E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

1918-ci il mayın 28-də Milli İslam Şurası Tiflisdə ölkəmizin müstəqil dövlət elan edilməsi haqqında “İstiqlal bəyannaməsi”ni qəbul etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının birinci müvəqqəti hökumətinin tərkibini təsdiq etmişdir. Həmin qərara əsasən, Fətəli Xan Xoyski Nazirlər Şurasının sədri və daxili işlər, Xosrov Paşa bəy Sultanov hərbi nazir təsdiq edilmişlər. Xosrov Paşa bəy Sultanovun birinci müvəqqəti hökumətdə hərbi nazir vəzifəsinə təsdiq olunmasına baxmayaraq, o zaman Azərbaycan Milli Ordusunu yaratmaq mümkün olmur. Nazirlər Şurası kabineti müvəqqəti olmaqla, mühacirətdə -Tiflis şəhərində yaradılmışdı.

Bakıda isə bolşevik Rusiyasının göndərdiyi daşnak S.Şaumyanın rəhbərliyi ilə azərbaycanlılara qarşı əsl soyqırımı həyata keçirildiyinə görə ilk milli hökumət Bakıya gələ bilməmiş, yalnız 16 iyun 1918-ci ildə Gəncə şəhərində fəaliyyətə başlamışdı. 4 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyə ilə imzaladığı “Dostluq və əməkdaşlıq haqında müqavilə”nin IV maddəsinə əsasən, Azərbaycan hökumətinə ölkədə qayda-qanunu və təhlükəsizliyi təmin etmək üçün, lazım gələrsə, hərbi güclə kömək etməyi öhdəsinə görütmüşdü.

Məlum olduğu kimi, Çar Rusiyası dövründə azərbaycanlılar, ümumiyyətlə müsəlmanlar ordu sıralarına çağrılmırdılar. Lakin ayrı-ayrı azərbaycanlılar, əsasən, varlı sinfin nümayəndələri, bəy nəslindən olanlar, tək-tək hallarda isə xüsusi istedadlılar hərbi məktəbləri bitirib zabit kimi çar ordusunda xidmət edirdilər. Hətta onlardan general rütbəsinə yüksələnlər də olurdu. Ümummilli lider Heydər Əliyev bu gerçəkliyi nəzərə alaraq demişdir: “Çar Rusiyasının ordusunda azərbaycanlılar, müsəlmanlar xidmət etmədikləri halda Azərbaycan oğulları rus ordusunun yüksək səviyyəli hərbi məktəblərini bitirib, döyüşlərdə böyük peşəkarlıq, qəhrəmanlıq nümunələri göstərib, general rütbələri alıb, yüksək ordenlərlə təltif ediliblərsə, bunlar Azərbaycan xalqının, oğullarının nəyə qadir olduğunu göstərir. Bunlar tariximizin sovet dövründə unudulmuş səhifələrdir, faktlardır. Ancaq biz bu gün tariximizi bərpa edərkən bunların hamısını öyrənməliyik və xalqımız bunu bilməlidir”.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə “Müsəlman korpusu”nu “Əlahiddə Azərbaycan korpusu” adlandırmaq qərara alınmışdı. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü haqqında” 22 may 1998-ci il tarixli fərmanına əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə “Əlahiddə Azərbaycan Korpusu”nun təşkil olunduğu əsas götürülərək hər ilin 26 iyununu Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günü kimi qeyd etmək qərara alınmışdır.

Ulu öndər Heydər Əliyev sonralar bu haqda demişdi: “Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tamam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin– ölkəmizin müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, ordusu günü elan etmişik”.

Azərbaycan Xalq Cümhuriyyətinin Müvəqqəti hökuməti 11 iyul 1918-ci ildə “1894-1899-cu illərdə anadan olmuş Məhəmməd dininə sitayiş edənlərin ordu sıralarına çağrılması haqda qərar” qəbul etmişdi. Qərarın birinci bəndinə əsasən, 1894, 1895, 1896, 1897, 1898 və 1899-cu illərdə anadan olmuş (19-24 yaşlılar) Azərbaycan Xalq Cümhuriyyətinin Məhəmməd dininə sitayiş edən bütün vətəndaşları Milli Orduya çağrılmışdılar.

Yeni yaranmış Əlahiddə Azərbaycan Korpusunda hərbi nizam-intizamı və döyüş qabiliyyətini möhkəmlətdirmək məqsədi ilə Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli daha bir qərarı ilə Azərbaycan korpusunun komandiri yanında diviziya rəisi hüququnda xüsusi tapşırıqlar üzrə general vəzifəsi təsis edilmişdi. Müvəqqəti hökumətin 3 iyul 1918-ci il tarixli qərarı ilə hərbi mükəlləfiyyətə çağırış yaşı tam 19 yaş müəyyən edilmişdi. Əlahiddə Azərbaycan Korpusunun hərbi rütbələr, ordenlə təltif olunma və s. haqda təqdimatlarını Nazirlər Şurasının sədri təsdiq etməli idi.

