını da itirməkdədirlər. Əcəba, bu daima davam edən ölüm
təhlükəsindən qurtulmaq üçün nə etsinlər. Təkrar rus boyunduru- ğunamı
girsinlər, təbii ki, buna nə özləri, nə Türkiyə, nə də İran, xüsusi ilə
bizlər təhəmmül edə bilmərik. Bu halda vaxt keçirmədən onların yardımına
gedək və qardaşlarımızı bu zülm, yanğın və qırğından qurtaraq, öz şərəf
və heysiyyətimizi də qoruyaq.
Səsimizə səs verəcəyinizə ümidli və əminəm. İranlı azəri qardaşlarınız
adından, hörmətimi bildirirəm.
Doktor Cavad Heyət
Paris Cərrahlıq Akademiyasının üzvü və Azad İslam Universiteti
Cərrahiyyə şöbəsinin rəisi.
"Varlıq" toplusunun təsisçisi və baş redaktoru.
Tehran, 21 noyabr 1993