Azərbaycan Xalq Cümhuriyyəti Müvəqqəti hökumətinin 19 iyul 1918-ci il tarixli qərarı ilə ölkədəki qarışıqlıq və yaranmış fövqəladə vəziyyət hallarını nəzərə alaraq, bütün Azərbaycanda hərbi vəziyyət elan olunmuş və daxili işlər nazirinə Qafqaz İsalm Ordusunun baş komandanı ilə razılaşdırmaqla, müvafiq qərar qəbul etməsi tapşırılmışdı.

15 sentyabr 1918-ci ildə çıxmış “Azərbaycan” qəzetinin ilk sayında hərbi xidmətə çağırışın müvəffəqiyyətlə aparılması haqda məlumat dərc edilmişdi. Məlumatda göstərilrdi ki, əyalətlərdə ordu sıralarına çağırış müvəffəqiyyətlə həyata keçirilir. Bakıya yaxın kəndlərin bütün döyüş qabiliyyətli kişiləri cəbhəyə getmişlər. Nuxa, Ərəş uyezdlərindən orduya çağırılanlar isə artıq Bakı ətrafı döyüşlərdə iştirak edirlər. Qəzetin 16 oktyabr 1918-ci il tarixli sayında isə hərbi xidmətə çağırışın təşkili və gedişi barədə baş məqalə də dərc edilmişdi.

Nazirlər Şurasının 29 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakıda üç hərbi məktəbin açılması üçün 50 000 rubl vəsait ayrılmışdı. 1 noyabr 1918-ci il tarixli qərarla isə hökumət yanında Hərbi Nazirlik təşkil olunmuş, Nazirlər Şurasının sədri nazir, general S.S.Mehmandarov isə ona yoldaş (müavin – İ.A) təyin edilmişdi. 7 noyabr 1918-ci ildə isə S.S.Mehmandarov özünün hərbi nazirin müavini təyin edilməsi haqda 1 nömrəli əmr vermişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin milli hərbi kadrlarının hazırlığına xüsusi diqqət yetirilirdi. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin 1-ci sayında Gəncə kiçik praporşiklər məktəbinin buraxılışı haqda məqalə dərc edilmişdi. Məqalədə göstərilirdi ki, bu məktəbdə 250 nəfər gənc oxuyur. Kursun sonunda kiçik praporşiklər 6 ay xidmətdən sonra zabit olmuşdular. Məktəb cəmisi 4 ay fəaliyyət göstərmiş və bu dövrdə əhəmiyyətli nailiyyətlər qazanmışdı. Tədrisin təşkili işi məşhur zabit-pedaqoq Atif bəyə tapşırılmışdı və o, məktəbin faktiki yaradıcısı idi. Hərbi xidmətə çağırışın elan olunmasına baxmayaraq, gənclər böyük həvəslə bu məktəbə daxil olmağa cəhd edirdilər.

26 oktyabrda məktəbdə oxuyanların birinci buraxılış imtahanı olmuşdu. Bununla əlaqədar Bakıdan hökumətin bir çox vəzifəli şəxsləri, qoşun növlərinin nümayəndələri, fəxri qonaqlar, o, cümlədən Qafqaz İslam Ordusunun baş komandanı Nuru Paşanın atası Hacı Əhməd Paşa, Qafqaz İslam Ordusunun komandanı general-leytenant Əliağa Şıxlinski və Nazim bəy, xalq maarif naziri Nəsib bəy Yusifbəyov, daxili işlər nazirinin nümayəndəsi Mehdi bəy Hacınski, səhəri gün isə İranın baş konsulu İsmayıl xan və başqaları məktəbə gəlmişdilər. Qonaqları Gəncə qubernatoru İbrahim bəy Vəkilov, şəhər idarəsinin rəisi Ələsgər bəy Xasməmmədov, məktəbin rəisi Atif bəy, şəhərin komendantı Salman Fəhmi və başqaları qarşılamışdılar. Onları fəxri qarovul dəstəsinin rəisi salamlamışdı. Qonaqların şərəfinə həmin gün ziyafət də verilmişdi.

Hərbi təlimin keçirilməsi üçün əvvəlcədən səngərlər qazılmış, maneələr qoyulmuş, bir sözlə, hərbi təlimin keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Təlim yerində çoxsaylı xalq kütlələri toplaşmışdı. Hamıda bayram əhval-ruhiyyəsi vardı. Məqalədə daha sonra göstərilirdi ki, Əli Paşa sıraya düzülmüş yunkerlərə yaxınlaşaraq onları salamlamışdı. 200 nəfər gənc onun “salam”ına cavab olaraq, “Salam-əleyküm” cavabı vermişdi. Rəsmi salamlaşmadan sonra, rəhbər heyətin təqdim edilməsi, sıra təlimi, hərbi əməliyyatlarda təcili tədbirlər, müxtəlif məsafələrdən odlu silahdan atəş açılması, qumbara atmaq, hərbi gimnastika, səngərdən bomba atmaq, bayraqlarla işarə vermək, raport vermək, manevr etmək və s. 18 proqram üzrə təlim keçirilmişdi.

Sonra isə məzunlardan buraxılış imtahanı götürülmüşdü. İmtahan səhər saat 8-dən günorta 2-yə qədər davam etmişdi. Lakin heç kəs yorulmaq bilmirdi. Gənc kursantların müvəffəqiyyətləri ora toplaşan əhalinin böyük sevincinə səbəb olmuşdu.

Bundan sonra menevrlər başlanmışdı. Tədbirin sonunda Nazim bəy nitq söyləmişdi. Xalq maarif naziri Nəsib bəy Yusifbəyov və başqaları da çıxış etmişdilər. Daxili İşlər Nazirliyinin nümayəndəsi Mehdi bəy Hacınski isə bəyan etmişdi ki, bu günlərdə 1200 nəfərlik daha belə bir məktəb açılacaqdır.

Məqalədə daha sonra göstərilirdi ki, Azərbaycan hökumətinin qərarı ilə 600 nəfərlik yunkerlər və 600 nəfərlik kiçik zabitlər məktəbi təşkil olunacaqdır. “Azərbaycan” qəzetinin bu hadisəyə belə genişhəcmli məqalə həsr etməsi, başqa sözlə, geniş əhali kütləsinin ordu quruculuğuna böyük önəm verməsindən irəli gəlirdi.

Hərbi nazirin müavini S.S.Mehmandarov Baş Qərargahı və Hərbi Nazirliyin dəftərxanasını formalaşdırmaq haqda 15 noyabr 1918-ci il tarixdə 2 nömrəli əmr imzalamışdı. Əmrin birinci paraqrafı ilə Azərbaycan Ordusunun qərargah rəisi, Baş Qərargahın və Hərbi Nazirliyin dəftərxana rəisi, həmçinin, daha bir neçə nəfər müxtəlif hərbi vəzifələrə təyin edilmişdilər.

S.S.Mehmandarov Azərbaycan Ordusunun hissələrinə baxışının nəticəsi haqqında 5 dekabr 1918-ci ildə 8 nömrəli əmr imzalamışdı. Əmrdə göstərilirdi ki, 27 noyabrdan 3 dekabra kimi Azərbaycanın hərbi hissələrinə baxış keçirilmiş və bir sıra hərbi hissələrdə nizam-intizamın pozulması, hərbiçilərə bir sıra hallarda nəzərdə tutulmuş ərzağın çatmaması, keyfiyyətsiz ərzağın verilməsi, bəzi hərbi paltarlar və yataq ləvazimatı ilə təmin edilməməsi və s. bir sıra digər ciddi nöqsanlar aşkar edilmişdir. S.S.Mehmandarov aşkar olunmuş çatışmazlıqların qısa müddətdə aradan qaldırılmasını əlaqədar vəzifəli şəxslərdən tələb etmiş, əks-halda müvafiq vəzifəli şəxsləri hərbi dövrün qanunları ilə mühakimə olunmalarını müvafiq vəzifəli şəxslərdən tələb etmişdir.

Bu xarakterli əmrlərin verilməsi bir daha Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hərbi quruculuq işinə böyük önəm verməsinə dəlalət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi ordudan yayınma hallarının qarşısının alınması tədbirləri haqda 10 dekabr 1918-ci il tarixli 10 nömrəli əmri və əmrdə göstərilən tədbirlərin həyat keçirilməsi Azərbaycan Milli Ordu quruculuğu işində mühüm rol oynamışdır.

Hərbi nazirin müavini S.S.Mehmandarov 25 noyabr 1918-ci il tarixdə 799 nömrəli raportla Ə.İ.Şıxlinskinin hərbi nazirin ikinci müavini təyin edilməsi haqda Nazirlər Şurasının sədri F.X.Xoyskiyə müraciət edir. S.S.Mehmandarov raportunu onunla əsaslandırır ki, hərbçilər arasında müsəlman hərbçilərə böyük ehtiyac olmasını və işin vəziyyəti ilə tanış olmaq üçün tez-tez yerlərdə hərbi hissələrdə, idarə və ambarlara baş çəkmək lazım olduğundan Yelizavetpolda bir müavinin olması vacibdir. Zəruri olduğundan Ə.İ.Şıxlinskinin hərbi nazirin ikinci müavini təyin edilməsini xahiş edir. Artıq həmin vaxt Ə.İ.Şıxlinskinin 53 yaşı vardı.

25 dekabr 1918-ci ildə S.S.Mehmandarov Milli Ordunun formalaşdırılması üçün Azərbaycan vətəndaşlarına müraciət edir. Müraciətdə deyilirdi ki, bu ilin yazında Azərbaycan müstəqil dövlət kimi ayrılmışdır.Bu müddətdə ölkəmizdə hakimiyyətdə olan bütün insanların qüvvəsi ölkədə anarxiyaya yol verilməməsinə, qanunsuzluqların aradan qaldırılmasına yönəlmişdir. Bu məqsədlə digər hökumət tədbirləri kimi, özümüzün silahlı qüvvələrimizin, başqa sözlə, Azərbaycan Ordusunun yaradılması qərara alınmışdır. Ən ağır vaxtlarda bizim ölkəmizə Türk ordusu gəlmiş, onun komandiri bizim ordumuzun sonrakı formalaşdırılmasını, həmçinin onun saxlanmasını və artıq yaradılmış hissələrin təlimini öz üzərlərinə götürmüşdür.

S.S.Mehmandarov daha sonra müraciətdə demişdi ki, hazırda bizim ordumuzun yaradılması işini öz üzərimə götürmüşəm. İndi ölkəmizin bütün vətəndaşları, istər varlı, istərsə də kasıb vətəndaşlar olsun, hərbi xidmətə eyni qaydada gələcəklər və əgər hansı varlı hərbi xidmətdən azad ediləcəksə, təxsirkar şəxslər ağır cəzalanacaqlar. Hərbidə əsgər bundan sonra yaxşı geyindirilməlidir. Diqqət yetiriləcəkdir ki, onlar keyfiyyətli yemək alsınlar, bu haqda isə ciddi tapşırıq vermişəm. Otaqları qaydaya salmaq və lazımi qaydada qızdırmaq, bütün əsgərləri yatacaqla təmin etmək lazımdır.

Bundan əlavə, 1 dekabrdan hər sıravi əsgər ayda 50 rubl, yefreytor 60 rubl, kiçik unter–zabit 70 rubl, böyük unter–zabit 90 rubl, baş unter zabit isə 120 rubl alacaqlar. Bu məvacib isə pulsuz ərzaqla birlikdə onlara yardım olacaqdır.

S.S.Mehmandarov əhaliyə müraciətində yazırdı ki, bundan sonra mən Vətənimizim adında ölkənin bütün əhalisinə, Vətənimizə məhəbbət naminə müraciət edir, yüksək vətənpərvərlik göstərib, bizim ordunun formalaşdırılması işində mənə kömək etməyi, ölkədə qanunçuluğu müdafiə etməyi, bütün hərbi xidmətə çağırışçılardan çağırış yerinə getməyi xahiş edirəm. Kim ki, Vətən qarşısında borclarını yaddan çıxarır, onlar buna görə qanunla cəzalanacaqlar. Sonda S.S.Mehmandarov göstərirdi ki, mənim bu müraciətim bütün ölkədə yayılsın və savadlılar savadsızlara oxusunlar.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 26 dekabr 1918-ci il tarixli iclasında isə Müvəqqəti Hökumətin sədri F.X.Xoyski öz bəyənatında Milli Ordunun gücləndirilməsinin hökumətin əsas vəzifəsi elan edir və onun bu bəyanatı gurultulu alqışlarla qarşılanır.

Hərbçilərlə salamlaşmağın qaydaya salınması, hərbi nizam-intizamın möhkəmləndirilməsində mühüm rol oynayır. Ona görə hərbi nazir Mehmandarov hərbi salamlaşmağın qaydası haqda 27 dekabr 1918-ci ildə 34№-li əmr imzalayır. Əmrdə göstərilirdi ki, zabitlər sırada əsgərlərlə müsəlman dilində (Azərbaycan dilində–İ.A.) “Salam” sözünü deyir, əsgərlər isə “Əleyküm salam” sözləri ilə cavab verirlər. Əsgərləri təriflədikdə isə “Mərhaba” deyir, əsgərlər isə “Çox sağ ol” sözləri ilə cavab verirlər.

S.S.Mehmandarov 25 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin naziri vəzifəsinə təyin edilir və 3 yanvar 1919- cu il tarixli 4№-li əmrlə elan edilir. Azərbaycan korpusunun komandiri, general-leytenant Ə.İ.Şıxlinski isə Nazirlər Şurasının 29 dekabr 1918-ci il tarixdə hərbi nazirin köməkçisi təyin edilir.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin 25 fevral 1919-cu il tarixli “Hərbi Nazirliyin ştatları haqqında Qanun”un Milli Ordu quruculuğunda önəmli əhəmiyyəti olmuşdur. Belə ki, həmin qanunla Hərbi Nazirliyin tərkibində 38 qurum yaradılmışdı.

Milli Ordu tarixi üzrə ayrı-ayrı sənədlərin öyrənilməsi göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Milli Ordu quruculuğunda hərbi mütəxəssislərdən, peşəkar hərbçilərdən istifadə edilməsinə xüsusi diqqət yetirilmişdir. Məsələn, Nazirlər Şurasının 6 may 1919-cu il tarixli qərarı ilə Gəncə genaral-qubernatoru İ.Vəkilov həmin vəzifədən azad edilib, Baş Qərargahın baş topoqrafiya şöbəsinə rəis təyin edilmiş, eyni tarixli başqa bir qərarla onun yerinə Xudatat bəy Rəfiyev Gəncə qubernatoru təyin edilmişdi.

Hələ bundan əvvəl, Nazirlər Şurasının Müsəlman korpusunun yaradılması ilə kifayətlənməmiş, onun maddi bazasının möhkəmləndirilməsi qayğısına qalmışdır. Belə ki, Nazirlər Şurasının 25 iyun 1918-ci il tarixli qərarı ilə Müsəlman Korpusu üçün 500 000 rubl məbləğində kredit ayrılmışdı.

Milli Ordu rəhbərliyi sərxoşluq hallarının ordu quruculuğuna mənfi təsir göstərdiyinə böyük əhəmiyyət göstərərək, orduda sərxoşluq halları mübarizəyə xüsusi önəm vermişdir. Təsadüfi deyildir ki, S.S.Mehmandarov 9 fevral 1919-cu il tarixli 67 nömrəli əmrində bir sıra rus zabitlərinin xidməti vəzifələrinin icrasına laqeyd yanaşmalarını, spirtli içkilərdən sui-istifadəyə yol verdiklərini qeyd edir və hərbi hissələrin komandirlərinə belə zabitlərin xidmətdən azad edilmələri üçün təcili təqdimat verilməsini tələb edirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordu rəhbərliyi hərbi-tibb qurumlarının müvafiq ixtisaslı kadrlarla təmin edilməsi işinə də böyük önəm verirdi. Belə ki, hərbi nazir, tam artilleriya generalı S.S.Mehmandarov Azərbaycan Ordusunu kiçik tibb heyəti ilə təmin etmək məqsədi ilə Gəncə Hərbi lazaryeti yanında 4 aylıq feldşerlik kurslarının açılması haqda 22 yanvar 1919-cu il tarixli 36 nömrəli əmr imzalamış, bu kurslara 28 nəfər cəlb edilmişdi.

Milli Ordu rəhbərliyi vaxtaşırı olaraq hərbi hissələrdəki vəziyyəti öyrənmək məqsədi ilə yoxlamalar keçirirdi. General-leytenant Ə.İ.Şıxlinski Gəncə praporşiklər məktəbində inspektor yoxlaması keçirir və nəticəsi haqqında hərbi nazir S.S.Mehmandarova 10 fevral 1919-cu ildə məruzə hazırlayır. Ə.İ.Şıxlinski 8 fevral 1919-cu il tarixdə Gəncə praporşiklər məktəbində olarkən yunkerlərin sağlam və gümrah olması və bir sıra müsbət işləri qeyd etsə də, məktəbin fəaliyyətində bir sıra nöqsanların da olmasını qeyd etmişdir. Ə.İ.Şıxlinski məruzəsində göstərir ki, həmin vaxt rota silah altında öyrənirdilər, lakin zabit və təlimatçılar silahsız idilər, gələcək zabitlərin müəllim və rəhbərləri xidməti intizamda nəzakətli və dürüst olmalıdırlar, yoxsa qaydasızlıq, intizamsızlıq yarana bilər.

Daxili işlər naziri Xəlil bəy Xasməmmədov bütün qubernatorlara hərbi xidmətə çağırış vaxtı keçmiş Rusiyanın “Hərbi mükəlləfiyyət haqda nizamnaməsi”nin rəhbər tutmağın zəruriliyi barədə 12 yanvar 1919-cu il tarixdə 864№-li əmr göndərmişdi. Bu ondan irəli gəlirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin Müvəqqəti hökuməti “Əvvəllər qüvvədə olan qanunların müvəqqəti saxlanılması haqqında” 23 iyun 1918-ci ildə qərar qəbul etmişdi. Qərarda göstərilirdi ki, qüvvədə olan idarəçiliyin bütün sahələri və məhkəmələr haqda qanunlar hökumət tərəfindən ləğv və dəyişdirilməyənə kimi qüvvədə saxlanılsın.

S.S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun azərbaycanlılaşdırılması üçün ardıcıl tədbirlər görürdü. Belə ki, hərbi nazir S.S.Mehmandarov “Milli kökdən olmayan zabitlərin Azərbaycan dilində kamanda vermək üçün bir aylıq müddətin müəyyən edilməsi üçün” 16 fevral 1919-cu il tarixli əmr vermişdi. Əmrin 2-ci bəndinə görə, başqa millətlərdən olan zabitlər tatar dilində (türk dilində – İ.A.) komanda verməyi öyrənmək üçün bir ay vaxt vermişdir. Bu müddətdə türkcə komanda verməyi öyrənməyən zabitlərin xidmətdən azad edilməsi tələb edilmişdi.

Hərbi nazir S.S.Mehmandarov yaxşı bilirdi ki, hərc-mərcliyin qarşısını almaq üçün orduda xidmət edən müxtəlif millətlərin milli şuralarının yaranması yolverilməzdir. Ona görə də S.S.Mehmandarov “Polklarda zabitlərin şərəf məhkəmələrinin yaradılması və orduda milli şuraların fəaliyyət göstərmələrinin qadağan edilməsi haqda” 17 fevral 1919-cu il tarixdə 83№-li əmr vermişdi.

S.S.Mehmandarovun 26 mart 1919-cu il tarixli 147 №-li əmri ilə keçmiş 1-ci Müsəlman korpusunun komandiri general-leytenant Məmməd bəy Sulkeviç (o, Azərbaycanda Sulkeviç Məmməd bəy Sulkeviç kimi tanınırdı, əsil adı isə Süleyman bəy idi– İ.A.) 19 mart 1919-cu il tarixdən Baş Qərargahın rəisi vəzifəsinin icrasına buraxılırdı. Əmrin 2-ci bəndi ilə general-kvartmeyster və hərbi-topoqrafiya şöbələri, rabitə xidmətləri Baş Qərargahdan alınıb Baş Qərargahın baş idarəsinə verilir. Həmin əmrin 5-ci bəndi ilə Baş Qərargahın rəisi vəzifəsinə görə Hərbi Şuranın üzvliyinə daxil edilir, miçman İslam bəy Maqsudov isə 19 mart 1919-cu ildən Baş Qərargah rəisinin adyutantı təyin edilir.

Hərbi nazir S.S.Mehmandarov Milli Orduda nizam-intizamın möhkəmləndirilməsi üçün xidmətdə fərqlənən hərbi qulluqçuların fərəhləndirilməsi işinin mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq, Naxçıvan və Şərur uyezdlərinin azad olunmasında fərqlənmiş əsgər və milisionerlərin fərəhləndirilməsi haqda 29 mart 1919-cu il tarixdə 155 №-li əmr vermişdi. Həmin əmrin 2-ci bəndində göstərilirdi ki, xidmətdə fərqlənən və xidmət illərinə görə rütbələrin artırılması məsələsinə, bir qayda olaraq, adətən, ildə 3 dəfə Novruz bayramı, Ramazan bayramı və Qurban bayramında baxılır, lakin hərbi və xüsusi fərqlənənlərin xidmətlərinə isə bütün il ərzində baxılır.

Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi Milli Orduda hərbi qulluqçuların vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədi ilə ölkənin tarixinin öyrənilməsi işinə də xüsusi önəm vermişdi. Təsadüfi deyildir ki, S.S.Mehmandarov bu haqda Nazirlər Şurasına 2 aprel 1919-cu il tarixdə 1559 №-li məruzə də hazırlayıb göndərmişdi. O, məruzəsində göstərirdi ki, xalq arasında sağlam milli hisslər oyanması bolşevizmlə mübarizə tədbiridir. Bu məsələ yeni yaranan Azərbaycan Milli Ordusu üçün xüsusi ilə zəruridir, yüzillik rus hökmranlığından azad olmuş Türk xalqına (Azərbaycan xalqına - İ.A.) xatırlatmaq zəruridir ki, biz heç də həmişə hakimiyyət altında olmamış, Avropa və Asiyaya öz iradəmizi diktə etmişik. Ona görə də S.S.Mehmandarov Azərbaycan tarixi ilə bağlı broşuraların kütləvi çap olunub, orduda yayılıb, öyrənilməsini təklif edirdi.

Azərbaycan Xalq Cümhuriyyəti yaranmasının birinci ildönümü münasibəti ilə 28 may 1919-cu il tarixdə Bakı qarnizonunun hərbi paradı barədə “Azərbaycan” qəzeti məlumat dərc etmişdi. Məlumatda hərbi paradın S.S.Mehmandarovun qəbul etməsi göstərilirdi. Paradı ordu komandanı S.S.Mehmandarov qəbul edərək gənc Azərbaycan ordusunun əsgərlərini salamlayaraq, onları Vətənimizin müstəqilliyi günü münasibəti ilə salamlayıb təbrik etmişdi.

Azərbaycanda vəziyyətin ağırlaşması ilə əlaqədar olaraq, Nazirlər Şurasının 9 iyun tarixli qərarı ilə 5 üzvdən ibarət Nazirlər Şurasının sədri, hərbi nazir, yollar naziri, xarici işlər naziri və ədliyyə nazirlərindən ibarət Dövlət Müdafiə Komitəsi yaradılmışdı. Qərarda göstərilirdi ki, komitənin ən azı 3 nəfər üzvi iştirak etdikdə komitə iclası qanuni və həqiqi hesab edilir, başqa sözlə Dövlət Müdafiə Komitəsinin iclası üçün kvorum 3 nəfər üzv müəyyən edilmiş və komitə sədri iclasda iştirak edə bilmədikdə öz vəzifəsini başqa komitə üzvünə həvalə edə bilər.

Dövlət Müdafiə Komitəsi isə 11 iyul 1919-cu il tarixli qərarı ilə bütün Azərbaycan Respublikası ərazisində hərbi vəziyyət elan etmişdi. Həmin qərara əsasən, siyası məqsədlə çoxadamlı toplanış və mitinqlərin təşkili, həmçinin, odlu silah və patronların, döyüş sursatının və partlayıcı maddələrin gəzdirilməsi, saxlanması və ticarəti qadağan edilmişdi. Sözügedən qərarın qeydində göstərilirdi ki, bu qaydalar Azərbaycan və müttəfiq ordularının hərbi qulluqçularına şamil edilmir.

Qərarda daha sonra göstərilirdi ki, silahların verilməsi və saxlanması haqda əvvəllər dərc edilmiş qərarlar qüvvəsini itirmiş hesab edilir, odlu silahın gizlədilməsi və saxlanmasına yeni icazənin verilməsi səlahiyyəti quberniya ərazisində qubernatorlara həvalə edilir, odlu silahların saxlanması və gəzdirilməsinə icazə ala bilməyənlər, bu qərarın dərc edildiyindən 3 gün müddətində, odlu silahlarını yaxınlıqdakı hərbi hissə və polis orqanlarına təhvil verib, müvafiq qəbz almalı idilər. Qərarda daha sonra göstərilirdi ki, bu müddət bitdikdən sonra qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən şəxslərdə axtarışlar aparılacaq, onlarda aşkar edilən silah və döyüş sursatları müsadirə ediləcək, günahkar şəxslər inzibati qaydada cəzalandırılacaqlar.

Hərbi vəziyyət ağırlaşdığına görə 16 iyun 1919-cu ildə Azərbaycan və Gürcüstan respublikaları arasında 12 paraqrafdan ibarət hərbi-müdafiə müqaviləsi bağlanmış və həmin müqavilə 27 iyun 1919-cu ildə Parlament tərəfindən təsdiqlənmişdi. Müqavilənin 1-ci paraqrafında göstərilirdi ki, razılığa gələn dövlətlər onların və ya hər birinin müstəqilliyi və ya ərazi bütövlüyünə qarşı yönələn hər hansı hücuma qarşı birgə bütün silah və hərbi güclərdən istifadə edəcəklər.

1919-cu ilin yayında və payızında ordu hissələrinin formalaşdırılması böyük sürətlə davam etdirilmişdi. Bu dövr qoşun hissələrinin yaradılmasında ən məhsuldar dövr sayıla bilər. İngiltərə hərbi qüvvələri Azərbaycan ərazisini tərk etdikdən sonra Hərbi Nazirliyin rəhbər orqanları 1919-cu il iyunun sonu–iyulun əvvəllərində yenidən Bakıya köçürülmüşdü. S.S.Mehmandarov Hərbi Nazirliyin Bakıya köçürülməsi haqda 9 iyul 1919-cu ildə 320 nömrəli əmr imzalamışdı.

10 iyul 1919-cu ildə isə Dövlət Müdafiə Komitəsi Bakı şəhəri və onun rayonlarının çağırış yaşlı olmayan əhalisinin könüllü hərbi hazırlıq keçməsi haqda qərar qəbul etmişdi. Həmin qərarın icrası Yusif Ziya bəy Talıbzadəyə həvalə edilərək, ona ayda 5 000 rubl məbləğində maaş təyin edilmişdi.

Hərbi nazir S.S.Mehmandarov sistemli olaraq hərbi quruculuq işləri ilə məşğul olurdu. Onun 19 iyul 1919-cu il tarixli 328 №-li məxfi əmri ilə artıq formalaşmış beş piyada polk əsasında iki piyada diviziyası yaradılmışdı. Həmçinin, Hərbi Nazir S.S.Mehmandarovun 4 sentaybr 1919-cu il tarixli 390 №-li əmri ilə Gəncə stansiyasında hərbi dəmir yolu məktəbi təşkil olunmuşdu.

1919-cu ilin ortalarında Rusiyası vətəndaş müharibəsi apararkən Dağıstanda ləzgilər bolşeviklərə qarşı vuruşan könüllü orduya səfərbərlikdən boyun qaçıraraq, Azərbaycana gəlib Milli Ordu sıralarında vuruşmaq istəmişdilər. Dövlət Müdafiə Komitəsinin 8 sentyabr 1919-cu il tarixli qərarında Dağıstandan ləzgi qaçqınların Azərbaycana gəlməsinə və Milli Ordu sıralarında götürülməsinə icazə verilmişdi.

Bakıda vəziyyətin ağırlaşmasını nəzərə alaraq Dövlət Müdafiə Komitəsinin 13 sentyabr 1919-cu il tarixli qərarı ilə Bakı möhkəmləndirilmiş rayonun rəisi vəzifəsi təsis edilmiş, bu vəzifə Bakı hərbi qubernatoru vəzifəsi ilə birləşdirilmişdi. Qərarda göstərilirdi ki, Bakı möhkəmləndirilmiş rayonun rəisi hərbi nazirin təqdimatı ilə Nazirlər Şurasının sədri tərəfindən təyin edilir. Dövlət Müdafiə Komitəsi respublikanın müdafiə işinin yaxşılaşdırılması məqsədi ilə Quba-Şamaxı, Bakı-Şamaxı teleqraf xəttlərinin çəkilməsi haqda 16 sentiyabr 1919-cu ildə qərar qəbul etmişdi.

Hərbi nazir S.S.Mehmandarov hərbi kargüzarlığın yaxşılaşdırılması haqqında 14 dekabr 1919-cu ildə 574 №- li əmr imzalamışdı. Bu arada Parlamentin 22 dekabr 1919-cu il tarixli qərarı ilə Nəsib bəy Yusifbəyovun sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin V hökumətinin tərkibi təsdiq edilmişdi.

Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 28 aprel 1920-ci ildə bolşevik Rusiyası tərəfindən faktiki işğal edilmişdi. 1920-ci il aprelin 27-dən 28-ə keçən gecə parlament hakimiyyəti bolşeviklərdən ibarət Müvəqqəti İnqilab Komitəsinə təhvil vermişdi. Komitənin tərkibi onun qiyabi seçilmiş sədri N.Nərimanov, A.Alimov, D.Bünyadzadə, M.Hüseynov, Ə.Qarayev, Q.Musabəyov və H.Sultanovdan ibarət idi. Komitə radio vasitəsilə RSFSR hökumətinə “Qızıl ordu hissələrini göndərmək yolu ilə dərhal real kömək göstərmək” haqqında rəsmi xahişlə müraciət etmişdi.

Beləliklə, 28 aprel 1920-ci ildə Azərbaycan zorla sovetləşdirilmiş, başqa sözlə, Azərbaycan Xalq Cümhuriyyəti süqut etmişdi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, tam artilleriya generalı S.S.Mehmandarov 28 aprel 1920-ci il tarixdə imzaladığı 238 №-li əmrlə vəzifəsini sovet hakimiyyəti tərəfindən təyin edilmiş hərbi və dəniz işləri komissarı Çingiz İldırıma təhvil vermişdi.

70 illik kommunist rejimi süquta uğradıqdan sonra tarixi həqiqət öz yerini tutdu. Müstəqil dövlətimizin etibarlı müdafiə sistemi quruldu. Hazırda müstəqil Azərbaycan Respublikasının Milli Ordusu Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşkil olunmuş Milli Ordunun şanlı ənənələrini uğurla davam etdirir.

İlham ABBASOV,

Ədliyyə Akademiyasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, baş ədliyyə müşaviri,
prokurorluğun fəxri işçisi

<< Geri